Məhkəmə qərarları › İş №2(3-7)-103/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-103/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-103/2026 02.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - Bank) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1194/2025 nömrəli, 24 noyabr 2025-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank bildirir ki, cavabdeh ilə arasında 29 dekabr 2011-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə Bank tərəfindən illik 9 % olmaqla 120 ay müddətinə 97.650 manat kredit verilmişdir. 29 dekabr 2011-ci il tarixli, 65 nömrəli xəzinə məxaric orderindən görünür ki, 97.650 manat məbləğində pul Bank tərəfindən cavabdehə təhvil verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 61.451,09 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 31.460,82 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 4501,70 manat, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış faiz borcu 9272,11 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 61.451,09 manat əsas, 31.460,82 manat faiz, 4501,70 manat cərimə, borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı illik 5% hesablanmış 9272,11 manat faiz borcu olmaqla, ümumilikdə 106.685,72 manat borcun və iş üzrə ödənilmiş 397 manat rüsumun tutularaq Banka ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2011-ci il tarixdə Bank ilə cavabdeh arasında 34 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehə 87.500 manat məbləğində illik 9 % olmaqla, 120 ay müddətinə kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Müqaviləyə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Müqaviləyə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra- Şəhər Məhkəməsi) e-2(125)- 1194/2025 nömrəli iş üzrə qəbul etdiyi 24 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim O.Dəmirli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 61.451,09 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 274,36 manat pul vəsaitinin alınaraq Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 252 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Bank tərəfindən məhkəməyə 29 dekabr 2011-ci il tarixli məxaric orderi təqdim edilmişdir ki, həmin məxaric orderindən də məlum olur ki, cavabdeh tərəfindən Bankdan 97.650 manat pul götürmüşdür. Həmin məxaric orderindəki imza cavabdeh tərəfindən mübahisənəndirilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2025-ci il tarixli, 4/1414 nömrəli rəyi ilə təsdiq olunmuşdur ki, 29 dekabr 2011-ci il tarixli 65 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə və digər hüquqi əsas olmadan İddiaçı ASC-dən 97.650 manat pulu götürməklə əsassız varlanmışdır. Bankın bildirməsinə görə həmin məbləğdən 10.150 manatı ilkin ödəniş kimi ödənilmişdir. Həmçinin qalan məbləğdən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilməsi nəzərə alınaraq əsas borc kimi 61.451,09 manat tələb edilir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 285.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Məhkəmə mübahisə ilə bağlı cavabdeh tərəfin əsassız varlanmasını müəyyən etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Burada iki il kəsici müddətdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh müqavilə və digər hüquqi əsas olmadan İddiaçı ASC-dən 97.650 manat pulu götürməklə əsassız varlanmışdır. İddiaçının bildirməsinə görə həmin məbləğdən 10.150 manatı ilkin ödəniş kimi ödənilmişdir. Həmçinin qalan məbləğdən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilməsi nəzərə alınaraq əsas borc kimi, 61.451,09 manat tələb edilir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçı həm iddia tələbində, həm də məhkəmə iclasında bildirmişdir ki, cavabdehə pulun verilməsi əsası kimi 29 dekabr 2011-ci il tarixdə İddiaçı ASC ilə cavabdeh arasında bağlanan 34 saylı kredit müqaviləsi olmuşdur. Müqavilənin məhkəməyə təqdim edilməməsi tələbin əsassız varlanma kimi qiymətləndirilməsi düzgün deyil. İşin hallarından da görünür ki, İddiaçı ASC tərəfindən təqdim edilən məxaric orderi Korrupsiyaya qarşı mübarizə idarəsindən əldə edilmişdir. Bu halı baş prokurorluq araşdırır. İddiaçı ASC-nin bir çox kredit dosyeləri Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsindədir. Müqavilənin hazırda mövcud olmamağı kreditin saxta olmasına dəlalət edir. Həmin kredit görünüş üçün qeyd olunub, reallıqda isə kredit məbləği Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bundan başqa, cavabdeh İddiaçı ASC-nin işçisi olmuşdur. Aylıq əmək haqqı 300 manatdan biraz artıq olmuşdur. Hansı əsasla cavabdehə bank tərəfindən küllü miqdarda kredit verilməli idi? Bundan başqa krediti ipoteka krediti olduğunu iddia edən iddiaçı ipoteka müqaviləsini məhkəməyə təqdim etməmişdir. Küllü miqdarda kreditlər təminatsız verilmədiyi halda cavabdehə bu kredit verilməmişdir. Məhkəmə iş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli əlavə ekspertiza rəyini düzgün qiymətləndirməmişdir. Belə ki, ilkin ekspertiza rəyi ilə xx.xx.2011-ci il tarixli 65 nömrəli xəzinə məxaric orderindəki imzanı müəyyən etmək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli rəylə ilə xx.xx.2011-ci il tarixli 65 nömrəli xəzinə məxaric orderində “alanın imzası” qrafasında imza Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunur. Ekspert imzanın “H” hərfinin tədqid etmişdir. Hansı ki, onun imza nümunələrinin heç biri “H” hərfi ilə başlamır. Eyni imza nümunələri əlavə ekspertiza üçün də təqdim edilmişdir və imzalarımın heç birində başlıqda “H” hərfi yoxdur. İlkin espertiza və əlavə ekspertiza zamanı ekspert qarşısında verilən imza nümunələrin arasında hansı imza ilə onun qəbzdəki imzanı tədqiq etmişdir? Cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, o, bankdan heç bir kredit götürməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəhər Məhkəməsi iddia tələbini qismən etsə də, iddiaçı qətnamədən şikayət verməmişdir. Qətnamədən şikayət verən cavabdeh isə apellyasiya şikayətində iddia tələbinin təmin olunan hissəsini mübahisələndirdiyindən məhkəmə qətnamənin mübahisələndirilən hissəsini yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Bank məhkəmələrə təqdim etdiyi xəzinə məxaric orderinə, xəzinə mədaxil orderlərinə və maliyyə arayışına istinadən bildirir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 120 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə 97.650 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, cavabdehin 61.451,09 manat əsas borcu yaranmışdır. Bankın iddiasına və bu iddianın təmin edilməsi barədə Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslarına qarşı verilən apellyasiya şikayətində cavabdeh bildirir ki, onunla Bank arasında bağlandığı iddia edilən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Bu hal həmin kreditin saxta olmasını təsdiq edir. Həmin kredit görünüş üçün qeyd olunmuş, əslində isə bu vəsait Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Cavabdeh həmin vaxtlar Bankın 300 manat ayılq əmək haqqı alan işçisi olmuşdur. Aylıq gəliri təqribi 300 manat olan bir şəxsə təminatsız olaraq 97.650 manat məbləğində kredit verilə bilməzdi və verilməmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Bank cavabdeh ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Lakin buna baxmayaraq, Bankın təqdim etdiyi sənədlər arasında 97.650 manatın cavabdehə təqdim edilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli, 65 №-li “xəzinə məxaric orderi” mövcuddur. Məhkəmə qeyd edir ki, borc müqaviləsi real xarakter daşıyır və müqavilənin bağlanmış hesab edilməsi üçün müəyyən edilmiş borc məbləğinin borcalana faktiki təqdim edilməsi zəruridir. Bankın təqdim etdiyi xəzinə məxaric orderi də həmin borcun cavabdehə təqdim edilməsini təsdiq edən mötəbər sübutdur. Cavabdeh həmin sənəddəki imzanın ona məxsus olmadığını iddia etsə də, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 4/1414 nömrəli rəyi bu dəlili təkzib edir. Belə ki, həmin rəy ilə xətşünaslıq sahəsində xüsusi biliyə malik olan ekspert tərəfindən mülki işin 99 vərəqində olan xəzinə məxaric orderindəki “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Sözügedən rəyin mötəbərliyini şübhə altına alan hər hansı subut isə cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır. Bundan başqa cavabdehin apellyasiya şikayətində ifadə olunmuş digər dəlili ondan ibarətdir ki, külli miqdarda kreditlər təminatsız verilmədiyi halda 97.650 manat kredit də təminatsız cavabdehə verilə bilməzdi. Məhkəmə bununla bağlı qeyd edir ki, kredit müqaviləsi, şərtləri əvvəlcədən tərəflər arasında razılaşdırılımş mülki əqddir. İş materiallarından görünür ki, cavabdeh 1998-ci ildən fasiləsiz olaraq İddiaçı ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Bankın baş xəzinədarı vəzifəsində işləmişdir. Bu baxımdan Bank tərəfindən mülkiyyətində olan 97.650 manatı cavabdehə təminatsız şəkildə borc verməsi sahibkarlıq fəaliyyətini həyata keçirən subyektin hüququ olmaqla yanaşı öz üzərinə götürdüyü bir riskdir və tərəfin bu hüquqdan istifadə etməsi, habelə riskə getməsi, cavabdehin kassa məxaric orderinə imza atmaqla pul vəsaitini Bankdan qəbul etməməsi mənasına gələ bilməz. Bundan başqa, ondan ödənilməsi tələb olunan pul vəsaitinin Bankın rəhbərliyi tərəfindən mənimsənilməsini bildirən cavabdeh, bu dəlilini də təsdiq edən mötəbər sübutları (məsələn, qanuni qüvvəyə minmiş məhkəmə hökmü) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi əsasında Bank tərəfindən cavabdehə 120 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə 97.650 manat məbləğində kredit verilmiş, cavabdeh həmin məbləğdə pulu Bankdan almışdır. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, Banka olan borcunu tam qaytarmamış, nəticədə onun Bank qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Cavabdeh bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Cavabdeh apellyasiya şikayətində bildirir ki, hazırki tələb üzrə iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Çünki iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2). Hazırki işin Şəhər Məhkəməsində baxılması zamanı isə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməsi iş materialları ilə təsdiq olunmur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Şəhər Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəhər Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş e-2(125)- 1194/2025 nömrəli, 24 noyabr 2025-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar