Məhkəmə qərarları › İş №2(3-7)-115/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-115/2026

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-115/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-2716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 13 iyul 2011-ci il tarixdə verilmiş AA 242379 seriyalı X6 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür.

2. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Polis Bölməsinə ünvanladığı müraciətə baxılmış və ərizədə qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur.

3. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.1981-ci il təvəllüdlüdür.

4. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 09 fevral 2011-ci il tarixdə verilmiş AA 231585 seriyalı X6 surətindən görünür ki, Cavabdeh Ağdam rayonundan məcburi köçkündür.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 11 yanvar 2022-ci il tarixli çıxarışından görünür ki, Sumqayıt Şəhəri 13-cü Mikrorayon ev 44, mənzil 37 onun adına xüsusi mülkiyyət hüquqları ilə qeydə alınmışdır.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X2 göstərmişdir ki, Ramil onun oğlu, Elşən isə kürəkənidir. X13 bir neçə dəfə borc pullar alıb, lakin indiyə kimi qaytarmayıb. Ramil özü ona deyib ki, Elşəndən 10500 manat borca pul götürüb, lakin imkanı yoxdur deyə qaytara bilmir. Ramil ona demişdir ki, ayda 500 manatdan olmaqla Elşənin borcunu hər ay qaytaracaq. Həmin vaxtlar Ramillə Elşən çox isti münasibətlərdə olmuşlar. Ramil Elşəni işdən çıxarmış, Ramilə demişdir ki, Elşəni işinə qaytarsın, lakin Ramil onu işə qaytarmamışdır. Elşən işdən çıxarıldığına etiraz etməmiş, lakin demişdir ki, Ramil ona borclu olduğu pulları qaytarsın ki, o, da uşaqlarını bir müddət dolandıra bilsin. Lakin, Ramil borcu qaytarmadığı üçün Elşən polisə müraciət etmiş, polisdən isə ona məhkəməyə getməsi tövsiyyə edilmişdir. Ramilin dediyi ev isə Ramilin yox, özünün olub, mal-qarasını satıb həmin evi alıb, ev arvadı Nəcibənin adına olub. Ramil yalan danışır, onun evi olmayıb. Ramilin 2 otaq evi var, o da Qobu Qəsəbəsindədir. Ramil heç ankoloji xəstə olan anasına da baxmır. Ramilin birinci arvadıdır bu işləri törədən, 20000 manat da evdən pul oğurlayıb. Ramilin Elşənə borcu var, qaytarmır.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X3 göstərdi ki, Ramil onun qardaşı, Elşən isə əridir. X12 təxminən 10000 manatdan hissə-hissə borc pullar alıb. Elşən Ramilə pul verəndə görüb. Ramildən heç vaxt borc pul almamışlar, Ramilin dedikləri yalandır. Ramilin dediyi ev isə anası Nəcibənin adına olub. Dəfələrlə də, Ramillə telefonla özü danışıb pullarını istəyib, lakin Ramil borcu olduğunu bildirir, həmçinin bildirir ki, guya borclarını qaytarıb. Ramil yalan danışır. Ramilin Elşənə borcu var, qaytarmır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İlk İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9450 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iş üzrə cavabdeh Ramil onun qaynıdır. 2023-cü ilin sentyabr ayında Ramil ondan "PlayStation Club" açmaq üçün 3000 manat borc almışdır. Həmin vaxtdan təxminən 1 ay sonra sözügedən "PlayStation Club"un avadanlıqları üçün əlavə olaraq Ramil ondan 2500 manat pul borc almış, bir müddətdən sonra da, cavabdehə məxsus işlətdiyi Sumqayıt şəhərində yerləşən iaşə obyektinə cərimə yazılması səbəbi ilə yenidən Ramil ondan 5000 məbləğində borc pul almışdır. Sonuncu dəfə borc alan zaman cavabdeh ümumilikdə 10.500 manat pulu 1 ay müddətinə qaytaracağını, əks təqdirdə özünə məxsus avtomobilini sataraq borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh bu müddət ərzində ümumi borcundan cari ilin yanvar və fevral aylarında 500 və 550 manat olmaqla, ümumilikdə 1050 manat qaytarmışdır. Cavabdehin ondan borc pul aldığı barədə səs yazıları da mövcuddur və həmin səsyazıları da CD diskdə iş materiallarına əlavə edilir. Cavabdeh onun telefon zənglərinə cavab vermir, həyat yoldaşı ilə yəni, bacısı ilə danışmış və səz yazısında ona borcu olduğunu etiraf etmiş, lakin bildirir ki, guya ona borcu var və əvəzləşmişlər. Halbuki ona heç bir borcu yoxdur, əlində heç bir sübut, dəlil yoxdur. Cavabdehin ona borcunun olduğu və əvəzləşdiyi deməsi onun həqiqətən də, borclu olduğunu təsdiq edir. Dəfələrə cavabdehə pulu qaytarmasını bildirsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə qeyd olunan faktlar təsdiqini tapmalı və iddia tələbi tam təmin edilərək cavabdehdən 9450 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

10. Qarşılıqlı iddiaçı ilk iddia üzrə Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia üzrə pul tələbləri irəli sürərək ondan 13.600 manat pulun tutulmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddi ərizəsində qeyd etmişdir ki, fərdi sahibkar kimi Sumqayıt şəhərində fəaliyyət göstərir. Sumqayıt şəhəri, 12-ci Mikrorayon ünvanında yerləşən "xxxx" Kiçik Müəssisəsi ona məxsusdur. Həmin obyektdə ilkin İddiaçı və onun həyat yoldaşı X3 işləmişlər. İddiaçı və onun həyat yoldaşı vergi ödəyəcisi kimi qeydə alınmadığına görə vergi orqanları tərəfindən 5000 manat məbləğində cərimə edilmişdir. Obyekt ona məxsus olduğuna görə həmin cərimə onun adına yazılmışdır. İddiaçının xahişi ilə bir neçə ay ərzində özünə məxsus olan avtomaşınla 10 dəfə Şəki rayonuna getmişdir. Hər dəfə də gedəndə avtomaşına sərf olunan benzini öz vəsaiti hesabına ödəmişdir. Həmçinin həmin günlərdə o, öz peşəkar işindən ayrılmışdır. Bu zaman o, təqribən 1000 manat pul vəsaiti sərf etmişdir. İddiaçı Abşeron rayonu, Mehdiabad Qəsəbəsi ünvanında fərdi ev məxsus olmuşdur. Həmin ev təmirsiz olmuşdur. Fərdi evi satmaq üçün tam təmir etdirmiş və bu zaman 3000 manat pul sərf etmişdir. Həmin pulu o, öz şəxsi vəsaiti hesabına ödəmişdir. İddiaçı əvvəllər ailəsi ilə birlikdə Şəki şəhərində yaşamışdır. Dolanışığı ağır olduğu üçün onu ailəsi ilə birlikdə Sumqayıt şəhərinə gətirmiş və özünə məxsus olan mənzildə 4 il müddətinə saxlamışdır. Bu 4 il ərzində onun və ailəsinin bütün təminat xərcliyini özü qarşılamışdır. Bu zaman İddiaçı maddi cəhətdən imkansızlığını nəzərə alaraq bütün xərclərini qarşılamışdır. Yuxarıda qeyd etdiyi xərclərə görə qarşılıqlı iddia üzrə cavabdehdən evində 4 il müddətində qaldığına görə 9600 manat, onun xahişi ilə Şəki şəhərinə öz şəxsi maşını ilə gedib-gəldiyinə görə 1000 manat, həmçinin Mehdiabad Qəsəbəsində mənzili öz vəsaiti hesabına təmir etdiyinə görə 3000 manat, cəmi 13.600 manat tələb edir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Ağdam Rayon Məhkəməsinin 2(013)-2716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh – 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində pul alınıb İddiaçı xeyrinə verilməsi, Cavabdeh 114.50 bir yüz on dörd manat əlli qəpik dövlət rüsumu kimi ödənilməli olan məbləğ alınıb dövlət nəfinə verilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmir, Elşənin xahişi ilə bir neçə ay ərzində özünə məxsus olan avtomaşınla 10 dəfə Şəki rayonuna getməsini, həmin səfərlər zamanı təqribən 1000 manat pul xərclədiyini, Elşənə məxsus evi satmaq üçün 3000 manata təmir etdirdiyini, Elşənin ailəsi ilə ona məxsus mənzildə uzun müddət yaşamalarını və buna görə 9600 manat kirayə haqqı verməli olmasını bildirir, cəmi Elşəndən 13.600 manat tələb edir, lakin tələbləri ilə bağlı məhkəməyə heç bir ağlabatan sübut təqdim etmir, belə bir sübutlarının olmamasını məhkəməyə bildirir, tələblərini Elşən ilə hansısa qarşılıqlı öhdəliklərinin olması ilə və ya baxılan hazırkı işə aidiyyəti olmayan öz mülahizələr ilə əsaslandırmağa çalışır. Həmçinin Cavabdeh ilk iddia tələbləri ilə bağlı məhkəmədə izahat verərkən əvvəlki iclasda Elşəndən 3000 manat, 2500 manat, sonra bir dəfə də 5000 manat, cəmi 10500 manat pul borc almasını etiraf etmiş, lakin həmin pulları qaytarmasını bildirmiş, Elşənə hazırda 1500 manat borcunun olmasını etiraf etsə də, sonrakı məhkəmə iclasında Elşənə bir qəpik də, olsa borcunun olmamasını bildirmək kimi biri-digərini təkzib edən, qeyri-səmimi, ağlabatmayan izahatlar vermişdir. Halbuki Ramilin atası, məhkəmədə öz xahişi ilə şahid kimi izahat verən Elmurad Behbudov da oğlu Ramilin kürəkəni Elşəndən 10000 manat civarında borc almasını bildirmiş, dəfələrlə oğlu ilə bu barədə söhbətlər aparmasını, oğlu Ramilin ona "Elşənə borcundan hər ayda 500 manat qaytaracam" deməsini bildirmişdir. Sonuncu məhkəmə iclasında isə ilk iddia üzrə Cavabdeh ümumiyyətlə Elşəndən borc almasını inkar etmiş, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlardan tamamilə fərqli ifadə vermişdir. Həmçinin məhkəmə iclasında dinlənilən səs yazılarından da, əminlik yaranır ki, Cavabdeh İddiaçı borc pullar almışdır, qaytarmasını bildirir, gah hazırda borcunun olmamasını bildirir, gah 500 manat qaytarmasını bildirir. Məhkəmə diqqət edir ki, Cavabdeh Elşəndən borc almasını etiraf edir, həmin pulları qaytarmasını dəfələrlə bildirsə də, həmin pulları kimə, nə vaxt, hansı şəraitdə verməsi ilə bağlı telefon danışığı etdiyi şəxslərə heç bir fikir bildirmir və həmçinin də, keçirilmiş bir neçə məhkəmə proseslərində də, həmin borc məbləğinin hansı şəraitdə və kimə qaytarılması ilə bağlı bir dəfə də, olsun heç bir fikir ifadə etməmişdir ki, işin bu halı ilə də təsdiq olunur ki, o, Elşəndən borc pullar almış, lakin qaytarmamışdır. İlk İddiaçı isə ilk iddia tələbləri ilə bağlı məhkəməyə əsaslandırılmış fikirlər bildirir, polis orqanının məktubunu təqdim edir, səs yazıları təqdim edir, şahidlər də, onun ilk iddia tələblərində göstərilənlərlə bağlı ağlabatan və inandırıcı izahatlar verirlər. Hətta İddiaçı pul tələbləri ilə bağlı bundan əvvəl də, polis orqanına müraciət etmiş, Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsi İddiaçı xx.xx.2025-ci il tarixli məktubu ilə mübahisənin mülki xarakterli olmasını və məhkəməyə müraciət etməli olmasını tövsiyyə etmişdir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilk iddia tələbləri təmin edilməli, Cavabdeh 9450 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia tələbləri heç bir dəlillə əsaslandırılmadığından rədd edilməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 18, 385.1, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin 2(013)-2716/2025, 16 oktyabr 2025-ci il tarixli saylı qətnaməsinin ləğv olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən obyektiv araşdırma aparmamış, qərəzli mövqe tutmuş, heç bir sübuta istinad etmədən qətnamə qəbul etmişdir. İddia tələbindən də görünür ki, mübahisə tərəfləri yeznə-qayındır. Qarşılıqlı iddia tələbi araşdırılmamış, iddiaçının, onun həyat yoldaşının və qayınatasının (Elmurad Behbudov) quru sözlərinə əsasən qətnamə qəbul etmişdir. Qətnamədən də görünür ki, Cavabdehla onun bacısı Kəmalə Behbudova və atası Elmurad Behbudov arasında münaqişə vardır. Məhkəmə sübutlara hüquqi qiymət verərkən iddiaçının, onun gətirdiyi şahidlərin cavabdehə olan münasibətinə tənqidi münasibət bildirməli olduğu halda bunu etməmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı, onun bacısı Kəmalə Behbudova və atası Elmurad Behbudov arasında olan telefon danışığından istifadə zamanı məhkəmə MPM-nin 10-cu, 95-ci, 200-cü və 203-cü maddələrinin tələblərini pozmuşdur. K.Behbudova ilə Cavabdeh arasında və Cavabdehla E.Behbudov arasında olan telefon danışığı zamanı hazırki mübahisəyə aydınlıq gətirən heç bir danışıq mövcud deyil. Lakin, prosessual qaydanı pozmaqla qəbul edilmiş qətnamədə həmin telefon danışığı yeganə sübut mənbəyi kimi götürülmüşdür. Bir daha bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Saxta ifadələrlə məhkəmə iddianı təmin etmişdir. Halbuki iddianın əsası yoxdur, qətnamədə borcun mövcud olmasını təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Halbuki iddiaçı iddia tələbini sübut etməlidir. O, həmçinin məhkəmənin 114.50 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğin alınıb dövlət nəfinə verilməsi hissəsi ilə razılaşmır. Beləki, o, məcburi köçkündür. Bu da, dövlət rüsumu haqqında qanuna ziddir. Məcburi köçkünlər dövlət rüsumundan azad edildiyi halda ondan 114.50 manat pulun tutulması qət edilmişdir. Hesab etmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-2716/2025, 16 oktyabr 2025-ci il tarixli saylı qətnaməsinin ləğv olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur. Lakin, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş, qanunu səhv tətbiq etmişdir. Prosessual qaydanı pozmaqla qəbul edilmiş qətnamədə həmin telefon danışığı yeganə sübut mənbəyi kimi götürülmüşdür. Bir daha bildirmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur. Saxta ifadələrlə məhkəmə iddianı təmin etmişdir. Halbuki iddianın əsası yoxdur, qətnamədə borcun mövcud olmasını təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Halbuki iddiaçı iddia tələbini sübut etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq İddiaçı 10000 manat almadığını bildirmişdir. O, cərimə olunduğu zaman 5000 manat borc alsa da, qaytardığını, daha sonra hissə-hissə pul aldığını qeyd etmişdir. Sədrlik edənin suallına cavab olaraq isə oyun salonunu özü tək açdığını, iddiaçıya 1500 manat borcu olduğunu bildirmişdir.

19. Məhkəmə kollegiasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, cavabdehə hissə-hissə olmaqla 2500 manat və 3000 manat borc verdiyini, lakin ilk iddia üzrə cavabdehin borcunu qaytarmadığını, daha sonra 5000 manat cərim olunduğu zaman verdiyini, lakin ilk iddia üzrə cavabdehin həmin pulu da qaytarmadığını bildirmişdir. Evin cavabdehə məxsus olmadığını və evin təmiri üçün 3000 manat pul xərclədiyini qeyd etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-2716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh izahat verərək İddiaçı cərimə olunduğu zaman 5000 manat, sonra hissə-hissə pul aldığını, lakin borclu olduğunu həmin borcu qaytardığını və hazırda 1500 manat borcu qaldığını etiraf edir. Həmçinin birinci instansiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verən Cavabdeh İddiaçı iddia etdiyi məbləğdə deyil, daha az məbləğdə ona borc verməsini və onun iddiaçıya 1500 manat borcu olmasını, İddiaçı 3000 manat, 2500 manat, daha sonra cərimə olunan zaman 5000 manat almasını, lakin həmin borcunu qaytarmasını qeyd etmişdir. İlk iddia üzrə Cavabdeh iddiaçıya olna borcu qaytarması ilə bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

44. Kollegiya birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə münasibət bildirərək qeyd edir ki, tərəflərin hər ikisinin həmin şəxslərlə qohumluq əlaqələri olduğu müəyyən edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, apellyasiya şikayətinin dəlillərində ilk idida üzrə cavabdeh bacısı Kəmalə Behbudovanını və digər şahid olan atası Elmurad Behbudovanın onun münasibətlərinin pis olmasını, atasının onunla ədavəti olmasını irəli sürmüşdür. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri - xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər hazırkı mübahisə barədə məlumatı olan şəxslərdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin verdiyi ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur, eyni zamanda həmin şahidlərin ifadələri digər iş materialları ilə, eləcə də, İddiaçı özünün ilkin ifadəsi ilə tamamlanır. Odur ki, kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir.

47. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı ilk iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş səs yazısı məhkəmə tərəfindən tədqiq edilmiş və Cavabdeh bacısı X9 Orucova olan borcundan 500 manat verməsini, İddiaçı ona daha çox borcunun olmasını, İddiaçı ona olan borcunu ödəyəcəyi təqdirdə o da, ona olan borcunu ödəyəcəyini bildirmişdir.

48. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallar barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

49. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

50. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

51. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Ağdam Rayon Məhkəməsinin 2(013)-2716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2716/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar