Məhkəmə qərarları › İş №2(3-7)-1176/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1176/2026

24.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1176/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahim qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iş üzrə Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı İbrahim qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı İbrahim qızı ##.##.2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(125)- ****/**** nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin artırılması və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müəyyən edilmiş minimum əmək haqqının 0.65 misli məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə İddiaçı İbrahim qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir.

3. Məhkəmə hesab etmişdir ki, İddiaçı İbrahim qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, İddiaçı İbrahim qızına məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılması ilə əlaqədar məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə məhkəməyə, aparılmış indeksasiyasiya əsasında ölkə üzrə minimum əmək haqqına mütənasib sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi üçün icra məmuruna, yaxud cavabdehin işlədiyi yerin rəhbərliyinə, habelə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda isə iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

4. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 110, 112-ci maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*/**** nömrəli Qərarının 8.4-2, 8.4-3 -cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.4 və 153.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. İddiaçı qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, uşağın saxlanılması üçün 2023-cü il tarixində 170 manat sabit pul məbləğində alimentin hər ay ona ödənilməsi qət edilmişdir. Həmin ildə ölkə üzrə yaşayış minimumu 345 manat idi. Bu isə o deməkdir ki, təyin olunmuş aliment ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının təqribən 0,49 misli məbləğində olmuşdur. Əgər alimentin indeksasiyasını tələb etsə idi 8 indekslə baxılması üçün ərizə təqdim edərdi və bu məbləğ 400 x 0,49 = 196 manat təşkil edəcəkdi. Lakin iddia ərizəsindən də göründüyü kimi alimentin indeksasiyasını (minimum əmək haqqının 0,49 mislini) deyil, artırılmasını, yəni minimum əmək haqqının 0,65 misli məbləğində 400 x 0,65 = 260 manat təyin edilməsini xahiş etmişdir. Alimentin artırılması barədə tələblərə iddia icraatı qaydasında baxılmalı olduğundan qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir.

7. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi: Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq cavabdehin qazancının və digər qanuni gəlirlərinin artması ilə bağlı deyil, məhkəmə qətnaməsi ilə tutulan alimentin tutulmasından keçən müddət ərzində istehlak qiymətlərinin artması və baş verən inflyasiya ilə bağlı həyat şəraitinin dəyişməsi ilə bağlıdır. Başqa sözlə iddiaçının tələbinin əsasını Ailə Məcəlləsinin 112-ci maddəsinin şərtləri təşkil etmir. Belə olan halda, həmin tələbə iddia icraatı aydasında baxılması nəzərdə tutulmamışdır.

15. O da qeyd edilməlidir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə müvafiq olaraq alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün iddianın verilməsinə əsas ola bilər.

16. Şərh olunanlara əsasəm məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Qərardad qanuni və əsaslıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar