Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-124/2026 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan qeydlərin surətindən görünür ki, İddiaçı Cavabdeh nisyə geyim əşyaları satmışdır.
2. İşə əlavə edilmiş CD diskdən görünür ki, İddiaçı Cavabdeh ona olan borcunu tələb etmiş, o isə maddi imkanı olmadığı üçün ödəmədiyini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, Cavabdeh 4462 (dörd min dörd yüz altmış iki) manat pulun və 67 (altmış yeddi) manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhərində qeydiyyatda olmaqla ailə üzvlər ilə birlikdə Şəmkir şəhərində yaşayır. O, 2024-cü ilin sonlarına kimi geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh uzun illərdir tanıyır. Cavabdeh ilə aralarında ailəvi gediş-gəlişləri və münasibətləri olmuşdur. Cavabdeh daim ondan nisyə olaraq geyim əşyaları almış və hissə-hissə pulunu qaytarmışdır. Lakin, cavabdeh hər dəfə nisyə geyim əşyaları götürdükdə maddi imkanı aşağı olduğunu bildirib, həmin malların dəyərindən çox az miqdarda ödəniş etmişdir. Beləliklə, cavabdehin ona borcu yaranmışdır. 2021-ci ilin mart ayına kimi cavabdehin ona 1109 manat borcu olmuşdur. Cavabdeh 2021-ci ilin mart-aprel ayında 383 manat dəyərində, 2021-ci ilin aprel-iyun aylarında 560 manat dəyərində, 2021-ci ilin iyul-noyabr aylarında 347 manat dəyərində, 2022-ci ilin yanvar ayında 240 manat dəyərində, 2022-ci ilin iyul-dekabr aylarında 1082 manat dəyərində, 2023-cü ilin yanvar-fevral ayında 346 manat dəyərində, 2023-cü ilin mart-iyun aylarında 543 manat dəyərində, 2023-cü ilin avqust ayında 385 manat dəyərində, 2023-cü ilin sentyabr-dekabr aylarında 803 manat dəyərində, 2024-cü ilin mart ayında 93 manat dəyərində, 2024-cü ilin aprel ayında 1038 manat dəyərində, 2024-cü ilin may ayında 800 manat dəyərində geyim və digər əşyalar almışdır. Cavabdeh ondan nisyə aldığı əşyaların pulundan hissəhissə ödəmişdir. 2024-cü ilin may ayında Rusiya Federasiyasına işləmək üçün getmişdir. O, Rusiyaya getdikdən sonra da, ona olan borcundan kart hesabına ödənişlər etmişdir. Cavabdeh ona olan borcundan Rusiyadan 1828 manat pul göndərmişdir. Əvvəllər də ona ödədiyi pulla bir yerdə cavabdeh ona ümumilikdə borcundan 3267 manat pul qaytarmışdır. Lakin, sonradan cavabdeh borcunu ödəməkdən imtina etmişdir. Hər dəfə də pulunu tələb etdikdə, onun təhqir etmiş və hədəqorxu gəlmişdir. Hazırda cavabdehin ona 4462 manat borcu vardır. O hətta onun övladlarına da müraciət edərək pulunu tələb etmişdir. Lakin, heç bir nəticəsi olmamışdır.
5. Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsi (hakim Nazlı Heydərova) ilə iddianın təmin edilməsi, Cavabdeh 4462 (dörd min dörd yüz altmış iki) manat pul və 67 (altmış yeddi) manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilərək, ondan 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı özünə məxsus olan mağazada cehizlik, geyim və sair əşyaların satışı ilə məşğul olur. O, daima iddiaçıdan cehiz və geyim əşyaları almışdır. Aldığı malların dəyərini bəzən alan kimi, bəzən də bir neçə ay ərzində ödəmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayında İddiaçı oğlunun nişanı, ailəsi və gəlini üçün nisyə geyim əşyaları almışdır. Həmin əşyaların ümumi dəyəri 3500 manat təşkil etmişdir. Oğlunun nişan mərasimindən sonra o, işləmək üçün Rusiya Federasiyasına getmişdir. Daima oradan iddiaçıya nisyə aldığı məhsulların pulunu göndərmişdir. O həm ona məxsus bank kartına, həm də onunla birlikdə yaşayan və alver edən qızı Pərvin Həsənovaya məxsus bank kartına həmin pulları göndərmişdir. Həmin göndərdiyi pulların qəbzlərini də etiraz ərizəsinə əlavə edib məhkəməyə təqdim etmişdir. Lakin, bir neçə qəbz telefonundan silindiyindən həmin qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Onun iddiaçıya 500 manat borcu qalmışdır. Hazırda iddiaçı əssasız olaraq özündən tutulmuş bir qeyd dəftəri təqdim edərək, onun guya 4462 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə tərəfindən isə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qeydlərə, həmçinin səs yazılarına istinad edilərək, iddia tələbi təmin edilmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş qeydlər yalnız iddiaçının əl yazmasından ibarət olmaqla, həmin qeydlərdə onun nə imzası, nə də əlyazısı vardır. İddiaçı özü dəftərdə qeydiyyat aparmaqla ona borcunun olduğunu bildirmişdir. Məhkəmə tərəfindən istinad edilmiş səs yazıları ilə bağlı bildirir ki, həmin səs yazılarında iddiaçı ondan nə 4462 manat pul tələb etmiş, nə də o, iddiaçıya 4462 manat borcunun olduğunu və həmin pulu maddi imkanı olmadığı üçün ödəmədiyimi bildirmişdir. O, iddiaçıya qalan 500 manat borcunu maddi imkanı olmadığından ödəmədiyini etiraf etmişdir. Onun hazırda İddiaçı 500 manat borcu olduğu halda, məhkəmə tərəfindən 4462 manat pulun tutulması nəticəsinə gəlinməsini əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, o, iddiaçını tanıyır, uzun müddət ondan nisyə geyim paltarları almışdır. O, iddiaçıdan ümumilikdə 3500 manat dəyərində nisyə qadın paltarı almışdır. Həmin borcundan 3000 manatını qaytarmışdır. Hazırda İddiaçı 500 manat məbləğində borcu qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və ondan iddiaçının xeyrinə 500 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, o, Şəmkir rayonunda geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdehi uzun illərdir tanıyır. Cavabdeh nisyə əşyalar satmışdır. İlk vaxtlar onun 1109 manat məbləğində borcu qalmışdır. Bundan sonra cavabdeh ondan 6620 manatlıq mal almış və 7729 manat borcu yaranmışdır. Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində getməmişdən əvvəl ona 1439 manat, getdikdən sonra isə oradan 1828 manat məbləğində pul qaytarmış və ümumlikdə 3267 manat borc ödəmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı Şəmkir rayonunda geyim əşyalarının satışı ilə məşğul olmuş, iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
37. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
38. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
41. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
42. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
44. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı ilə aralarında nisyə alğı-satqı olduğunu etiraf etmiş, hazırkı borcunun isə 500 manat olduğunu bildirmişdir.
45. İddiaçı tərəf nisyə satılmış malların qarşılığında pulun verilməməsinə dair sübutlarını, yəni Cavabdeh malları alaraq əmlakların dəyərini ödəməməsinə dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin disk apellyasiya instansiyası məhkəməsində də işə baxılarkən dinlənilmiş və cavabdehin iddiaçıya iddia edilən borcunun olması öz əksini tapmışdır.
46. Belə ki, məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixdə keçirilmiş iclasında iddiaçının və cavabdehin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, iddiaçı cavabdehdən borcun verilməsini istəyir, cavabdeh isə imkanı olmadığından borcunu verə bilməyəcəyini bildirir.
47. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
48. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
49. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
50. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
51. Sadalanan hüquq normaları və işin müəyyən olunmuş halları iddianın təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya instansiyası məhkəməsində iddianı etiraf etməsə belə, kollegiya onun bu izahatını inandırıcı qəbul etmir.
52. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında nisyə alqı-satqının olması işin mübahisə edilməyən halıdır. Bundan başqa, cavabdeh tərəf iddiaçıya 500 manat borcunun qalmasını, qalan borcu tam qaytarmasını bildirmiş, lakin, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, Məhkəmə Kollegiyası cavabdeh tərəfin borcun qaytarılması barədə olan izahatına şübhə ilə yanaşır və inandırıcı hesab etmir.
53. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
54. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
55. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
61. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin edilə bilməz.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-3441/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.