Məhkəmə qərarları › İş №2(3-7)-1282/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1282/2026

21.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1282/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, cavabdeh Novruzova İradə Əhməd qızının nümayəndəsi X1 və cavabdeh cavabdeh1 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- Bank) cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tаrixli qətnaməsindən cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh Novruzova İradə Əhməd qızı arasında bağlanmış ## #### 2013cü il tarixli, M/B-*** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 29 % dərəcəsi ilə, 18 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## #### 2013-cü il tarixli, M/B-*** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh1 İradə Novruzovanın Bank qarşısındakı kredit öhdəliyinə zamin durmuşdur. Bank tərəfindən verilmiş ## ### 2018-ci il tarixli maliyyə arayışına əsasən sözügedən kredit müqaviləsi üzrə cavabdeh İradə Novruzovanın ödənilməmiş qalmış əsas borcu 1542 manat, faiz borcu 1288 manat, borcun gecikdirilməsi üçün hesablıanmış cərimə borcu 200 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1542 manat əsas, 1288 manat faiz, 200 manat cərimə borcu olmaqla - cəmi 3030 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdeh İradə Novruzova kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunu və hesablanmış faizləri nəzərdə tutulmuş qaydada ödəməkdən boyun qaçırmışdır. Kreditin vaxtında qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tаrixli qətnaməsi ilə (hakim Fuad Mirabov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 müştərək qaydada 1542 manat əsas, 1288 manat faiz, 20 manat cərimə borcu olmaqla - cəmi 2850 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, borcalan tərəfindən müqavilə öhdəliklərini vaxtında icra etməsi və ya lazımınca icra etməməsi kreditora aşkar şəkildə bəlli olduqdan sonra, ##.##.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kreditorun belə davranışını zərəri azaltmaq üçün ağlabatan tədbirlər görməməsi kimi qiymətləndirmiş və kredit müqaviləsi üzrə hesablanmış cərimənin miqdarını azaldaraq 20 manat miqdarında müəyyən etməyi məqsədə müvafiq hesab etmişdir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 467, 470.1, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Cavabdeh Novruzova İradə Əhməd qızının apellyasiya şikayətinin dəlilləri İddiaçı, hazırda ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Novruzova İradə Əhməd qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli, MB-*** nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan müddət 18 aydan ibarət olmuşdur. Yəni müqavilənin bitdiyi tarix ##.##.2014-cü il nəzərdə tutulmişdir. Bankın isə cavabdehlərə qarşı qaldırdığı iddia ərizəsi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə ##.##.2018-ci il tarixdə daxil olmuşdur. Belə ki, müqavilə müddəti bitdiyi tarixdən təxminən 3 il 9 aydan sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia müddətinin bitməsinə baxmayaraq qanunun bu kimi maddəsini nəzərə almadan qətnamə çıxarmışdır. Məhkəmə maddi hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. b) Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın görünür ki, iddiaçı hazırda ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh Novruzova İradə Əhməd qızı arasında bağlanmış ##.##.2013-cü il tarixli, MB-*** nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulan müddət 18 aydan ibarət olmuşdur. Yəni müqavilənin bitdiyi tarix ##.##.2014-cü il nəzərdə tutulmişdir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq cavabdeh1 ilə 18 ay müddətinə ##.##.2013cü il tarixli, MB-*** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bankın cavabdehlərə qarşı qaldırdığı iddia ərizəsi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə ##.##.2018-ci il tarixdə daxil olmuşdur. Belə ki, müqavilə müddəti bitdiyi tarixdən təxminən 3 il 9 aydan sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia müddənini bitməsinə baxmayaraq qanunun bu kimi maddəsini nəzərə almadan qətnamə çıxarmışdır. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətlərinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh Novruzova İradə Əhməd qızının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və Məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Bank apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(kredit müqaviləsi bağlanan zaman qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank və borcalan- hazırki iş üzrə cavabdeh İradə Novruzova arasında bağlanmış ##.##.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 18 ay müddətinə 3500 manat kredit verilmişdir. Eyni zamanda Bank ilə zamin olan cavabdeh cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşdur. İşin hallarından müəyyən edilir və cavabdehlər tərəfindən mübahisə edilmir ki, borcalan İradə Novruzova kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, Banka olan borcunu ödəməmiş və nəticədə onun Banka 1542 manat əsas borcu, 1288 manat əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Borcun ödənilməsi gecikdirildiyi üçün Bank tərəfindən borcalana 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, borcalanın iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Lakin buna baxmayaraq, həmin öhdəliyin icra edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti Bank tərəfindən ötürülmüşdür. Məhkəmə bildirir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər birinci instansiyası məhkəməsində keçirilmiş məhkəmə proseslərindən xəbərdar olmamış və cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən borcalan-cavabdeh İradə Novruzovanın nümayəndəsi Sunay Novruzova isə ərizə ilə Məhkəməyə müraciət edərək, iddiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdeh İradə Novruzovanın apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, sözügedən kredit müqaviləsi üzrə üç illik iddia müddətinin axımı ## ######## 2014-cü il tarixindən başlamış və ## ######## 2017-ci il tarixində bitmişdir. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, Bank cavabdehlərə qarşı hazırki tələbi ilə bağlı ## #### 2018-ci il tarixdə Şəhər Məhkəməsinə müraciət etmişdir. Bankın Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən halların, yəni iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının mövcud olmadığını, həmçinin Bank tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh İradə Novruzovaya münasibətdə təmin edilə bilməz. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə Məhkəmə bildirir ki, iddiaçı ilə zamin cavabdeh1 arasında ## #### 2013-cü il tarixli, M/B-*** nömrəli zaminlik müqaviləsinin “yekun müddəalar” adlanan 7.1-ci bəndində qeyd olunur ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın Bank qarşısında ## #### 2013-cü il tarixli, M/B-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. Məhkəmə hesab edir ki, müqavilədə belə şərtin göstərilməsi yolverilməzdir və müddət anlayışına uyğun olmadığından zaminliyin müddəti kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin maddədə müddətin müəyyənləşdirilməsinin 3 qaydası təsbit edilmişdir: - dəqiq təqvim tarixi; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi; - hökmən baş verməli olan hadisənin göstərilməsi. Müqavilənin müddətinin öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilməsi şərti həmin maddənin tələblərinə uyğun deyildir. Çünki öhdəliklərin tam icra edilməsi hökmən baş verməli hadisə kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə müddətlərin bitməsi obyektiv xarakter daşıyır, yəni mülki hüquq münasibətlərinin subyektlərinin iradəsindən asılı deyil. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır. Buna görə də hazırki halda zaminlik müqaviləsində zaminliyin verilmə müddəti ## ######## 2014-cü il tarixdə, yəni hazırki kredit öhdəliyinin icrası vaxtı başa çatdığı tarixdə qurtarmışdır. Bank isə hazırkı iddia ərizəsi ilə ## #### 2018-cü il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bank öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni ## ######## 2014-cü il tarixindən bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən ## ######## 2015-ci il tarixdə zaminliyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, Məhkəmə qeyd edir ki, zaminliyə xitam verildiyi üçün Bankın zaminə qarşı tələb etmək hüququ yoxdur və iddia tələbi zamin olan cavabdehə aid hissədə də əsassızdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehlərin apellyasiya şiakyətləri təmin edilməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tаrixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Novruzova İradə Əhməd qızı və cavabdeh1 qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar