Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1284/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpаsı barədə ərizəsinə dair Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı X6 cavabdeh Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prоsessuаl müddətin bərpаsı bаrədə ərizəsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 11000 manat məbləğində borc pulun və iddia qaldırmaq üçün ödədiyi 130 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, 2(021)-2253/2025 qətnaməsi ilə cavabdeh Cavabdeh 10230 (on min iki yüz otuz) manat məbləğində pul, 121,59 manat ödənilmiş dövlət rüsumu və 300 manat hüquqi yardım üçün ödənilmiş pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
3. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/****-*** saylı qərardadına əsasən apellyasiya şikayəti müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılmışdır.
4. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilərək, mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, onların qətnamədən xəbəri olmamışdır. Onun barəsində icra şöbəsi tərəfindən axtarış elan edilmişdir. Nəticədə onun barəsində məhkəmə tərəfindən cərimə tətbiq edilmişdir. Müddətin bərpa edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
6. Bərdə rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsindən imtina edilmişdir.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən cavabdeh Cavabdeh qətnaməni poçt sənədlərinin verilməsi barədə xəbərnaməyə əsasən ##.##.2025-ci il tarixdə əldə etmişdir. Belə ki, həmin qətnamə cavabdehin etibarnamə üzrə nümayəndəsi, eyni zamanda ailə üzvü olan anası X3 tərəfindən həmin tarixdə əldə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizədə göstərilən hallar üzrlü əsaslar qismində müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasından imtina edilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
8. Cavabdeh Cavabdeh şikayət ərizəsi ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini, əks təqdirdə işi mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Beləliklə də tərəflər arasında çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Qətnamənin mövcudluğundan xəbər tutan kimi apellyasiya şikayəti vermişdir. O, Bakı şəhərində yaşayır. Qətnamə nə ona, nə də nümayəndəyə verilməmişdir. X1 yaddaşsızlıqdan əziyyət çəkdiyi üçün məhkəmədə bildirmişdir ki, yadında deyil, qətnamə yaşadıqları evdə poçtalyon tərəfindən ona verilib, ya yox. Ancaq iş materiallarında olan xəbərnamədəki imzaya baxanda həqiqətən müəyyən edilir ki, xəbərnamədəki imza onun və nümayəndəsi olan anası tərəfindən deyil, özgə bir şəxs tərəfindən imza edilmişdir. İmzanın onların tərəflərindən icra edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasından keçməyə hazırdırlar. Şərh olunanlara əsasən hesab edir ki, Bərdə Rayon Məhkəməsi yanlış nəticəyə gəldiyindən, hazırkı qərardad ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
10. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
11. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
14. M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası
İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
16. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir
18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
19. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
20. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
25. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
26. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı
28. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin apellyator tərəfindən şikayət verilən ##.##.2025-ci il tarixli qətnaməsi sifarişli poçt göndərişi vasitəsi ilə ##.##.2025-ci ildə cavabdehin etibarnamə üzrə nümayəndəsinə rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixində verilmiş, ##.##.2026-cı il tarixində məhkəmənin qərardadı ilə apellyasiya şikayəti müddət keçdiyinə görə geri qaytarılmış, ##.##.2026-cı il tarixində isə müddətin bərpası barədə ərizə verilmişdir.
31. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.
32. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
33. Cavabdeh şikayətində qətnamənin sifarişli poçt göndərişi vasitəsi ilə nə ona, nə də nümayəndəsinə çatdırılmadığını, xəbərnamədəki imzanın onun və nümayəndəsi olan anası tərəfindən deyil, özgə bir şəxs tərəfindən imza edilmiş olduğunu qeyd etsə də, kollegiya şikayətin dəlilləri ilə razılaşmır və qeyd edir ki, işin sənədlərindən göründüyü kimi qətnamə onun etibarnamə üzrə nümayəndəsi Məmmədova Minayə tərəfindən imza edilərək ona ##.##.2025-ci ildə rəsmi qaydada verilmiş, prosessual müddətin axını da məhz bu tarixdən başlamışdır.
34. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, prosessual qanunvericilik prosessual müddətin bərpasını yalnız müddətin buraxılmasının səbəblərinin üzrlü olduğu halla, yəni apellyatordan asılı olmayan hallarla şərtləndirmişdir. Hazırkı işdə isə ərizəçinin belə bir hal səbəbindən müddəti buraxması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin tərəfin həmin qətnamədən apellyasiya şikayətinin verməsi üçün qanunvericilikdə müəyyən olunmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyil.
35. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır.
36. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
37. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.