Məhkəmə qərarları › İş №2(3-7)-130/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-130/2026

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-130/2026 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: atalığın müəyyən edilməsi və aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur.

2. Məcburi köçkün vəsiqəsindən görtünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür.

3. Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 800 nömrəli arayışdan görünür ki, Qurbanova X4 rayonu Şamkənd kəndindən qeydiyyatda olmaqla Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayır.

4. Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZİV378919 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə anadan olmuş, ata qrafasında X7, ana qrafasında İddiaçı qeyd edilmiş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05 noyabr 2018-ci ildə 189 nömrə ilə qeyd edilmişdir.

5. Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli MŞB/MT039/2025-00608 saylı arayışdan görünür ki, tərəflər arasında razılıq əldə edilməmişdir.

6. Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı oğluna ünvanlanmış 03 iyun 2025-ci il tarixli,3-16-5/8-15-Q-257/25 nömrəli məktubdan görünür ki, valideyinlərindən biri gəlmədiyi üçün övladı X6 atalığı müəyyən edib yeni şəhadətnamə verilməsi mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə anadan olmuş X5 atasının Cavabdeh atası olması müəyyən olunmasına, cavabdehdən xx.xx.2018-ci ildə anadan olmuş X1 üçün hər ay 246 manat alimenti və geridə olan 3 ilin alimentin yetkinlikn yaşına çatanadək cavabdehdən tutularaq ona verilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh X12 ilə 2017-ci ildə el adəti ilə ailə həyatı qursa da, rəsmi nikahları olmamışdır. Onların bu evlilikdən xx.xx.2018ci ildə X9 anadan olmuşdur. 2018-ci ildə cavabdeh ondan ayrılmış və övladları anadan olsa da uşağın atası atalıq verməkdən boyun qaçırmışdır. İllər boyu övladına tək baxmışdır. 7 ildir bir dəfə olsun övladı üçün valideynlik borcunu yerinə yetirməmişdir. Kəlbəcər rayonunda 1992-ci ildə 8 ay uşaq ikən əsirlikdə olmuşdur. Anası şəhid olmuşdur. Min bir əzab əziyyətlə yaşasa da, övladını tək başına böyütmüşdür. Bu gündə yaşam tərzi çox acınacaqlıdır. Cavabdeh atalığı verməsi və övladının saxlanması üçün aliment ödəməlidir. Hesab edir ki, geridə qalan 3 ilin alimentin də uşağın atası ödəməsi məqsədəuyğundur. Bu gün bir uşağın saxlamaq minimum 246 manat təşkil edir. Cavabdeh Bərdə rayonunda bərbər olaraq fəaliyyət göstərir hər ay 246 manat aliment ödəyə biləcəyinə inanır.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsi (hakim Bayram Məhərrəmov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsi, Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 5 noyabr 2018-ci il tarixdə aparılmış 189 nömrəli akt qeydində və onun əsasında verilmiş AZ-İV seriyalı, 378919 saylı doğum haqqında şəhadətnamədə dəyişiklik edilərək uşaq qrafasında “X10”, ata qrafasında “Cavabdeh” kimi qeyd edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum aylıq əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, İddiaçı ödədiyi 60 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1, 46.2, 75.1, 75.4, 78.1 və 188-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 234.2.1, 216-220, 227, 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsinin alimentin tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin alimentlə bağlı gəldiyi nəticə əsaslı deyildir. Belə ki, məlum fərmanla Yaşayış minimumu haqqında Qanunda edilmiş dəyişikliyə əsasən 2025-ci il üzrə bir uşağın saxlanması xərci 246 manat, 2026-cı il üçün isə 260 manat müəyyən edilmişdir. Aliment uşağın qidalanması, sağlam böyüməsi, mənəvi və psixi inkişafının normal formalaşması üçün tutulur. Cavabdehin hər ay uşağın saxlanılması üçün 260 manat ödəməyə maddi imkanı çatır. İş üzrə bildirir ki, o, cavabdeh X12 ilə 2017-ci ildə el adəti ilə ailə həyatı qursa da rəsmi nikahları olmamışdır. Onların bu evlilikdən xx.xx.2018-ci ildə X8 övladları anadan olmuşdur. 2018-ci ildə cavabdeh ondan ayrılmış və övladı anadan olsa da, cavabdeh atalıq verməkdən boyun qaçırmışdır. İllər boyu övladına tək baxmışdır. 7 ildir birdəfə olsun övladı üçün valideynlik borcunu yerinə yetirməmişdir. Kəlbəcər rayonunda 1992-ci ildə 8 ay uşaq ikən əsirlikdə olmuş, anası şəhid olmuşdur. Min bir əzab əziyyətlə yaşasa da, övladını tək başına böyütmüşdür. Bu gündə yaşam tərzi çox acınacaqlıdır. Cavabdeh Bərdə Rayon Məhkəməsinin qətnaməsi əsasında atalıq versə də, övladının saxlanması üçün aliment məbləği az təyin edilmiş və cavabdeh həmin məbləği belə ödəməmişdir. Hesab edir ki, geridə qalan 3 ilin alimentin də uşağın atası ödəməsi məqsədə uyğundur. Bu gün bir uşağın saxlamaq minimum 260 manat təşkil edir. Cavabdeh Bərdə rayonunda bərbər olaraq fəaliyyət göstərir hər ay 260 manat aliment ödəyə bilər. Hal-hazırda övladını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladının saxlanılması üçün heç bir yardım köməklik etmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, uşaq anadan olandan indiyə kimi cavabdehlə ayrı yaşamışlar. Bu vaxta qədər cavabdehdən aliment tələb etməmişdir. Ali təhsilli olsa da, heç bir yerdə işləyə bilməmişdir. Hazırda qətnaməni yalnız alimentin məbləöi hissəsində mübahisələndirir. Bu səbəbdən təyin olunmuş alimentin miqdarının artırılmasını istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin aliment hissəsində ləğv edilməsini və iddianın alimentə aid hissəsinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, o, həmin uşağın atasıdır. Özü Bərdə rayonunda bərbər işləyir. İddia edilən alimenti ödəmək iqtidarında deyil. Belə ki, kirayədə yaşayır, maddi imkanı zəifdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

24. Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

26. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya

27. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi 13 iyul 2020-ci il tarixli qərarı.

28. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”.

BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannaməsi.

29. 6-cı prinsipdə qeyd edilir ki, “...Uşaq ana və atasının baxımı və məsuliyyəti altında hər vəziyyətdə sevgi və təhlükəsizlik şəraitində böyüməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir...”

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

30. Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

45. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən iddiaçı tərəfindən verilmiş şikayətin məzmunundan görünür ki, apellyator yalnız alimentin məbləğinin müəyyən edilməsi hissəsindən narazıdır. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsi - xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum aylıq əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə xx.xx.2025-ci il tarixdən başlayaraq, 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2017-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların bu münasibətlərindən xx.xx.2018-ci ildə Amil adlı uşaqları anadan olmuşdur. Tərəflər 2018-ci ildən ayrılmışlar. Keçən yeddi il ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun ehtiyaclarını ödəməmişdir. İddiaçı da bu zaman kəsiyində cavabdehdən alimet tələb etməmişdir. Hazırda maddi durumu çətin olduğundan, cavabdeh isə uşağın tələbatlarını könüllü olaraq qarşılamadığından, iddiaçı hazırki tələblə məhkəməyə mürciət etmiş, məhkəmə iddia tələbini alimentlə bağlı hissədə qismən təmin etmişdir.

48. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

49. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulan alimentin miqdarını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun 0,48 miqdarında təyin etməklə düzgün nəticəyə gəlməmişdir.

51. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

52. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə:

53. 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

54. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

55. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

56. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə alimentin məbləğini hər ay bir uşaq üçün 0,45 miqdarında yəni 180 manat sabit pul məbləğində müəyyən etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, ölkə üzrə 2025-ci il üçün minimum əmək haqqının 400 manat olması və uşağın mənafeyi nəzərə alınmaqla, onun azyaşlı olması uşağa təyin olunan almentin miqdarının artırılmasına əsas verir. Ona görə də, baxılan işdə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (400x0,55=220) 0,55 misli həddində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

57. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, İddiaçı ilə Cavabdeh 2017-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların bu münasibətlərindən xx.xx.2018-ci ildə Amil adlı uşaqları anadan olmuşdur. Tərəflər 2018-ci ildən ayrılmışlar. Keçən yeddi il ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun ehtiyaclarını ödəməmişdir. İddiaçı da bu zaman kəsiyində cavabdehdən alimet tələb etməmişdir. Hazırda maddi durumu çətin olduğundan, cavabdeh isə uşağın tələbatlarını könüllü olaraq qarşılamadığından, iddiaçı hazırki tələblə məhkəməyə mürciət etmiş, məhkəmə iddia tələbini alimentlə bağlı hissədə qismən, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin sonrakı artımlar nəzərə alınmaqla 0,45 misli həddində, yəni 180 manat təmin etmişdir. Qeyd olunduğu kimi, azyaşlı Amil adlı uşağın mənafeyi nəzərə alınmaqla, iddiaçının maddi ehtiyac içində yaşaması və uşaq azyaşlı olduğu üçün işləyə bilməməsi səbəbindən həmin uşağa təyin olunan 180 manat alimentin miqdarı yetərli deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının işləməməsi, ağır maddıi ehtiyac içində yaşaması və uşağın mənafeyi nəzərə alınmaqla Amil adlı uşaq üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilməli, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin sonrakı artımlar nəzərə alınmaqla (400 x 0,55 = 220) 0,55 misli həddində müəyyən edilməlidir.

62. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsi - xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum aylıq əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi - hissəsində dəyişdirilməli, həmin hissədə - xx.xx.2025-ci il tarixdən başlayaraq, 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisə predmeti olan hissənin qiyməti illik ödənilməli olan alimentin məcmusu 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 64.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.3, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-4095/2025 nömrəli qətnaməsi - xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mimimum aylıq əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması - hissəsində dəyişdirilsin. Həmin hissədə - xx.xx.2025-ci il tarixdən başlayaraq, 10 oktyabr 2018-ci il təvəllüdlü Ənvərov (Qurbanlı) Amin Ramil oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar