Məhkəmə qərarları › İş №2(3-7)-137/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-137/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-137/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin tələb hüququnu satın almış Hüquqi varis ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx KB” ASC-nin cavabdeh İlyasov Babək Həsən oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ## ###### 2021-ci il tarixli ****nkAHM/** saylı kredit müqaviləsindən və həmin müqaviləyə * saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) ## ###### 2025-ci il tarixədək illik 29 faiz dərəcəsi ilə 2450 AZN (iki min dörd yüz əlli manat) məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür.

2. “xxxx” KB ASC tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****nkAHM/** saylı kredit müqaviləsi üzrə 672,35 AZN əsas, 83,06 AZN faiz, 43,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 799,23 AZN borcu yaranmışdır.

3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş ## ### 2025-ci il tarixli bildirişdən görünür ki, İlyasov Babək Həsən oğluna borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir.

4. Azərbaycan Respublikası Mərkəzi X4 Portalının ## ###### 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “xxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir.

5. İddiaçı “xxxx” KB ASC-nin tələb hüququnu satın almış Hüquqi varis ASC məhkəmə kollegiyasına “tələb hüququnun satılması haqqında” müqaviləni, ** saylı əlavəni, hazırki iş üzrə kredit müqaviləsinin və hesabdan çıxarışın surətlərini təqdim etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh İlyasov Babək Həsən oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İlyasov Babək Həsən oğlundan İddiaçı ASC-nin xeyrinə 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas borc, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz borcu və 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə olmaqla, cəmi 799,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat) məbləğində vəsaitin və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh İlyasov Babək Həsən oğlu arasında bağlanmış ## ###### 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə ## ###### 2025ci il müddətinə 2450 AZN (iki min dörd yüz əlli manat) kredit təyin edilir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ###### 2025-ci il tarixinə “xxxx” KB ASC-yə 672,35 AZN (altı yüz yetmiş iki manat- 35 qəpik) əsas, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz, 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 99,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

8. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın təmin edilməsi, cavabdeh İlyasov Babək Həsən oğlundan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 672,35 AZN (altı yüz yetmiş iki manat-35 qəpik) əsas borc, 83,06 AZN (səksən üç manat-06 qəpik) faiz borcu və 43,82 AZN (qırx üç manat-82 qəpik) cərimə omaqla, cəmi 799,23 AZN (yeddi yüz doxsan doqquz manat-23 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə 829,63 AZN (səkkiz yüz iyirmi doqquz manat-63 qəpik) məbləğdə pul vəsaitin tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı “xxxx” KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331, 385.1, 442 və 448-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ## #### 1992-ci il tarixində Bakı şəhərində anadan olmudur. ## #### 1993-cü il tarixinədək valideynləri ilə birgə Kəlbəcər rayonunun Çorman kəndində yaşamışdır. 1993-cü il tarixindən Bakı şəhərində yaşayır. Ailəlidir, 2 övladı var. X7 zamanı-1993-cü il tarixində Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı zamanı ağır travma almışdır, 3-cü qrup gözdən əlildir, rəsmi iş yeri yoxdur və olmamışdır. ##.##.2021-ci il tarixli, ***nkAHM/** nömrəli kredit müqaviləsi üzrə ödənişlərlə bağlı şəxsi müraciəti əsasında “xxxx” KB ASC-dən məhkəməyə təqdim etmək üçün əldə etdiyi və elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli bank çıxarışına (səhifə10-cəmi dövriyyə: kredit-5989.16 azn; debet-5989.16 azn; qalıq:0.00 azn) və kredit 4 müqaviləsinə əlavədəki (səhifə 2 -kredit verilib-2450 azn+1720.13 azn%=4170.13 azn) rəqəmlərə əsasən, hesab etmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə öhdəlikləri çoxdan icra edilib. Hesab etmişdir ki, bankdan götürdüyü borcu bağlamışdır və bank qarşısında heç bir öhdəliyi yoxdur. ##.##.2021-ci il tarixli, ***nkAHM/** nömrəli kredit müqaviləsi 4 il müddətinə - ##.##.2025-ci il tarixinədək bağlanılıb, iddia ərizəsi isə 3 il 11 ay 13 gündən sonra-##.##.2025-ci il tarixində verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə borcalan kredit borcunu vaxtaşırı geri ödəmədiyi halda, iddiaçı “xxxx” KB ASC tərəfindən borcalan zamanında məhkəməyə verilməyibsə, müqavilə tələbləri üzrə iddia müddəti ötdükdən sonra onun məhkəməyə verilməsi və cavabdehin etirazına baxmayaraq, iddianın təmin edilməsi qanuna ziddir, işin faktiki hallarına uyğun deyildir. Kəlbəcər rayonunun Çorman kəndində 33 ildir yaşayış yoxdur.

13. Hüquqi varis ASC məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh İlyasov Babək Həsən oğlunun Kəlbəcər rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(040)- ****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır. Nəzərinizə çatdırırıq ki, iddianın aid olduğu ****nkAHM/** nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları ##.##.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə ##.##.2026-cı il tarixli, ** saylı Əlavə əsasında “xxxx” KB ASC-dən Hüquqi varis ASC-yə (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər Hüquqi varis ASC-yə yönəldilir. Cavabdeh apellyasiya şikayətində ilk öncə ##.##.2025-ci ilə qədər ödəniş etdiyini, həmin tarixdən sonra ödənişlərin dayandığını qeyd etsə də, daha sonra Bank qarşısında heç bir öhdəliyinin olmadığını. borcunun bağlı olduğunu bildirmişdir. Burdan da cavabdehin fikirlərinin əsassız olduğu görünür. Həmçinin qeyd edirik ki, qoşmada təqdim olunan kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən, borclu ##.##.2025-ci il tarixindən sonra da 2 dəfə ödəniş etmişdir. Hesabdan çıxarışda qeyd olunmuş ödənişlərin məbləği və tarixlərindən görünür ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla yanaşı, qoşmada təqdim olunan “xxxx KB” ASC -yə məxsus informasiya sistemindən götürülmüş özündə borclu ilə Bank əməkdaşları arasında olan danışıqları əks etdirəm çıxarışdan da görünür ki, cavabdeh borcunu ödəməmiş və müxtəlif səbəblər irəli sürmüşdür. Cavabdeh şikayətində mübahisənin məhkəmədən kənar qaydada həll ediləmsi üçün ona pretenziya məktubunun təqdim edilmədiyini bildirmişdir. Qoşmada təqdim olunan preteziyanın təqdim edilməsi ilə bağlı poçt qəbzindən borclunun pretenziya qəbzini imzaladığı görünür. Bundan əlavə, cavabdeh şikayətində kredit müqaviləsinə münasibətdə tətbiq olunan 3 illik iddia müddətinin ötürüldüyünü bildirmişdir. Bununla bağlı qeyd edirik ki, ****nkAHM/** nömrəli, ##.##.2021-ci il tarixli kredit müqaviləsinin müddəti ##.##.2025-ci il tarixinə qədər olmuşdur. AR Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekbar 2014-cü il tarixli Qərarına əsasən, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmçinin AR Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2013-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən 3 illik iddia müddəti isə kredit müqaviləsinin bitmə tarixi və ya kredit müqaviləsinin bitmə tarixindən sonra əgər ödəniş olunubsa, son ödəniş tarixindən hesablanmağa başalyır. Burdan da iddia müddətinin pozulmadığı aydın görünür. Qeyd olunanlardan da aydın görünür ki, cavabdeh apellyasiya şikayətində ümumi fikirlərə əsaslanmış, konkret pozuntunu özündə əks etdirən heç bir sübuta istinad belə etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatı və mövqeyi

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” KB ASC-nin tələb hüququnu satın almış Hüquqi varis ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ümumilikdə qətnamə üzrə borc 829.63 manatdır.

15. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Cavabdeh İlyasov Babək Həsən oğlu məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq, göstərmişdir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən cavabdeh İlyasov Babək Həsən oğluna qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixinə təyin edilmiş baxış iclasında üzürlü səbəbdən iştirak edə bilmir. O, qeyd edilən mülki iş üzrə həm də qarşılıqlı iddiaçıdır. Cavabdeh olduğu *(***)-****/**** nömrəli mülki iş üzrə onun tərəfindən ##.##.2025-ci il tarixində verilmiş qarşılıqlı iddia ərizəsini müdafiə edir və məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

19. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

20. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

21. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

22. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

23. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

24. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

26. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

28. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ## ###### 2021-ci il tarixli ****nkAHM/** saylı kredit müqaviləsindən və həmin müqaviləyə * saylı əlavədən görünür ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) ## ###### 2025-ci il tarixədək illik 29 faiz dərəcəsi ilə 2450 AZN (iki min dörd yüz əlli manat) məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****nkAHM/** saylı kredit müqaviləsi üzrə 672,35 AZN əsas, 83,06 AZN faiz, 43,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 799,23 AZN borcu yaranmışdır. İddiaçı tərəfindən İlyasov Babək Həsən oğluna borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Həmçinin, “xxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, bankdan götürdüyü borcun bağlanması və bank qarşısında heç bir öhdəliyinin olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, maliyyə arayışından görünür ki, İlyasov Babək Həsən oğlunun ****nkAHM/** saylı kredit müqaviləsi üzrə 672,35 AZN əsas, 83,06 AZN faiz, 43,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 799,23 AZN borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəmə kollegiyasına kredit haqda məlumat cədvəli və hesab üzrə çıxarış cədvəli təqdim edilmişdir. Kreditin və tələb olunan məbləğin miqdarı imkan verir ki, kollegiya hesab üzrə əməliyyatları tədqiq etsin. Borclu ##.##.2025-ci il tarixindən sonra da 2 dəfə ödəniş etmişdir. Hesabdan çıxarışda qeyd olunmuş ödənişlərin məbləği və tarixlərindən görünür ki, Bank kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh tələb olunan borcun ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, ****nkAHM/** nömrəli, ##.##.2021-ci il tarixli kredit müqaviləsinin müddəti ##.##.2025-ci il tarixinə qədər olmuşdur. AR Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekbar 2014-cü il tarixli Qərarına əsasən, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmçinin AR Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2013-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən 3 illik iddia müddəti isə kredit müqaviləsinin bitmə tarixi və ya kredit müqaviləsinin bitmə tarixindən sonra əgər ödəniş olunubsa, son ödəniş tarixindən hesablanmağa başalyır. Burdan da iddia müddətinin pozulmadığı aydın görünür.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Kəlbəcər rayonunun Çorman kəndində 33 ildir yaşayış olmaması, bu səbəbdən də pretenziya məktubunun cavabdeh tərəfindən alınmaması ilə bağlı qeyd edir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubunun göndərildiyi görünür. İş materiallarında preteziyanın təqdim edilməsi ilə bağlı poçt qəbzində borclunun pretenziya qəbzini imzaladığı da görünür. İddiaçı pretenziya məktubunu borclunun məlum olan sonuncu yaşayış yerinə və ya qeydiyyatda olduğu yer üzrə göndərməkdə haqlı olmuşdur.

47. Məhkəmə kollegiyası cavabdehin ailə vəziyyəti, maddi imkanının aşağı olması, əlil və işsiz olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh müqavilə şərtləri ilə razı olarkən mövcud riskləri də, qəbul etmişdir. Onun öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi kreditorun hüquqlarını pozmaqla onun mənafeyinə cidd ziyan vura bilər.

48. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İlyasov Babək Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar