Məhkəmə qərarları › İş №2(3-7)-139/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-139/2026

07.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-139/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2021-ci il tarixli, PME********** nömrəli icbari sığorta müqaviləsinə dair çıxarışdan görünür ki, “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində icbari qaydada sığortalanmışdır.

2. PME********** saylı siğorta şəhadətnaməsi üzrə IAS221187 va IAS****** saylı Sığorta ödənişi aktlarına əsasən İddiaçı ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 2296 (iki min iki yüz doxsan altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

3. ##.##.2022-ci il tarixli, TP ******* nömrəli elektron qərarın surətindən görünür ki, ##.##.2022-ci il tarixində “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir.

4. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ##.##.2022-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Cerato” markalı, ** MJ *** və “Hyundai H1” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərin əvəzi kimi verilmiş sığorta ödənişinin məbləği barədə məlumat verilmiş, həmin məbləğin 10 (on) gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

5. Apellyasiya şikayətinə əlavə edilmiş AD****** saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyası üzrə ##.##.2030-cu ilədək sürücülük hüququ vardır.

6. Apellyasiya şikayətinə əlavə edilmiş ****** saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X3 ##.##.2018-ci ildə rəsmi nikah bağlamışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh 2296 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 42.96 manat dövlət rüsumu, ümumilikdə 2338.96 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2021-ci il tarixində PME********** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. ##.##.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Kia Cerato” markalı, ** MJ *** və “Hyundai H1” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir.

9. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2296 (iki min iki yüz doxsan altı) manat məbləğində sığorta ödənişi və 42.96 manat (qırx iki manat doxsan altı qəpik) məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində başqa avtomobilə ziyan dəymiş olması və bu ziyanın sığortaçı tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, 2296 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir.

11. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 936, 1096 və 1108-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının pozulması onunla bağlıdır ki, birinci instansiya məhkəməsi qətnamədə avtomobili etibarnamə olmadan idarə etməyi faktına istinad etsə də, həmin nəqliyyat vasitəsinin hüquqi rejimi və mənsubiyyəti məsələsini hərtərəfli araşdırmamışdır. Belə ki, “OpelOmega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah müddətində əldə edilmiş əmlak olmuşdur. Birgə nikah dövründə əldə edilən əmlak üzərində istifadə hüququ mövcud olmuş, bu əmlakdan istifadə etməyi faktiki olaraq qanuni əsaslara söykənmişdir. Məhkəmə isə avtomobilin birgə nikah dövründə əldə edilməsi faktını, həmin əmlak üzərində istifadə hüququmun mövcudluğunu və bu halların mülki hüquqi məsuliyyətin yaranmasına təsirini araşdırmadan, yalnız etibarnamənin olmaması faktını əsas götürərək nəticəyə gəlmişdir. Halbuki, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak olması onun onun tərəfindən idarə edilməsini avtomatik olaraq qanunsuz hesab etməyə əsas vermir. Bu halın nəzərə alınmaması işin faktiki hallarının natamam araşdırıldığını və nəticədə qətnamənin əsassız çıxarıldığını göstərir. Bununla yanaşı, yol nəqliyyat hadisəsinin baş verdiyi ##.##.2022-ci il tarixində sözügedən “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən mülki dövriyyədə rəsmi qaydada baş etibarnamə əsasında həyat yoldaşının adına keçirilmişdir. Belə ki, həmin tarixdə avtomobilin onun adından həyat yoldaşının adına keçirilməsi ilə bağlı müvafiq etibarnamə verilmiş, nəqliyyat vasitəsinin istifadəsi və idarə olunması hüquqi baxımdan tənzimlənmişdir. Yol-nəqliyyat hadisəsi isə avtomobilin sənədləşmə prosesi başa çatdırıldıqdan sonra, həmin gün qayıdarkən baş vermişdir. Prosessual hüquq normalarının pozulması onunla bağlıdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı heç bir rəsmi bildiriş göndərilməmiş, o işin mahiyyəti, iddiaçının tələbləri, bu tələblərin hüquqi və faktiki əsasları, habelə məhkəmə icraatının aparılması barədə ümumiyyətlə məlumatlandırılmamışdır. Bunun nəticəsində o, iddiaya münasibət bildirmək, ona qarşı əsaslandırılmış etirazlarını təqdim etmək, mövqeyini təsdiq edən sübutları toplamaq və məhkəməyə təqdim etmək imkanından tam şəkildə məhrum edilmişdir. Halbuki, işə sadələşdirilmiş icraat qaydasında baxılması cavabdehin, yəni onun prosessual hüquqlarının aradan qalxması demək deyildir. Əksinə, belə icraat yalnız cavabdehə əvvəlcədən rəsmi bildiriş göndərilməklə ona iddiaya qarşı etirazlarını, sübutlarını və izahatlarını təqdim etmək üçün real və effektiv imkan yaradıldıqdan sonra mümkün ola bilərdi. Bu imkanlar təmin edilmədiyi halda işin sadələşdirilmiş icraat qaydasında baxılması prosessual qanunvericiliyin mahiyyətinə və məqsədinə ziddir. Ona rəsmi bildiriş göndərilməməsi nəticəsində müdafiə hüququm faktiki olaraq formalaşmamış, tərəflərin çəkişmə və prosessual bərabərliyi prinsipləri kobud şəkildə pozulmuşdur. Nəticədə, məhkəmə işə yalnız iddiaçının təqdim etdiyi birtərəfli məlumatlar və sənədlər əsasında baxmış, cavabdehin mövqeyi, etirazları və sübutları araşdırılmadan, işin faktiki hallarına hərtərəfli və obyektiv qiymət verilmədən qətnamə qəbul etmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, hadisə 2022-ci ildə baş vermişdir. Nikah kağızı yanında idi. Həmin gün öz adından arvadının adına keçirmişdir. Polisdən qayıdarkən hadisə baş vermişdir. Sürücülük vəsiqəsi var idi. Həmin vaxt üzərində idi. Avtomobili evli olan vaxt almışdıq.

16. İş üzrə iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı İddiaçı ASC kollegiyaya elektron ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

19. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

20. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

21. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

22. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

23. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

27. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;

30. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

31. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

38. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

45. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Kia Cerato” markalı, ** MJ *** və “Hyundai H1” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Cavabdeh yolnəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti və subroqasiya hüququnun yaranmasına münasibətdə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materialları müəyən olunur ki, “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən cavabdeh Cavabdeh olmuşdur. Avtomobilin sürücüsü Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmişdir. İddiaçı da, tələbini yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də, bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də, sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də, sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də, qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir.

48. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. AD****** saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC kateqoriyası üzrə ##.##.2030-cu ilədək sürücülük hüququ vardır.

49. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Opel Omega” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

50. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir.

51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar