Məhkəmə qərarları › İş №2(3-7)-160/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-160/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-160/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AC 891386 nömrəli, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent GLS” minik markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

2. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir.

3. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

4. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli akt-rəyin surətindən görünür ki, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobilə dəymiş zərərin məbləği 3315 manat müəyyən edilmişdir.

5. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin mühəndis-məsləhətçisi X4 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli, 022945 nömrəli qiymətləndirmə rəyində texniki səhvə yol verildiyindən yeni qiymətləndirmə aktı tərtib olunmuşdur.

6. xx.xx.2025-ci il tarixli qüsur aktı-rəyin surətindən görünür ki, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobilə dəymiş zərərin məbləği 611 manat müəyyən edilmişdir.

7. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/O 21-385/25 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Hyundai Accent” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 623 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3315 manat dəymiş ziyanın və məhkəməyə ödədiyi 54 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı ödənilən 500 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan **-DV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı minik avtomobili **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı minik avtomobili tərəfindən vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin təqsirkarı Cavabdeh olmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan 3315 manat hesablanmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixdə inzibati xəta haqqında TP7378997 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.1 və 469cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Emil oğlu nəqliyyat vasitəsini mülki məsuliyyət üzrə icbari qaydada sığorta etdirməmişdir. Avtomobilinə dəymiş ziyanı ödəməmiş və bildirmişdir ki, “Hara istəyirsən şikayət et.” Buna görə də, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

10. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 623 (altı yüz iyirmi üç) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus “Hyundai Accent” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 623 manat məbləğində zərər dəymiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmamışdır. İddia tələbinin hüquqi yardıma görə 500 manat pulun ödənilməsinə dair sübut təqdim olunmadığından həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ödəniş qəbzini qətnamə qəbul olunduqdan sonra xx.xx.2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-4978/2025 saylı qətnaməsi qismən, iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilməli olan xidmət haqqının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilməli olan xidmət haqqını təmin etməməkdə səhvə yol vermişdir. İddia ərizəsinə müvəkkili ilə elektron qaydada bağlanmış müqaviləni əlavə etmişdir. Həmin müqavilədə hüquqi yardım göstərilməsinə görə hüquqi yardım göstərilən şəxsə 500 manat ödəniş edilməsi qeyd edilmişdir. Qeyd olunan müqavilə elektron qaydada imzalandığı və nəğdsiz qaydada ödəniş edildiyi üçün ödənilmiş vəsait nədirsə, o müqavilədə avtomatik görsənir. Çox təəssüflər olsun ki, məhkəmə elektron qaydada bağlanmış müqaviləni sübut kimi qəbul etməməklə vətəndaşla vəkili qarşı-qarşıya qoymuşdur. Aparılan islahatın mahiyyətinə kölgə salmışdır. Vətəndaş ödəniş etməsə müqavilə elektron qaydada vəkillər kollegiyası tərəfindən təsdiq edilməz. Bu fakt hamıya bəlli olan haldır. Bunun sübuta ehtiyacı yoxdur. İddia ərizəsinə əlavə etdiyi X2 Haqqında xx.xx.2025-ci il tarixli, № EM-58VK-42116/25 saylı elektron müqavilənin 2.1-ci maddəsində göstərilir ki, hüquqi yardımla bağlı ödəniş 500 manatdır. Başqa razılaşma yoxdursa, müqavilə ilə birlikdə ödənilir. Mülki iş materiallarında olan iddiaçı tərəfindən elektron qaydada ödənilmiş ödəniş qəbzi də, təsdiq edir ki, müqavilə ilə eyni vaxtda ödəniş edilmişdir. Həmin məbləğ 500 manatdır. İşə baxacaq məhkəmə kollegiyasından xahişi hər tərəfli, tam və obyektiv araşdırılma aparılması üçün Vəkillər Kollegiyasına və PulPAy Şirkətinə sorğular verilsin. Məhkəmə tərəfindən iş materiallarında olan vəkillə vətəndaş arasında bağlanılmış elektron müqavilə qətnamədə göstərilməmiş və istinad edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi yardıma görə 500 manat pulun ödənilməsinə dair sübut təqdim edilməsinə qənaətinə gəlsə də, bunun təkzib edilməsinə dair qəbul etdiyi qətnamədə hər hansı dəlili yoxdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıma hissəsində vəkilə hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqının ödənilməsi ilə bağlı iddia tələbini rədd etsə də, qətnamənin nəticə hissəsində iddia tələbini bu hissədə rədd edilməsi göstərilməmişdir. Ödəniş qəbzi məhkəmə qətnaməsinin nəticə hissəsi elan edildiyi gündən dərhal sonra sistemə yüklənmişdir. Bununda səbəbi vardır. Həmin qəbzi ona görə yüklənmişdir ki, həmin qəbz elektron müqavilədə göstərilən məbləğin müqavilə bağlanması ilə eyni vaxtda ödənilməsini təsdiq edir. Apellyasiya instansiya məhkəməsi müqavilənin imzalanması ilə ödəniş qəbzinin elektron qaydada həyata keçirilməsi tarixini və saatını müqayisə etsə, həqiqət tam aydın olacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, usta və avtomobil ehtiyyat hissələri satan şəxslərin yanına iddiaçı ilə birlikdə getmişdilər və avtomobilə dəymiş ziyan qətnamədə göstərilən məbləğə yaxın məbləğ olub və o, heç bir zaman boyun qaçırmamışdır. İddiaçı tərəf əsassız şəkildə ondan 5 dəfə artıq şəkildə pul tələb etdiyi üçün onu məhkəməyə vermişdir. Qeyd etmişdir ki, pul müqavilində saxta şişirdilmiş mütəxəssis rəyi alan iddiaçının verdiyi reylə razılaşmamışdır və yenidən mütəxəssis rəyi üçün müraciət etmişdir. İddiaçı tərəfin onu məhkəməyə vermə səbəbi ondan dəfələrlə artıq pul alması olmuşdur. Qanunun aliliyi bu əsassız varlanmanın qarşısını almışdır. Bütün bunlara baxmayaraq qarşı tərəf indi vəkilə ödədiyi puluda ondan tələb edir. O, dəymiş ziyanla (qətnamədə qeyd olunan məbləğlə) məhkəmə predmeti olmadan da razılaşmışdır. Qarşı tərəfə bildirmişlər ki, məhkəməyə müraciət etsin, görünür ki, əvvəlcədən vəd verilib ki, məhkəməyə və vəkilə ödəniləcək dövlət rüsumuda cavabdehdən alınacaq. Bunun üçün verdiyi şikayətlə bağlı deyil vəkilin rüsumu ilə bağlı şikayət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh etirazına uyğun izahat verərək, ondan 500 manat pul tutulmasına etiraz etdiyini bildirmişdir.

17. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin “Elektron Məhkəmə İnformasiya sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:

20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

31. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən vəkilə hüquqi yardıma görə ödənilmiş xərcin cavabdehdən tutulması hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. İşin hallarından göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili Vəkilin göstərdiyi yardıma görə ödəniş qəbzini qətnamə qəbul olunduqdan sonra xx.xx.2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir.

39. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Həmin Məcəllənin 361.4-cü maddəsinə görə apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

41. Məhkəmə kollegiyasi iddiaçının iddia ərizəsinə müvəkkili ilə elektron qaydada bağlanmış müqavilənin əlavə edilməsi, həmin müqavilədə hüquqi yardım göstərilməsinə görə hüquqi yardım göstərilən şəxsə 500 manat ödəniş edilməsi qeyd edilməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edir ki, MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı iş üzrə müqavilə xərcin ödənilməsini təsdiq edən sənəd deyil, iddiaçı ilə vəkil arasında tapşırığın şərtlərini müəyyən edən müqavilədir. Vəkilə hüquqi yardıma görə ödənişi təsdiq edən sənəd ödəniş qəbzidir ki, həmin sənəd də, məhkəmə baxışı bitənədək təqdim edilməmiş, birinci instansiya məhkəməsi isə təqdim edilmiş sübutlara uyğun olaraq məhkəmə xərcləri ilə bağlı məsələni həll etmişdir.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi : Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4978/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar