Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-169/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı BOKT “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor «xxxx» BOKT QSC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***-PRS-****-** saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə qaytarmaq şərti 5350 AZN (beş min üç yüz əlli manat 00 qəpik) məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür.
2. «xxxx» BOKT QSC-nin ##.##.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ##.##.2023-cü il tarixli, ***-PRS****-** nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 4063.23 manat əsas, 1479.30 manat faiz, 609.48 manat cərimə borcu olmaqla cəmi 6152.01 manat borc qeyd edilmişdir.
3. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh Cavabdeh oğluna iddiaçı təşkilata əsasə borc üzrə 1864.47 manat, faiz borcu üzrə 807.74 manat, cərimə borcu üzrə 233.27 manat olmaqla, ##.##.2025-ci il tarixə cəmi 2905.48 manat borcunun olduğu bildirilmiş və həmin borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı «xxxx» BOKT QSC cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh əsas borcu 4063.23 manat (dörd min altmış üç) manat, faiz borcu 1479.30 (min dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat, cərimə borcu 609.48 manat (altı yüz doqquz manat, qırx səkkiz qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 81,92 (səksən bir manat, doxsan iki qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 6233.93 (altı min iki yüz otuz üç manat, doxsan üç qəpik) manat borcun iddiaçı İddiaçı Kredit Təşkilatı “xxxx” QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarmaq şərti 5350 AZN (beş min üç yüz əlli manat 00 qəpik) Sməbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Kredit Təşkilatı «xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixli ***-PRS-****-** saylı Əlaqəli Kredit Müqaviləsi bağlanmışdır. Əlaqəli Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən "Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə, vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda Əlaqəli Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh İddiaçı Kredit Təşkilatı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ##.## 2025-ci il tarixə əsas borcu 4063.23 AZN (dörd min altmış üç manat 23 qəpik), faiz borcu 1479.30 AZN (bir min dörd yüz yetmiş doqquz manat 30 qəpik), cərimə borcu 609.48 AZN (altı yüz doqquz manat 48 qəpik) olmaqla, ümumi borcu 6152.01 AZN (altı min yüz əlli iki manat 01 qəpik) təşkil edir ki, bu borcun də cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütun tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə ##.##.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı Kredit Təşkilatı “xxxx“ Qapalı Səhmdar Cəmiyyətinə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.
6. Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim Leyla Hüseynzadə) ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 4063,23 manat məbləğində əsas kredit borcu, 807,74 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4930,97 (dörd min doqquz yüz otuz manat doxsan yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 81,92 (səksən bir manat doxsan iki qəpik) manat dövlət rüsumunun tutularaq, İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 47.3 və 739.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 284-6.1 və 360-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin faiz borcuna münasibətdə təmin olunmayan hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarının qərarı aldı hissəsinin 4-cü bəndinə qeyd olunur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Göygöl Rayon Məhkəməsi Konstitutsiya Məhkəməsi Plenumunun bu normasını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan ##.##.2025-ci il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu - əsas borc 406З.2З (Dörd min altmış üç manat 2З qəрik) manat nəzərə alınsa da, faiz borcu 1479.30 AZN (bir min dörd yüz yetmiş doqquz manat 30 qəpik) nəzərə alınmamışdır. Həmçinin, qeyd edir ki, xəbərdarlıq məktubunda qeyd olunan məbləğ Cavabdeh ##.##.2025-ci il tarixinə gecikmədə olan borc məbləği olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli ***-PRS-****-** saylı Əlaqəli Krеdit Müqaviləsinə görə cavabdehə 24 ay müddətinə 5350.00 manat kredit verilmişdir. Sözügedən xəbərnamədə cavabdehin ##.##.2025-ci il tarixinə gecikmədə olan əsas borcu, faiz borcu və cərimə borcu məbləğləri qeyd olunmuşdur. Xəbərdarlıqda tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi öhdəlikləri kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənə bilərdi. Yəni həmin xəbərdarlıqda cavabdehdən kredit müqaviləsi üzrə olan ümumi borc tələb edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun təmin edilməmiş hissəsi mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan faiz borcu hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***-PRS-****-** saylı Əlaqəli Kredit Müqaviləsi əsasən cavabdehə 24 ay müddətinə 5350 manat məbləöğində kredit verilmişdir. Kredit verən tərəf olaraq «xxxx» BOKT QSC üzərinə düşən öhdəlikləri tam icra etsə də kredit alan tərəf-hazırki iş üzrə cavabdeh Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə olan halda cavabdeh Cavabdeh “xxxx” QSC BOKT-a ##.##.2025-ci il tarixə əsas borcu üzrə 4063.23 AZN (dörd min altmış üç manat 23 qəpik), faiz borcu üzrə 1479.30 AZN (bir min dörd yüz yetmiş doqquz manat 30 qəpik), cərimə borcu üzrə 609.48 AZN (altı yüz doqquz manat 48 qəpik) olmaqla, ümumilikdə 6152.01 AZN (altı min yüz əlli iki manat 01 qəpik) məbləğində borcu qalmışdır. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə iddia tələbini qismən təmin etmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
44. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
45. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
47. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
48. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
49. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
50. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
51. Bununla belə apellyatorun faiz borcunun tutulması ilə bağlı şikayətin dəlillərinə münasibətdə kollegiya göstərir ki, apellyasiya şikayəti həmin hissədə əsassızdır.
52. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
53. İşdə olan sənədlərdən görünür ki, «xxxx» BOKT QSC Cavabdeh ilə bağlanmış müqavilə ##.##.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh hesablanmış və ödənilməmiş faiz borcu 807.74 manat təşkil etmişdir(bax bildirişə iş vərəqə səh 10).
54. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə qeyd edilən məbləğdə faiz borcunun hesablanması barədə nəticəyə gəlmişdir.
55. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən həmin hissədə düzgün nəticəyə gəlmişdir.
56. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
59. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
60. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən faiz borcu hissəsində gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən faiz borcu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın yoxlanılan mübahisələndirilən faiz borcu hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı Kredit Təşkilatı «xxxx» QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən faiz borcu hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.