Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-176/2026 02.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)- 1283/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh tərəfindən ona qarşı 25300 manat məbləğində dələduzluq etməsi faktı ilə əlaqədar polis orqanına müraciət etmişdir. İddiaçının müraciəti əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir.
2. İddaçı məhkəmə nəzrəti qaydasında Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin olunmamışdır.
3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 6(104)- 17/2025 nömrəli qərarı ilə təmin edilməmiş və Gəncə şəhər Məhkəməsinin 3 mart 2025-ci il tarixli, 6(125)-1/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər yaranmış, iddiaçı cavabdehin evinə gedib-gəlmiş, aralarında pul borc ilə bağlı mülki münasibət olmuş və cavabdehin dələdüzluq etməsi istintaq zamanı öz təsdiqini tapmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.080 (otuz bir min səksən) manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 31080 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Onun barəsində cinayət işi başlanmış və o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin vaxt pulunun bir hissəsi mülki məsələ olduğu üçün ümumi məbləğdən çıxılmış və cavabdehə 25.480 manatla bağlı ittiham verilmişdir. Sonradan ona aid hissədə guya onlar ər-arvad münasibətində olmaqları ilə bağlı iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardan şikayət vermiş, şikayəti Gəncə şəhər Məhkəməsində təmin edilmiş və istintaq orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Sonradan həmin prokurorluq tərəfindən qərardan şikayət verilmiş apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi başlanmış və araşdırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Həmin işin başlanmasına səbəb Azərbaycan Respublikası Baş Prokuroru cənab X2 şəhərində vətəndaşları qəbul etməsi ərəfəsində baş vermişdir. Həmin vaxt o, prokurorun qəbuluna yazılmış və bundan çəkinən Gəncə şəhər Prokurorluğu onun qəbulda iştirak edə bilməyəcini və işin həll ediləcəyini bildirmiş. Lakin sonradan göründüyü kimi məsələni hansı formada həll etdikləri artıq mübahisələndirilən qərardan görünür. Sonradan verdiyi şikayətlər təmin edilməmiş və qəbul edilmiş qərarlarda məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq etməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə müraciət edərək ona qarşı dələduzluq etdiyini və ondan 25000 manat pulun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının iddiasə ilə razı deyildir və bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə ortaq tanışı vasitəsi ilə 2018-ci ildə onunla tanış olmuşdur. Ailəsindən boşandığını, hazırda tək yaşadığını, onunla ailə qurmaq niyyətində olduğunu bildirmişdir. Uzun müddətli danışqlardan sonra onlar görüşüb ünsiyyət saxlamağa başlamışlar. O, xırda ticarətlı məşğul olurdu. İddiaçı isə özünün bildirdiyinə görə taxıl və un satışı ilə məşğul olurdu. Onun işində bəzən maddi çətinlik yaranmış və iddiaçı özü onun işində maddi dəstək olacağını bildirmiş və hətda bir neçə dəfə ona pul köməkliyi etmişdir. Bəzi hallarda isə onun işi yaxşı olanda o iddiaçıya maddi dəstək göstərmişdir. 2020-ci ilin əvvələrində aralarında müəyyən narazılıqlar yaranmış və onlar ayrılmışlar. Bu səbəbdən də o müxtəlif bəhanələr gətirərək Ayaz Bəhrəm-zadə ilə görüşməkdən yayınmışdır. Hər dəfə iddiaçı ona telefon vasitəsi ilə zəng edəndə ayrılmaq istədiyini bildirmiş, lakin Ayaz onu təhdid etmişdir. Bundan sonra Ayaz ona zəng edərək 20000 manat borclu olduğunu birdirmişdir. Bu telefon danışığından sonra o dəfələrlə iddiaçı ilə görüşüb müəyyən məbləğlərdə pul vermiş və onun hesablamasına görə cəmi iki-üç min borcu qalmışdır. Sonuncu iki üç min ödəməməyinin səbəbi isə İddiaçı onu dəfələrlə təhqir etməsi olmuşdur. Hazırda iddiaçı dörd il müddət keçdikdən sonra ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbu ki, bu kimi tələblə münasibətlərinin pozulduğu vaxtdan üç il müddətinə məhkəməyə müraciət edə bilərdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh onun 31080 manat pulunu ələ keçirmişdir. Bununla bağlı o hüquq-müahfizə orqanlarına məlumat vermiş və cavabdeh barəsində cinayət işi başlanmışdır. Sonradan ona aid hissədə guya onlar ər-arvad münasibətində olmaqları ilə bağlı iş üzrə icraata xitam verilmişdir. O, həmin qərardan şikayət vermiş, şikayəti Gəncə şəhər Məhkəməsində təmin edilmiş və istintaq orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Hazırda o, Cavabdeh 31080 manat pulunu tələb edir. 10.Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(045)-1283/2025 nömrəli qətnaməsi (hakim – Hafiz Əliyev) ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 31.080 manat məbləğində borcunun olması, ümumiyyətlə cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. 12.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 81, 89.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
13. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(045)-1283/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, Cavabdeh 31080 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir, cavabdehin barəsində cinayət işi başlanmış və onu zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin vaxt pulunun bir hissəsi mülki məsələ olduğu üçün ümumi məbləğdən çıxmış və cavabdehə 25.480 manatla bağlı ittiham verilmişdir. Sonradan ona aid hissədə guya onlar ər-arvad münasibətində olmaları ilə bağlı iş üzrə icraata xitam verilmişdir. O həmin qərardan şikayət vermiş, şikayəti Gəncə şəhər Məhkəməsində təmin edilmiş və istintaq orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Sonradan həmin prokurorluq tərəfindən qərardan şikayət verilmiş apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi başlanmış və araşdırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Həmin işin başlanmasına səbəb Azərbaycan Respublikası Baş Prokuroru cənab X2 şəhərində vətəndaşları qəbul etməsi ərəfəsində baş vermişdir. Həmin vaxt o prokurorun qəbuluna yazılmış və bundan çəkinən Gəncə şəhər Prokurorluğu onun qəbulda iştirak edə bilməyəcini və işin həll ediləcəyini bildirmişdir. Lakin sonradan göründüyü kimi məsələni hansı formada həll etdikləri artıq mübahisələndirilən qərardan görünür. Sonradan verdiyi şikayətlər təmin edilməmiş və qəbul edilmiş qərarlarda məhkəməyə müraciət etməyi bildirilmişdir. Lakin buna baxmayaraq, məhkəmə bu halları nəzərə almamış, həmçinin cavabdehin ona borcu olmasını təsdiq edən səs yazısını sübut kimi qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, cavabdehlə 2020-ci ildə Gəncə şəhərində dostu vasitəsilə tanış olmuşdur. Həmin zaman cavabdeh özü bisneslə məşğul olduğunu və İran İslam Respublikasından mallar gətirdiyini bildirmişdir. Bundan sonra birlikdə bir neçə dəfə iş görmüşlər. Cavabdehlə həmin zaman iran sobaları satmışlar. Sobaları 2020-ci ildə gətirmişdir. Cavabdehə 10.000 manat vermişdir. Lakin, həmin pulu geri qaytarmamışdır. Həmçinin, o yem işi ilə də məşğul olmuşdur. 2020-ci ildə cavabdeh un paylandığını və ucuza ala biləcəyini deyərək ondan pul istəmişdir. Buna görə də cavabdehə 8.000 manat dəyərində un alıb vermişdir. Cavabdehdən malları nisyə verdiyini və pulu aldıqdan sonra isə onun pulunu verəcəyini demişdir. Pulları alan zaman cavabdeh 1 ay müddətində qaytaracağını bildirmişdir. Lakin, pulları hansı ayda verdiyini xatırlamır. 1 ay keçdikdən sonra pulunu geri istəyərkən cavabdeh ona anasının ayağının qırıldığını və pulu da onun müalicəsinə verdiyini bildirmişdir. Pulunu istədikdə isə yaxınlarda qaytaracağını demişdir. Onlar on iki nəfər olmuşlar və onlara qarşı cavabdeh dələduzluq etmişdir. Bundan sonra 2020-ci ildə Goranda 5000 manat dəyərində ucuz elektron mallar olduğunu demişdir və nisiyə paylayıb 1 aya verəcəyini bildirmişdir. O da 5.000 manat pul vermişdir. Borcun şişdiyini görərək cavabdehdən pulunu istəmişdir. Cavabdeh də ona bank borcunun olduğunu və ondan bank borcunun bağlanması üçün 5000 manat borca pul istəmişdir. Eyni zamanda, 5000 manat olan bank borcunu bağlayıb yenidən başqa xanımla birlikdə 50.000 manat məbləğində kredit götürərək pulu qaytaracağını demiş, lakin heç bir pulu geri qaytarmamışdır. Hadisənin üzərindən 5-6 il keçdiyi üçün çox hadisə dəqiq yadında qalmamışdır. Lakin, cavabdehin banka olan borcunu ödəyib-ödəmədiyini bilməmişdir. Banka görə verdiyi pulu da geri istədikdə cavabdeh onu polis orqanına şikayət etmişdir. Təxminən 2021-2022-ci ilin dekabr ayının 27-si idi. Müharibədə iştirak etdiyi üçün çox hadisə tam yadında qalmamışdır. Bütün pullar “CD” diskdə qeyd edilmişdir. Aralarında olan bütün söhbətlər 2020-ci ildə olmuşdur. Cavabdeh 31.080 manat pulu 2020-ci ildə üç dəfə 5000 manat, 10.000 manat bir almaqla hissə-hissə ondan almışdır. Sonuncu dəfə cavabdeh 17.000-18.000 manat pulu bir dəfəyə qalan məbləği isə hər həftə hissə-hissə olmaqla qaytaracağını demişdir. Bu barədə “CD” diskdə olan səsdədə qeyd etmişdir. Məbləğ 32.080 manat olmuş amma sonra cəmi 1000 manatı qaytarmışdır. Həmin pulu isə deyəsən 2022-ci ildə qaytarmış və qalan məbləğ isə qaytarılmamışdır. Pulların hamısı 2020-ci ildə verilmişdir. Onu dəfələrlə aldatmışdır və ona görə də indi məhkəməyə müraciət etmişdir. Pulun verilməsi ilə bağlı “CD” diskdə olan səs yazıları vardır. Digər telefonu işləmədiyi üçün birinci instansiya məhkəməsinə verə bilməmişdir. Cavabdehə gedib pulunu istəyəndə onu dəfələrlə “102” qaynaq xəttinə şikayət etmişdir. Cavabdeh dələduzdur və 2-3 dəfə məhkumluğu olmuşdur. On iki nəfərə qarşı dələduzluq etmişdir. Məhkəmənin hökmü ilə ev dustaqlığına buraxılmışdır. Onların şəxsi münasibətləri olmamışdır. Cavabdehə pul verərkən mayanı qaytarmaq şərtilə qazancı böləcəkdilər. Birlikdə mal satırdılar. O maya üçün pulu qoyurdu, cavabdeh də onun əsasında satış edərək maya çıxdıqdan sonra qazanc verməli idi. Bu barədə razılaşmanı isə 2020-ci ildə əldə etmişlər. Diskdə borcunu boynuna alır. Ümumilikdə cəmi 1000 manat pul qaytırmışdır. İlk səfərlər cavabdeh onun xoşuna gəlmiş, buna görə də onunla ailə qurmaq istəmişdir. Amma sonradan fikrindən daşınmışdır. Malların satışlarını isə cavabdeh həyata keçirirdi. Cavabdehin verdiyi izahatlar yalandır. Cavabdehlə birlikdə birgə iş görmələri barədə sübutu yalnız “CD” diskdə qeydə alınmış səs yazılarında mövcuddur. Başqa cavabdehə iş görmək üçün pul verməsi ilə bağlı sübutları yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
20. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
22. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
25. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada)
41. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
43. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
44. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
45. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“
“R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
46. “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı
47. “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
48. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
49. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.
50. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
51. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
52. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
53. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı
54. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı
55. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı
56. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı
57. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
58. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
59. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı
60. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
61. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
62. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
70. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
73. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
74. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
75. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
76. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
77. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
78. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
82. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək, tam həcmdə mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr mövcud sübutlarla təsdiqini tapmamışdır.
84. Belə ki, məhkəmə tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməsi zamanı Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 106.1-ci maddələrinin tələbləri gözlənilməmiş, sübutların məcmusu əsasında iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsinə lazımi diqqət yetirilməmişdir.
85. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin faktiki hallarına və sübutların məzmununa uyğun gəlmədiyindən, nəticədə iş üzrə hüquqi münasibətin mahiyyətinə uyğun olmayan qərar qəbul edilmişdir.
86. Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin tənzimlənməsində tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etməmiş və tətbiqində səhvə yol vermişdir. Bu isə Mülki Prosessual Məcəllənin 386-cı maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur və qətnamənin ləğvini zəruri edir.
87. Göstərilən hallardan belə nəticə çıxır ki, birinci instansiya məhkəməsi həm maddi hüquq normalarının tətbiqində, həm də sübutların qiymətləndirilməsində prosessual hüquq normalarını pozmuş, bu isə qətnamənin qanuniliyinə və əsaslılığına təsir edən pozuntu kimi qiymətləndirilməlidir.
88. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul olunmalıdır.
89. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürərək sonuncunun ondan 31.080 manat məbləğində pul vəsaiti aldığını və həmin vəsaiti geri qaytarmadığını bildirmişdir. İddiaçı öz tələbinin əsası kimi tərəflər arasında yaranmış münasibətlər çərçivəsində müxtəlif vaxtlarda cavabdehə pul vəsaitləri verdiyini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini göstərmişdir.
90. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları kifayət qədər hesab etməyərək iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə barədə qeyd etmişdir ki, cavabdehin iddiaçıya 31.080 manat məbləğində borcunun olması, ümumiyyətlə cavabdehlə iddiaçı arasında şifahi borc müqaviləsinin bağlanması, iddiaçı tərəfindən cavabdehə həmin pulun verilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
91. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə toplanmış sübutlar, xüsusilə iddiaçı tərəfindən təqdim edilmiş audioyazı və tərəflərin izahatları (cavabdehin etiraz ərizəsi) birgə qiymətləndirildikdə tərəflər arasında müəyyən pul münasibətlərinin mövcud olmasını və cavabdeh tərəfindən pulun qəbul edilməsini təsdiq edən hallar müəyyən edilir.
92. Məhkəmə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “CD” diskdə olan audio səs yazısını ilk növbədə birinci aspektdən – yəni, pul vəsaitinin verilmə faktını və səs yazısında digər şəxsə aid danışıqların cavabdehə aid olmasını qiymətləndirərək aşağıdakı halları göstərir.
93. Belə ki, iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi “CD” diskdə tərəflər arasında baş tutmuş telefon danışığının audio yazısını sübut kimi təqdim etmişdir. Həmin audioyazının məzmunundan görünür ki, danışıq zamanı cavabdehə məxsus olduğu iddia edilən səs tərəfindən iddiaçıdan müəyyən pul vəsaitlərinin alındığı və həmin vəsaitlərin qaytarılması məsələsinin müzakirə edildiyi ifadələr səsləndirilmişdir. Söhbətin məzmunu bütövlükdə qiymətləndirildikdə, tərəflər arasında pul münasibətlərinin mövcudluğu və iddiaçının cavabdehə müəyyən məbləğdə vəsait verməsi ilə bağlı müzakirələrin aparıldığı aydın olur.
94. Məhkəmə qeyd edir ki, cavabdeh birinci instansiya və apellyasiya instansiyası məhkəmə iclaslarında iştirak etməmiş, bu səbəbdən də təqdim edilmiş audioyazıda səslənən səsin məhz cavabdehə məxsus olub-olmaması məsələsi birbaşa qaydada müəyyən edilə bilməmişdir. Bununla belə, məhkəmə sübutları yalnız ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məzmunu nəzərə alınmaqla qiymətləndirməlidir.
95. Bununla bağlı cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı təqdim etdiyi etiraz ərizəsində göstərilən hallarla iddiaçının izahatlarında qeyd edilən faktlar arasında müəyyən uyğunluqlar mövcuddur. Cavabdeh etiraz ərizəsində iddiaçı ilə 2018-ci ildə tanış olduğunu, sonradan aralarında ünsiyyət yarandığını və müəyyən dövrlərdə iddiaçının ona maddi dəstək göstərdiyini bildirmişdir. Cavabdeh həmçinin etirazında iddiaçıdan müəyyən məbləğdə pul aldığını, iddiaçının ona 20.000 manat borcunun olduğunun deməsini və sonradan həmin pulların bir hissəsini qaytardığını göstərmiş, son qalan 2000-3000 manat pulu isə iddiaçı tərəfindən ona qarşı edilən təhdidlərin nəticəsində vermədiyini bildirmişdir.
96. Bu hallar tərəflər arasında müəyyən maliyyə münasibətlərinin mövcud olmasını faktiki olaraq cavabdehin özü tərəfindən də təsdiq edən mühüm amil kimi qiymətləndirilməlidir. Başqa sözlə, cavabdeh iddiaçı ilə aralarında hər hansı pul münasibətinin olmadığını qəti şəkildə inkar etməmiş, əksinə müəyyən məbləğdə vəsait aldığını, həmin vəsaitin bir hissəsini qaytardığını bildirmişdir. Lakin borcun qaytarıldığına dair sübutlar məhkəməyə yətqdim olunmamışdır.
97. Eyni zamanda, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdeh müxtəlif vaxtlarda onunla birgə ticarət fəaliyyəti aparmaq, müəyyən malların alınması və satışı ilə bağlı qazanc əldə etmək məqsədilə ondan pul vəsaitləri almışdır. İddiaçı həmin vəsaitlərin müxtəlif dövrlərdə hissə-hissə verildiyini, lakin cavabdehin yalnız 1000 manat hissəsini qaytardığını bildirmişdir.
98. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bu izahatları cavabdehin etiraz ərizəsində göstərdiyi faktlarla müəyyən mənada uzlaşır. Cavabdeh də etirazında iddiaçının ona müəyyən vaxtlarda pul köməkliyi etdiyini və onların arasında maliyyə xarakterli münasibətlərin mövcud olduğunu qeyd etmişdir.
99. Bu baxımdan, iddiaçı tərəfindən təqdim edilmiş audioyazı ilə cavabdehin yazılı etiraz ərizəsində göstərilən məlumatlar və iddiaçının izahatları qarşılıqlı əlaqədə qiymətləndirildikdə tərəflər arasında pul münasibətlərinin mövcud olması, iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pul vəsaitinin verilməsi faktı ağlabatan və inandırıcı görünür.
100. Məhkəmə əlavə olaraq qeyd edir ki, mülki prosesdə sübutların qiymətləndirilməsi zamanı “ağlabatan ehtimal” meyarı da nəzərə alınmalıdır. Bu meyara əsasən, iş üzrə müəyyən faktın mövcudluğu sübutların ümumi məcmusu əsasında ağlabatan və inandırıcı görünürsə, həmin fakt sübuta yetirilmiş hesab edilə bilər.
101. Hazırkı iş üzrə təqdim edilmiş audioyazının məzmunu, iddiaçının izahatı və cavabdehin etiraz ərizəsində göstərdiyi faktlar birgə qiymətləndirildikdə, iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pul vəsaitinin verilməsi faktının mövcud olması barədə nəticəyə gəlmək mümkündür.
102. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında ümumiyyətlə hər hansı pul münasibətinin mövcud olmaması barədə gəldiyi nəticə iş üzrə toplanmış sübutların məcmusu ilə tam uyğun gəlmir. İş materialları tərəflər arasında müəyyən borc münasibətlərinin və iddiaçı tərəfindən cavabdehə pul vəsaitinin verilməsi faktının mövcud olmasını deməyə əsas verir.
103. Bununla belə, tərəflər arasında pul vəsaitinin verilməsi faktının müəyyən edilməsi iddia tələbinin avtomatik olaraq təmin edilməsini şərtləndirmir. Məhkəmə iddia tələbinin əsaslı olub-olmamasını müəyyən edərkən həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyətini, tərəflər arasında hansı hüquqi münasibətlərin yarandığını, habelə iddia tələbinin digər zəruri elementlərini də ayrıca qiymətləndirməlidir.
104. Bu səbəbdən məhkəmə növbəti mərhələdə tərəflər arasında yaranmış münasibətlərin hüquqi xarakterini və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələri ayrıca təhlil etməyi zəruri hesab edir.
105. Qeyd edilən halla bağlı məhkəmə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “CD” diskdə olan audio səs yazısını ikinci aspektdən – yəni, verilmiş pul vəsaitinin məbləğinin, habelə digər tərəfdən pulun nə vaxt və hansı zamanadək verilməsi xüsusatlarının qiymətləndirilməsi ilə bağlı aşağıdakı halları göstərir.
106. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
107. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
108. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
109. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
110. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
111. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni cavabdehin pulu almasına dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
112. Belə ki, məhkəmə iclasında iddiaçının iştirakı ilə “CD” diskdə qeyd edilmiş audio səs yazısı tədqiq edilmişdir.
113. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, iddiaçı cavabdehə 3000 manat pulu verdiyini və 5780 manat borcunun qaldığını bildirmişdir. İddiaçı bundan əlavə cavabdehə barışdıqdan sonra 4700 manat verdiyini, mala görə 5000 manat və əlavə olaraq da 500 manat, bank borcunun düzəlməyi üçün 5000 manat, daha sonra da bank üçün 500 manat və “Tantuni”nin yanında da 500 manat verdiyini bildirmişdir. Bundan sonra yekunda tərəflər birlikdə hesablayaraq – 5780+4700+5000+5000+500+5000+500+500 manat olmaqla iddiaçı cavabdehə cəmi 26.980 manat borcunun olduğunu bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə - 700 manat, anası ilə birlikdə olarkən 800 manat aldığını, daha sonra 600 manat kartına atdığını, 500 manat özünə verdiyini, 1000 manat mala görə verdiyini, həkimlə bankı bağlama görə 1500 manat verdiyini və yekunda 32.080 manat borcunun olduğunu deyir. Cavabdeh isə “hə, heçnə” deyərək cavab verir.
114. Göründüyü kimi, həmin səs yazısında tərəflər borcun verilməsi barədə söhbət aparmışlar və cavabdeh verdiyi cavabda “hə, heçnə” kimi ifadələr işlətməklə tələb edilən pulun alınaraq qaytarılmamasına əsaslı şübhələr yaratmışdır. Hansı ki, cavabdeh iddia tələbinə qarşı verdiyi etriaz ərizəsində də pulun verilməsi və hətta iddiaçıya borcunun qalması barədə etiraflar etmişdir.
115. Həmçinin, iddiaçının razılığı ilə məhkəmə iclasında tədqiq olunmuş və “səs yazısı”ndakı həmin səsin tərəflərə məxsus olması iddiaçı tərəfindən təsdiqlənmişdir. Həmçinin, yuxarıda qeyd edilən hallara əsasən səs yazısındakı digər şəxsin cavabdeh olması müəyyən edilmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-biri ilə danışığının yazısıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
116. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
117. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
118. Azərbaycan Respublikası MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
119. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
120. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
121. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
122. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur.
123. Bu kontekstdə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1, 739.2 və 742.1-ci maddələrinə istinad edərək, iddia tələbinə bütövlükdə olaraq borc münasibətlərini tətbiq edərək iddianı rədd etmişdir.
124. Qeyd olunmalıdır ki, münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə tərəflərdən biri digərinə pul vəsaitini mülkiyyət hüququ ilə verir, digər tərəf isə həmin vəsaiti sonradan geri qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi şifahi və ya yazılı formada bağlana bilər. Bununla yanaşı, 740.2-ci maddədə müəyyən edilmişdir ki, borc müqaviləsinin predmeti üç min manatdan artıq olduqda belə müqavilə yazılı formada bağlanmalıdır.
125. Bu normaların təhlili göstərir ki, üç min manatadək olan borc münasibətləri şifahi formada bağlana və hüquqi nəticə yarada bilər. Lakin üç min manatdan artıq məbləğdə borc müqaviləsi yazılı formada bağlanmadıqda həmin əqd qanunun tələb etdiyi formaya uyğun hesab edilmir və belə münasibətlər borc müqaviləsi kimi qiymətləndirilə bilməz.
126. İş üzrə məhkəmə iclasında tədqiq edilmiş “CD” diskdə olan audio səs yazısından müəyyən olunur ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda hissə-hissə pul vəsaitləri verdiyini bildirmiş və tərəflər bu məbləğləri birlikdə hesablamışlar. Səs yazısının məzmunundan görünür ki, iddiaçı cavabdehə aşağıdakı məbləğlərdə pul vəsaiti verdiyini bildirmişdir: – 3000 manat; – 4700 manat; – 5000 manat; – 5000 manat; – 500 manat; – 5000 manat; – 500 manat; – 500 manat.
127. Tərəflərin həmin hesablamaları nəticəsində ümumilikdə 26.980 manat məbləğində pul münasibətinin mövcudluğu barədə danışıq aparılmışdır. Bundan sonra iddiaçı əlavə olaraq 700 manat, 800 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat məbləğlərində pul verdiyini bildirərək yekunda ümumi məbləğin 32.080 manat olduğunu qeyd etmişdir. Cavabdeh isə bu hesablama zamanı iddiaçının dediklərinə etiraz etməmiş və yalnız ümumi şəkildə cavab vermişdir.
128. Məhkəmə hesab edir ki, həmin səs yazısında göstərilən pul məbləğləri verilmə üsuluna və hüquqi formasına görə iki fərqli kateqoriyada qiymətləndirilməlidir.
129. Birinci kateqoriya üç min manatadək olan pul vəsaitləridir. Səs yazısında göstərilən 500 manat, 500 manat, 500 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat məbləğləri bu kateqoriyaya aid edilir. Bu məbləğlərin hər biri ayrı-ayrılıqda üç min manatdan az olduğuna görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən belə məbləğlər üzrə tərəflər arasında şifahi borc münasibətlərinin yaranması hüquqi baxımdan mümkündür. Buna görə də həmin hissədə münasibətlər borc müqaviləsi institutunun qaydaları baxımından qiymətləndirilməlidir.
130. İkinci kateqoriyaya isə üç min manatdan artıq olan məbləğlər – 5780 manat, 4700 manat, 5000 manat, 5000 manat və 5000 manat məbləğləri daxildir. Bu məbləğlərin hər biri qanunvericiliyin müəyyən etdiyi üç min manat həddindən artıq olduğuna görə, həmin məbləğlər üzrə borc müqaviləsi yalnız yazılı formada bağlandıqda hüquqi qüvvə kəsb edə bilər. İş materiallarında isə belə yazılı müqavilənin mövcudluğu müəyyən edilməmişdir.
131. Nəzərə alınsa ki, münasibətlər yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsi ilə üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2020-ci il ərzində müxtəlif vaxtlarda verilmiş 5780 manat, 4700 manat, 5000 manat, 5000 manat və 5000 manat məbləğində borcun verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur.
132. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
133. Məhkəmə kollegiyası iş üzrə maddi hüquq normalarının tətbiqi ilə yanaşı, cavabdeh tərəfindən qaldırılmış iddia müddətinin tətbiqi barədə vəsatəti də qiymətləndirməyi zəruri hesab edir.
134. Belə ki, iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin məsələyə lazımi hüquqi qiymət verilməmiş və bu hal iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur.
135. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə vəsatət verilməsinə baxmayaraq həmin məsələnin hüquqi qiymətləndirilməsini aparmamış, yalnız iddiaçının tələbinin sübuta yetirilməməsi ilə bağlı nəticəyə gələrək iddianın təmin edilməməsinə dair qətnamə qəbul etmişdir.
136. Qeyd olunmalıdır ki, iddia müddəti yalnız əsaslı iddialara münasibətdə tətbiq edilən institut olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Başqa sözlə desək iddia tələbi əsassız olacağı təqdirdə iddia, iddia müddətinin tətbiqi ilə deyil iddianın əsassızlığına görə rədd edilməlidir.
137. Hazırkı mübahisədə tərəflər arasında pul vəsaitlərinin verilməsi faktının hissəhissə və müxtəlif məbləğlər üzrə baş verdiyi, həmin məbləğlərin isə hüquqi təbiətinə görə iki fərqli kateqoriyaya aid edilə biləcəyi müəyyən edilir. Belə ki, pul vəsaitlərinin bir hissəsi hər biri üç min manatdan az olan məbləğlərdən ibarət olmaqla şifahi borc münasibətləri kimi qiymətləndirilə biləcək xarakter daşıyır. Digər hissə isə hər biri üç min manatdan artıq olan məbləğlərdən ibarət olmaqla yazılı forma tələbinə əməl edilmədiyindən borc müqaviləsi kimi deyil, etibarsız əqd nəticəsində yaranmış olması müəyyən edilmişdir.
138. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə tələb edilən məbləğdə pulun verilməsinə dair dəlilləri öz təsdiqini tapır və iddiaçı cavabdehə pul verdiyini və verilmiş pulun məbləğini sübut etmişdir.
139. Eyni zamanda cavabdeh iddiaya etirazında borcunu qaytardığını yalnız 2-3 min manat borcunun qaldığını iddia etsə də borcunu qaytardığını sübut edə bilməmiş və buna müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.
140. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınaraq, tərəflər arasında mövcud olmuş pul münasibətləri üzrə iddia müddətinin axımı və tətbiqi hər iki kateqoriya üzrə – üç min manatadək olan məbləğlər üzrə şifahi borc münasibətləri, üç min manatdan artıq olan məbləğlər üzrə isə etibarsız əqd nəticəsində yaranmış münasibətləri – ayrıca və fərqli hüquqi əsaslar üzrə qiymətləndirilməlidir.
141. Bu səbəbdən məhkəmə kollegiyası hər iki hüquqi münasibət növü üzrə iddia müddətinin başlanma anını, davametmə müddətini və tətbiqi məsələsini ayrı-ayrılıqda araşdıraraq hüquqi qiymət verməyi zəruri hesab edir.
142. Məhkəmə göstərir ki, işin faktiki halları iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətininin ötürülməsi nəticəsinə gəlməyə əsas verir.
143. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
144. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsində deyilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
145. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
146. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
147. İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
148. Məsələn, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
149. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında da göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
150. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
151. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
152. Məhkəmənin qənaətinə görə iddia tələbinin üç min manatadək olan hissəsində yaranmış hüquq münasibətləri borc ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına həmin hissəyə münasibət qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
153. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
154. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən borc müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
155. Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə tərəflərdən biri digərinə pul vəsaitini mülkiyyət hüququ ilə verir, digər tərəf isə həmin vəsaiti sonradan geri qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi şifahi və ya yazılı formada bağlana bilər. Bununla yanaşı, 740.2-ci maddədə müəyyən edilmişdir ki, borc müqaviləsinin predmeti üç min manatdan artıq olduqda belə müqavilə yazılı formada bağlanmalıdır.
156. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə 2020-ci ildə tanış olduqlarını, sonrakı dövrdə birlikdə müxtəlif ticarət fəaliyyətləri həyata keçirdiklərini və bu münasibətlər çərçivəsində cavabdehə müxtəlif vaxtlarda pul vəsaitləri verdiyini bildirmişdir. İddiaçının izahatına görə həmin pul vəsaitləri cavabdeh tərəfindən müxtəlif malların alınması və sonradan satışının həyata keçirilməsi məqsədilə alınmış, cavabdeh isə həmin vəsaitləri qısa müddət ərzində qaytaracağını bildirmişdir.
157. İddiaçı öz izahatında göstərmişdir ki, pul vəsaitlərinin verilməsi əsasən 2020-ci il ərzində müxtəlif vaxtlarda baş vermiş, cavabdeh həmin vəsaitləri bir ay müddətində qaytaracağını bildirmiş, lakin sonradan müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. İddiaçının izahatından (“CD” diskdə olan səs yazısı) həmçinin müəyyən olunur ki, pul vəsaitləri cavabdehə hissə-hissə verilmiş, həmin məbləğlər arasında 700 manat, 800 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat kimi ayrı-ayrı məbləğlər də mövcud olmuşdur.
158. İddiaçının məhkəmədə verdiyi izahatdan açıq şəkildə müəyyən olunur ki, cavabdehə verilmiş pul vəsaitləri qısa müddət – təxminən bir ay ərzində geri qaytarılmaq şərti ilə təqdim edilmişdir. Bu isə o deməkdir ki, hər bir məbləğ üzrə borcun qaytarılmalı olduğu vaxt pulun verildiyi tarixdən təxminən bir ay sonrakı dövrə təsadüf etmişdir. Başqa sözlə, iddiaçının hüququnun pozulması və onun borcun qaytarılmaması faktını bilməsi həmin müddətin bitdiyi vaxtdan etibarən baş vermiş hesab edilməlidir.
159. Beləliklə, iddiaçının öz izahatına əsasən 700 manat, 800 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat məbləğində pul vəsaitləri cavabdehə 2020-ci il ərzində müxtəlif vaxtlarda verilmiş və həmin vəsaitlərin təxminən bir ay ərzində qaytarılması nəzərdə tutulmuşdur. Lakin iddiaçı pulların verilməsinin konkret vaxtını dəqiq deyə bilmir və bu səbəbdən də buna müvafiq dəqiq tarixi müəyyən etmək mümkün deyildir.
160. Bu halda göstərilən məbləğlər üzrə iddia müddətinin axımı, ən gec halda, 2021ci ilin yanvar-fevral aylarından başlamış hesab edilməlidir. Belə ki, iddiaçı tərəflər arasında olan borc münasibətlərinin 2020-ci ildə baş verdiyini və iddiaçının bildirməsinə görə cavabdeh pulu aldığı zaman borcunu bir ay ərzində qaytaracağını bildirmişdir.
161. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə 24 iyun 2025-ci il tarixdə təqdim edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğlər üzrə hüququnun pozulduğunu bildiyi tarixdən 4 ildən artıq (05 ilə yaxın) müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir.
162. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi mübahisənin həllinə birbaşa təsir göstərən mühüm hüquqi institutlardan biridir və həmin müddətin keçməsi tərəfin irəli sürdüyü tələb üzrə iddianın təmin edilməməsi üçün müstəqil hüquqi əsas yaradır. Bu baxımdan iddia müddətinin keçməsi faktı müəyyən edildiyi halda məhkəmə tərəfindən həmin tələb üzrə iddianın təmin edilməsi mümkün hesab edilmir.
163. İddiaçı tərəfindən verilmiş izahat və iş materiallarında olan məlumatlar birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, 700 manat, 800 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat məbləğində pul vəsaitlərinin cavabdehə verilməsi 2020-ci il ərzində baş vermiş, həmin vəsaitlərin qaytarılması isə qısa müddət – bir ay ərzində nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər üzrə iddia müddətinin axımı ən gec halda 2021-ci ilin əvvələrində başlamış və üç illik ümumi iddia müddəti 2024-cü ilin əvvəlində, artıq başa çatmışdır.
164. Belə olan halda iddiaçının həmin məbləğlər üzrə 24 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etməsi artıq nəzərdə tutulmuş üç illik iddia müddəti keçdikdən sonra həyata keçirilmiş müraciət kimi qiymətləndirilməlidir.
165. Nəticə etibarilə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən 700 manat, 800 manat, 600 manat, 500 manat, 1000 manat və 1500 manat məbləğlərinin tutulmasına dair tələbləri üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş üç illik iddia müddəti keçmişdir. Bu səbəbdən həmin məbləğlərə münasibətdə irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi əsası ilə təmin edilə bilməz. Ona görə də iddia tələbi iddia müddətinin tətbiqi üzrə rədd edilməlidir. Hansı ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində ərizə ilə bu məqama toxunmuş və iddianın məhz bu əsasla rəddini xahiş etmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırda iddia müddətinin tətbiqi yolveriləndir.
166. Məhkəmə tərəflər arasında mövcud olmuş pul münasibətlərinin ikinci kateqoriyasına aid edilən – yəni üç min manatdan artıq məbləğlər üzrə hüquqi münasibətlərin xarakterini və həmin münasibətlərə iddia müddətinin tətbiqi məsələsini ayrıca araşdıraraq aşağıdakı nəticəyə gəlir.
167. İş materialları, xüsusilə iddiaçının məhkəmə iclasında verdiyi izahatdan və “CD” diskdə olan səs yazılarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan 5780 manat, 4700 manat, 5000 manat, 5000 manat və 5000 manat məbləğlərində pul vəsaitləri müxtəlif vaxtlarda alınmışdır. İddiaçının öz izahatına görə qeyd edilən pul vəsaitləri əsasən 2020-ci il ərzində cavabdehə verilmiş və cavabdeh həmin vəsaitləri qısa müddət – bir ay ərzində qaytaracağını bildirmişdir.
168. Məhkəmə qeyd edir ki, göstərilən məbləğlərin hər biri üç min manatdan artıq olduğundan tərəflər arasında belə məbləğlər üzrə yaranmış münasibətlərin hüquqi qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əqdlərin forması ilə bağlı müddəaları nəzərə alınmalıdır.
169. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən üç min manatdan artıq məbləğdə bağlanan borc müqavilələri yazılı formada bağlanmalıdır. Bu norma mülki dövriyyədə hüquqi müəyyənliyin təmin edilməsinə və tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən olunmasına xidmət edir. Qeyd edilən forma tələbinə əməl edilmədikdə isə belə əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqi nəticələri doğurmur.
170. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə üç min manatdan artıq məbləğdə pul vəsaitlərinin verilməsi faktı iddia edilsə də, həmin məbləğlər üzrə tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, göstərilən məbləğlər üzrə münasibətlər borc müqaviləsi kimi deyil, etibarsız əqd nəticəsində yaranmış əsassız varlanma münasibətləri kimi qiymətləndirilməlidir.
171. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
172. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir illik iddia müddəti ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 375-ci maddəsi isə məhkəmələrdən tələb edir ki, onlar hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etsinlər, iddia müddətini isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etsinlər.
173. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı tələb hüququ bir il müddətində irəli sürülə bilər. Həmin maddənin məzmunundan görünür ki, əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma hallarında tərəf əldə edilmiş əmlakın geri qaytarılması və ya bu mümkün olmadıqda onun dəyərinin ödənilməsi barədə tələbi bir illik iddia müddəti ərzində irəli sürməlidir.
174. Beləliklə, qanunvericilik əhəmiyyətsiz əqd nəticəsində yaranmış restitusiya tələbləri üçün ümumi iddia müddətindən fərqli olaraq xüsusi – bir illik iddia müddəti müəyyən etmişdir. Bu müddət tərəfin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən hesablanır.
175. Hazırkı iş üzrə iddiaçının öz izahatından müəyyən olunur ki, cavabdeh tərəfindən alınmış pul vəsaitlərinin qaytarılması qısa müddət – bir ay ərzində həyata keçirilməli idi. İddiaçı həmçinin bildirmişdir ki, həmin pul vəsaitləri əsasən 2020-ci il ərzində müxtəlif vaxtlarda cavabdehə verilmişdir.
176. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pul vəsaitlərinin qaytarılmamasını ən gec halda həmin vəsaitlərin qaytarılmalı olduğu müddət bitdikdən sonra bilmiş və ya bilməli olmuşdur. Başqa sözlə, iddiaçının hüququnun pozulduğu an ən gec halda 2021-ci ilin müvafiq dövrünə təsadüf etmişdir.
177. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 24 iyun 2025-ci il tarixdə müraciət etmişdir. Bu isə o deməkdir ki, iddiaçı əhəmiyyətsiz əqd nəticəsində yaranmış əsassız varlanma ilə bağlı tələb hüququnu qanunla müəyyən edilmiş bir illik iddia müddəti keçdikdən xeyli sonra (04 ildən artıq müddətdə) həyata keçirmişdir.
178. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən məhkəmə hüququn müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq baxılmağa qəbul etməli, lakin iddia müddətini yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq etməlidir.
179. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə müvafiq ərizə verilmişdir. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verməyi zəruri hesab edir.
180. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar, iddiaçının öz izahatı, pul vəsaitlərinin verildiyi dövr, onların qaytarılması üçün nəzərdə tutulmuş müddət və iddianın məhkəməyə təqdim olunduğu tarix qarşılıqlı əlaqədə qiymətləndirildikdə məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında üç min manatdan artıq məbləğlər üzrə yaranmış münasibətlər əhəmiyyətsiz əqd nəticəsində yaranmış əsassız varlanma münasibətləri kimi qiymətləndirilməli və həmin münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik iddia müddəti tətbiq edilməlidir.
181. Bu səbəbdən iddiaçının qeyd edilən məbləğlər üzrə cavabdehdən pul vəsaitlərinin tutulmasına dair tələbləri qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçdikdən sonra irəli sürüldüyündən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilir və həmin tələblər iddia müddətinin keçməsi əsası ilə təmin edilə bilməz.
182. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).
183. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
184. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).
185. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.
186. Məhkəmə göstərir ki, işin faktiki halları iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətininin ötürülməsi nəticəsinə gəlməyə əsas verir.
187. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
188. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
189. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
190. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
191. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
192. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
193. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
194. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə iddia tələbinin qiyməti 5.000 (beş min) manatdan çox olduğundan kassasiya şikayəti verilə bilər.
195. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-1283/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “31.080 manat pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh X1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.