Məhkəmə qərarları › İş №2(3-7)-177/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-177/2026

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-177/2026 23.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, X2b katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 Təvəkkül oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tаrixli, 2(125)-5514/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən olunur ki, “Hyundai Sonata” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı olmuşdur (hazırki iş üzrə iddiaçı). 08 fevral 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “BMW X-5” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçının mülkiyyətində olan “Hyundai Sonata” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1315/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh(hazırki iş üzrə cavabdeh) 08 fevral 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" ASC-nin 23 oktyabr 2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 7480 manat təşkil etmişdir. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2025-ci tarixdə iddiaçıya 5000 manat məbləğində pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi qismində 12.230 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırmışdır ki, sözügedən yol nəqliyyatı hadisəsi nəticəsində avtomobilinə 17.230 manat məbləğində maddi ziyan dəymiş, həmin zərərin 5000 manat hissəsi sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmişdir (hesabdan çıxarış əlavə edilir). Dəymiş ziyanın yerdə qalan, 12.230 manatı isə hələ də ödənilməmiş qalmaqdadır. Həmin zərər Gəncə 1 saylı “AVTOKOMİSSİON” mağazası ticarət müəssisəsi 9 saylı TXE-nin 07 aprel 2025-ci il tarixli qüsur aktı ilə təsdiqlənir. Cavabdehdən ona dəymiş 12.230 manat zərəri könüllü olaraq ödəməsini tələb etsə də, o, pulu ödəməkdən boyun qaçırır və müxtəlif bəhanələr gətirir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-5514/2025 nömrəli iş üzrə qəbul etdiyi 08 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim O.Dəmirli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 2480 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44,80 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin qeyd edilən təqsirli hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” minik markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. İddiaçının əsaslandırmasına görə onun hadisə nəticəsində avtomobilinə ümumilikdə 17.230 manat məbləğində ziyan dəymişdir. İddiaçı onun avtomobilinə hadisə nəticəsində 17.230 manat məbləğində ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iş materiallarına Gəncə 1 saylı “AVTOKOMİSSİON” mağazası ticarət müəssisəsinin 9 saylı TXE-nin 07 aprel 2025-ci il tarixli, 4122 nömrəli rəyi əlavə edilmişdir ki, həmi rəydə “Hyundai Sonata” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 17.230 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə həmin mütəxəssis rəyini mötəbər hesab etmir. Belə ki, qeyd edilən mütəxəssis rəyi iddiaçının bildirməsinə görə onun mütəxəsissə təqdim etdiyi şəkillər əsasında verilmişdir. Sadə məntiqlə həmin şəkillər əsasında avtomobilə dəymiş zərəri dəqiq müəyyən etmək mümkün deyildir. Məsələn, həmin mütəxəsiss rəyində sürətlər qutusunun (karopkanın) beyninin zədələnəməsi qeyd edilib. Mütəxəssisin şəkildə öz əksini tapmayan sürətlər qutusunun (karopkanın) beyninin necə yarasız olması qənaətinə gəlməsi məhkəmə üçün aydın deyil. Bundan başqa qeyd edilən müətəxəssis rəyinin kimin tərəfindən tərtib olunması da qeyd edilməyib ki, bu da həmin rəyin mötəbərliyini şübhə altına alır. Bundan başqa həmin rəydə qəzaya uğramış avtomobilə baxış keçirilərək rəyin verilməsi qeyd edilsə də məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi həmin rəyin şəkillər əsasında verildiyini qeyd etmişdir. Qeyd edilən hallar həmin rəyin mötəbərliyinə ciddi şübhələr yaradır və qeyd edilən rəy sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə əsas sübut növü ola biləcək həmin qəzalı avtomobil hadisədən sonra iddiaçı tərəfindən satılması səbəbindən, dəymiş zərərlə bağlı qiymətləndirmə ekspertizasının keçirilməsi də mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı hadisə nəticəsində onun avtomobilinə 17.230 manat məbləğində ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Bundan başqa sorğu əsasında məhkəməyə “Azərbaycan Sənaye Sığortası” təşkilatının təqdim etdiyi qiymətləndirici rəydən məlum olur ki, hadisə nəticəsində iddiaçıya vurulmuş maddi zərərin məbləği 7480 manat təşkil etmiş, həmin zərərdən 5000 manat sığorta ödənişi olunmuşdur. Həmin rəyi şübhə altına almaq üçün hər hansı bir əsas yoxdur. Buna görə də hadisə nəticəsində iddiaçıya dəymiş ziyan məbləği 7480 manat kimi qəbul edilməli, qeyd edilən sığorta ödənişi nəzərə alındıqdan sonra dəymiş zərərə görə yerdə qalan 2480 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şəhər Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1110, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 218.3-cü maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsini və inzibati xəta işi üzrə verilmiş qərarın mövcudluğunu mübahisələndirmir. Lakin hazırkı mülki iş üzrə əsas mübahisə hadisənin olması deyil, maddi zərərin real mövcudluğu, hesablanma üsulu, məbləği və iddiaçının tələb etdiyi məbləğin hüquqi əsaslılığı ilə bağlıdır. Birinci instansiya məhkəməsi isə məhz bu həlledici hissələr üzrə işi tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. İş materiallarında təsdiq olunur ki, iddiaçının nümayəndəsi avtomobilin 22.500 manata alındığını, qəzadan sonra isə 6800 manata satıldığını bildirmişdir. Deməli, iddiaçı avtomobili təmir etdirməmiş, onu qəzalı vəziyyətdə satmaqla mübahisəli əmlakla bağlı faktiki vəziyyəti dəyişdirmişdir. Bu hal mübahisənin düzgün həlli üçün birbaşa əhəmiyyət kəsb edir. Çünki avtomobil satıldıqdan sonra nə avtomobilə yerində baxış mümkün olmuş, nə də zərərin həqiqi həcmi məhkəmə ekspertizası yolu ilə müəyyən edilə bilmişdir. Məhkəmə özü də qeyd etmişdir ki, avtomobil satıldığı üçün qiymətləndirmə ekspertizası mümkün olmamışdır. Bununla belə, birinci instansiya məhkəməsi zərərin hesablanmasında ardıcıl və hüquqi cəhətdən düzgün metod seçməmişdir. Məhkəmə bir tərəfdən iddiaçının təqdim etdiyi “AVTOKOMİSSİON” rəyini şəkillər əsasında verildiyinə görə mötəbər saymamış, digər tərəfdən isə sığorta təşkilatının qiymətləndirmə aktını “şübhə altına almaq üçün əsas yoxdur” deyərək əsas götürmüşdür. Halbuki iş materiallarında sığorta qiymətləndirməsinin aparılma qaydası, avtomobilə faktiki baxışın olub-olmaması, metodika və hesablamanın əsasları elə bir səviyyədə açılmamışdır ki, bu sənəd mübahisəsiz və şübhəsiz sübut kimi qəbul edilsin. Bu isə cavabdehin etirazlarının mahiyyəti üzrə araşdırılmaması və sübutların qiymətləndirilməsində qeyri-ardıcıllıq yaranmasına səbəb olmuşdur. Eyni zamanda, iddiaçının faktiki davranışı (avtomobili satması) şəraitində “təmir xərci” kimi hesablanan rəqəmin real zərər kimi qəbul edilməsi ayrıca əsaslandırılmalı idi. Çünki iddiaçı avtomobili təmir etdirməmiş, xərclər çəkməmiş, avtomobili qəzalı vəziyyətdə satmışdır. Belə olan halda məhkəmə zərərin hesablanmasında ən azı avtomobilin qəzadan əvvəlki dəyəri, qəzadan sonrakı satış dəyəri, sığorta ödənişinin hüquqi mahiyyəti və qalan hissənin real zərər kimi mövcudluğu məsələlərini ayrıca aydınlaşdırmalı idi. Bu hallar isə qətnamədə tam, ardıcıl və əsaslandırılmış şəkildə araşdırılmadan nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 Təvəkkül oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, birinci insttansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin təmin olunan hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə mübahisələndirilən hissəni yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə mexaniki zədələr dəymiş, həmin hal müvafiq sənədlərlə və iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Zərərin mövcudluğu və hadisənin baş verməsi tərəflər arasında mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi ziyanın məbləğini müəyyən edərkən sığorta şirkəti tərəfindən tərtib edilmiş qiymətləndirmə aktını sübut kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, prosessuual qanunvericiliyin tələblərinə görə sübutlar yalnız məhkəmə ekspertizasının rəyi ilə məhdudlaşmır və iş üçün əhəmiyyət kəsb edən hər hansı yazılı sənəd sübut kimi qəbul edilə bilər. Cavabdeh tərəfindən həmin aktın saxta olması, qeyriobyektiv tərtib edilməsi və ya hesablamaların yanlış aparılması barədə mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh təqdim olunmuş sübutları təkzib edən alternativ ekspert rəyi, müstəqil qiymətləndirmə və ya ziyanın məbləğinin düzgün müəyyən edilmədiyini təsdiq edən digər sübutlar təqdim etməmiş, yalnız ehtimal xarakterli mülahizələrlə kifayətlənmişdir. Prosessual qanunvericiliyə əsasən tərəfin sadəcə razılaşmaması mövcud sübutların etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Avtomobilin qəzadan sonra satılması ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin sonradan özgəninkiləşdirilməsi zərərin hadisə zamanı mövcud olmasını aradan qaldırmır və zərərin əvəzinin tələb olunması hüququnu məhdudlaşdırmır. Zərər hüquqi nəticə kimi onun vurulduğu anda yaranır və zərərçəkmiş şəxsin əmlak üzərində sonrakı sərəncam hüququ kompensasiya tələbini istisna etmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəhər Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tаrixli, 2(125)- 5514/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar