Məhkəmə qərarları › İş №2(3-7)-186/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-186/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-186/2026 04.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ***nkBRD/** saylı “Kredit Müqaviləsi”nə əsasən, iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh 26 ay müddətinə, illik 25% faiz ödənilmək şərti ilə 9628.00 manat məbləğində kredit verilmişdir.

2. «xxxx» KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ***nkBRD/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə olan ödənilməmiş borcu 9579.82 manat əsas, 1240.13 manat faiz, 311.33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11131.28 manat təşkil edir.

3. İş materiallarının 9-cü vərəqində olan bildirişdən (borc barədə xəbərdarlıq məktubu) görünür ki, Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda 267,12 manat faiz və 17,36 manat cərimə borcu tələb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı «xxxx» KB ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9579.82 manat əsas kredit borcu, 1240.13 manat faiz borcu, 311.33 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11131.28 manat pulun və ödənilmiş 123.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «xxxx» KB ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavbdehə istehlak məqsədləri üçün 26 ay müddətinə, illik 25% ödəmək şərtilə, 9628 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyi, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin ##.##.2025-ci il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 9579.82 manat əsas, 1240.13 manat faiz, 311.33 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi borcu 11131.28 manat təşkil edir.

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 9579.82 manat əsas kredit borcu, 1240.13 manat faiz borcu və 111.33 manat cərimə borcu, cəmi 10931.28 (on min doqquz yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 123.40 (bir yüz iyirmi üç manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı “xxxx” KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425, 462, 465 və 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ekspert rəyi əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun dəbbə pulunun azaldılmasını məhkəmələr üçün əlçatan etmişdir. Məhkəmə bank tərəfindən hesablanmış 311,33 manat məbləğində dəbbə pulunu tam silə biləcəyi halda silməmiş, sadəcə onu azaltmışdır. Belə ki, onsuzda kifayət qədər borclanmış birinə əlavə olaraq 123,40 manat cərimə hesablanması ədalətsizlikdir. Hansı ki, məhkəmə cərimə məbləğini tamamilə silmək hüququna malikdir. Borc məbləği şişirdilərək hesablanmış, ödənilmiş bütün pullar nəzərə alınmamışdır. Ona görə də hesab etmişdir ki, tələb olunan əsas və faiz borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablanıb-hesablanmaması xüsusi biliyə malik olan mütəxəssis tərəfindən araşdırılmalı və bu məqsədlə məhkəmə-mühasibat ekspertizası təyin edilərək rəy alınmalıdır. Çünki o, bir neçə dəfə müəyyən məbləğlərdə kredit ödənişləri etsə də, yekunda yenə də ona 9579,82 manat məbləğində əsas borc hesablanmışdır. Onun ödədəyi bütün pullar nəzərə alınacağı halda əsas borc və faiz borcu da azaldılacaqdır.

11. Məhkəmə kollegiyası tərəfindən hazırki iş üzrə cəlb edilmiş iddiaçı “xxxx” KB ASCnin tələb hüququnu satın almış Hüquqi varis ASC məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh Cavabdeh Ağdam rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh şikayətində ümumi fikirlərə əsaslanmış, konkret pozuntunu göstərək sübutu nəinki təqdim etməmiş, belə sübuta istinad belə etməmişdir. Cavabdeh şikayətində qətnamə ilə ondan tutulmalı olan məbləğin onun mülkiyyəti olduğunu və qətnamənin icrası ilə mülkiyyətindən məhrum olacağını bildirmişdir. Bununla bağlı qeyd edirik ki, Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Qoşmada təqdim etdilmiş mübahisə predmeti olan ***nkBRD/** nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan da görünür ki, Bank kredit müqaviləsi üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh şikayətində etdiyi ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmadığını bildirmişdir. Bununla bağlı qeyd etmişlər ki, hesabdan çıxarışdan da görmək olur ki, borc üzrə kredit verildiyi tarixdən bugünədək son ödəniş tarixi ##.##.2025-ci il olmaqla cəmi 700 manat ödəniş olunmuşdur. Cavabdeh ödənişlərin nəzərə alınmadığını bildirsə də, bunu təsdiq edəcək heç bir sübuta istinad belə etməmişdir. Apellyasiya şikayətində həmçinin mülki işə birinci instansiyada baxılarkən məhkəmə tərəfindən cərimə məbləğinin silinmədiyini bildirmişdir. Bununla bağlı qeyd etmişlər ki, Ağdam rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia ərizəsi ilə tələb edilən cərimə məbləği 200 manat azaldılaraq 111 manat olaraq qət edilmişdir. Cavabdeh Cavabdeh Ağdam rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatı və mövqeyi

12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

15. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

16. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

17. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

18. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

19. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

20. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.3. Apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər;

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən faiz və cərimə məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(013)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

38. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ***nkBRD/** saylı “Kredit Müqaviləsi”nə əsasən, iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh 26 ay müddətinə, illik 25% faiz ödənilmək şərti ilə 9628.00 manat məbləğində kredit verilmişdir. «xxxx» KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ***nkBRD/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə olan ödənilməmiş borcu 9579.82 manat əsas, 1240.13 manat faiz, 311.33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11131.28 manat təşkil edir.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticədə 1240.13 manat faiz borcu maliyyə arayışında göstərilən miqdarda müəyyən etmiş, cərimə borcunu isə azaldaraq 111.33 manat müəyyən etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarının 9-cü vərəqində olan borc barədə xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda 267,12 manat faiz və 17,36 manat cərimə borcu tələb edilmişdir. 26 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti bitməmiş, son ödəmə tarixi kimi ##.##.2027-ci il müəyyən edilmişdir. Öhdəlikləri icra etmədiyinə görə borclu Cavabdeh ##.##.2025-ci il tarixdə bildiriş (borcun ödənilməsi barədə xəbərdarlıq) ünvanlanmışdır. Lakin işə baxan məhkəmə tərəfindən istinad olunan maliyyə arayışında Cavabdeh ***nkBRD/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə olan ödənilməmiş borcu göstərilmişdir. İddia ərizəsi ilə isə ##.##.2025-ci ildə məhkəməyə müraciət olunmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmada qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

41. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

42. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (26&).

45. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

46. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

47. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borc məbləğinin şişirdilməsi, ödənilmiş bütün pulların nəzərə alınmaması və məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməsi ilə bağlı hissəsini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı Bank kredit müqaviləsi üzrə öz öhdəliyini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliyini lazımınca icra etməmişdir. Hesabdan çıxarışdan görmək olur ki, borc üzrə kredit verildiyi tarixdən bugünədək son ödəniş tarixi ##.##.2025-ci il olmaqla cəmi 700 manat ödəniş olunmuşdur. Cavabdeh ödənişlərin nəzərə alınmadığını bildirsə də, bunu təsdiq edəcək heç bir sübuta istinad belə etməmişdir. Odur ki, onun həmin dəlilləri formal mülahizələri kimi qiymətləndirilir və kollegiya tərəfindən hesab edilir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və alınacaq ekspert rəyi əsasında yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, o, faiz və cərimə hissəsini mübahisələndirmiş və həmin hissələrdə tutulan pulun miqdarının azaldılmasını xahiş etmişdir. Odur ki, kollegiya tərəfindən yalnız mübahisələndirilən faiz və cərimə hissəsinə münasibətdə araşdırma aparılmışdır.

50. Apellyasiya şikayətinin dəlillərini qismən qəbul edən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən faiz və cərimə borcu hissəsində beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 9579,82 manat əsas kredit borc, 267,12 manat faiz borcu və 17,36 manat cərimə borcu, cəmi 9864,30 (doqquz min səkkiz yüz altmış dörd manat otuz qəpik) manat məbləğində borc tutularaq, iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar