Məhkəmə qərarları › İş №2(3-7)-191/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-191/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-191/2026 02.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 1488/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Cavabdeh, iddiaçıdan heyvan alışı və satışı ilə məşğul olmaq üçün pul almışdır. Bu məqsədlə iddiaçı cavabdehə pul vermiş, lakin cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində borc pulun və ödənilmiş 50 dövlət rüsumunun əvəzinin, Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 onun sinif yoldaşı olmuşdur. 2016-cı ildə cavabdeh iddiaçıya iri və xırdabuyunuzlu heyvan alveri etdiyini və həmin alverdən yaxşı qazanc əldə ediləcəyini bildirmiş, iddiaçıdan birgə heyvan alıb alışveriş etmək üçün sərmayə kimi 3000 manat istəmiş,bildirmişdir ki, həmin vəsaiti heyvan alışı və satışı üçün istifadə edəcək, əldə olunmuş qazancın bir hissəsini ona verəcək. O, cavabdehin təklifini qəbul etmiş və ona 3000 manat vermişdir. Razılaşmaya əsasən həmin pul vəsaiti ona məxsus sərmayə olaraq qalmalı, ticarət fəaliyyəti başa çatarsa, cavabdeh 3000 manatı ona geri qaytarmalı idi. Sonrakı dövrdə cavabdeh alğl-satqı müqavilələrindən əldə edilmiş qazancdan ona bir neçə dəfə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Lakin sərmayə kimi verilmiş 3000 manat cavabdeh tərəfindən geri qaytarılmamışdır. O, bununla əlaqədar Gədəbəy Rayon Polis X5 Bölməsinə müraciət etmişdir. Müraciət əsasında aparılmış araşdırma zamanı cavabdeh X3 izahat verərək, iddiaçıdan heyvan alveri üçün 3000 manat pul aldığını etiraf etmiş, lakin pulu qaytarmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, cavabdeh isə onun qonşusudur. Cavabdeh iddiaçıdan alver etmək üçün sərmayə kimi 3000 manat almış, lakin pulu geri qaytarmamışdır.

7. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(042)-1488/2025 nömrəli qətnaməsi (hakim – Fizuli Mirzəquliyev) ilə, iddianın təmin edilməməsi, Cavabdeh 3000 manat borc və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya iri və xırdabuyunuzlu heyvan alveri etdiyini və həmin alverdən yaxşı qazanc əldə ediləcəyini bildirmiş, iddiaçıdan sərmayə kimi istifadə edərək, birgə alver etmək üçün 3000 manat istəmişdir. Tərəflər arasında razılaşmaya əsasən həmin pul vəsaiti iddiaçıya məxsus sərmayə olaraq qalmalı, ticarət fəaliyyəti başa çatarsa, cavabdeh 3000 manatı ona geri qaytarmalı idi. İddiaçı cavabdehə 3000 manat vermiş, cavabdeh bu vəsaitdən istifadə edərək alver etmiş, lakin şərikli fəaliyyətləri başa çatdıqdan sonra iddiçının sərmayə vəsaitini qaytarmamışdır.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 389.1, 425.1 və 445.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 80, 216-227, 358-360 və 362-cı maddələrinə istinad etmişdir.

10. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(042)-1488/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı ilə aralarında olan borc münasibətləri üzrə iddia müddətinin 3 il olduğunu, həmin müddətin çoxdan keçdiyini, bununla da iddiaçının iddia müddətini ötürüldüyünə görə iddiasının rədd olunmalı olduğunu nəzərə almamışdır. Mülki işə baxarkən onu məhkəməyə çağırmamış, məhkəmə iclaslarından məlumatı olmamış, onun iştirakı təmin edilmədən məhkəmə qətnaməsi çıxarılmışdır. Bu səbəbdən o öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipini pozaraq birtərəfli qaydada qətnamə çıxarmışdır. Belə ki, məhkəmə ümumiyyətlə iddiaçı ilə onun arasında hansı öhdəlik münasibətlərinin mövcud olması, ididaçıdan aldığı 2600 manat pulun 1850 manat hissəsini qaytarmağı hallarını aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən işə baxılarkən onun iddiaçıya 3000 manat borclu olmağı halı sübuta yetirilməmişdir. Məhkəmə bu halın təsdiq edilməsi üçün heç bir mötəbər sübuta istinad etməmişdir. Odur ki, mənim iddiaçıya onun ərizəsində qeyd etdiyi məbləğdə pul borcunun olması heç bir mötəbər sübutla sübuta yetirilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının əri heyvan alveri ilə məşğul olur. İddiaçı onun sinif yoldaşıdır və o da heyvan satışı ilə məşğul olmuşdur. İddiaçının əri vasitəsilə 2016-cı ildə 2000 manat və 600 manat olmaqla, ümumilikdə 2600 manat pul alaraq heyvan alveri ilə məşğul olmuşdur. Hər ay 150 manat faiz vermişdir. Lakin, daha sonra ölkə üzrə devalivasiya olduğu üçün pulu ödəyə bilməmişdir. Buna görə də daha sonra hər ay 50 manat ödəməsi barədə razılıq əldə etmişdir. Ümumilikdə borcundan 1850 manat borcunu iddiaçıya qaytarmışdır. Amma pulu verməyə dair sübutları yoxdur. Çünki, o pulu verən zaman iddiaçı özünə məxsus dəftərdə qeydiyyatını aparmışdır. Həmçinin, iş üzrə iddia müddəti ötmüşdür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ona məlumat verilmədiyi üçün bu barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

17. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

37. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr mövcud sübutlarla təsdiqini tapmamışdır.

39. Belə ki, məhkəmə tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilməsi zamanı Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 106.1-ci maddələrinin tələbləri gözlənilməmiş, sübutların məcmusu əsasında iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsinə lazımi diqqət yetirilməmişdir.

40. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin faktiki hallarına və sübutların məzmununa uyğun gəlmədiyindən, nəticədə iş üzrə hüquqi münasibətin mahiyyətinə uyğun olmayan qərar qəbul edilmişdir.

41. Göstərilən hallardan belə nəticə çıxır ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində prosessual hüquq normalarını pozmuş, bu isə qətnamənin qanuniliyinə və əsaslılığına təsir edən pozuntu kimi qiymətləndirilməlidir.

42. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul olunmalıdır.

43. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

44. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

45. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

46. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

47. Qeyd olunan mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

48. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh, iddiaçıya iri və xırdabuyunuzlu heyvan alveri etdiyini və həmin alverdən yaxşı qazanc əldə ediləcəyini bildirmiş, iddiaçıdan sərmayə kimi istifadə edərək, birgə alver etmək üçün 3000 manat istəmişdir. Tərəflər arasında razılaşmaya əsasən həmin pul vəsaiti iddiaçıya məxsus sərmayə olaraq qalmalı, ticarət fəaliyyəti başa çatarsa, cavabdeh 3000 manatı ona geri qaytarmalı idi. İddiaçı cavabdehə 3000 manat vermiş, cavabdeh bu vəsaitdən istifadə edərək alver etmiş, lakin şərikli fəaliyyətləri başa çatdıqdan sonra iddiçının sərmayə vəsaitini qaytarmamışdır.

49. Məhkəmə gəlinən nəticə ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki hallar tam və hərtərəfli müəyyən edilməmiş, sübutlara hüquqi qiymət verilərkən prosessual hüquq normalarının tələbləri tam gözlənilməmiş və nəticədə qəbul edilmiş qətnamə qanuniliyi və əsaslılığı baxımından düzgün olmamışdır.

50. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə 3000 manat məbləğində pul vəsaitini heyvan alveri məqsədilə sərmayə kimi verdiyini və həmin vəsaitin geri qaytarılmadığını bildirmişdir. İddiaçı bu halın təsdiqi kimi əsasən öz izahatına, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş əri X1 ifadəsinə istinad etmişdir.

51. Məhkəmə hesab edir ki, mübahisənin predmeti pul vəsaitinin verilməsi və qaytarılması ilə bağlı öhdəlik münasibətlərindən ibarət olduğundan, sübutetmə vəzifəsinin bölgüsünə dair ümumi qaydalara əsasən, pul vəsaitinin verilməsi faktını və onun məbləğini iddiaçı, həmin vəsaitin qaytarıldığını isə cavabdeh sübut etməlidir.

52. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutları onların aidiyyəti, mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirməlidir və heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün qüvvəsi yoxdur.

53. Birinci instansiya məhkəməsi 3000 manat məbləğində pul vəsaitinin verilməsi faktını əsaslandırarkən, əsasən şahid ifadəsinə istinad etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, şahid qismində dindirilmiş X4 iddiaçının əridir. Bu hal şahidin işin nəticəsində marağının olmasını istisna etmir. Şahid ilə iddiaçı arasında yaxın ailə münasibətlərinin mövcudluğu nəzərə alınmaqla, onun ifadəsi sübut kimi qiymətləndirilərkən xüsusi ehtiyatla yanaşılmalı və həmin ifadə digər mötəbər və obyektiv sübutlarla təsdiq edilməlidir.

54. İş materiallarında isə iddiaçının cavabdehə 3000 manat məbləğində pul vəsaiti verməsini təsdiq edən yazılı sənəd, qəbz, bank köçürməsi və ya digər obyektiv sübut mövcud deyildir. Eyni zamanda, tərəflər arasında bağlanmış hər hansı yazılı müqavilə və ya sərmayə münasibətlərini təsdiq edən sənəd də təqdim olunmamış, yalnız tərəflərin izahatları ilə təsdiq olunmuşdur.

55. Belə olan halda, yalnız iddiaçının əri olan şahidin ifadəsinə əsaslanaraq pulun tam məbləğdə verilməsinin sübuta yetirilmiş hesab edilməsi MPM-in 88-ci maddəsinin tələblərinə uyğun sayıla bilməz. Çünki sübutların məcmusu iş üzrə mübahisəli halın tam və şübhəsiz müəyyən edilməsinə imkan verməlidir.

56. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh apellyasiya araşdırması zamanı və izahatlarında iddiaçıdan heyvan alveri məqsədilə pul vəsaiti aldığını etiraf etmiş, lakin həmin vəsaitin məbləği və qaytarılması ilə bağlı fərqli mövqe bildirmişdir. Cavabdehin izahatlarından müəyyən olunur ki, o, iddiaçıdan ümumilikdə 2600 manat məbləğində pul aldığını qəbul etmişdir. Bundan əlavə isə borc məbləğindən 1850 manat qaytardığını, 750 manat isə borcu qalmışdır.

57. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir

59. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Məhkəmə qeyd edir ki, cavabdehin 2600 manat məbləğində pul aldığını etiraf etməsi iş üzrə həmin məbləğdə öhdəliyin mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Bu etiraf iş materialları ilə ziddiyyət təşkil etmədiyindən və əksini təsdiq edən sübut təqdim olunmadığından, məhkəmə həmin hissədə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.

61. Eyni zamanda, cavabdeh tərəfindən həmin 2600 manat puldan 1850 manat hissəsini qaytarılmasını təsdiq edən hər hansı yazılı və ya digər sübut məhkəməyə təqdim edilməmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq, pulun qaytarılması faktını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu vəzifəni yerinə yetirmədiyindən, etiraf olunmuş məbləğ üzrə borcun mövcudluğu sübuta yetirilmiş hesab edilməlidir.

62. Digər tərəfdən, 3000 manat məbləğində pul vəsaitinin tam həcmdə verilməsi faktı mötəbər və kifayət qədər sübutlarla təsdiq edilmədiyindən, iddia tələbinin 400 manat hissəsi (3000 manat – 2600 manat) sübuta yetirilməmiş hesab edilməli və həmin hissədə iddia təmin edilməməlidir.

63. Məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi zamanı onların məcmu halında təhlilini aparmamış, şahid ifadəsini digər sübutlarla tutuşdurmamış və nəticədə sübutların kifayətliliyi barədə düzgün nəticəyə gəlməmişdir. Bu isə Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir və qətnamənin ləğvi üçün əsasdır.

64. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh 2600 manat məbləğində borc və müvafiq qaydada ödənilmiş dövlət rüsumunun həmin hissəyə uyğun məbləği alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən təmin edilməməlidir.

65. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar və sübutların məcmusu yalnız 2600 manat məbləğində öhdəliyin mövcudluğunu təsdiq edir və bu həddə iddia əsaslıdır. Qalan hissədə isə iddiaçı tərəfindən sübutetmə vəzifəsi yerinə yetirilmədiyindən, həmin hissədə tələb təmin oluna bilməz.

66. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

67. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

68. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

69. Bununla yanaşı məhkəmə apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

70. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır.

71. Çünki, iş materiallarından görünür ki, “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə cavabdehin adına qeydə alınmış telefon nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və xx.xx.2025-ci il tarixdə sonuncu tərəfindən bildiriş qəbul edilmişdir. Eyni zamanda, cavabdehin yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişləri hər hansı bir səbəblə geri qaytarılmamışdır.

72. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

73. Bundan əlavə, məhkəmə apellyatorun iddia müddətinin ötməsi və iddia müddətinin tətbiq edilməsi dəlili ilə bağlı qeyd edir ki, dəlil əsassızdır.

74. Məhkəmə ilk öncə qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır.

75. Belə ki, hətta iddia müddəti ötmüş olsa belə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi məhkəmə kollegiyası tərəfindən qəbul oluna bilməz. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

76. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

77. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.

78. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

79. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

80. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

81. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

82. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində olan icraat barədə cavabdehə məlumat verilmiş, lakin cavabdeh iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir.

83. Halbuki, MPM-in 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə məhkəməyə təqdim etməyə haqlıdır.

84. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

85. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmiş hissəsinə münasibətdə 43,35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş qalan 6,65 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

86. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə iddia tələbinin qiyməti 5.000 (beş min) manatdan az olduğundan (3.000 manat) kassasiya şikayəti verilə bilməz.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-1488/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 2.600 (iki min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 43,35 (qırx üç manat otuz beş qəpik) manat məbləğində pul olmaqla, cəmi 2.643,35 (iki min altı yüz qırx üç manat otuz beş qəpik) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 6,65 (altı manat altmış beş qəpik) manat dövlət rüsumu özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar