Məhkəmə qərarları › İş №2(3-7)-194/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-194/2026

28.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-194/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin girişinə dəmir materialdan hazırlanmış qapı (darvaza) quraşdırıldığı, həyətyanı sahənin küçə ilə həmsərhəd olan dəmir tordan hasar çəkildiyi müəyyən edilmişdir. Fərdi yaşayış evinə baxış keçirilən zaman, fərdi yaşayış evinin yaşayış otaqları və mətbəx tikilisinin döşəməsinə vurulmuş taxtalarda qaralmalar və çürümələrin olduğu, döşəməyə taxtaların bir-birindən aralı şəkildə vurulduğu, döşəmənin divarla birləşən hissələrinə vurulmuş künclüklərin divardan aralı vurulduğu, yaşayış otağı tikililərinin divarlarına vurulmuş divar kağızının qopması, fərdi yaşayış evinin dam hissəsinə vurulmuş izolyasiya təbəqənin dam örtüyünün səthinə yapışdırılmadığı, müəyyən hissələrdə boşluqların və qopmaların olduğu, fərdi yaşayış evinin damına yağış sularının axması üçün quraşdırılmış su borularına baxış keçirilən zaman, su borularının maillilik (əyilmə) verilmədən quraşdırıldığı, su borularının birləşmələrinin bərkidilmədiyi, fərdi yaşayış evinin həyətyanı sahəsinə quraşdırılmış dəmir torların bir birindən aralı vurulduğu, dəmir torların bəzi hissələrində əyilmələrin olduğu müşahidə olunmuşdur.

2. Mərkəzi Ekspertizası Bürosu tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, MEB- ******* nömrəli ekspert rəyindən görünür ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndiricimütəxəssisləri, tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində aşkarlanan qüsurların aradan qaldırılması üçün 2621 manat vəsait tələb olunur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona tapşırılmış işi qüsurlu və keyfiyyətsiz gördüyünə görə ona dəymiş maddi ziyan olaraq 2869 manat məbləğində pulun və ödənilmiş 49 manat dövlət rüsumunun, cəmi 2918 manatın pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci ildə dövlətə qarşı törədilmiş terror aktı zamanı baş vermiş dəhşətli metro partlayışı nəticəsində xəsarət almışdır. Hazırda 76 yaşı var, sağlamlığının 90 faizini itirmişdir, birinci dərəcəli əlildir. Daim həkim nəzarətindədir və mütəmadi olaraq müalicə olunur. Bakı şəhərində qeydiyyatda olsa da, həkim tövsiyəsinə əsasən dağ havasında yaşaması məsləhət görüldüyündən Gədəbəy rayonunda yaşayır. Onun övladları tərəfindən Gədəbəy rayonunda onun üçün kiçik ölçülü (0,333 ha) torpaq sahəsi alınmış və həmin sahədə fərdi yaşayış evi tikilmişdir. Evin tikintisində bir neçə usta iştirak etmişdir. 2020-ci ildə evin dam örtüyünün tikilməsi və bir sıra təmir işlərinin aparılması zərurəti yaranmışdır. Bu səbəbdən 2020-ci ilin təxminən avqust–sentyabr aylarında usta işləyən cavabdeh Cavabdeh ilə şifahi razılıq əldə edilmişdir.Ona məxsus torpaq sahəsində sıradan çıxmış köhnə tikili mövcud olmuşdur. Maddi imkanları məhdud olduğundan köhnə tikilinin taxta materiallarından istifadə ediləcəyi cavabdehə bildirilmiş, cavabdeh isə həmin materialların hamısını işlədəcəyini vəd etmişdir. Razılaşmaya əsasən cavabdehə öz tələbi ilə 100 manat beh verilmiş, dam örtüyünün tikilməsi üçün ümumi usta haqqı 1300 manat olaraq müəyyən edilmişdir. Həmçinin nahar yeməyinin cavabdeh tərəfindən təmin ediləcəyi razılaşdırılmışdır.Cavabdeh işə başladıqdan sonra ilk gündən işə vaxtında gəlməmiş, nahar fasiləsindən 4–5 saat sonra qayıdaraq axşamüstü yalnız 1–2 saat işləyib getmişdir. Bu hal 3–4 gün davam etmiş, yağan yağış nəticəsində alınmış tikinti materialları zərər görmüşdür. Işin gecikməməsi məqsədilə cavabdehin nahar yeməyini özü hazırlamaq məcburiyyətində qalmışdır.Cavabdeh, 1300 manatlıq razılaşmadan əlavə olaraq, dam örtüyünün mansard pəncərəsi üçün iddiaçıdan 150 manat pul almışdır. Halbuki, mansard pəncərə dam örtüyü işinə daxil olmuşdur. Bundan başqa, dam örtüyünün bir hissəsinin qonşu həyətinə düşməsi səbəbilə cavabdeh işi bir gün gecikdirmiş və yarımçıq qalan hissəni düzəltmək üçün əlavə olaraq 100 manat tələb etmişdir. Buna baxmayaraq, cavabdeh dam örtüyünü keyfiyyətsiz və qüsurlu şəkildə tikmişdir. Dam örtüyünün su boruları düzgün quraşdırılmadığından yağış suları evin divarlarına axmış, nəticədə ev yararsız hala düşmüş, divar kağızları və taxta materiallar sıradan çıxmışdır. Bundan əlavə, cavabdeh evin mətbəx və yataq otağında döşəmə və tavan işlərini də qüsurlu yerinə yetirmişdir. Taxta materiallarını iddiaçının pulu ilə özü seçib alsa da, keyfiyyətsiz materiallardan istifadə etmişdir. Tavanda 0,4–0,5 sm qalınlığında material istifadə edilməli olduğu halda nazik fanerka, döşəmə üçün isə normadan xeyli nazik taxtalar alınmışdır. Taxtalar düzgün döşənmədiyindən və keyfiyyətsiz olduğundan qısa müddətdə şişərək yararsız hala düşmüşdür. Döşəməaltı mil taxtaları düzgün düzülməmiş və bərkidilmə işləri aparılmamışdır.Həmçinin cavabdeh həyətyanı sahədə tikilən tumbaların arasına çəkilməli olan dəmir toru keyfiyyətsiz materialdan almış, düzgün quraşdırmamış, nəticədə tor yararsız hala düşmüşdür. Evin arxa tərəfində çəkilən dəmir borular da keyfiyyətsiz quraşdırıldığından yenidən dəyişdirilmişdir.Nəticədə iddiaçı evi yenidən təmir etdirməyə məcbur olmuş və cavabdehin hərəkətləri nəticəsində maddi ziyana məruz qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya dam örtüyünün tikilməsi üçün 1300 manat, beh olaraq 100 manat (cəmi 1400 manat), dam örtüyünün qalan hissəsinin düzəldilməsi üçün 100 manat, mansard pəncərəyə görə 150 manat, yataq otağının döşəməsi və tavanı üçün 180 manat, yataq otağının haşiyələri üçün 32 manat, döşəmənin alt örtüyü üçün 32 manat, mətbəxin döşəmə, tavan və haşiyə işləri üçün 145 manat, çöl eyvanın tavanı üçün 150 manat, tavan və döşəmələrin dolğu ilə rəglənməsi üçün 140 manat, dəmir torun yararsız hala düşməsi nəticəsində dəymiş ziyan üçün 300 manat, dəmir boruların yenilənməsi üçün 90 manat, eləcə də tikinti materiallarının yenidən alınması və daşınması üçün 150 manat ödənilmişdir.Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2869 manat məbləğində maddi ziyan vurulmuşdur.

5. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2621 manat maddi ziyan, iddiaçı tərəfindən iddia ərizəsinə baxılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 400 manat ekspertiza xərcinin əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında dam örtüyünün tikilməsi və təmir işlərinin aparılması ilə bağlı şifahi tapşırıq müqaviləsi bağlanılmış, cavabdeh ona tapşırılmış işləri keyfiyyətsiz icra etmiş, qüsurlarla yol vermişdir. Görülmüş işlərin qüsurlu olması və bu qüsurların aradan qaldırılması üçün zəruri olan pul vəsaitinin məbləği ekspert rəyləri ilə müəyyən edilmişdir. Ona görə də cavabdeh Cavabdeh 2621 manat maddi ziyan, iddiaçı tərəfindən iddia ərizəsinə baxılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 400 manat ekspertiza xərcinin əvəzi alınaraq, iddiaçı İddiaçı verilməlidir.

7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21. 1096, 1097, və 777-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq işləri yerinə yetirmiş, görülən işlər də, iddiaçının razılığı ilə aparılmışdır, istifadə olunan materiallar isə iddiaçının məlumatı və razılığı əsasında alınmışdır. Həmçinin görülən işlər zamanı hər hansı bir qüsur və keyfiyətsizlik halı baş verməmişdir. Lakin buna baxmayaraq, yəni həmin tikinti işləri 2020-ci ildə görülməsinə baxmayaraq, iddiaçı 4 il sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan maddi ziyanı ödənilməsini tələb etmişdir. Məhkəmə isə, tikinti işləri aparılan əraziyə baxış keçirmədən, yalnız işdə olan və onun iştirakı olmadan keçirilmiş Məhkəmə Ekspertiza tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinə istinad edərək iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən iddianın əsaslı olması digər sübutlarla təsdiq olunduğu və subut olunduğu halda, məhkəmə iddianın təmin edilməsinə dair qətnamə qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, tərəfindən iddiaçı ilə aralarında olan razılaşmaya tam əməl edilmiş və görülən işlərlə əlaqədar heç bir qüsur və nöqsan aşkar edilməmişdir. Iddiaçı isə həmin işlərin görülməsindən 4 il keçməsinə baxmayaraq və həmin müddət ərizndə ona və ya məhkəməyə heç bir şikayət və yatələbini bildirməyərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq, tərəfindən mülki hüquq pozuntusu törədilməyi halda və iddiaçıya hər hansı bir zərər törədilmədiyi halda məhkəmə iddianın qismən təmin edilməsi qənatinə gəlmişdir. Halbuki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında izahat verən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, iddiaçının bütün işləri görmüş və təhvil vermiş, iddiaçı isə keçən 4 il ərzində heç bir şikayət etməmişdir. Düzdür evi təmir edəndən sonra iddiaçı evin damının dirəklərini aralı vurmasını bildirdikdən sonra o, onlara, həmin qüsuru aradan qaldırmalarını bildirmiş və bunun üçün iddiaçıya ona ödənilmiş müzddan 300 manat qaytarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında izahat verən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sullarına cavabında isə bildirmişdir ki, dəfələrlə cavabdehə keyfiyyətsiz görülmüş işlərin aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh onun dediklərinə əhəmiyyət verməmişdir. Evin damı vurulduğu ilk vaxtlardan dammağa başlamışdır. Bu vaxta qədər iddia vermək istəməmişdir. Bu yaxınlarda cavabdeh ondan prokurorluq orqanlarına müraciət edərək pulunu verməməsini bildirəndən sonra məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

15. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

16. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

17. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

18. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

19. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

20. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

21. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında dam örtüyünün tikilməsi və təmir işlərinin aparılması ilə bağlı şifahi tapşırıq müqaviləsi bağlanılmış, cavabdeh ona tapşırılmış işləri keyfiyyətsiz icra etmiş, qüsurlarla yol vermişdir. Görülmüş işlərin qüsurlu olması və bu qüsurların aradan qaldırılması üçün zəruri olan pul vəsaitinin məbləği ekspert rəyləri ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh Cavabdeh 2621 manat maddi ziyan, iddiaçı tərəfindən iddia ərizəsinə baxılması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 400 manat ekspertiza xərcinin əvəzi alınaraq, iddiaçı İddiaçı verilməlidir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş halları ilə tərəflər arasında podrat müqaviləsindən əmələ gələn münasibətlərin yarandığı müəyyən edilir. Belə ki, iddiaçı 2020ci ilin təxminən avqust–sentyabr aylarında usta işləyən cavabdeh Cavabdeh ilə şifahi razılıq əldə edilmişdir ki, ona məxsus torpaq sahəsində sıradan çıxmış köhnə tikili mövcud olmuşdur. Maddi imkanları məhdud olduğundan köhnə tikilinin taxta materiallarından istifadə ediləcəyi cavabdehə bildirilmiş, cavabdeh isə həmin materialların hamısını işlədəcəyini vəd etmişdir. Razılaşmaya əsasən cavabdehə öz tələbi ilə 100 manat beh verilmiş, dam örtüyünün tikilməsi üçün ümumi usta haqqı 1300 manat olaraq müəyyən edilmişdir. Cavabdeh, 1300 manatlıq razılaşmadan əlavə olaraq, dam örtüyünün mansard pəncərəsi üçün iddiaçıdan 150 manat pul almışdır. Bundan başqa, dam örtüyünün bir hissəsinin qonşu həyətinə düşməsi səbəbilə cavabdeh işi bir gün gecikdirmiş və yarımçıq qalan hissəni düzəltmək üçün əlavə olaraq 100 manat tələb etmişdir. Iddiaçı cavabdehin dam örtüyünü keyfiyyətsiz və qüsurlu şəkildə tikməsini, dam örtüyünün su boruları düzgün quraşdırılmadığından yağış suları evin divarlarına axması və nəticədə evin yararsız hala düşməsini, divar kağızları və taxta materiallar sıradan çıxmasını qeyd edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

40. Kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh iddiaçıya məxsus evin təmiri üçün onunla bağladığı podrat müqaviləsinin şərtlərini pozaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, işləri keyfiyyətsiz görməsi cavabdehin özününü izahatı ilə qismən və iş materiallarında olan ## ####### 2025-ci il tarixli, MEB-******* nömrəli ekspert rəyi ilə təsdiqini tapmışdır. Belə ki, ## ##### 2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən iddiaçı İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin girişinə dəmir materialdan hazırlanmış qapı (darvaza) quraşdırıldığı, həyətyanı sahənin küçə ilə həmsərhəd olan dəmir tordan hasar çəkildiyi müəyyən edilmişdir. Fərdi yaşayış evinə baxış keçirilən zaman, fərdi yaşayış evinin yaşayış otaqları və mətbəx tikilisinin döşəməsinə vurulmuş taxtalarda qaralmalar və çürümələrin olduğu, döşəməyə taxtaların bir-birindən aralı şəkildə vurulduğu, döşəmənin divarla birləşən hissələrinə vurulmuş künclüklərin divardan aralı vurulduğu, yaşayış otağı tikililərinin divarlarına vurulmuş divar kağızının qopması, fərdi yaşayış evinin dam hissəsinə vurulmuş izolyasiya təbəqənin dam örtüyünün səthinə yapışdırılmadığı, müəyyən hissələrdə boşluqların və qopmaların olduğu, fərdi yaşayış evinin damına yağış sularının axması üçün quraşdırılmış su borularına baxış keçirilən zaman, su borularının maillilik (əyilmə) verilmədən quraşdırıldığı, su borularının birləşmələrinin bərkidilmədiyi, fərdi yaşayış evinin həyətyanı sahəsinə quraşdırılmış dəmir torların bir birindən aralı vurulduğu, dəmir torların bəzi hissələrində əyilmələrin olduğu müşahidə olunmuşdur. Həmçinin ## ####### 2025-ci il tarixli, MEB-******* nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndiricimütəxəssisləri, tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində aşkarlanan qüsurların aradan qaldırılması üçün 2621 manat vəsait tələb olunur.

41. Cavabdeh apellyasiya dəlillərində iddiaçının 4 ildən sonra məhkəməyə müraciət etdiyini və birinci instansiya məhkəməsinin həmin halı araşdırmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-nin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. MM-nin 776-cı maddəsi podrat müqaviləsi üzrə iddia müddəti adlanır, yəni qanunverici həmin müddəti iddia müddəti kimi nəzərdə tutmuşdur. Lakin cavabdeh birinci instansiya məhkəməsində ötürülmüş iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmiş, məhkəmədən müddətin tətbiqini xahiş etməmişdir. MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Həmçinin Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar