Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-205/2026 02.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Qəhrəman oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işi üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-1886/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4311,55 ABŞ dolları manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, müqavilə üzrə tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.095,87 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsinin ödəniş cədvəlinə əsasən, restrukturizasiya müqaviləsi 18 ay müddətinə, aylıq 173,36 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir.
5. xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh1 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür.
6. xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh1 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür.
7. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.
8. LPO İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 3095,87 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 47,90 manat, cərimə qismində 16,62 mamst, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 448,92 manat cəmi 3609,31 manat məbləğində təşkil edir. Lakin mülki iş materiallarından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-yə əsas borcu 3.095,87 (üç min doxsan beş manat, 87 qəpik) manat təşkil edir və qanunun tələbinə görə həmin məbləğ restrukturizasiya olunmalıdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 3.609,31 (üç min altı yüz doqquz manat, 31 qəpik) manat-bundan 3.095,87 (üç min doxsan beş manat, 87 qəpik) manat əsas, 47,90 (qırx yeddi manat, 90 qəpik) manat faiz, 16,62 (on altı manat, 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 448,92 (dörd yüz qırx səkkiz manat, 92 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 56,10 (əlli altı manat, 10 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Şəxsi istehlak” məqsədi ilə 24 ay müddətinə illik 27% dərəcəsi ilə 3.000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 4.311,55 (dörd min üç yüz on bir dollar, 55 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM042101050 nömrəli, xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.095,87 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 18 ay müddətinə, aylıq 173,36 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi bağlanarkən Cavabdeh2 və Cavabdeh3ilə Bank arasında LM042101050 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Müqavilə üzrə faiz və cərimə borcunun silinməsini istəyir. Eyni zamanda borcun zaminlərdən tutulmasını istəmir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
12. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(023)-1886/2025 nömrəli qətnaməsi (hakim – Elçin Mansırov) ilə, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 3.095,87 manat əsas borc, cərimə qismində 16,62 manat, müqavilənin bitdiyi tarixdən – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 448,92 manat faiz borcu, cəmi 3561,41 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 55,61 manat məbləğində pul vəsaiti tutulması, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla cavabdehlərin LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, Cavabdeh1 iddiaçıya əsas borc qismində 3095,87 manat borcu yarandığı təsdiq olunur.
14. Məhkəmə hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq X1 yalnız əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, kredit müqaviləsi müddətinə hesablanmış faiz borcunun tutulmasına tələbinə dair hissədə təmin olunmamalıdır.
15. Həmçinin, məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla Cavabdeh1 LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 3095,87, müqavilənin bitdiyi tarixdən – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 448,92 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin LPO İddiaçı ASC zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 448.1, 462.1, 472.1, 472.2 və 477.0.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2, 6.3 və 8.9-cu maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
17. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-1886/2025 nömrəli qətnaməsinin qismən – mübahisələndirilən hissədə (faiz borcu) ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı Bank Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn tələblərə və həmin normativ hüquqi aktla müəyyən edilmiş şərtlərə tam şəkildə riayət edərək, üzərinə düşən öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada və vaxtında icra etmişdir. Belə ki, sözügedən Fərmanın icrasının təmin edilməsi məqsədilə iddiaçı Bank ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında, Fərmandan irəli gələn şərtlər çərçivəsində 30 aprel 2021-ci il tarixli, LM042101050 nömrəli Restrukturizasiya müqaviləsi bağlanmış,həmin müqavilə çərçivəsində əsas borc məbləği ilə yanaşı, faizlər və cərimələr də daxil olmaqla, ödəniləcək məbləğlər yenidən müəyyənləşdirilmişdir. Bununla da Bank tərəfindən müvafiq normativ hüquqi aktdan irəli gələn öhdəliklər faktiki və hüquqi baxımdan tam şəkildə yerinə yetirilmişdir. Lakin məhkəmə tərəfindən işə baxılarkən tərəflər arasında bağlanmış qeyd olunan həmin restrukturizasiya müqaviləsinin mövcudluğu nəzərə alınmamış, yaxud həmin müqavilənin mövcudluğuna diqqət yetirilməmişdir ki, nəticə etibarilə bu hal məhkəmə qətnaməsində faiz borcunun təmin edilməməsi ilə nəticələnmişdir. Məhkəmənin faiz hissəsində iddianın rədd edilməsi ilə bağlı verdiyi qərar, iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırır, çünki bu ödənişlər artıq restrukturizasiya müqaviləsi çərçivəsində nəzərdə tutulmuşdur. Müvafiq qanunvericiliyə əsasən, Cavabdeh1 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən 47,90 manat məbləğində faizin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Bank tərəfindən iddiaərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı LPOİddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi, hesabdan çıxarışlar, maliyyə arayışı və s. mövcuddur. Bununla da, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə Bankın maraqlarına toxunaraq əsassız qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Cavabdeh1 restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən restrukturizasiya məbləği (3.095,87 manat) dəyərində müqavilənin bağlanması hüququndan istifadə etmiş, lakin həmin müqavilə üzrə ümumiyyətlə heç bir ödəniş etmədən üzərinə düşən vəzifəsini yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Eyni zamanda, iddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştiraklarının olmadan keçirilməsini, bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
29. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı
35. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.
36. 1-ci bənddə göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
37. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
38. 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
39. 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
40. 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur.
41. 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.
42. 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
43. 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur.
44. 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
55. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
56. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
57. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
60. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin qismən ləğv edilməsini xahiş edərək, iddia tələbi üzrə faiz borcu olan 47,90 manat borcun təmin edilməməsi hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
62. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
63. Belə ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 noyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədilə müəyyən məbləğdə kredit vəsaiti verilmişdir. Sonradan tərəflər arasında kredit öhdəliklərinin icrası ilə bağlı əlavə saziş bağlanmış və kredit öhdəliyinin müddəti uzadılmışdır. Sonradan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi çərçivəsində restrukturizasiya edilmişdir. Bununla əlaqədar olaraq ləğv prosesində olan İddiaçı ASC ilə borcalan arasında 30 aprel 2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır.
64. İddiaçı cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc, faiz və cərimə borcunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
65. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları araşdıraraq iddianı qismən təmin etmiş, cavabdehlərdən borcun əvəzi qismində 3095,87 mamat, cərimə qismində 16,62 manat müqavilənin bitdiyi tarixdən – xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 448,92, cəmi 3561,41 manat məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul etmiş, lakin faiz borcunun tutulması hissəsində iddia tələbini təmin etməmişdir.
66. Hazırda iddiaçı apellyasiya şikayəti verərək, müqavilədən irəli gələn öhdəliklərə uyğun olaraq 47,90 manat məbləğində faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin faiz borcunun tutulması hissəsində gəldiyi nəticə düzgün olmamışdır.
68. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə əlaqədar olaraq tərəflər arasında yeni hüquqi münasibətlər formalaşmışdır. Belə ki, həmin fərmanın tətbiqi nəticəsində bank və borclu arasında qarşılıqlı razılıq əsasında 30 aprel 2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin restrukturizasiya müqaviləsinə əsasən cavabdehin qalıq borcu 3.095,87 manat məbləğində müəyyən edilmiş və borc öhdəliyi 18 ay müddətinə restrukturizasiya edilmişdir.
69. Qeyd edilən 30 aprel 2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsinin 1.1.9-cu bəndindən görünür ki, tərəflər arasında bağlanmış yeni müqaviləyə əsasən borc məbləği illik 1 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Bununla da tərəflər əvvəlki kredit münasibətlərindən irəli gələn hüquq və vəzifələrini yenidən müəyyənləşdirmiş, borcun ödənilməsi qaydası, müddəti və digər şərtlər yeni müqavilə əsasında tənzimlənmişdir.
70. Eyni zamanda borcun restrukturizasiya olunması zamanı güzəştli, yəni 1 faizlə yeni müqavilənin bağlanması qeyd edilən Fərmandan irəli gəlmişdir. Həmin Fərmanla faiz borcunun silinməsi isə Fərmanla tənzimlənmiş və güzəştli müqavilənin bağlanmasına qədər olan faizlərin silinməsini ehtiva etmişdir.
71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin maddənin tələbinə görə tərəflər qanunvericiliyə zidd olmayan şərtlərlə müqavilə bağlamaqda və müqavilə şərtlərini sərbəst müəyyən etməkdə azaddırlar. Bu baxımdan tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsi onların qarşılıqlı iradə ifadəsinin nəticəsi olmaqla mülki hüquq münasibətlərini tənzimləyən hüquqi əsas kimi çıxış edir.
72. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində öhdəlik anlayışı tərəflər arasında yaranan hüquqi münasibətin əsas elementlərindən biri olmaqla, bir şəxsin digər şəxs qarşısında müəyyən hərəkəti yerinə yetirmək və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini ifadə edir. Belə münasibətlərdə borclu müəyyən davranışı həyata keçirməyə borclu olur, kreditor isə həmin davranışın icrasını tələb etmək hüququ əldə edir. Bu baxımdan öhdəlik hüquq münasibətlərinin məqsədi tərəflər arasında yaranmış hüquq və vəzifələrin icrasını təmin etməkdən ibarətdir.
73. Məhkəmə göstərir ki, öhdəlik münasibətləri əsasən tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış müqavilələrdən yaranır və belə müqavilələr tərəflərin hüquq və vəzifələrinin həcmini, icra qaydasını və müddətini müəyyən edən hüquqi əsas kimi çıxış edir. Müqavilə bağlandıqdan sonra tərəflər arasında hüquqi münasibət formalaşır və bu münasibət çərçivəsində borclu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyə borclu olur, kreditor isə həmin öhdəliklərin icrasını tələb etmək hüququna malik olur.
74. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərində öhdəliklərin məzmunu məhz müqavilə şərtləri ilə müəyyən edilir. Bu səbəbdən tərəflər müqavilə bağlayarkən üzərlərinə götürdükləri öhdəlikləri müəyyən edilmiş qaydada və müddətdə icra etməyə borcludurlar. Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi isə hüquqi nəticələr doğurur və borclunun mülki-hüquqi məsuliyyətinə səbəb olur.
75. İş materiallarından görünür ki, tərəflər arasında əvvəl bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər sonradan 30 aprel 2021-ci il tarixli, LM042101050 nömrəli restrukturizasiya müqaviləsi ilə yenidən tənzimlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, restrukturizasiya müqaviləsinin bağlanması tərəflər arasında mövcud olan əvvəlki kredit münasibətlərinin yeni şərtlərlə davam etdirilməsi və borc öhdəliyinin icrasının yeni qaydada müəyyən edilməsi deməkdir.
76. Həmin müqavilənin 1.1.9-cu bəndindən görünür ki, tərəflər arasında bağlanmış yeni müqaviləyə əsasən borc məbləği üzrə faiz dərəcəsi illik 1 faiz həcmində müəyyən edilmişdir. Bununla da tərəflər əvvəlki kredit münasibətlərindən irəli gələn hüquq və vəzifələrini yenidən müəyyənləşdirmiş, borcun ödənilməsi qaydası, müddəti və digər şərtlər yeni müqavilə əsasında tənzimlənmişdir.
77. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək əsas borcun və bəzi digər məbləğlərin tutulmasına dair nəticəyə gəlsə də, 47,90 manat məbləğində faiz borcunun tutulması hissəsində iddianı təmin etməmiş və bu nəticəyə gələrkən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müddəalarına istinad etmişdir.
78. Lakin məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən işin faktiki hallarını, Fərmanın tələblərini və tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsinin hüquqi mahiyyətini tam və düzgün qiymətləndirməmişdir.
79. Belə ki, qeyd edildiyi kimi qeyd edilən Fərman problemli kreditlərin həlli məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutsa da, həmin fərmanın tətbiqi nəticəsində tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsi yeni hüquqi münasibət yaratmışdır. Bu müqavilə ilə borcun məbləği, ödənilməsi müddəti və faiz dərəcəsi yenidən müəyyən edilmişdir. Həmin müqavilənin 1.1.9-cu bəndinə əsasən borc üzrə illik 1 faiz dərəcəsi müəyyən edilmiş və borclu bu şərtlərlə borcun qaytarılmasını üzərinə götürmüşdür.
80. Göründüyü kimi, restrukturizasiya müqaviləsində faiz dərəcəsinin müəyyən edilməsi tərəflər arasında yaranmış öhdəliyin ayrılmaz tərkib hissəsi olmaqla borclunun üzərinə həmin faiz üzrə ödəniş həyata keçirmək vəzifəsini qoyur. Bu səbəbdən müqavilə ilə müəyyən edilmiş faiz öhdəliyi tərəflər arasında mövcud olan öhdəlik münasibətinin tərkib hissəsi kimi qiymətləndirilməli və borclu həmin öhdəliyin icrasını təmin etməlidir.
81. Bu baxımdan restrukturizasiya müqaviləsində nəzərdə tutulmuş faiz öhdəliyi tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş və qüvvədə olan müqavilə şərtlərindən irəli gəlir. Birinci instansiya məhkəməsi isə həmin müqavilənin mövcudluğunu və hüquqi nəticələrini lazımi qaydada qiymətləndirmədən faiz borcunun tutulmasını rədd etmişdir ki, bu da işin hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun hesab edilə bilməz.
82. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı və onların məcmusuna hüquqi qiymət verməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli hüquq normalarına əsaslanmalıdır.
83. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunun tutulmaması barədə nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış restrukturizasiya müqaviləsinin hüquqi nəticələrini nəzərə almamış və bunun nəticəsində iddia tələbini həmin hissədə əsassız olaraq rədd etmişdir.
84. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilərək 47,90 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
85. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
86. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə çıxarılmalıdır.
87. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə iddia tələbinin qiyməti 5.000 (beş min) manatdan az olduğundan (47,90 manat) kassasiya şikayəti verilə bilməz.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 386, 388, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-1886/2025 nömrəli qətnaməsi – iddianın 47,90 manat faiz borcunun təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh1 47,90 (qırx yeddi manat doxsan qəpik) manat məbləğində faiz borcu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.