Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-206/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun cavabdehlər İsmayılov Məmməd Bəhruz oğluna, cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun və onun nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlunun iştirakları ilə, İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun cavabdehlər İsmayılov Məmməd Bəhruz oğluna, cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlu ##.##.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsmayılov Məmməd Bəhruz oğlu, cavabdeh1 və cavabdeh2 5000 (beş min) manat borcun və 70 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayon ərazisinə yaxın, Tovuz rayonu Cəlilli kəndi ətrafında, Tovuz rayonu, Əlibəyli kəndinə məxsus olan 233 ha torpaq sahəsinin gözətçisidir. Həmin ərazidə müvəqqəti yaşamaq və mal qara saxlamaq üçün tikintisi var. Göstərilən həmin tikintidə qoyun saxlayır. Yaxın tanışı Tovuz rayonu Cəlilli kənd sakini X2 ilə hər ikisinə məxsus 59 baş qoyun saxlayırlar. ## ### 2024cü il tarixdə əvvəllər tanıdığı Qazax rayonu, Çaylı kənd sakini İsmayılov Məmməd Bəhruz oğlu yanında 2 nəfər tanıdğı şəxs Namizəd və Afiyəddin adlı şəxslə gələrək qoyunlarının satılmasını təklif etmiş və 58 ədəd qoyunu ümumilikdə 15200 manata razılaşaraq satmışdır. Lakin, caavbdehlər həmin pulun 10200 manatını ödəmiş, qalan 5000 manatı qısa müddətdə verəcəklərini bildirmişlər. İddiaçı əvvəllər də onlara iri buynuzlu 3 ədəd Camış satmışdır. Bu səbəbdəndə onlara etibar edərək, heyvanları vermiş, 5000 manat pulu gətirəcəklərinə inanmışdır. Cavabdehlər ona qısa müddətdə pulu verəcəklərini bildirsələr də, heç bir ödəniş edilməmişdir. İddiaçı dəfələrlə onlara telefon ilə zəng etmiş və hətta İsmayıl Məmmədovun yaşadığı evə gedərək ona borcunu ödəməsini bildirmişdir. O, isə əvvəlki kimi söz vermiş, sahədə qarpız əkdiyini deyərək, həmin qarpızı satıb pulunu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdehlər onun pulunu verməkdən boyun qaçırmışlar. Belə ki, onların birlikdə fermaları olduğundan, həmin pulu ödəmək üçün maddi imkanları mövcuddur. Lakin cavabdehlər həmin borcu ödəməkdən imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Elçin Mansurov) ilə iddianın qismən təmin edilməsi, cavabdeh İsmayılov Məmməd Bəhruz oğlundan 1200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat, cəmi 1232 manat məbləğində pul vəsaitinin iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 567, 600.1 və 608-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə özü belə müəyyən etmişdir ki iddiaçı və cavabdeh arasında 15200 manat olan mal-qara alış verişi sövdələşməsi baş tutmuşdur. Bunu cavabdeh belə etiraf edir ki, aralarında sövdələşmə olmuşdur. Cavabdeh İsmayılov Məmməd arada olan məbləği 15200 manatı mübahisələndirməmişdir. Yəni ki, arada alqı-satqı olmuşdur. İddaçı Ələsgərov İmaməli işə vicdanla yanaşmış, aldığı pulları qeyd etmiş və 5000 manat borcun qaldığını bildirmişdir. Dəfələrlə də ondan borcunu istəmiş, cavabdeh borcunu verməmişdir. Həmin vaxt onların arasında borcun məbləği barədə mübahisə olmamışdır. Bundan başqa iddiaçı və cavabdeh arasında olan ilkin məbləğ mübahisələndilməmişdir. Bu halı da cavabdeh etiraf etmişdir. Cavabdeh qeyd etmişdir ki, həmin pulu, yəni 15200 manatı hissə hissə vermiş, cəmi 1200 manat qalmışdır. Məhkəmə işin bu halında artıq subut etmə yükünün cavabdehə keçməsini nəzərə almamışdır. Belə ki, məhkəmə burada subut kimi cavabdehin izahatını əsas tutmuşdur. Lakin, cavabdehin izahatı heç bir subuta əsaslanmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, 58 ədəd qoyunu ümumilikdə 15200 manata razılaşaraq, cavabdehlərə satmışdır. Cavabdehlər həmin puldan 10200 manatını qaytarmış, 5000 manat borcları qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdeh İsmayılov Məmməd Bəhruz oğlu apellyasiya şikayətinə etirazını bildərərək, izahatında göstərmişdir ki, iddiaçıdan ümumi dəyəri 15200 manat təşkil edən 58 ədəd qoyun almışdır. Həmin puldan 10200 manatını qaytarmış, 5000 manat borcu qalmışdır. Sonradan qeyd edilən 5000 manat məbləğində pulu da iddiaçıya vermiş və hazırda ona heç bir borcu qalmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - cavabdeh İsmayılov Məmməd Bəhruz oğlundan 1200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat, cəmi 1232 manat məbləğində pul vəsaitinin iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.
34. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlu 58 ədəd qoyunu ümumilikdə 15200 manata razılaşaraq, cavabdeh İsmayılov Məmməd Bəhruz oğluna satmışdır. Cavabdeh həmin puldan 10200 manatını qaytarmış, 5000 manat borcu qalmışdır.
35. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
36. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
37. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
39. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
40. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
42. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçı ilə aralarında nisyə alğı-satqı olduğunu etiraf etmiş, lakin, hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirmişdir.
43. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, Məhkəmə Kollegiyası cavabdeh tərəfin borcun qaytarılması barədə olan izahatına şübhə ilə yanaşır və inandırıcı hesab etmir.
44. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
45. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
46. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
48. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
52. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı Ələsgərov İmaməli Ələsgər oglu Ağstafa rayon ərazisinə yaxın, Tovuz rayonu Cəlilli kəndi ətrafında, Tovuz rayonu, Əlibəyli kəndinə məxsus olan 233 ha torpaq sahəsinin gözətçisidir. Həmin ərazidə müvəqqəti yaşamaq və mal qara saxlamaq üçün tikintisi var. Göstərilən həmin tikintidə qoyun saxlayır. Yaxın tanışı Tovuz rayonu Cəlilli kənd sakini X2 ilə hər ikisinə məxsus 59 baş qoyun saxlayırlar. ## ### 2024-cü il tarixdə əvvəllər tanıdığı Qazax rayonu, Çaylı kənd sakini İsmayılov Məmməd Bəhruz oğlu yanında 2 nəfər tanıdğı şəxs Namizəd və Afiyəddin adlı şəxslə gələrək qoyunlarının satılmasını təklif etmiş və 58 ədəd qoyunu ümumilikdə 15200 manata razılaşaraq satmışdır. Lakin, caavbdehlər həmin pulun 10200 manatını ödəmiş, qalan 5000 manatı qısa müddətdə verəcəklərini bildirmişlər. İddiaçı əvvəllər də onlara iri buynuzlu 3 ədəd camış satmışdır. Bu səbəbdəndə onlara etibar edərək, heyvanları vermiş, 5000 manat pulu gətirəcəklərinə inanmışdır. Cavabdehlər qısa müddətdə pulu verəcəklərini bildirsələr də, qalan pulu verməmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, cavabdeh İsmayılov Məmməd Bəhruz oğlu iddiaçıdan ümumi dəyəri 15200 manat təşkil edən 58 ədəd qoyun almış, həmin puldan 10200 manatını vermiş, 5000 manat isə borcu qalmışdır. İddiaçı qeyd edilən 5000 manat məbləğində pulun qaytarılmadığını, cavabdeh isə 5000 manatı qaytardığını, hazırda iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh İsmayılov Məmməd Bəhruz oğlu izahatında iddiaçıya borcu qalmadığını bildirsədə bu barədə məhkəmələrə heç bir subut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, 5000 manat borcun olması işdə olan sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur. Cavabdeh tərəfindən 5000 manat borcun qaytarılması barədə işdə heç bir sübut yoxdur.
53. Beləliklə, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbə dair məhkəməyə təqdim olunmuş sübutlar təhlil edilməklə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
54. Azərbaycan Respublikasının MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Azərbaycan Respublikasının MPM-in 119.1.-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu əvəzində 70,40 manat cavabdehdən tutulmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - cavabdeh İsmayılov Məmməd Bəhruz oğlundan 1200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat, cəmi 1232 manat məbləğində pul vəsaitinin iddiaçı Ələsgərov İmaməli Ələsgər oğlunun xeyrinə tutulması hissəsində - ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh İsmayılov Məmməd Bəhruz oğlundan 5000 (beş min) manat məbləğində pul və iş üzrə ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Ələsgərov imaməli Ələsgər oğluna verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.