Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-208/2026 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh(lər)) qarşı “pul” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019 və xx.xx.2025-ci il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh2 və Cavabdeh1 26 oktyabr 2015-ci il tarixli, SHRNO-7316_RES saylı kredit müqaviləsi üzrə kreditə görə 1450 (bir min dörd yüz əlli) ABŞ dolları, faiz borcuna görə 209 (iki yüz doqquz) Abş dolları, dəbbə borcuna görə 15 (on beş) ABŞ dolları, faiz borcuna görə cəmi 1674 (bir min altı yüz yetimiş dörd) ABŞ dolları, həmçinin ödənilmiş 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumunun kreditor İddiaçı ASC-nin xeyrinə tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmrinə verilmiş etiraz əsasən məhkəmə əmri ləğv edilərək iddia icraatına keçirlmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı xx.xx.2025-ci il tarixdə qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadı (hakim – Seymur Yusifli) ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1569/2025 saylı, xx.xx.2019-cu il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, İddiaçı ASC-yə 10 gün müddətində qeyd olunan nöqsanı aradan qaldırmaqla, Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin 2(076)- 1569/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi edilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı şikayət verərək, iddianın baxılmamış saxlanmasın dair xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, mülki iş üzrə icraatın təzələnməsi və mülki işin baxışa təyin edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1569/2019 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda bildirmək istəyirlər ki, həmin qərardaddan və məhkəmə iclasından bankın məlumatı olmamışdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 4064/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən verilmiş icra vərəqəsi 3 il ərzində Şəmkir rayon icra şöbəsi tərəfindən icra edilməmiş və onlara məlum olmayan səbəblərdən məhkəmə əmri 3 il sonra ləğv edilərək iş iddia icraatına keçirilsə də, bu barədə banka məlumat verilməmişdir. Sonuncu xx.xx.2019-cu il tarixli 10-20-yə təyin edilmiş məhkəmə baxış iclası barədə də, bankın məlumatı olmamışdır. Hesab edirlər ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassız, həmçinin İddiaçı ASC-nin mənafelərinəziddir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 1569/2019 saylı qərardadında məhkəmə iclasında xx.xx.2019-cu il tarixinə təyin edildiyini və İddiaçı ASC-nin nümayəndəsinin iştirak etmədiyini və bu səbəbdən mülki işin baxılmamış saxlanıldığı qeyd edilmişdir. Həmçinin, məhkəmə öz qərardadını rəsmi şəkildə banka təqdim etməmişdir. Bankın nümayəndəsi icra işi ilə maraqlanarkən müəyyən etmişdir ki, icra işinə xitam verilib, səbəbi isə məhkəmə əmrinin ləğvi olmuşdur. Hesab edirlər ki, məhkəmə ərizələrini baxılmamış saxlamaqla doğru nəticəyə gəlməmişdir. Həmin qərardaddan verdikləri şikayətə də məhkəmə onların iştirakları ilə baxmamış, bu barədə onlara bildiriş göndərməmiş və şikayətlərini müddətin bərpasına dair ərizə ilə müraciət etməməklərini səbəb gətirərək geri qaytarmışdır. Məhkəmə burada da doğru nəticəyə gəlməmişdir. Belə ki, baxılmamış saxlamanın ləğvinə dair şikayətə müddətin bərpası ərizəsi əlavə edilmişdir. Eyni zamanda iddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1569/2019 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və müddətin bərpasına dair ərizə vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadı ilə, şikayətlər təmin edilməmiş və Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2025-ci il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadlarından iddiaçı tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş materialları birinci istansiya məhkəməsi qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı kredit müqaviləsindən irəli gələn borcun tutulmasına dair tələb üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, lakin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1569/2019 nömrəli qərardadı ilə şikayət geri qaytarılmış və iddiaçıya şikayət vermə müddətinin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun izah edilmişdir. Sonradan iddiaçı tərəfindən müddətin bərpası barədə ərizə ilə birlikdə şikayət təqdim edilmiş, eyni zamanda məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət və prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizələrə hüquqi qiymət verilmədən və müddətin bərpası məsələsi həll edilmədən şikayət mahiyyəti üzrə baxılaraq apellyasiya instansiyasına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin (bundan sonra MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, şikayət qanunla müəyyən edilmiş müddətdə verilməlidir. Qanunla müəyyən edilmiş müddətin buraxılması halında həmin müddətin bərpası məsələsi ilk növbədə şikayətin verildiyi məhkəmə tərəfindən həll edilməlidir. Prosessual müddətin bərpası barədə ərizəyə baxılmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə keçilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin bərpası məsələsi apellyasiya şikayətinin mümkünlüyünün ilkin şərtidir. Müddətin buraxılması və onun bərpası məsələsi həll edilmədən şikayətə mahiyyəti üzrə baxılması və ya onun apellyasiya instansiyasına göndərilməsi hüquqi müəyyənlik və prosessual ardıcıllıq prinsiplərinə ziddir. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə, əvvəlcə müddətin bərpası məsələsi həll edilməli, yalnız bundan sonra şikayətin mümkünlüyü barədə nəticə çıxarılmalıdır. Müddətin bərpası barədə ərizə təmin edilmədiyi halda şikayət geri qaytarılmalı, təmin edildiyi halda isə şikayət apellyasiya instansiyasına göndərilməlidir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətin bərpası barədə ərizəyə hüquqi qiymət verilmədən şikayətin apellyasiya instansiyasına göndərilməsi əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulması nəticəsində apellyasiya instansiyası şikayətin mümkünlüyü məsələsinə mahiyyəti üzrə baxmaq imkanından məhrum olmuşdur. Çünki, müddətin bərpası barədə məsələnin həlli birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olmaqla, apellyasiya instansiyası həmin məsələni birbaşa həll edə bilməz. Bununla yanaşı, kollegiya qeyd edir ki, tərəflərin məhkəməyə çıxış hüququnun təmin olunması və ədalətli məhkəmə araşdırması prinsipinin qorunması üçün prosessual müddətlərin bərpası məsələsinə xüsusi həssaslıqla yanaşılmalı, təqdim edilmiş ərizə və onun əsasları qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv edilməli və iş materialları prosessual müddətin bərpasına dair ərizələrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Eyni zamanda MPM-in 402-ci maddəsinə əsasən hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 135, 263, 264, 267, 361, 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-ci il tarixli, 2(3-7)- 208/2026 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun və iş baxışdan çıxarılsın. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2025-ci il tarixli, 2(076)- 1569/2019 nömrəli qərardadlarından şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizələrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-208/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-208/2026
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver