Məhkəmə qərarları › İş №2(3-7)-213/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-213/2026

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-213/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etmək hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; subroqasiya hüququ Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları

1. Icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, ##.##.2024-cü il tarixli PME********** nömrəli icbari sığorta müqaviləsinə əsasən Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 5000 manat məbləğində sığortalanmışdır.

2. Şəmkir rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı R X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh əməlində Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti X1 Bölməsinə göndərilmişdir; Aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatında Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin anasına məxsus olduğunu, həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi olmadığını bildirmişdir.

3. Gəncə Hərbi Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbehin tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsi ilə əlaqədar xitam verilmiş və o inzibati məsuliyyətdən azad edilmişdir.

4. “xxxx” MMC tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 5615 manat müəyyən edilmişdir.

5. ##.##.2025-ci il tarixli IAS****** nömrəli sığorta ödənişi aktının və ## ### 2025-ci il tarixli IB**********_******_****** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən X2 Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üçün subroqasiya qaydasında 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5000 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 70 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5070 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı sığorta şirkəti tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə IAS****** saylı sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən zərərçəkənə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur.

8. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın təmin edilməməsi; Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1 və 1096.2-ci maddələrinə, Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 11 Iddiaçı “xxxx” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “xxxx” ASC-də PME********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh ##.##.2024-cü il tarixdə idarə etdiyi Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir şəhəri ərazisində hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı tərtib olunmuş arayışa və ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən “Vaz 21074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh hadisəni müddətli həqiqi hərbi xidmət dövründə törətdiyi üçün Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunması barədə yekun qərar qəbul edilməsi üçün 2025-ci ilin iyun ayında Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Lakin, Gəncə Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərəzli qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsi ilə əlaqədar xitam verilmişdir. Belə ki, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq olunması üçün nəzərdə tutulan müddətin 3 ay olduğunu bilə-bilə həmin müddətin (##.##.2025-##.##.2025-ci il aralığında) bitməsindən 2 gün keçdikdən sonra (##.##.2025- ci il) tarixdə qərar qəbul etmişdir. Bu da onun açıq aşkar qərəzli mövqeyinin olmasını göstərir. Lakin, Gəncə Hərbi Məhkəməsinin bu qərəzli qərarı iddiaçının hüquqlarını poza bilməz. “Icbari sığortalar haqqında” qanunun 17-ci maddəsinə əsasən sığorta hadisəsi baş verən zaman sığorta ödənişini həyata keçirmək üçün sığorta olunanlardan qarşı tərəfin təqsirini sübut edən sənəd kimi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) (Forma 4 arayışı) tələb olunur. Sözügedən arayış (Forma 4 arayışı) sığorta şirkətinə təqdim olunmuş və arayışa əsasən zərərçəkənə sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin həmin arayışda və ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh Cavabdeh hadisə baş verən zaman nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı təşkilat “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

15. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.

18. Maddə 25.1.3. Icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, cavabdeh Cavabdeh 5000 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat, ümumilikdə 5070 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı “xxxx” ASC ilə sığortalı Seyidov Etibar Zahid oğlu arasında ##.##.2024-cü il tarixli PME********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 5000 manat sığorta məbləği həddində sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni ##.##.2024-cü il tarixdə sığortalı Cavabdeh idarə etdiyi Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sığortalı Cavabdeh Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Lakin, Gəncə Hərbi Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə inzibati tənbehin tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsilə əlaqədar Cavabdeh barəsində Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkən şəxsə “xxxx” ASC tərəfindən 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Iddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, dəymiş ziyanın məhz sürücü Cavabdeh təqsiri nəticəsində törənməsi barəsində sübutlar mövcud deyil. Bununla da təqsirlilik dispozitiv şərti pozulmuş olur. Həmçinin iddiaçı tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilsə də, bu ödənişin həyata keçirilməsinə əsas müəyyən edilməmişdir. Belə ki, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilməmiş, daha sonra isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün material müvafiq dövlət orqanına göndərilmişdir. Lakin, iddiaçı tərəfindən Cavabdeh inzibati məsuliyətə cəlb edilərək, inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ya barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə dövlət orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş hər hansı bir qərarı təqdim edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir ( IXM-nin 8-ci maddəsi). Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması öz təsdiqini tapmamışdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

34. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

36. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının icbari sığorta müqaviləsi üzrə zərərçəkənə verdiyi sığorta ödənişinin yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən (sığortaçı) cavabdehdən subroqasiya qaydasında tutularaq iddiaçıya qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

37. Bu mənada, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin subroqasiya hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

38. Iddia ərizəsindən görünür ki, iddiaçı subroqasiya tələbinin qanuni əsası kimi “Icbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.

39. Işin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni ##.##.2024-cü il tarixdə sığortalı Cavabdeh idarə etdiyi Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan dəymişdir.

40. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Bu mənada, konkret şəxsin, o cümlədən, cavabdehin hər hansı hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər.

42. Bu baxımdan işin halları tədqiq olunduqda müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Şəmkir RPŞ-də araşdırma aparılmış və araşdırma zamanı cavabdeh Cavabdeh Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Belə ki, şəxs özü də araşdırma zamanı verdiyi izahatında bu faktı etiraf etmişdir.

43. Lakin, Gəncə Hərbi Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə inzibati tənbehin tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsilə əlaqədar onun barəsində Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

44. Kollegiyanın qənaətinə görə, inzibati tənbehin tətbiq olunması üçün nəzərdə tutulan müddətin keçməsilə əlaqədar cavabdeh Cavabdeh barəsində Inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi onun həmin maddədə nəzərdə tutulan xətaya yol verməkdə təqsirliliyini aradan qaldırmamaqla, sadəcə həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən haldır.

45. Inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi).

46. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür.

47. Ancaq, nəzərə almaq lazımdır ki, inzibati tənbeh vermə müddətinin keçməsi ilə əlaqədar zərərvuran şəxsin törətdiyi inzibati xətaya görə (sürücülük hüququ olmadan avtomobil idarə etmə) məsuliyyətə cəlb edilməkdən azad edilməsinin sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz.

48. Çünki, sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar.

49. Cavabdeh Cavabdeh bu xətanı törətməkdə təqsirliliyi, yəni ##.##.2024-cü il tarixdə Vaz 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyi işin mübahisəsiz halı olmaqla inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarla öz təsdiqini tapır. Inzibati tənbeh vermə müddətinin keçməsi ilə əlaqədar başlanmış inzibati xətanın icraatına xitam verilməsi isə onun Mülki Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətdən azad olunması üçün əsas hesab oluna bilməz.

50. Hazırkı halda, sığorta ödənişi vermiş iddiaçının “Icbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinadən sürücülük hüququ olmadan avtomobil idarə edərək sığorta hadisəsi törətmiş cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur.

51. Bununla belə, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənə “xxxx” ASC tərəfindən 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. 52. Yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur.

53. Bundan başqa, “xxxx” ASC tərəfindən tərtib edilmiş sığorta aktı, habelə “xxxx” MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Hyundai Elantra markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5615 manat qiymətləndirilmiş və sığorta məbləği həddində 5000 manat zərərçəkənə ödəniş edilmişdir. Göstərilən sığorta aktının və qitmətləndirmə aktının mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən edilməmiş, habelə həmin sənədlərdə göstərilən məlumatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

54. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

55. Eyni zamanda, iddia təmin edildiyindən MPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat ondan tutularaq iddiaçıya ödənilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh 5000 (beş min) manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 70 (yetmiş) manat, ümumilikdə 5070 (beş min yetmiş) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar