Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-226/2026 14.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ## ##### 1986-cı ildə anadan olmuşdur. X4 ## #### 1951-ci ildə anadan olmuşdur.
2. * saylı Bakı “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş ## ###### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 8000 manat məbləğində pulu borcalan Cavabdeh vermiş, borc alan aldığı məbləği ## ###### 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. ## ### 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh cavabdeh Cavabdeh 8000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü il tarixdə * saylı Bakı “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq olunmuş kredit müqaviləsi əsasında Cavabdeh ## ###### 2025-ci il tarixdə qaytarmaq şərti ilə faizsiz olaraq 8000 manat məbləğində borc vermişdir. Cavabdehlə aralarında şəxsi münasibətləri olmuş və verdiyi borcun onun və ya cacavabdehin sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur pul vəsaitini o cavabdehə hər hansı bir öhdəlik qarşılığında verməmişdir. Borcun qaytarılması müddəti bitməasinə baxmayaraq cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməyərək borcu qaytarmamışdır. Müddət bitdikdən sonra ondan borcun geri qaytarılmasını tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmaqdqan yayınmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmadığından və onun borc məbləğini könüllü qaytarmaq niyyəti olmadığından mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır.
6. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 8000 manat pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdə 8000 manat pulu cavabdeh Cavabdeh borca verilmişdir. Cavabdeh iddiaçıya 8000 manat pulu ## ###### 2025-ci il tarixdə qaytarmağı öhdəsinə götürüb, bununla bağlı tərəflər arasında * saylı Bakı “ASAN–Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən kredit müqaviləsi imzalanmışdır.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 385, 427, 442, 448, 739 və 742-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 106 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsini, faktiki qalan borc məbləği 1200 manat həcmində müəyyən edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə faktiki halların natamam araşdırılması, sübutların birtərəfli qiymətləndirilməsi, tərəflərin izahatlarına lazımi hüquqi qiymət verilməməsi, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir və bu səbəbdən qanunsuz, əsassız və ədalət prinsipinə ziddir. Birinci instansiya məhkəməsində o, iddiaçıdan pul vəsaiti aldığını inkar etməmiş, əksinə borc münasibətinin mövcudluğunu etiraf etmiş, lakin həmin borcun böyük hissəsinin müxtəlif vaxtlarda və mərhələli şəkildə qaytarıldığını, hazırda isə faktiki olaraq yalnız 1200 (bir min iki yüz) manat məbləğində borcun qaldığını açıq şəkildə bildirmişdir. Məhkəmənin vəzifəsi bu izahatı formal şəkildə qeyd etməklə kifayətlənmək deyil, həmin izahatın doğruluğunu təsdiq və ya təkzib edən halları araşdırmaq, tərəflər arasında real maliyyə münasibətlərini müəyyən etmək idi. Müqavilənin mövcudluğu avtomatik olaraq borcun tam həcmdə ödənilməməsi demək deyildir və borcun icrası ilə bağlı faktiki hallar hərtərəfli araşdırılmalıdır.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
20. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, iddia tələbinin təmin edilmiş məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixdə 8000 manat pulu cavabdeh Cavabdeh borca verilmişdir. Cavabdeh iddiaçıya 8000 manat pulu ## ###### 2025-ci il tarixdə qaytarmağı öhdəsinə götürüb, bununla bağlı tərəflər arasında * saylı Bakı “ASAN–Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən kredit müqaviləsi imzalanmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır. Müddət bitdikdən sonra iddiaçı borcun geri qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmadığından və onun borc məbləğini könüllü qaytarmaq niyyəti olmadığından mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır.
32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, iddiaçı cavabdehə 8000 manat pulu vermiş, cavabdeh isə ## ###### 2025-ci il tarixdə qaytarmağı öhdəsinə götürsə də, bunu etməmişdir.
33. Apellyasiya şikayətində cavabdeh borcun böyük hissəsinin müxtəlif vaxtlarda və mərhələli şəkildə qaytarıldığını, hazırda isə faktiki olaraq yalnız 1200 (bir min iki yüz) manat məbləğində borcu qaldığını bildirmişdir. Lakin həmin pulların qaytarılması ilə bağlı heç bir dəlilini kollegiyaya təqdim etməmişdir. Cavabdehin borcunu ödəməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).
35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçıya borclu olduğu məbləği ödəməmişdir. Mülki iş üzrə müqavilənin etibarsızlığını şübhə altına alan isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
36. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
37. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, işə baxan məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması prinsipi pozulmuş, tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipi lazımi səviyyədə təmin edilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclası ilə bağlı cavabdehə məhkəmə bildirişi göndərmiş və SMS xəbərdarlığı edilmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etmişdir.
38. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.