Məhkəmə qərarları › İş №2(3-7)-232/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-232/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-232/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Elnur Zirəddin oğlunun cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı İsmayılov Elnur Zirəddin oğlunun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlunun iştirakları ilə, İddiaçı İsmayılov Elnur Zirəddin oğlunun cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı İsmayılov Elnur Zirəddin oğlu ilə cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu arasında ## #### 2024-cü il tarixdə bağlanmış ***** saylı kredit müqaviləsindən müəyyən edilir ki, iddiaçı İsmayılov Elnur Zirəddin oğlu cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna 30 ay müddətə illik 54 faiz ödənilməsi şərtilə, 89060 (səksən doqquz min altmış) manat məbləğində pul borc vermişdir, cavabdeh isə həmin borcunu 30 ay müddətində (ödəniş cədvəlinə əsasən hər ay 5468 manat məbləğində pul ödəməklə) qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində kreditin girov əsasında verildiyi və girova qızıl zinət əşyaları götürüldüyü qeyd edilmişdir.

2. İddiaçı İsmayılov Elnur Zirəddin oğluna məxsus olan ##.##.2024-cü il tarixli ****** saylı kassa məxaric orderinin surətindən müəyyən edilir ki, həmin tarixdə İsmayılov Elnur Zirəddin oğlu tərəfindən cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna 89060 (səksən doqquz min altmış) manat məbləğində pul verilmişdir.

3. ##.##.2024-cü il tarixli, “YK” Lombarda girov qoyulmuş qiymətliləin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 1724 manat olan qızıl-zinət əşyaları lombarda verilmişdir.

4. Sadə əlyazma qəbzindən müəyyən edilir ki, cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu ##.##.2024-cü il tarixdə qəbz yazaraq, həmin tarixdə İsmayılov Elnur Zirəddin oğlundan 89060 manat məbləğində pul vəsaiti götürdüyünü bildirmişdir.

5. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İsgəndərov Xəqani İsfəndiyar oğlu kredit dövrü ərzində YK Lombardda ##.##.2024-cü il tarixli ***** saylı krediti müqaviləsi üzrə heç bir ödəniş etməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İsmayılov Elnur Zirəddin oğlu cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlundan ##.##.2024-cü il tarixli ***** nömrəli lombard kredit müqaviləsinə əsasən borclu olduğu 89060 (səksən doqquz min altmış) manat əsas borcu, 61990 (altmış bir min doqquz yüz doxsan) manat faiz borcu, 6270 (altı min iki yüz yetmiş) manat dəbbə borcu olmaqla, ümumilikdə 157320 (yüz əlli yeddi min üç yüz iyirmi) manat pulun və ödənilmiş 447,32 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (YK Lombard) fəaliyyət göstərir. Cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu ilə aralarında bağlanmış ##.##.2024-cü il tarixli ***** nömrəli lombard kredit müqaviləsinə əsasən cavabdeh ondan 30 ay müddətinə 89060 manat kredit götürmüşdür. Əvəzində cavabdeh lombarda cəmi 7 adda, ümumi çəkisi 62,10 qram, xalis çəkisi 32,80 qram olan, 1724 manat dəyərində qızıl-zinət əşyalarını girov qoymuşdur. Belə ki, cavabdeh söz vermişdir ki, başqa qızıl-zinət əşyaları da gətirəcək. Lakin, pulu alıb getdikdən sonra cavabdeh başqa qızıl-zinət əşyaları gətirməmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh ## ##### 2024-cü il tarixdən etibarən hər ay 5467,53 manat ödənişləri həyata keçirməli idi. Lakin cavabdeh lombarda hər hansı ödəniş etməmişdir. ## #### 2025-ci il tarixdə cavabdehə borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. Lakin cavabdeh nə ona təyin edilmiş müddət ərzində, nə də sonra lombarda hər hansı ödəniş etməmişdir. Beləliklə ## #### 2025ci il tarixə cavabdehin lombarda 89060 manat əsas borcu, 61990 manat faiz borcu, 6270 manat dəbbə borcu olmaqla, ümumilikdə 157320 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ə.İ. Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlundan 89060 (səksən doqquz min altmış) manat məbləğində pul və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 253,18 (iki yüz əlli üç) manat 18 qəpik məbləğində pul alınıb, iddiaçı İsmayılov Elnur Zirəddin oğluna verilməsi, qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sübutları işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, İsmayılov Elnur Zirəddin oğlunun ## #### 2024-cü il tarixdə cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğluna 30 ay müddətə 89060 manat məbləğində borc pul verməsi və cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlunun aldığı kreditin heç bir hissəsini iddiaçıya qaytarmaması işin faktiki halları kimi təsdiq olunur

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilədə verilmiş kreditin təminatlı kredit olduğu, kreditin girov əsasında verildiyi göstərilsə də, iş materiallarından və iddiaçının (onun nümayəndəsinin) məhkəməyə bildirdiklərindən belə müəyyən olunmuşdur ki, cavabdeh müqavilənin həmin şərtinə əməl etməmiş və aldığı 89060 (səksən doqquz min altmış) manat pul borcuna görə uyğun dəyərdə qızıl-zinət əşyalarını girov qoymamışdır. Başqa sözlə, iddiaçının cavabdehə vermiş olduğu 89060 manat məbləğində kredit, cavabdehin bu öhdəliyini yerinə yetirməməsi (89060 manat pula uyğun dəyərdə qızıl-zinət əşyalarını girov qoymaması) səbəbindən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği olmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilənin bu şərtinə əməl etməməsi, yəni, aldığı kredit məbləğini əşyanın lombardda girovu ilə təmin etməməsi onu iddiaçıdan aldığı 89060 manat məbləğində krediti qaytarmaq öhdəliyindən azad etmir.

11. Məhkəmə məhkəmədə tədqiq edilmiş sübutlara əsasən işin müəyyən edilən faktiki hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqindən belə qənaətə gəlmişdir ki, irəli sürülən iddia cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlundan 89060 manat məbləğində pulun alınıb, iddiaçı İsmayılov Elnur Zirəddin oğluna verilməsi tələbi hissədə əsaslı sayılmalı və həmin hissədə təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442, 739.1, 739.2, 740.1, 740.2, 740.10, 742.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 76, 106.1,119, 217.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsininin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün tərəfindən ödənilmiş 225 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayılov Elnur Zirəddin oğlu Azərbaycan Respublikasının Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla (VÖEN № **********) “YK Kredo” adı altında lombard fəaliyyəti həyata keçirmiş, qızılzinət əşyalarını girov götürməklə cavabdehlərə şəxsi istehlak məqsədləri üçün nəzərdə tutulan qısamüddətli kreditlər vermişdir. Bu isə lombard fəaliyyətinin mahiyyətinə tam uyğun olan sahibkarlıq fəaliyyətidir. Lakin iş materiallarında iddiaçı tərəfindən lombard fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bununla belə, yalnız iş materiallarında lisenziyanın olmamasına istinad edərək, iddiaçının lombard fəaliyyəti həyata keçirmədiyi və ya bu fəaliyyətin hüquqi nəticələrinin nəzərə alınmaması qənaətinə gəlmək əsassızdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının lombard fəaliyyəti ilə məşğul olması faktiki hallarla təsdiqləndiyi halda, bu fəaliyyətin qanunvericiliyin tələblərinə zidd həyata keçirilməsi ehtimalı iddiaçının xeyrinə hüquqi nəticə doğura bilməz. Başqa sözlə, iddiaçının mümkün qanunsuz hərəkətləri (lisenziyasız fəaliyyət) cavabdehin üzərinə əlavə öhdəliklər qoyulması üçün əsas kimi istifadə edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkməsi iddiaçı tərəfdən lombard fəaliyyətinə dair xüsusi razılığın (lisenziyanın) olub-olmamasını araşdırmamış, belə bir lisenziyanın mövcudluğunu təsdiq edən sənədlərin təqdim olunmasını təklif etməmiş, ümumilikdə lombard fəaliyyətinin qanuniliyi məsələsi üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki məhkəmə iş üzrə düzgün hüquqi qiymət vermək üçün tərəflərin fəaliyyətinin qanunvericiliyə uyğunluğunu araşdırmalı, xüsusilə lombard fəaliyyəti kimi xüsusi hüquqi rejimə malik sahibkarlıq fəaliyyəti üzrə müvafiq icazə sənədlərinin mövcudluğunu müəyyən etməli idi. Beləliklə, lombard fəaliyyəti üçün zəruri olan xüsusi razılığın (lisenziyanın) mövcudluğunun araşdırılmaması, iddiaçının faktiki olaraq həyata keçirdiyi fəaliyyətin hüquqi mahiyyətinin düzgün müəyyən edilməməsinə və nəticə etibarilə iş üzrə səhv hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur. Lombard münasibətləri mövcud olacağı halda belə iş üzrə mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli girov aktına əsasən, lombarda girov qoyulmuş qızıl-zinət əşyalarının taleyi məhkəmə tərəfindən araşdırılmamışdır. Xüsusilə, girov predmetlərinin satılıb-satılmadığı, satıldığı halda açıq hərracdan əldə edilən məbləğin nə qədər olduğu və həmin vəsaitin kredit borcundan niyə silinmədiyi məsələləri müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən, lombardda girovla təmin edilmiş kredit vaxtında qaytarılmadıqda lombard girov predmetini açıq hərracda sata bilər və bu halda girovun satışından sonra lombardın borcluya qarşı pul tələbləri, satışdan əldə edilən məbləğ borcu tam ödəməsə belə, ləğv edilir. Başqa sözlə, lombard münasibətlərində borclunun məsuliyyəti yalnız girov predmetinin satışından əldə edilən məbləğ həcmindədir. Buna baxmayaraq, məhkəmə girov predmetlərinin realizə edilib-edilmədiyini, satışın hansı tarixdə və hansı məbləğə aparıldığını və satışdan əldə edilən vəsaitin borcdan silinib-silinmədiyini araşdırmadan, lombard kreditlərinə dair xüsusi maddi hüquq normasını tətbiq etmədən, ümumi borc münasibətlərindən çıxış edərək qərar qəbul etmişdir. Beləliklə, lombard tərəfindən girov qoyulmuş əşyanın satılması halında onun əlavə pul borcu üzrə məsuliyyəti qanunla istisna edildiyi halda, bu hal müəyyən edilmədən ondan pul tələbinin tutulması barədə qətnamə çıxarılması qanuna zidd və əsassızdır. İş üzrə çıxarılmış qətnamə ilə vahid məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. Belə ki, analoji hüquqi və faktiki hallara malik digər iş üzrə məhz eyni iddiaçı – İsmayılov Elnur Zirəddin oğlunun iddiası bu əsasla rədd edilmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı mövcuddur (apellyasiya şikayətinə əlavə edilir). Xüsusilə qeyd olunmalıdır ki, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, lombardda girovla təmin edilmiş kredit məbləği müəyyən edilmiş müddətdə qaytarılmadıqda, lombard girov predmetini açıq hərracdan realizə edə bilər və bu halda girovun satışından əldə edilən məbləğ borcun tam ödənilməsi üçün kifayət etməsə belə, lombardın borcluya qarşı tələbləri ləğv edilir. Bu hüquqi mövqenin nəzərə alınmaması maddi hüquq normalarına zidd nəticənin yaranmasına səbəb olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin İ hissəsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 77-ci maddəsinin İ hissəsi kassasiya instansiyası məhkəməsinin hüquq normalarının dəqiq və vahid tətbiqini təmin edən məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətdən analoji hallarda artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq əsaslar göstərilmədən fərqli yanaşma sərgiləməsi Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə hər hansı ağlabatan əsas və səbəb olmadan, yaxud artıq mövcud olan hüquqi mövqeyi nəzərə almadan formalaşmış məhkəmə təcrübəsindən kənara çıxdıqda və ya həmin mövqeyi düzgün təfsir etmədikdə, müvafiq məhkəmə aktı qanunsuz hesab edilə bilər (V.Q. Teryoxinin şikayəti üzrə ## ###### 2010-cu il tarixli Qərar; “AR MPM-nin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərar; O. Gərəkməzlinin şikayəti üzrə ## ###### 2014-cü il tarixli Qərar). Beləliklə, iş üzrə çıxarılmış qətnamə ilə Ali Məhkəmənin artıq formalaşmış hüquqi mövqeyindən əsaslandırılmadan kənara çıxılmış, nəticədə vahid məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur ki, bu da qətnamənin ləğvi üçün müstəqil hüquqi əsas təşkil edir. b) Apellyasiya şikayətinə əlavə Cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu ##.##.2026-cı il tarixində apellyasiya şikayətinə əlavə edərək, digər mülki iş üzrə məhkəmə baxışı zamanı tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyətinin düzgün qiymətləndirilməsi və müvafiq hüquqi nəticələrə gəlinməsi barədə nəticəni hazırkı məhkəmə işi ilə müqayisə etmiş və həmin mülki işi hazırkı işin mahiyyəti ilə əlaqələndirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu izahat verərək, lombarddan əvvəlcə 34750 manat, daha sonra isə müəyyən məbləğdə nağd kredit əldə etdiyini, aldığı borcun 25000 manatını ödədiyini və buna dair qəbzlərinin iş materiallarında mövcud olduğunu bildirmişdir. Məhkəmə tərkibinin həmin qəbzlərin iş materiallarında olmadığı barədə bildirdiyinə cavab olaraq, cavabdeh hazırda qəbzlərin onda olmadığını qeyd etdi.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılov Elnur Zirəddin oğlunun nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək, birinci instansiya məhkəməsində cavabdehin proseslərdən məlumatlı olsa da, heç birində iştirak etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin əslində faktiki olaraq cavabdehin xeyrinə qət edildiyini və cavabdehin iddia etdiyi borcun 25000 manatının ödəməsinə dair məhkəməyə qəbz təqdim etmədiyini, bu halla bağlı sübutun mövcud olmamasını bildirmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

19.AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı.

Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilmiş, şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı və cavabdeh arasında ##.##.2024-cü il tarixində kredit müqaviləsi bağlanmış, borcalana 89.060 manat məbləğində pul 30 aylığına, illik 54%-lə kreditə verilmişdir. İddiaçı həmin müqaviləyə əsaslanaraq, hazırkı iddianı irəli sürmüş, cavabdeh isə etirazını onunla əsaslandırır ki, iddiaçının lombard fəaliyyəti ilə məşğul olmağa hüquqununun olması araşdırılmamışdır. işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.

25. Qeyd edilməlidir ki, əqdin forması olan müqavilə iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanlarıdır. Şəxslər müqavilə münasibətlərinə girməklə özləri üçün icrası məcburi olan öhdəliklər yaradırlar.

26. Hazırkı işdə cavabdeh iddiaçı ilə kreditin alınmasına dair müqavilə münasibətinə girməsini inkar etmir, bununla belə o, apellyasiya şikayətində iddiaçının lombard fəaliyyəti üçün xüsusi razılığının olub-olmamasının araşdırılmadığını, girov predmetinin taleyinin araşdırılmadığını (MM-nin 302.7-ci maddəsinin əsaslanır), vahid məhkəmə təcrübəsi predmetinin pozulduğunu bildirir.

27. Kollegiya cavabdehin apelyasiya şikayətində bildirdikləri baxımından tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarlılığına hüquqi qiymət verilməsini zəruri hesab edir. Müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanarkən mülki qanunvericiliyin müqavilə münasibətlərini tənzimləyən maddi hüquq normalarının imperativ tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin iddiaçının lombard fəaliyyəti üçün xüsusi razılığının olub-olmamasının araşdırılmadığı barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi, iddiaçının “YK Kredo” adı altında lombard fəaliyyəti həyata keçirməsi və bu fəaliyyətlə bağlı Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınması məlumdur. İddiaçının bu fəaliyyətlə bağlı əlavə sənəd təqdim etməməsi, tərəflər arasında yaranmış borc münasibətlərinin hüquqi mahiyyətini dəyişmir. Ona görə də, kollegiya bu halın əlavə araşdırılmasına zərurət görmür.

29. Apellyasiya şikayətinin girov predmetinin taleyinin araşdırılmaması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə ##.##.2024-cü ildə tərəflər arasında 89060 manatın borc verilməsi ilə bağlı kredit müqaviləsi bağlanmış, həmin tarixli akta görə ümumi dəyəri 1724 manat olan qızıl-zinət əşyaları lombard girovuna qoyulmuşdur. İddiaçı tərəfin bildirdiyinə görə tərəflər arasında müqavilə bağlanarkən razılaşma belə olmuşdur ki, cavabdeh borcu təminat altına ala biləcək əlavə qızıl-zinət əşyalarını da lombarda verəcək, lakin cavabdeh vədinə əməl etməmiş, həmin əşyaları təqdim etməmişdir.

30. İşin hallarından görünür ki, iddiaçı tərəf müqavilə bağlandıqdan üç ay sonra, ## #### 2025-ci ildə borcluya borcun ödənilməsi barədə bildiriş göndərmiş, başqa sözlə borclu tərəfin öhtəliyini icra etmədiyinə görə müqavilədən çıxdığını bəyan etmişdir.

31. Məhkəmə kollegiyası verilən kredit məbləğini və ona münasibətdə cavabdehin təqdim etdiyi 1724 manat məbləğində olan qızıl-zinət əşyalarını (borc təminatının həcmini), eləcə də cavabdehin üç ay ərzində heç bir ödəniş etmədiyini nəzərə alaraq belə hesab edir ki, cavabdehin götürdüyü kredit məbləğini girovla təmin etməməsi və borc üzrə hər hansı bir ödəniş etməməsindən ibarət təqsirli hərəkətləri səbəbindən tərəflər arasında müqavilə münasibətləri pozulmuşdur.

32. Mübahisəyə Mülki Məcəllənin 302.7-ci maddəsinin tələbi baxımından yanaşılmalı olması barədə apelyasiya dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin maddəyə görə, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddədə kreditorun borc verdiyi kredit məbləğinin qət edilmiş vaxtda qaytarılmadığı təqdirdə həmin borcun təminatı olan girov qoyulmuş əşyanın açıq hərracdan sata bilməsi hüququ göstərilir.

33. Həmin maddə kreditora borc müəyyənləşdirilmiş vaxtda qaytarılmadığı təqdirdə girov predmetini açıq hərracdan satma hüququ verir. Aydın məsələdir ki, burada kredit məbləğinə mütənasib olan və onu tam təmin edən girov predmetinin satışından söhbət gedir. Qanunverici bu halda borc sahibinə iki seçim imkanı tanıyır. Ya borc məbləğini tələb etmək, ya da onun təminatı kimi girova götürülmüş əşyanı (əşyaları) satıb, onun dəyərindın tutmanı həyata keçirmək. Məhz bu halda, qanunverici girov predmeti hər hansı səbəbə gözlənildiyindən daha ucuz satılarsa, məsuliyyəti girov qoyanın üzərindən götürür, kreditorun girovqoyana qarşı tələb hüququnu ödənilmiş hesab edir.

34. Göründüyü kimi, istinad edilən norma kreditora borc məbləğini geri tələb etmək əvəzinə girov predmetinin satılması hüququnu da tanıyır. Başqa sözlə, norma borcun gecikdirildiyi hallarda girov predmetinin mütləq qaydada satılmalı olmasını nəzərdə tutmur, sadəcə kreditora yuxarıda qeyd edilən imkanı da tanımış olur. Hazırkı işdə isə kreditor vermiş olduğu borc məbləğini tələb etmişdir. Kredotorun bu hüququnun əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil edir. Aydın məsələdir ki, götürülən kredit məbləğinə münasibətdə dəyəri 1724 manat olan girov predmetinin realizə edilməsi və onun hesabına cavabdehin qalan borc ödəliyinə xitam verilməsi cavabdehin əsassız varlanmasına səbəb olar.

35. Mülki qanunvericiliyin tələblərinə əsasən, öhdəliklər lazımi qaydada icra olunmalıdır və borclu aldığı vəsaiti geri qaytarmağa borcludur. Bu baxımdan cavabdehin üzərinə əsas borcun qoyulması düzgün olmuşdur.

36. Cavabdehin götürdüyü borcdan 25000 manat qaytarması barədə izahatına münasibətdə kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə sübut təqdim etmiş, etirazında yalnız formal mülahizələrə əsaslanmışdır. Prosessual qanunvericiliyin tələbinə görə bu halı məhz cavabdeh sübut etməli idi.

37. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya təqdim etdiyi qızıl-zinət əşyaları və ya onların dəyəri ilə bağlı tələbetmə hüququnu da özündə saxlayır.

38. Həmçinin, məhkəmə kollegiyası cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən ##.##.2026-cı il tarixində verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə belə hesab edir ki, apellyasiya şikayətinə əlavənin məzmunu hazırkı məhkəmə işinin mahiyyətinə uyğun deyildir.

39. Cavabdeh apellyasiya şikayətində və məhkəmə iclasında çıxış etdiyi izahatında göstərdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar