Məhkəmə qərarları › İş №2(3-7)-24/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-24/2026

17.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-24/2026 17.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “ MMC-nin əmlakına vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ####### 2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ######## 2022-ci il tarixli, 484/İQ saylı əmrin çıxarışından görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinə ##.##.2022-ci il tarixdən “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 300 manat müəyyən edilmişdir;

2. ## ###### 2023-cü il tarixli, *** saylı əmrin çıxarışından görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış Şöbəsinə ##.##.2023-cü il tarixdən “Administrator” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 390 manat müəyyən edilmişdir;

3. Əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında xxxx” MMC-nin Satış Departamentinin Satış Şöbəsinə ##.##.2022-ci il tarixdən “satıcıkassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır;

4. Əmək müqaviləsinə əlavədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında xxxx” MMC-nin Satış Departamentinin Satış Şöbəsinə ##.##.2023-cü il tarixdən “Administrator” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır;

5. Tam maddi məsuliyyət haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır;

6. İddiaçı MMC-də çalışmış Cavabdeh Yaşar oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış ## #### 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Yaşar oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ##.##.2024-cü il tarixində 6170.49 (altı min bir yüz yetmiş manat, 49 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5016.63 (beş min on altı manat, 63 qəpik) AZN borcu qalmışdır. Beləliklə, Cavabdeh Yaşar oğlunun ## #### 2025-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 5016.63 (beş min on altı manat, 63 qəpik) AZN təşkil edir;

7. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, üç il müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni ##.##.2024-cü ildən hesablanmışdır.

8. ## ### 2024-cü il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Goranboy 2 filialında aparılmış inventarizasiya nəticəsində 6170,5 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır;

9. ## #### 2024-cü il tarixli ** saylı əmrdən çıxarışdan (işdən azad haqqında) görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir;

10. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ## ##### 2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (bağlanış) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanın mütləq olduğu bildirilmiş və Daxili Nəzarət Departamentinə yaxınlaşmağı xahiş olunmuşdur;

11. Xəbərdarlıqdan görünür ki, Cavabdeh 3 gün müddətində 5016,63 AZN borcun ödənilməsini təmin etmək xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir;

12. ## #### 2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı İddiaçı MMC tərəfindən hazırkı tələb üzrə 50 manat mediasiya xərci ödənilmişdir;

13. X2 tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı MMC tərəfindən hazırkı tələb üzrə 21 manat dövlət rüsumu ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına

14. (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5016,63 (beş min on altı) manat, altmış üç qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, audit xərci 550 (beş yüz əlli) AZN, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 (iyirmi bir) AZN məbləğin cavabdeh Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdehlə əmək müqaviləsi ilə satıcı - kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. ##.##.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş, ##.##.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ##.##.2024-cü il tarixdə İddiaçı MMC-nin “Goranboy 20” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 5016 (5016,63 (beş min on altı) manat, altmış üç qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur.

16. Goranboy Rayon Məhkəməsinin ## ####### 2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə iddiaçı İddiaçı MMC-nin dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə ##.##.2022-ci ildə qəbul olunduğu, administrator vəzifəsinə isə ##.##.2023-cü ildə keçirilmiş və həmin tarixdə "Tam maddi məsuliyyət haqqında müqavilə" bağlanmışdır. Bundan sonra Cavabdeh ##.##.2024-cü il tarixdə tutulmuş və ##.##.2024-cü il tarixdə, yəni 23 gün sonra İddiaçı MMC-nin “Goranboy 20” mağazasında inventarizasiya aparılmışdır. Bundan başqa, cavabdeh Cavabdeh ilə MMC arasında bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə əmək müqavilləsinin müddəti bitdiyinə görə xitam verilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz cavabdeh Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktı maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və vurulmasının təqribi vaxtını müəyyən etməyə yardım edə bilər.

19. Məhkəmənin mövqeyinə görə, iddiaçı İddiaçı MMC vurulan ziyanın müəyyən edilməsi üçün cavabdeh Cavabdeh iştirakı ilə araşdırma aparmalı idi, ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehin yazılı izahatını almalı, işçinin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqənin olub-olmamasını, habelə dəymiş ziyanın həqiqi miqdarını müəyyən etməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 191.2, 192.2, 198, 199, 203.1, 203.2-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.-cü maddələrinə istinadla bildirmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “Tam maddi məsuliyyət haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “Tam maddi məsuliyyət haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi tam maddi məsuliyyət daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanması məqsədilə onun barəsində ##.##.2024-cü il tarixdə İddiaçı MMC-nin “Goranboy 20” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətə 6170 (altı min bir yüz yetmiş) manat 49 (qırx doqquz) qəpik məbləğində zərərvurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5016 (beş min on altı) manat 63 (altmış üç) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5016 (beş min on altı) manat 63 (altmış üç) qəpik borcu qalmaqdadır. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətdə cavabdeh Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 izahatı verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, müvafiq aktda olan cavabdeh tərəfin imzasının hansı dövrdə çəkildiyi məlum deyildir. Ola bilsin ki, həbsə girib-çıxmış, həmin ərəfədə çəkilmişdir. Bəlkə də, sanksiya dövrünə təsadüf etmişdir. Marketdə sayım prosesi 3-6 aydan bir təşkil edilir. Mübahisələndirilən kəsrin hansı dövrdə, hansı ayda yarandığını müəyyən edə bilməmişdirlər. Şifahi vəsatət təqdim edərək, iddia tələbindən 1000 manat güzəşt edə biləcəyini bildirmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

32. İşin hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri olmuşdur və hazırkı mübahisə də, əmək münasibətlərindən yaranan mübahisədir. Cavabdeh ##.##.2022-ci ildə satıcı-kassir vəzifəsinə qəbul olunmuş, ##.##.2024-cü ildə işdən azad edilmişdir. İddiaçı tələbində bildirir ki, ##.##.2024-cü il tarixdə inventarizasiya aparılmış və müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulmuşdur. İş mateiallarından görünür ki, cavabdeh ##.##.2024-cü ildə həbs edilmişdir. Cavabdehin nümayəndəsi həmin ziyan məbləğinin onun tərəfindən vurulmasını qəbul etmir.

33. İşə əlavə edilmiş sənədlərdən görünür ki, ## ##### 2024-cü il tarixli, **** nömrəli inventarizasiya siyahısında cavabdeh Cavabdeh adının olduğu imza qrafası imzalanmamış, inventarizasiyanın nəticələrinə dair ## ### 2024-cü il tarixli aktda isə Cavabdeh adı qarşısında imza mövcuddur. Eyni zamanda, işin halları ilə müəyyən edilir ki, cavabdeh ## ##### 2024-cü ildən həbs edilmişdi. İddiaçının nümayəndəsi bu halı onunla izah edir ki, müvafiq aktda olan cavabdeh tərəfin imzasının hansı dövrdə çəkildiyi məlum deyildir. Ola bilsin ki, həbsə giribçıxmış, həmin ərəfədə çəkilmişdir. Bəlkə də, sanksiya dövrünə təsadüf etmişdir. Marketdə sayım prosesi 3-6 aydan bir təşkil edilir. Mübahisələndirilən kəsrin hansı dövrdə, hansı ayda yarandığını müəyyən edə bilməmişdirlər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Qeyd olunmalıdır ki, cavabdeh əvvəllər adminstrator işlədiyi mağazada çatışmayan malların dəyəri 5016 manatın məhz sonuncunun etinasızlığı və ya əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi səbəbindən baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla yanaşı nəzərə almaq lazımdır ki, cavabdeh ## ##### 2024cü il tarixdə keçirilmiş invertarizasiya prosesində iştirak etməmiş və invertarizasiya nəticələrinə dair yekun akta imza etməmiş, bunu etməsi də mümkün olmamışdır. Belə ki, həmin tarixlərdə cavabdeh həbsdə olmuşdur. Eyni zamanda, o da müəyyən edilir ki, çatışmamazlıqların cavabdehin işlədiyi dövrdə yaranması halı da sübut olunmur. Keçirilən inventarizasiya ilə çatışmamazlıqlar sayımın aparıldığı dövrdə aşkar edilmiş, lakin hansı dövrdə yarandığı sübut olunmamış qalmışdır.

36. Nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə tərəflər əmək hüquq münasibətlərin iştirakçısı olmuşlar. Başqa sözlə, iddiaçı İddiaçı MMC işəgötürən, cavabdeh Cavabdeh isə onun işçisi olmuşdur.

37. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir.

38. Həmçinin diqqət yetirilməli haldır ki, cavabdeh həbs ediləndən sonra iddiaçıya məxsus mağazada işə çıxmadığı dövr ərzində (##.##.2024 - ##.##.2024) həmin mağaza fəaliyyətini dayandırmamışdır. Yəni, mağazada başqa şəxs(lər) işləmişdir, habelə oraya kənar şəxslər (alıcı və.s) daxil olmuşlar. İşin göstərilən halları isə mağazada çatışmayan malların təqsirinə görə məsuliyyətin digər şəxslərin etinasızlığı və ya hər hansı qanunazidd hərəkətlər nəticəsində yaranmış olması, habelə mağazada idxal-ixrac əməliyyatlarının hesablanmasında yanlışlığa yol verilməsi ehtimallarını ortaya çıxarır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ## ####### 2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar