Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-247/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin ##.##.2025-ci il tarixli, */*- *****/**** nömrəli məktubundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə müraciəti araşdırılmış və ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.
2. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2- ci Polis Şöbəsinə verdiyi ##.##.2025ci il tarixli izahatdan görünür ki, 2023-cü ilin iyul ayında İddiaçı ilə tanış olmuş və münasibətləri yaranmışdır. Lakin yeni tanış olduqda Rəfailin evli olması barədə məlumatı olmamış, daha sonra bu barədə məlumatı olduqda aralarında mübahisə yaranmağa başlamışdır. Rəfaildən bir neçə dəfə hamilə qalmağı səbəbindən ondan pul istəmiş, lakin ona maddi şəkildə köməklik etməməsi səbəbindən ona yaşadığı evinə gəlib arvadına münasibəti barədə söyləyəcəyini bildirmişdir. Hissə-hissə olmaqla Rəfaildən 9.000 manat məbləğində pul almışdır və həmin məbləğdə ona borcu vardır.
3. ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə icraatın başlanılması rədd edilmiş, İddiaçı borc tələbinə dair mülki tələbi ilə əlaqədar mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 10.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında qeyri-rəsmi ər arvad münasibətləri olmuşdur. Belə ki, 2023- cü ilin may ayından ##.##.2025-ci il tarixədək İddiaçı hissə-hissə Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti vermişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçı pulunu geri tələb etsə də Cavabdeh bundan imtina etmiş, ona hədə-qorxu gələrək aralarında olan münasibəti arvadına bildirəcəyi ilə bağlı hədələmişdir. İddiaçı məcbur olub bu hadisə ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmiş, Cavabdeh polis orqanına verdiyi ərizədə İddiaçı 9.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Lakin tərəflər arasında sözügedən məbləğin geri qaytarılması ilə bağlı hec cürə razılıq əldə olunmamışdır. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 9.000 (doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 110 (bir yüz on) manat, cəmi 9.110 (doqquz min bir yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatda İddiaçı 9.000 manat məbləğində pul vəsaitini hissə-hissə borc aldığını və həmin borcunu İddiaçı qaytaracağını bildirmiş, bununla da İddiaçı iddia tələbini həmin hissədə sübut etmə vəzifəsindən azad olmuşdur.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 739 və 1091-1092-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 78.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddianın həm iddia müddəti tətbiq edilməklə, həm də hədiyyə və faktik ər-arvad münasibətləri tətbiq edilməklə tam həcmdə təmin edilmədən rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsi sırf şəxsi mülahizəsinə əsaslanmış və ümumiyyətlə iddianı təmin edərkən də heç bir aidiyyatı və tətbiq edilməli maddi hüquq normasına əsaslanmadan qətnamə çıxartmaqla, maddi hüquq normaları tətbiqində, təfsirində və tövsifində kobud pozuntulara yol vermiş olmuşdur. Gəncə Şəhər Məhkəməsi iş üzrə qətnaməni əvvəlcədən artıq hazılamışdır. Yəni artıq nəticə verilənədək hakim bilirdi ki, iddianı təmin edəcəkdir. Bu göstərdiyi dəlillər və faktlar təsdiq edir ki, Gəncə Şəhər Məhkəməsi işin digər tərəfinin xeyrinə həll edilməsini və iddianın təmin edilməməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin qətnaməsini tamamilə ləğv edəcək və iddianın təmin edilmədən rədd edilməsi barədə yeni ədalətli qətnamə qət etmiş olacaqdır. Onun iddiaçının telefonunda olan və gizli şəkildə yazdırdığı səs yazısına istinad etmişdir və həmin səs yazısı əsasında iddianı demək olar ki, doqquz min manat həcmində təmin etməklə qanunsuzluğa yol verərək, onun hüquqlarını pozmuş və onun əsassız şəkildə yükləməyinə və əsassız şəkildə də iddiaçının əsassız varlanmasına səbəb olan əsassız məhkəmə qətnaməsi qət etmişdir. Düşünür ki, birinci instansiya məhkəməsinin qanunsuz yolla əldə edilmiş sübuta istinad edərək, iddianı təmin etməsi prosessual pozuntudur və məhkəmə tərəfindən yolverilmiş qeyri hüquqi prosessual hərəkətdir. Səs yazısının ona aid olub-olmaması dəqiqləşdirilməmiş və yaxud da həmin səs yazısının həqiqiliyinin müəyyən edilməsi barədə məhkəmə tərəfindən fonoskopik ekspertiza təyin edilməmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qarşı tərəf polis şöbəsində olmuş və öz izahatında hər şeyi bildirmişdir. 2023-2025-ci illər tarixində cavabdeh iddiaçıdan hissə-hissə pul almışdır. Cavabdeh 9000 manat pul aldığını etiraf etmişdir. Müddət keçməmişdir. İddiaçı cavabdehə borc pul verməyə 2023-cü ildən başlamışdır. 2023-cü ilin axırlarından başlamış 2025-ci ildə davam etmişdir.
13. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə iddiaçıya hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasına elektron ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işdə iştirak edən şəxsi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında qeyri-rəsmi ər arvad münasibətləri olmuşdur. İddiaçı İddiaçı 2023-ildən 2025-ci ilədək Cavabdeh hissə-hissə pul vəsaiti vermişdir. Cavabdeh Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatda İddiaçı 9.000 manat məbləğində pul vəsaitini hissə-hissə borc aldığını və həmin borcunu İddiaçı qaytaracağını bildirmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin həmin izahatını etiraf kimi qəbul edərək, həmin dəlili haqlı olaraq iddia tələbini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya 9.000 manat məbləğində pul qaytarmaq öhdəliyi olması iş materialları ilə təsdiqini tapmışdır.
34. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə birinci instansiya məhkəməsində verdiyi izahatda işin faktiki hallarının iddia ərizəsində göstərilən dəlillər ilə üst-üstə düşməsi müəyyən olunur. Birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı və Cavabdeh arasında qeyri-rəsmi ər arvad münasibətləri olmuşdur. Həmin münasibətlərin olduğu dövr ərzində İddiaçı müxtəlif adda və sayda Cavabdeh hədiyyələr almış, onun bank kartlarına olan borcunu könüllü şəkildə ödəmişdir. Onlar arasında hər hansı borc münasibəti olmamışdır. Hazırda iddiaçı cavabdehə etdiyi hədiyyələri qiymətləndirərək pul vəsaiti şəkilində geri qaytarmasını tələb edir.
35. Göründüyü kimi, iddiaçının cavabdehə müxtəlif vaxtlarda, müxtəlif miqdarda pullar verməsi cavabdeh tərəfindən qəbul olunur, lakin cavabdeh tərəfindən hədiyyə kimi qiymətləndirilir. Halbuki, ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh öz izahatında iddiaçıdan maddi köməklik etməsi üçün hissə-hissə 9000 manat pul almasını bildirmişdir. Həmin pulu hədiyyə kimi cavabdehə verilməsi ilə bağlı iş materiallarına heç bir mötəbər sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pul verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazılarının mötəbər sübut kimi qəbul edilməməsi və fonoskopik ekspertiza təyin edilməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında «audio» qeydlərə baxış keçirilmiş və İddiaçı pulun geri qaytarılmasını cavabdeh tərəfdən tələb etməsi, cavabdehin isə maddi vəziyyəti ilə əlaqədar çətin vəziyyətdə olduğu bildirilmişdir. İşə baxan məhkəmə qətnaməsini əsaslandırarkən yalnız qeyd olunan səs yazısına istinad etməmişdir. Məhkəmə mötəbər sübut kimi Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verdiyi ##.##.2025-ci il tarixli izahatını qəbul etmiş, həmin izahatda İddiaçı 9.000 manat məbləğində pul vəsaitini hissə-hissə borc aldığını və həmin borcunu İddiaçı qaytaracağını bildirmiş, bununla da İddiaçı iddia tələbini həmin hissədə sübut etmə vəzifəsindən azad olmuşdur.
37. Məhkəmə kollegiyası iddia tələbinin iddia müddətini tətbiq etməklə rədd olunmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmə iclasında iştirak etsə də, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir.
38. Məhkəmə kollegiyası izah edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri).
39. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.