Məhkəmə qərarları › İş №2(3-7)-259/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-259/2026

06.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-259/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi ) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Əsgərova Zülfiyyə Zahid qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Əsgərova Zülfiyyə Zahid qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Gədəbəy rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı tərəfindən lobya məhsulu əkilmiş torpaq sahəsinin 0,05 ha hissəsini iribuynuzlu heyvanlar məhv etməsi nəticəsində 70-80 faiz zərər dəymişdir.

2. Gədəbəy rayonu “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, 2025-ci ildə Gədəbəy mərkəzi bazarında yaşıl lobyanın 1 kq-nın qiyməti 1,70-1,90 manat olmaqla 800 kq yaşıl lobyanın qiyməti 1.360-1.520 manat təşkil edir.

3. Azərbaycan Respublikasının DT və XK tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”-nə dair kadastr sənədinə əsasən, Gədəbəy rayonu, Nərimankənd kəndində yerləşən 999.67 kv.m sahədə həyətyanı torpaq sahəsi X2 mülkiyyətindədir.

4. İş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülərdə iddiaçının cavabdehə məxsus üç ədəd iri buynuzlu heyvanı saxladığı müəyyən olunur, eyi zamanda cavabdehə məxsus səs yazısında o, vurulmuş ziyanı ödəyəcəyini bildirir.

5. ##.##.2025-ci il tarixli, **** saylıqəbzdən görünür k, iddiaçı tərəfindən 50 manatməbləğində vəkil xidmət haqqı dənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı məhkəmə iddia qaldıraraq, cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 1.000 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 50 manat vəkil xərcinin əvəzinin, cəmi 1080 manat məbləğində pulun cavabdeh Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o - İddiaçı Gədəbəy rayonu, Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O bu il atasının adına olan Nərimankənd kəndində yerləşən özünə məxsus 0,11 ha torpaq sahəsində lobya məhsulu əkmişdir. Məhsuldarlıq yüksək olmuşdur. Buna baxmayaraq, kənd sakini Cavabdeh məxsus 3 baş iribuynuzlu heyvan 08-## ######## 2025-ci il tarixlərdə onun lobya məhsulu yetişdirdiyi əkin sahəsinin ətrafında olan çəpəri qıraraq içəri daxil olmuş və lobya məhsulunu yararsız hala salmışdır. O, Cavabdeh heyvanlarını ## ######## 2025-ci il tarixdə saxlamış və Zulfiyyənin özünə məlumat vermişdir. Zulfiyyə ona bildirmişdir ki, “vurulmuş ziyanı ödəyəcəm, günah mənimdir". Ona dəymiş ziyan 1.000 manat təşkil edir. Belə ki, cavabdehə məxsus iribuynuzlu heyvnalar həm ona məxsus çəpəri dağıtmış, həm də lobya məhsulunu yarasız hala salmışdır. Bu halı təsdiq etmək üçün ərazidə vidoe çəkiliş aparmış və həmin videogörüntüləri DVD-diskdə ərizəsinə əlavə etmişdir. Cavabdeh ona vurduğu ziyanı ödəyəcəyini bildirsə də, bunun üçün heç bir addım atmır, bununla da ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də, o, cavabdehdən ona məxsus lobya sahəsinə vurduğu ziyanın əvəzinin ödənilməsini istəyir və bu barədə məhkəməyə müraciət etməli olmuşdur.

5. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.A. Rəsulov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsində əkilmiş lobya məhsuluna cavabdeh tərəfindən ziyan dəydiyini bildirsə də, üzərinə sübut etmə yükü düşən iddiaçı məhkəməyə həmin torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd və ya həmin torpaq sahəsindən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçının həmin mübahisəli torpaq sahəsi üzrə maddi ziyan tələb etmək üçün heç bir subyektiv hüququ yoxdur. Eləcə də, məhkəmə qeyd etmişdir ki, İddiaçı vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən inzibati xəta haqqında qərar və ya cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığından iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-i maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus 3 baş iribuynuzlu heyvanın onun lobya məhsulu yetişdirdiyi əkin sahəsinin ətrafında olan çəpəri qıraraq içəri daxil olması və lobya məhsulunu yararsız hala salması ilə ziyan vurulması faktını birbaşa təsdiq edir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, sözügedən torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını təsdiq edən hər hansı hüquq müəyyənedicisənəd və ya həmin torpaq sahəsindən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutların təqdim edilmədiyini əsas gətirmişdir. Lakin iddiaçı məhkəmə iclasında torpaq sahəsinin atasına məxsus olduğunu, eləcə də torpaq sahəsinin subyekt siyahısında onun da adının olduğunu bildirərək, bu barədə kadastr sənədini məhkəməyə təqdim etmişdir. Məhkəmə isə sənədi heç bir əsas olmadan qəbul etmədi və ehtiyac olmadığını bildirdi. Bu hallar video iclasda da qeyd olundu. Bununla da məhkəmə işin həlli üçün əhəmiyyət kəsb edən bu kimi halları araşdırmamış və iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, qarşı tərəflə uzun illərdir ki, qonşuluq münasibətindədirlər və həmin dövrdən cavabdehin mal-qarası onun əkin sahəsinə ziyan vurmağa davam etmiş, bunun barədə özünə şikayət etdikdə isə, iddiaçıya qarşı təhqiramiz sözlər istifadə etmişdir. Atasından ona 10 sot torpaq sahəsi mülkiyyətinə keçmişdir, bu sahədə lobya əkərək, il ərzində təqribi 5000 manat qazanc əldə edir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirmişdir ki, sentyabrın 8-dən etibarən iddiaçı ilə konfliktdədir. Onun 3 baş iribuynuzlu heyvanını xəbəri olmadan, icazəsiz şəkildə apararaq, öz sahəsində bağlayıb. İddiaçını bu münaqişəyə təhrik edən, torpaq sahəsini geri istəyən keçmiş bələdiyyədir. İddiaçı 100 baş mal-qaranın içərisindən sadəcə ona məxsus olanı aşkar edərək, seçib tələf etmək məqsədilə öz sahəsinə aparmışdır. İl ərzində lobya əkinindən maksimum 2000 manat qazanc əldə etmək mümkündür. Onun mal-qarası iddiaçının sahəsinə heç bir ziyan vurmamışdır. Baş verən hadisələrin tək müqəssiri iddiaçıdır. Tətbiq edilən hüquq

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115.0.6. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

4. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

6. İşin müəyyən edilən hallarından görünür ki, cavabdehə məxsus üç baş iri buynuzlu heyvan iddiaçının lobya əkdiyi torpaq sahəsinə daxil olmuş və lobya əkinini məhv etmişdir. İşin hallarından görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin 0,05 ha hissəsinə lobya əkmişdir.

7. İşə baxan məhkəmə iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, üzərinə sübutetmə yükü düşən iddiaçı torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını hər hansı hüquqmüəyyənedici sənəd və ya həmin torpaq sahəsindən istifadə hüququnun olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, ziyanın vurulmasında cavabdehin təqsirli olması və onun əməli ilə ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmır.

8. Məhkəmə kolegiyası işə baxan birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Belə ki, əvvəla hazırkı işin hüquqi mahiyyəti baxımından torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasının və ya onun həmin torpaq sahəsinə istifadə hüququnun olmasının hər hansı əhəmiyyəti yoxdur. Ona görə ki, tələbin mahiyyətini iddiaçıya məxsus əkinə cavabdehin heyvanlarının ziyan vurması təşkil edir. Başqa sözlə tələb delikt halının baş verməsi ilə bağlıdır. Torpağın iddiaçıya münasibətdə hüquqi statusunun hansı vəziyyətdə olması delikt halını təsdiq və ya inkar etmir.

9. Məhkəmə kollegiyası hesab edir ki, mülki hüquq münasibətlərində zərərin əvəzinin ödənilməsi məsələsində yalnız formal mülkiyyət hüququ deyil, həm də faktiki istifadə və zərərə məruz qalma halı nəzərə alınmalıdır. Zərər məhz iddiaçının əkdiyi məhsullara vurulmuşdur və bu səbəbdən o, zərərçəkmiş şəxs kimi çıxış edir.

10. Bundan əlavə iddiaçının təqdim etdiyi torpağın plan və ölçü sənədindən görünür ki, həyətyani torpaq sahəsi iddiaçının atası X2 məxsusdur, torpağı iddiaçı əkib-becərir. Bu faktın müəyyən edilməsini məhkəmə vacib hesab etmişdisə də, bununla bağlı müvafiq sübutun təqdim edilməsini iddiaçıya təklif edə bilərdi.

11. Bundan əlavə, kollegiya birinci instansiya məhkəməsinin ziyanın vurulmasında cavabdehin təqsirli olmasının sübut edilməməsi barədə gəldiyi nəticə ilə də razılaşmır.Belə ki, ziyanın məhz cavabdehə məxsus heyvanlar tərəfindən vurulması işin halları ilə və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. İddiaçının sahəsinə girmiş heyvanları tutub saxlaması, həmin heyvanların dalınca cavabdehin gəlməsi, cavabdehin həmin heyvanların ona məxsus olmasını etiraf etməsi və onun ziyanı ödəyəcəyi məzmununda olan səs yazısı, bütün bu hallar iddiaçıya münasibətdə cavabdeh tərəfindən mülki hüquq pozuntusu- deliktin törədilməsini sbut edir.

12. Ziyanın məbləğinə gəldikdə, iddiaçı İddiaçı tərəfindən lobya məhsulu əkilmiş torpaq sahəsinin 0,05 ha hissəsini iribuynuzlu heyvanların məhv etməsi nəticəsində 70-80 faiz zərər dəyməsini təsdiq edən sübut kimi Gədəbəy rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş rəyə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə prosesi zamanı izahatından müəyyən olunur ki, iddiaçının torpaq sahəsində əkilmiş kənd təsərrüfatı bitkilərinə cavabdehə məxsus iribuynuzlu heyvanlar tərəfindən maddi zərər dəymişdir. Cavabdehin malqarasının

13. nəzarətsiz buraxılması nəticəsində iddiaçıya ziyan vurulması onun məsuliyyətini yaradır.

14. Kollegiya ziyan məbləği ilə bağlı qeyd edir ki, Gədəbəy rayonunda fəaliyyət göstərən “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışda lobyanın hər 1 kiloqramının qiyməti 1.70-1.90 manat olmaqla, 800 kiloqram yaşıl lobyanın qiyməti 1360- 1520 manat göstərilmiş, arayışda göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası göstərilən rəyi, cavabdehin həmin rəyi şübhə altına alacaq əks-sübut təqdim etməməisini, rəydə göstərilən məbləğlərin ağılabatan olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçının ziyanın əvəzi kimi tələb etdiyi 1000 manat məbləğ ədalətlidir.

16. Məhkəmə kollegiyası tələbin vəkil xərcininin tutulması hissəsini əsaslı sayır. Belə ki, iddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etməli olmuş, buna görə 50 manat ödəniş etmişdir. İddia tələbi uğurlu olduğuna görə məhkəmə xərci də cavabdeh tərəfə aid edilməlidir.

17. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.

18. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamənin maddi ziyan tələbi ilə bağlı hissəsindən kassasiya şikayətinə yol verilmir.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Əsgərova Zülfiyyə Zahid qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Əsgərova Zülfiyyə Zahid qızından iddiaçı İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1000 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsum və 50 manat vəkil xərci, cəmi 1080 manat pul tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxdığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar