Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-260/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Babayeva Günay Vüqar qızının katibliyi, İddiaçının nümayəndəsi İsrafilli Ruslan Firdovsi oğlunun iştirakı ilə, İddiaçı “Xalq Bank” ASC-nin cavabdeh Əsgərov Toğrul Əliəkbər oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsindən iddiaçı “Xalq Bank” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, «Xalq Bank» ASC tərəfindən Əsgərov Toğrul Əliəkbər oğluna kreditdən istifadəyə görə illik 12% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə yəni 18.12.2026-cı il tarixədək 19.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 5.2-ci bəndinə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 faiz dərəcəsi ilə hesablanan penya ödəyir.
2. 22.10.2024-cü il tarixli, GNC-XO-22.10.2024-001 nömrəli xəbərdarlığın surətindən görünür ki, Əsgərov Toğrul Əliəkbər oğluna borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.
3. 18.12.2023-cü il tarixli, FJB2335202688186 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Əsgərov Toğrul Əliəkbər oğlu «Xalq Bank» ASCdən 19.402 manat 99 qəpik məbləğində pul vəsaitini qəbul etmişdir.
4. 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə verilmiş maliyyə arayışının surətindən görünür ki, Əsgərov Toğrul Əliəkbər oğlunun 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə «Xalq Bank» ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik, 23.10.2025ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.417 manat 18 qəpik, 23.10.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanmış penya qismində 548 manat 03 qəpik, cəmi 19.199 manat 78 qəpik təşkil edir.
5. Məhkəmə mühasibatlıq ekspertizasının 22.09.2025-ci il tarixli, 9/2976 nömrəli rəyindən görünür ki, Əsgərov Toğrul Əliəkbər oğlunun 18.12.2023- cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə «Xalq Bank» ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 16.205 manat 25 qəpik, 11.03.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.219 manat 41 qəpik, 29.04.2025-ci il tarixə (qərardadın tarixinə, 11.03.2025-ci il tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 108 manat 03 qəpik təşkil edir. 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə Əsgərov Toğrul Əliəkbər oğlunun «Xalq Bank» ASC-yə edilmiş ödənişləri nəzərə alınmaqla, 11.03.2025-ci il tarixdən 29.04.2025-ci il tarixədək ödənilməmiş əsas borca illik faiz dərəcəsi ilə 5 faizlə hesablanmış bir günlük faiz məbləği 2 manat 25 qəpik (bir aylıq faiz 2,25 x 30 = 67 manat 50 qəpik)) məbləğində müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı «Xalq Bank» ASC cavabdeh Əsgərov Toğrul Əliəkbər oğluna qarşı 18.12.2023cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik, 11.03.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.215 manat 82 qəpik, 11.03.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanmış penya qismində 47 manat 46 qəpik, cəmi 17.497 manat 85 qəpik, 11.03.2025-ci il tarixdən qətnamənin qəbul edilməsinə tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər və illik 5 faiz dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddianın dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik, 23.10.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.417 manat 18 qəpik, 23.10.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanmış penya qismində 548 manat 03 qəpik, cəmi 19.199 manat 78 qəpik, 23.10.2025-ci il tarixdən qətnamənin qəbul edilməsinə tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər və illik 5 faiz dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi İsrafilli Ruslan Firdovsi oğlu məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, «Xalq Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Əsgərov Toğrul Əliəkbər oğlu arasında bağlanmış 18.12.2023-cü il tarixli DKM/007N05A02899823 nömrəli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən T.Ə.Əsgəriva 36 ay müddətinə, illik 12 % dərəcəsi ilə 19.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci və 2.8- ci bəndlərinə əsasən cavabdeh T.Ə.Əsgərov həmin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin əsas hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, cavabdehin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik, 23.10.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.417 manat 18 qəpik, 23.10.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanmış penya qismində 548 manat 03 qəpik, cəmi 19.199 manat 78 qəpik təşkil edir. Bundan əlavə, cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % dərəcəsi penya da ödəməlidir.
9. Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsi ilə «Xalq Bank» Açıq Səhmdar Cəmiyyətinin iddianın qismən təmin edilməsi, Əsgərov Toğrul Əliəkbər oğlundan «Xalq Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 16.205 (on altı min iki yüz beş) manat 25 (iyirmi beş) qəpik, 11.03.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.219 (bir min iki yüz on doqquz) manat 41 (qırx bir) qəpik, 11.03.2025-ci il tarixdən 10.12.2025-ci il tarixədək kreditdən istifadəyə görə 12 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.432 (bir min dörd yüz otuz iki) manat 50 (əlli) qəpik, cərimə qismində 20 (iyirmi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 146 (bir yüz qırx altı) manat 63 (altmış üç) qəpik, cəmi 19.023 (on doqquz min iyirmi üç) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul vəsaitinin tutulması, «Xalq Bank» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməməsi, Əsgərov Toğrul Əliəkbər oğlundan məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Əsgərov Toğrul Əliəkbər oğlu 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 16.205 manat 25 qəpik, 11.03.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.219 manat 41 qəpik, 11.03.2025-ci il tarixdən 10.12.2025-ci il tarixədək kreditdən istifadəyə görə 12 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 1.432 manat 50 qəpik, cərimə qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740 və 462-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsindən iddiaçı “Xalq Bank” ASC apellyasiya şikayəti verərək, qətnaməsinin qismən – təmin edilməmiş hissələrdə (əsas borc və cərimə) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan normanın tələbinə görə, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin məhkəmə Bankın 548,03 manat məbləğində penya tələbini 528,03 manat məbləğində azaldaraq, cəmi 20 manat təmin etməklə bunun əksini etmişdir. Buradan da, göründüyü kimi, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını təsdiq edir. Qeyd etmək istəyirik ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi.
14. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi əsas borc məbləğinin (16234,57 manat) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22.09.2025-ci il tarixli, 9/2976 saylı ekspert rəyində göstərilən məbləğdən (16205,25 manat) çox olmasını nəzərə alaraq, ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasını, eyni zamanda qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız ekspert rəyində cavabdehin əsas borcunun 16205,25 manat təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Hesab edirik ki, məhkəmə ya Bank tərəfindən təqdim olunmuş 23.10.2025-ci il tarixli ərizədə göstərilən məbləğ həddində (16234,57 manat) əsas borcu təmin etməli, ya da ki, Bankın təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair 29.10.2025-ci il tarixli vəsatətini qismən təmin edərək, əsas borca münasibətdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi.
15. Apellyasiya şikayətinin verilməsinə görə 73,80 (yetmiş üç manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulsun.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İsrafilli Ruslan Firdovsi oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əsas borc məbləğindən narazıdırlar. Məhkəmə penya məbləğini də həddən çox azaltmışdır. 30 manat fərq vardır. İllik 5% hesablanmışdır. İstehlak krediti olmuşdur.
18. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
21. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
22. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.
24. Maddə 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
27. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir
32. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, «Xalq Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Əsgərov Toğrul Əliəkbər oğlu arasında bağlanmış 18.12.2023-cü il tarixli DKM/007N05A02899823 nömrəli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən T.Ə.Əsgəriva 36 ay müddətinə, illik 12 % dərəcəsi ilə 19.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin əsas hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. İddianın dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, iddiaçı 18.12.2023-cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik, 23.10.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.417 manat 18 qəpik, 23.10.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanmış penya qismində 548 manat 03 qəpik, 23.10.2025-ci il tarixdən qətnamənin qəbul edilməsinə tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər və illik 5 faiz dərəcəsi ilə hesablanan penya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 147 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, habelə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas borcun miqdarının düzgün hesablanmaması dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Bank əsas borcun əvəzi qismində 16.234 manat 57 qəpik tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 22.09.2025-ci il tarixli, 9/2976 nömrəli rəyindən görünür ki, Əsgərov Toğrul Əliəkbər oğlunun 18.12.2023cü il tarixli, DKM/007N05A02899823 nömrəli kredit müqaviləsi üzrə «Xalq Bank» ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 16.205 manat 25 qəpik hesablanmışdır. Xüsusi biliyə malik mütəxəsis tərəfindən hesablanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyinin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini sübut edən heç bir dəlil təqdim edilməmişdir. İddiaçı ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini mübahisələndirsə də, və yenidən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini tələb etsə də, rəyin mötəbərliyini şübhə altına alan əsasları göstərməmiş, əlavə heç bir sənəd və ya sübut təqdim etməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə pulunun tənasübsüz şəkildə azaldılması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə Bankın 548,03 manat məbləğində penya tələbini 528,03 manat məbləğində azaldaraq, cəmi 20 manat təmin etməklə qanunun tələbindən irəli gələn tənasüblüyü qorumuş, dəbbə pulunun miqdarını müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini, həmçinin də, cavabdehin mənafelərini nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Qanunvericiliyin tələblərinə əsasən, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Bank tərəfindən cavabdehə hesablanmış cərimə borcu yüksək olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsi borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, əsas və faiz borcuna adekvat məbləğdə, yəni cavabdehdən 20 manat məbləğində cərimə tutulması qənaətinə gəlməkdə, ədalətli və məqsədəmüvafiq olmuşdur.
45. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti (apellyasiya şikayətində mübahisələndirilən hissədə) beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsindən iddiaçı “Xalq Bank” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 10.12.2025-ci il tarixli, e-2(125)-2433/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.