Məhkəmə qərarları › İş №2(3-7)-314/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-314/2026

20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-314/2026 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə iddiaçı İddiaçı(bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh qızna (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, cavabdehə 2024-cü ilin mart ayında 1500 manat, 2024-cü ilin aprel ayında isə 1300 manat olmaqla, cəmi 2800 manat borc pul vermişdir. Cavabdeh həmin borcu ona qaytarmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qudası (qızının qaynanası) olan cavabdehə 2024-cü ilin mart ayında 1500 manat, aprel 2024-cü il tarixdə isə 1300 manat olmaqla, cəmi 2800 manat borc pul vermişdir. Mart ayında verdiyi 1500 manatı Gəncə şəhərinin Azərittifaq deyilən ərazisində vağzal istiqamətinin sağ tərəfində, 1300 manatı isə həmin ərazinin sol tərəfində küçədə vermişdir. Cavabdeh borcunu 3-4 aya qaytaracağını vəd etmişdir. Cavabdeh borcunu qaytarmadığı üçün o, polis şöbəsinə şikayət etmişdir. Araşdırma zamanı toplanmış materiallarda heç bir cinayət əməli və inzibati xətanın tərkib hissəsi olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehə hər iki halda pulu verərkən X2 onun yanında olub. Həmin şəxs də onun dediklərini təsdiqləyə bilər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. O, pulu qohumluqlarına görə başqalarından alıb ona vermişdir. Cavabdeh pulu qaytarmadığından pis vəziyyətdə qalmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia təmin edilərək, cavabdehdən 2800 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmiş və iddiaçının ona 1-ci dəfə 1500 manat, daha sonra isə sələmə 1300 manat borc verdiyini etiraf etmişdir. Məhkəmədə iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onlar, yəni bir neçə nəfər, o cümlədən İddiaçı lotoreya oynayırdılar. Pulu isə həmişə o toplayırmış. 2024-cü ilin mart ayında, bir gün İddiaçı ondan xahiş etmişdir ki, toplanmış 1500 manatı ona versin. Belə ki, Əntiqənin qudası İlhamə ondan xahiş edib ki, ona borca 1500 manat pul versin. Əntiqə də ondan xahiş edib ki, bu dəfə pulu ona versin o da 1500 manatı Əntiqəyə verib. Onun gözünün qarşısında İddiaçı həmin məbləğdə pulu cavabdehə vermişdir. Daha sonra 2024-cü ilin aprel ayında, İddiaçı cavabdehə daha 1300 manat borc verməsinin şahidi olmuşdur. Məhkəmədə iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlə onun (iddiaçının) arasında olan səs yazıları dinlənilmiş, cavabdeh danışıqların onunla iddiaçı arasında aparıldığını etiraf etmiş və danışıqlarda cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Məhkəmə, tərəflərin məhkəmədə verdikləri izahatları və şahid ifadəsini dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, irəli sürülən iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Şəhər Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 742.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və 690 manat məbləğində borcun ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 2023-cü ilin sentyabr ayında iddiaçının qızı Günay cavabdehin oğlu Sərxan ilə öz razılıqları ilə könüllü ailə qurub cavabdehin evinə gəlmişlər. Həmin vaxtdan iddiaçının cavabdeh ilə münasibətləri yaranmış və bir-birilərinin ailəsini tanımışlar. Belə ki, iddiaçı cavabdehi evinə çağıraraq ona təkidlə bildirmişdir ki, qızına toy etsinlər. Cavabdeh maddi imkanın olmadığını bildirmiş, iddiaçı isə toyun xərcinin yarısını ödəyəcəyini bildirmişdir. Cavabdeh toya 3000 manat məbləğində pul xərcləmiş, onun yarısını iddiaçı cavabdehə vermişdir. 2024-cü ilin mart ayında cavabdeh Sərxanın ailə işi ilə əlaqədar iddiaçıdan 1300 manat məbləğində borc pul götürmək məcburiyyətində qalmışdır. Cavabdeh 1300 manat borc puldan ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 155 manat, ##.##.2024-cü il tarixdə 155 manat və 150 manat olmaqla, cəmi 610 manatını terminal vasitəsi ilə iddiaçının kartına göndərmişdir və cavabdehin iddiaçıya 700 manat borcu qalmışdır. Cavabdehin oğlu ilə iddiaçının qızı boşandıqdan sonra iddiaçı cavabdehdən borc verdiyi 1300 manat borcunu istəmiş və ondan polis şöbəsinə şikayət vermişdir. İddiaçı polisə cavabdehin ona əlavə olaraq ona 1500 manat pul borclu olduğu barədə heç bir şikayət etməmişdir. Bu, iddiaçının polis şöbələrinə vermiş olduğu ərizə və izahatı ilə də təsdiq olunur. İşə baxan məhkəmə düzgün qənaətə gəlməmişdir. Belə ki, qətnaməni oxuduqdan sonra cavabdehə məlum olmuşdur ki, məhkəmə iclas protokolu natamam tərtib edilmiş və bəzi məqamlar isə təhrif edilmişdir. Məhkəmə iclasında “1300 manat pulu iddiaçıdan sələm kimi almışam və 4 ay ardıcıl olaraq pulu ödəmişəm” ifadəsi təhrif edilərək, cavabdehin iddiaçıya 1300 manat borcunun olduğunu etiraf etdiyi kimi qeyd edilmişdir. Bundan başqa “iddiaçı mənə zəng edib. 1500 manat pulu onun verməyini və qalanını mənim düzəldərək toy eləyək” cümləsi “iddiaçıdan 1500 manat borc almışam” kimi qeyd edilmişdir. Halbuki, iddiaçı 1300 manatı cavabdehə sələmə verib, onu da cavabdeh 4 ay ərzində qaytarıb. 1500 manat pul isə cavabdehə borc kimi verilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı bildirir ki, cavabdehə 2024-cü ilin mart ayında 1500 manat, 2024cü ilin aprel ayında isə 1300 manat olmaqla, cəmi 2800 manat borc pul vermişdir. Cavabdeh həmin borcu ona qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 1300 manat borc aldığını inkar etmir. Həmin borcdan iddiaçıya 610 manat ödəniş etdiyini, 1500 manat pulu isə iddiaçının ona borc kimi deyil, uşaqlarının toy xərci olaraq verdiyini bildirir. Göstərilənlərlə bağlı Məhkəmə bildirir ki, cavabdeh 1300 manat borcdan 610 manat ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə görə borcun qaytarıldığını iddia edən tərəf həmin halı sübut etməlidir. İş materiallarında borcun ödənilməsi kimi qəbul edilə biləcək yazılı sənəd, bank sənədi, təyinatı göstərilən köçürmə və ya iddiaçının borcun qismən ödənilməsini qəbul etməsi ilə bağlı etirafı mövcud deyildir. Bu səbəbdən cavabdehin “610 manat qaytarmışam” iddiası yalnız şəxsi izahat xarakteri daşıyır və sübut hesab oluna bilməz. Cavabdeh 1500 manatın toy xərci kimi verildiyini bildirsə də, bunu təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Əksinə həmin məbləğin cavabdeh tərəfindən alındığı işin mübahisəsiz halıdır. Pul vəsaitini alan tərəf onun borc olamdığını iddia edirsə, bunu sübut etməlidir. Cavabdeh isə bu yükü yerinə yetirə bilməmişdir. Göründüyü kimi, sübutetmə yükünü daşımasına baxmayaraq, cavabdeh iddianın əsassız olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü və icra etmədiyi öhdəlik mövcuddur, cavabdehin iddiaçıya 2800 manat məbləğində borcu var və o, həmin borcu iddiaçıya ödəməlidir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsaslıldır. Şəhər Məhkəməsi iddianı tam həcmdə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar