Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-350/2026 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Arayışdan görünür ki, X1 rayon Meşəçilik qəsəbəsində yaşayır.
2. AA seriyalı №****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 məcburi köçkün statusu verilmişdir.
3. BD****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **KP*** dövlət qeydiyyat nişanlı, VAZ 21106 minik markalı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixindən İddiaçı mülkiyyətindədir.
4. ##.##.2025-ci il tarixli Qüsur Aktından görünür ki, İddiaçı mülkiyyətində olan **KP*** dövlət qeydiyyat nişanlı, VAZ 21106 minik markalı nəqliyyat vasitəsinə 12 Mart 2025ci il tarixdə baxış keçirilən zaman baxış zamanı avtomobilin ön lonjeronları, bokavinləri, mühərrik, asqı sistemlərinində qüsurlar aşkarlanmışdır. Avtomobilin sazlanması üçün xidmət və ehtiyat hissələrinin dəyəri 1853 manat dəyərində qiymətləndirilmişdir.
5. ##.##.2025-ci il tarixli ****** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı avtomobilə baxış üşün 50 manat xidmət haqqı ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Hüseyin oğlundan 1853 maddi zərər, əldən çıxmış faydaya görə 100 manat, cəmi 1953 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olmaqla müvəqqəti olaraq Bərdə rayon Alaçadırlı kəndində müvəqqəti məskunlaşmışdır. ##.##.2023 -cü ildə Cavabdeh Hüseyin oğlundan VAZ LADA markalı 210108 markalı avtomobili 4400 manata razılaşıb almışdır. Onların şərti ondan ibarət olmuşdur ki, avtomobildə heç bir texniki problemlər olmasın. Ancaq bir müddət keçdikdən sonra avtomobilin motorunda və alt hissəsində problemlər baş verməyə başlamışdır. Cavabdeh öz tanıdığı Elşən adlı ustanın yanına aparmışdır. Həmin ustanın özünə məxsus sexi vardır. Usta onlara bildirmişdir ki, avtomobilin motorunda nasazlıqlar olduğu üçün maşın yenidən yığılmalıdır və bu motorla avtomobili idarə etmək olmaz. O, çarəsiz vəziyyətdə qalaraq avtomobilin motoruna 1200 manat maddi vəsait xərcləmişdir. Bir müddət keçdikdən sonra avtomobilin surətlər qutusunda nasazlıqlar başlamışdır. Surətlər qutusu ümumilikdə dəyişməlidir. Surətlər qutusunu dəyişmək üçün 300 manat vəsait lazımdır. Həmçinin avtomaşının qabaq və alt hissəsi bərbad gündədir. Təxminən 400 manat təmir xərci üçün vəsait lazımdır. O, cavabdeh 1 ildən artıqdır ki, xahiş etməkdən yorulmuşdur. Hər dəfə ona yalan vədlər verir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.F.Abdullayev) iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, mübahisələndirdiyi avtomobili cavabdehdən aldığı zaman, yəni 2023-cü ildə təmir etdirmişdir. Lakin məhkəməyə təqdim edilən Qüsur Aktından isə görünür ki, həmin avtomobil 2025-ci ildə baxışdan keçirilmiş və qüsurları müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının mülkiyyətində olan avtomobilin alındığı zaman qüsurlu olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hal bəhs edilən tələbin əsaslığına şübhə yaradır.
10. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının ifadəsi ilə təqdim etdiyi sübutlar arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olduğundan, iddia tələbi təmin oluna bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına, Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 567, 568.2, 581.1, 581.2, 581.4, 582.1-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 4, 14.2, 77.1, 77.3, 78.2, 107, 119.1, 185.5, 217.3, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bərdə rayon sakini Cavabdeh Hüseyin oğlu ona VAZ LADA 2108 markalı avtomobili 4400 manata satmışdır. Ancaq bir müddət keçməsinə baxmayaraq, avtomobilin motorunda və alt hissəsində texniki nasazlıqlar baş vermişdir. Cavabdeh öz tanıdığı Elşən adlı ustanın yanına avtomobili aparıblar. Usta bildirib ki, motorda nasazlıqlar olduğu üçün maşın yenidən yığılmalıdır. Çarəsiz qalaraq, 1200 manat avtomobilin yığılmasına xərc çəkmişdir. Avtomobilin sürətlər qutusuna 300 manat və digər hissələri bərbat olduğu üçün 400 manat təmir xərci sərf etmişdir. O, cavabdehə 1 ildən artıqdır ki, xahiş etməkdən yorulmuşdur. Aldığı avtomobillər nasaz olduğu üçün həyətində qeyriişlək vəziyyətdə qalmışdır. Cavabdeh günahkar olduğu üçün məhkəmə iclasına bilərəkdən gəlib iştirak etməmişdir. Məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və orada göstərilənlərə uyğun izahat verərək, qüsur aktının əslində 2024-cü ilin fevral ayında tərtib olunduğunu, yazıda səhvlik olduğunu bildirdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, pul tələbini qəbul etmir, 1850 manat məbləğini ödəməyə razı deyil. İddiaçıdan avtomobili götürüb, başqa avtomobil ilə əvəz etməklə barışığı təmin edə biləcəyini bildirdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materiallarının təhlilindən müəyyən olunur ki, iddiaçı 2023-cü il tarixində cavabdehdən VAZ LADA 2108 markalı avtomobil satın almışdır. Bir müddətdən sonra, nəqliyyat vasitəsini texniki baxış üçün ustaya aparmış və avtomobilin müəyyən ehtiyyat hissələrində nasazlıqların olduğu aşkar edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək, avtomobildə yaranmış nasazlıqlar üçün ödədiyi 1853 manat xərcin və əldən çıxmış faydaya görə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir.
24. İş materiallarına əlavə edilən ##.##.2025-ci il tarixli Qüsur Aktından görünür ki, İddiaçı mülkiyyətində olan **KP*** dövlət qeydiyyat nişanlı, VAZ 21106 minik markalı nəqliyyat vasitəsinə 12 Mart 2025-ci il tarixdə baxış keçirilən zaman baxış zamanı avtomobilin ön lonjeronları, bokavinləri, mühərrik, asqı sistemlərinində qüsurlar aşkarlanmışdır. Avtomobilin sazlanması üçün xidmət və ehtiyat hissələrinin dəyəri 1853 manat dəyərində qiymətləndirilmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi sübut yetərsizliyi səbəbindən təmin edilməmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işin hallarına əsasən iddiaçı tərəfindən cavabdehdən nəqliyyat vasitəsinin alınması zamanı avtomobilin ehtiyyat hissələrində nasazlıqların olmasını sübut edəcək dəlil təqdim edilməmişdir.
27. Belə ki, qüsur aktının tərtib olunma tarixi də avtomobilin iddiaçı tərəfindən satın alınmasından müəyyən müddət keçdikdən sonra texniki baxış keçirildiyini və müvafiq ehtiyyat hissələrində nasazlıqların olduğunu əks etdirir.
28. İddiaçı qüsur aktında qeyd olunan tarixdən əvvəl avtomobili texniki baxış üçün ustaya apardığını bildirsə də, bu halı sübut edəcək dəlil məhkəməyə təqdim olunmamışdır.
29. Bununla yanaşı, məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçıdan mübahisə predmeti olan avtomobili başqa bir avtomobil ilə əvəz etməklə, aralarındakı münasibətdə barışığı təmin edə biləcəyini bildirmişdir.
30. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
32. Həmçinin qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.