Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-4/2026 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.900 manat məbləğində əsas borc, özgəsinin pul vəsaitinin qanunsuz saxlamaqla ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə 100 manat olmaqla, ümumilikdə 12.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında dostluq münasibəti olmuş, cavabdeh onun yanında işləmək qarşılığından ondan 11.000 manat borc pul istəmişdir. Tərəflər Asan xidmət Notariat kontoruna gedərək 2024-cü il 17 may tarixində borc müqaviləsini rəsmiləşdirmişlər. Müqavilədə cavabdeh iddiaçıya hər ay 1000 manat pul verəcəyini qeyd etmişdir. Cavabdeh müqavilədən sonra iddiaçıya 4100 manat pul ödəmişdir. İddiaçı cavabdehlə qohumluq əlaqələri olduğu üçün ona vaxt baxımından güzəştlər etmiş, lakin sonradan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi borc müqaviləsinin 9-cu bəndinə görə tərəflər arasında mübahisə məhkəmə qaydasında həll edilməlidir. Bərdə Rayon Məhkəməsinin hazırki qərardadı onun konstitusion hüquqlarını məhdudlaşdırır. Şərh olunanlara əsasən hesab edirə ki, hazırki qərardad ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə baxan birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, xx.xx.2024-cü il tarixli Borc Müqaviləsinin şərtlərinə əsasən İddiaçı cavabdehdən borc verilmiş pulu borclunun qeydiyyatda olduğu ünvanda faaliyyət göstərən notariat ofisinə müracət edərək icra qeydi əsasında tələb etməlidir. Kollegiya məhkəmənin baxılan iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıda göstərilənləri qeyd edir. Belə ki, məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 4.2-ci maddəsinə əsasən Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X2rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Belə ki, iş materiallarında İddiaçı ilə Cavabdeh arasında bağlanmış iş vərəqə 5-də olan xx.xx.2024-cü il tarixli Borc Müqaviləsinin 9-cu bəndində görünür ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Baxılan iş üzrə borc müqaviləsində icra qeydi borclunun qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərən notarias ofisi tərəfindən aparılması göstərilsədə, bu hal işə məhkəmə qaydasında baxılmasına maneçilik törətmir. Göründüyü kimi hazirki tələbə məhkəmədə mülki iddia qaydasında baxılması üçün hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 261, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2(021)-3683/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-4/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-4/2026
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver