Məhkəmə qərarları › İş №2(3-7)-405/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-405/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-405/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh İsmayılov Faiq Dəmir oğlunun və onun nümayəndəsi (vəkil) Vəkil İltifat oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Faiq Dəmir oğluna qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Faiq Dəmir oğlunun nümayəndəsi (vəkili) Vəkil İltifat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İsmayılov Faiq Dəmir oğlunun İddiaçı məxsus (RX № ******* seriyalı çıxarışla) Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün çıxarılması qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ## ###### 2018-ci il tarixli “icra işinin icraatına xitam verilməsi” barədə qərardan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli icra sənədinin icraatına icra işi başa çatdığına görə xitam verilmişdir.

4. “xxxx” MMC tərəfindən verilmiş *** saylı, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, 2019-2025-ci illlər ərzində iri kartofun bir kiloqramının qiyməti 0.85-0.95 qəpik olmaqla 5.280 kiloqram kartofun qiyməti 4488-5016 manat təşkil edir.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş ##.##.2025-ci il tarixli, məktub və ona əlavə edilmiş məlumatdan görünür ki, 0,06 ha torpaq sahəsindən 2019- 2025-ci illər üzrə cəmi 5290 kiloqram kartof bitkisi əldə etmək olar.

Birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh İsmayılov Faiq Dəmir oğlundan ona vurulmuş maddi zərərə görə 4.800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla 0.06 ha torpaq sahəsi onun mülkiyyətindir. Həmin torpaq sahəsinin hamısını İsmayılov Faiq Dəmir oğlu qanunsuz olaraq zəbt etmiş və istifadə etmişdir. Buna görə o torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunsa da, cavabdeh onu 6 ildir ki, həmin torpaq sahəsindən istifadə etməyə qoymur və qanunsuz olaraq həmin torpaq sahəsindən istifadəni davam etdirir. Bir il ərzində 0.06 ha torpaq sahəsindən 1 ton kartof çıxır. Kartofun 1 kiloqramının qiyməti orta hesabla 80 qəpikdir. Cavabdeh ona 6 il ərzində 4.800 manat maddi ziyan vurmuşdur.

8. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın təmin edilməsi, İsmayılov Faiq Dəmir oğlundan vurulmuş maddi ziyana görə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı iddia ərizəsində göstərdiyi Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən torpaq sahəsindən Gədəbəy Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə çıxarılması qət edilsə də, cavabdeh hazırki vaxta qədər həmin torpaq sahəsindən istifadə edir və iddiaçının həmin torpaq sahəsindən istifadəsinə imkan vermir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən təqdim edilmiş məlumata əsasən, mübahisəli 0,06 ha torpaq sahəsindən 2019-2025-ci illər üzrə cəmi 5.290 kiloqram kartof bitkisi əldə etmək olar. “xxxx” MMC tərəfindən verilmiş *** saylı, ## ###### 2025-ci il tarixli arayışda qeyd edilən qiymətlərin yuraxı həddi əsas götürülməklə hesablama apardıqda 2019-2025-ci illər üzrə əldə edilə biləcək 5.290 kiloqram kartof bitkisindən 5.025,50 manat (5.290x0,95 = 5.025,50) gəlir əldə etmək mümkün olardı. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində qeyd edilən məbləğdə əldən çıxmış faydaya görə zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1097-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103, 110 və 111-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

11. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Faiq Dəmir oğlunun nümayəndəsi (vəkili) Vəkil İltifat oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ## ###### 2018-ci il tarixli “icra işinin icraatına xitam verilməsi” barədə qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli icra sənədinin icraatına icra işi başa çatdığına görə xitam verilmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı İddiaçı cavabdeh İsmayılov Faiq Dəmir oğlunun mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən 2019-2025-ci il tarixədək istifadə etməsini sübut etməlidir. Mülki iş materiallarında İsmayılov Faiq Dəmir oğlunun mübahisəli torpaq sahəsindən istifafə etməsinə dair hər hansı mötəbər sübut yoxdur. Məhkəmə qətnamənin əsaslandırma hissəsində göstərir ki, cavabdeh Faiq İsmayılov iddia tələbinə münasibətdə torpaq sahəsindən istifadə etməsini bildirmişdir. Qeyd olunan izahatın verilib-verilməməsinin müyyənləşdirilməsi üçün ##.##.2026-cı il tarixdə cavabdeh tərəfindən protokola qeyd verilməsinə dair ərizə təqdim edilmişdir. Cavabdeh Faiq İsmayılovun torpaq sahəsindən istifadə etməməsini və bunu məhkəmədə bildirməsini Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə baxmaqla müəyyən etmək olar. Məhkəmə qətnaməsinin tərəflərin mövqeyi hissəsində göstərilir ki, cavabdeh İsmayılov Faiq Dəmir oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi 1985-ci ildən onun istifadəsinə verilmişdir. O, uzun müddətdir ki, həmin torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsinə görə 2016-cı ilə qədər vergi ödənişləri etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin torpaq sahəsindən uzun müddətdir istifadə etməsi izahatını 2019-2025-ci illər kimi başa düşülməsi düzgün yanaşma deyildir. Belə ki, cavabdeh konkret olaraq bildirir ki, 1985-2016-cı illər ərzində torpaq sahəsini istifadə etmiş, bunun təsdiqi olaraq 2016-cı il tarixədək torpağa görə ödənişlər etmişdir. Sual yaranır: Cavabdeh torpaq sahəsindən 2019-cu ildən 2025-ci ilədək istifadə etmişdirsə, niyə iddiaçı bir neçə il öncə məhkəməyə müraciət etməmişdir? İşin mübahisə olunmayan halı odur ki, mübahisəli torpaq sahəsi ##.##.2018-ci il tarixdə iddiaçının sahiblik və istifadəsində olmuşdur. İstinad icraata xitam verilməsi haqqında qərar. Tərəflərindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi uzun illərdir ki, istifadə edilmir. Gədəbəy Rayonu, Qaraməmmədli Bələdiyyəsinin ##.##.2026ci tarixli, ** nömrəli məktubundan görünür ki, mübahisəli ərazi 2016-cı il tarixdən istifadəsiz qalmışdır. Gədəbəy RİH başçısının Novosarotovka kənd İƏD üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli, 5-44/2-13/2026-cı il tarixli arayışından görünür ki, yer mübahisəli olduğu üçün son illər əkilmir. Məhkəmə kollegiyası tərəfindən araşdırılma hal odur ki, torpaq sahəsinin istifadə edilməməsində cavabdeh Faiq İsmayılovun təqsiri varmı, əgər varsa nədən ibarətdir. Apellyasiya şikayətinə əlavə edəcəkləri foto şəkillərdən görsənir ki, mübahisəli torpaq sahəsi hasara alınmışdır. Həmin hasar Faiq İsmayılovun torpaq sahəsi ilə sərhədləri müəyyən edir. İddiaçı qərəzli şəkildə torpaq sahəsindən istifadə etməmişdir. Onun torpaq sahəsində istifadə etməməsinin təqsirkarı Faiq İsmayılov ola bilməz. Əgər torpaq sahəsindən iddiaçnın istifadəsinə maneə olan haı olmuş olsaydı, iddiaçının 2 alternativ imkanı vardır. Bir icra sənədini yenidən icraya yönəltmək üçün məhkəməyə müraciət və ya hal-hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək. İddiaçı nədənsə 5 il ərzində yuxarıda qeyd olunan hüquqlarından istifadə etməmişdir. Əgər iddia eləyirsə ki, 2019-2025-ci illər ərzində cavabdeh torpaq sahəsindən istifadə edilməsinə maneçilik törətmişdir. 2025-ci ilədək hüquqlarının müdafiəsi üçün etdiyi müraciətlərlə bağlı sənədləri məhkəməyə təqdim etməli idi.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Faiq Dəmir oğlunun nümayəndəsi (vəkili) Vəkil İltifat oğlu apellyasiya şikayəti ilə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ilə qədər torpaq istifadəsində olmuşdur. 2017-ci ildə Gədəbəy Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi çıxarılmışdır. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş ## ###### 2018-ci il tarixli “icra işinin icraatına xitam verilməsi” barədə qərarı ilə Gədəbəy Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2017-ci il tarixli icra sənədinin icraatına icra işi başa çatdığına görə xitam verilmişdi. 2019-2025-ci illərdə cavabdeh mübahisəli torpaqdan istifadə etməmişdir. 2016-cı ilə qədər istifadə etmişdir. 2016-cı ildən sonra istifadə etməsi ilə bağlı sübut yoxdur. Bələdiyyə ilə bağlı sənədlər təqdim etmişik ki, mübahisəli torpaq sahəsindən heç kim istifadə etmir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Faiq Dəmir oğlu apellyasiya şikayəti ilə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı ona cərimə yazdırmışdır. Onun ağaclarını kəsdirmişdir. Torpaq sahəsinə çıxarış almağa maneələr yaratmışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2016-cı ildə dövlət tərəfindən ona torpaq sahəsi verilmişdir. 2016-cı ildən o torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahəsini hasar çəkmişdir. 2020-ci ildə hasar çəkmişdi. Qapı yerini dağıtmışdır. Cavabdehin verdiyi ziyana görə cərimə olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehin özü torpaq sahəsindən istifadə edir. Torpaq sahəsindən 2019-2025-ci ilə qədər torpaq sahəsindən istifadə edə bilmir. Ona maneələr yaradır, onu torpağından istifadə etməyə qoymur. Cavabdeh istifadə edir, ona dair çəkilişləri vardır. Kartof bitkisi əkmişdir. 4800 manatı 6 il müddətində istifadə etdiyi üçün istəyir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

23. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

24. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə;

25. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

26. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

31. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindənbütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

40. Məhkəmə kollegiyasının iclasında tərəflərin qarşılıqlı izahatları və iş materialları müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla 0.06 ha torpaq sahəsi onun mülkiyyətindir. Həmin torpaq sahəsinin hamısını İsmayılov Faiq Dəmir oğlu qanunsuz olaraq zəbt etmiş və istifadə etmişdir. İddiaçı torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin ## #### 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunmuşdur. Hazırki iş üzrə iddiaçı iddia etmişdir ki, cavabdeh onu 6 ildir ki, həmin torpaq sahəsindən istifadə etməyə qoymur və qanunsuz olaraq həmin torpaq sahəsindən istifadəni davam etdirir. Bir il ərzində 0.06 ha torpaq sahəsindən 1 ton kartof çıxır. Kartofun 1 kiloqramının qiyməti orta hesabla 80 qəpikdir. Cavabdeh ona 6 il ərzində 4.800 manat maddi ziyan vurmuşdur.

41. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Lakin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin torpaq sahəsindən 2019-cu ildən 2025-ci ilədək istifadə etməsi iş materialları ilə sübuta yetirilmir. İddiaçı cavabdehin həmin torpaq sahəsindən 2019-cu ildən istifadə etdiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübutunu kollegiyaya təqdim edə bilməmişdir.

42. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Gədəbəy RPŞ TB-nin ##.##.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Gədəbəy rayon, Novo Saratovka kənd sakini İddiaçı ##.##.2023-cü ildə DİN “102” xidmətinə məlumat verərək, Faiq İsmayılov adlı şəxsin onun sahəsindəki daş hasarı sökməsi və onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- **/**** saylı qərarı ilə İsmayılov Faiq Dəmir oğlu İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni, 500 manat cərimə inzibati tənbehi təyin edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə maddi ziyana görə Faiq İsmayılovdan İddiaçı xeyrinə 268.30 manat pulun tutulması qət edilmişdir. Kollegiya tərəfindən həmin qərarlar qəbul edilərkən tərəflərin verdikləri izahatlar da tədqiq edilmişdir.

43. Göründüyü kimi, iddiaçı İddiaçı hüquqlarının pozulması ilə bağlı 2023-cü ildə müraciət etmiş, 2024-cü ildə Gədəbəy Rayon Məhkəməsində müvafiq araşdırmalar aparılmışdır. Qeyd olunan qərarlar qanuni qüvvəsini almışdır. Bununla da 2023-2024-cü illər ərzində cavabdehin iddiaçını torpaq sahəsindən istifadə etməyə imkan verməməsi və qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə etməyə iddiaçıya maneəçilik yaratması təsdiqni tapmışdır.

44. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslxxxxaq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, bir il ərzində 0.06 ha torpaq sahəsindən 1 ton kartof çıxır. Kartofun 1 kiloqramının qiyməti orta hesabla 80 qəpikdir. Cavabdeh ona 6 il ərzində 4.800 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş ##.##.2025-ci il tarixli, məktub və ona əlavə edilmiş məlumatdan görünür ki, 0,06 ha torpaq sahəsindən 2019-2025ci illər üzrə cəmi 5290 kiloqram kartof bitkisi əldə etmək olar. “xxxx” MMC tərəfindən verilmiş *** saylı, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, 2019-2025-ci illlər ərzində iri kartofun bir kiloqramının qiyməti 0.85-0.95 qəpik olmaqla 5.280 kiloqram kartofun qiyməti 4488-5016 manat təşkil edir.

46. Müəyyən edilmiş qiymətləri nəzərə alan məhkəmə kollegiyası iddia tələbini əsas götürməklə, hesab edir ki, 2023-2024-cü illər ərzində cavabdeh iddiaçıya 1600 manat məbləğində maddi ziyan vurmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etsə də, həmin normaların tətbiqində düzgün olmayan nəticəyə gəlmiş, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

48. Həmçinin, kollegiya qeyd edir ki, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Faiq Dəmir oğlunun nümayəndəsi (vəkili) Vəkil İltifat oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsmayılov Faiq Dəmir oğlundan vurulmuş maddi ziyana görə 1.600 (bir min altı yüz) manat məbləğində pul və ödənilmiş manat dövlət rüsumunun əvəzinin 46 (qırx altı) manat hissəsi tutulub, iddiaçı İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar