Məhkəmə qərarları › İş №2(3-7)-414/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-414/2026

08.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-414/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) Məmmədov İbrahim Alim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8314 (səkkiz min üç yüz on dörd) manat 17 (on yeddi) qəpik, ##.##.2025-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7294 (yeddi min iki yüz doxsan dörd) manat 96 (doxsan altı) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara heç bir etiraz bildirməmişdir.

2. ##.##.2021-ci il tarixli, 900 V-d saylı Əmrdən görünür ki, Cavabdeh adminstrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. ##.##.2025-ci il tarixli ***-x saylı əmrlə işdən azad edilmişdir.

3. ## ######## 2025-ci il tarixli yoxlama nəticələrinə dair maliyyə arayışından görünür ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8279 (səkkiz min iki yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-ə ümumilikdə 8279 (səkkiz min iki yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik borcu qalmaqdadır.

4. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Sabunçu RPİ-nin 15-ci PBnin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, vətəndaş X1 ##.##.2025-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində mentor administrator vəzifəsində işlədiyi “Oba” marketdən oğurluq edilməsi barədə məlumat verimişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixində, saat təxminən 13 radələrində Zabrat-4 adlı “Oba”marketin müdiri Cavabdeh zəng edərək işlədiyi marketdən əvvəl oğurluq edən şəxsi tutduğunu bildirmişdir.

5. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Sabunçu RPİ-nin 15-ci PBnin ## ###### 2024-ci il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh müraciət edərək ##.##.2024-cü il tarixində, saat təxminən 19 radələrində administrator vəzifəsində çalışdığı Bakı şəhəri, Zabrat qəsəbəsində çalışdığı “Oba” marketdən oğurluq olmasını aşkar etdiyini bildirmişdir.

6. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Sabunçu RPİ-nin 15-ci PBnin ## ######## 2024-ci il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh müraciət edərək ##.##.2024-cü il tarixində, saat təxminən 19 radələrində “Oba” marketin müşahidə kamerasına baxan zaman müştəi qismində marketə daxil olan şəxsin Anko yağları oğurladığını aşkar etdiyini bildirmişdir.

7. İddiaçı tərəfindən Oba-Zabrat4 mağazasına ərzaq mallarının alqı-satısı ilə bağlı qaimə-fakturaların olduğu iki ədəd kağız qovluq təqdim edilmişdir.

8. Sənədlərdən görünür ki, iddiaçı 53 manat dövlət rüsumu və 60 manat mediyasiya xərci ödəmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı MMC Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət edib İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8279 (səkkiz min iki yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 53 (əlli üç) manat məbləğin cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

10. İddiaçı İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanılmış ##.##.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. O, ##.##.2021-ci il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və onunla “X2” haqqında müqavilə imzalanmışdır. O, ##.##.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə İddiaçı MMC-nin “OBA Zabrat 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdeh Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. ##.##.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8314 (səkkiz min üç yüz on dörd ) manat 17 (on yeddi) qəpik, ##.##.2025-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 7294 (yeddi min iki yüz doxsan dörd) manat 96 (doxsan altı) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8279 (səkkiz min iki yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik borc qalmışdır. Beləliklə, cavabdehin hazırda İddiaçı MMC-ə ümumilikdə 8279 (səkkiz min iki yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin ##.##.2025-ci il tarixində ərizə ilə mediasiya təşkilatına müraciət olunmuş, lakin heç bir barışıq əldə edilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X2 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş edir.

11. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 8279 manat 11 qəpik maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan 113 manat alınaraq, İddiaçı MMC-ə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh X4 təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya 8279 manat 11 qəpik maddi ziyan vurulmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh X4 8279 manat 11 qəpik manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan 53 manat, mediyasiya xərci 60 manat alınaraq, iddiaçı İddiaçı MMC-ə oğluna verilməlidir.

13. Məhkəmə öz mövqeyini "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1, 14.2.6., 14.2.7, 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla bildirmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli, 900 V-d saylı Əmrdən görünür ki, Cavabdeh MMC-də administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. ##.##.2025-ci il tarixli ***-x saylı əmrlə isə işdən azad edilmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırır ki, guya İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və guya kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Bu yerdə Kollegiyanın diqqətinə çatdırılır ki, cavabdeh Cavabdeh işdən ##.##.2025-ci il tarixdə müqavilə müddətinin başa çatması əsası ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə) işdən azad edilmiş, işlədiyi dövrdə isə heç bir əmək funksiyasının pozuntusuna yol verməmişdir. İddiaçı isə iddia ərizəsində cavabdehin guya ##.##.2024-cü il tarixdə və ##.##.2025- ci il tarixdə mağaza sayımı zamanı kəsr gələn malların mövcud olduğunu, cavabdehin də guya buna heç bir etirazı olmadığını qeyd etmişdir. Halbuki, hər iki “xxxx” MMC-nin inventarizasiya komissiyasına ünvanlanmış ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli İltizamlardan görünür ki, həmin iltizamlar kəsr gələn malların etirafı ilə bağlı yox, cavabdeh Cavabdeh sadəcə və sadəcə sayımda iştirak etdiyini təsdiq edir. Əlavə olaraq, həmin iltizamlarda olan əlyazmalardan da görünür ki, orada sadəcə “sayımda sona qədər iştirak etdim, sayım uyğun keçdi və.s” məzmunlu qeydlər mövcuddur, hansı ki, bu hal etirafedici hal kimi qəbul edilib qiymətləndirilə bilməz. Digər yandan, mağaza sayımı zamanı kəsr yarandığını iddia edən İddiaçı MMC tərəfindən Cavabdeh iştirakı olmadan tərtib edilmiş Aktlardan da görünür ki, heç birində sonuncunun imzası yoxdur, həmin kəsrlərin məhz cavabdehin təqsiri nəticəsində yarandığını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə isə qətnaməsində iddiaçının formal dəlilinə əsaslanmaqla, hərtərəfli, obyektiv araşdırma aparmadan sadəcə sözügedən əsassız “sübut” adı altında təqdim edilmiş inventarizasiya aktına və maliyyə arayışına əsaslanmış və iddianı təmin etmişdir. Xüsusilə vurğulamaq istəyir ki, əvvəla, birinci instansiya məhkəməsi iddiaçının əsassız dəlillərinə qiymət verərkən nəzərə almamışdır ki, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçı tərəfindən iddia olunan məbləğdə malın cavabdehə və ya marketin anbarına təhvil verilib-verilməməsi, həmin malın kimin tərəfindən, hansı qaydada, formada təhvil alınması, marketin malı anbardan hansı qaydada, formada götürməsi və sair hallar aydınlaşdırıldıqdan sonra, cavabdehin bu məsələdə təqsirli olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu məqsədlə mübahisəli dövrlər ərzində iddiaçı tərəfindən cavabdehə satış üçün və ya saxlanılması üçün qaimə ilə və ya təhvil-təslim aktları ilə hansı miqdarda və ya çeşiddə mal-materialın verilməsi, iddiaçı tərəfindən iddia olunan məbləğdə malın marketin anbarına və ya mağazada başqa bir şəxsə təhvil verilibverilməməsi, həmin malın kimin tərəfindən, hansı qaydada və formada təhvil alınması, Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq iddaçının ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehdən hazırkı mübahisəli məsələyə dair yazılı izahatın alınıb-alınmaması, həmçinin, mübahisəli dövrlər ərzində cavabdehin müdiri və ya digər vəzifələrdə işləyib-işləməməsi barədə məlumatlar əldə edilməli idi. Qeyd edilməlidir ki, cavabdehin bəhs edilən yoxlama aparılmasından məlumatlı olması və bəzi malların çatışmamasına dair iltizamlarla bağlı qeyd edilməlidir ki, həmin iltizamlarda heç bir əksik məbləğ göstərilməmişdir. Odur ki, məbləğ göstərilmədiyi halda cavabdehin həmin iltizamlara qol çəkməsi, onun iddiada göstərilmiş məbləği qəbul etməsi anlamına gələ bilməz. Belə ki,iltizamda hər hansı məbləğ göstərilməmiş və ümumiyyətlə həmin iltizamların hansı şəraitdə imzalanması da müəyyən edilməmişdir. Yəni, əgər cavabdeh iltizama imza edirsə onda akt da imzalaya bilərdi. Bundan başqa, işəgötürən maddi ziyan və əksik mallarla bağlı cavabdeh tərəfin izahatını almamış, onun fikrini öyrənməmişdir. Həmçinin, özü-özlüyündə işçidə hər hansı sərvətin, malın faktik surətdə əskik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Maddi ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəəmaddi sərvətlərin yoxlanılmasını aparmağa borcludur və ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlərlə (təhvil-təslim aktları, elektron qaimələr, fakturalar və sair) təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması, işçinin maddi məsuliyyətə cəlb olunmasını istisna edir.

16. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahat verərək bildirmişdir ki, iddia ərizəsində cavabdehin guya ##.##.2024-cü il tarixdə keçirilən mağaza sayımı zamanı kəsr yaranan malların mövcudluğu barədə cavabdehin hər hansı etirazı olmadığı qeyd olunmuşdur. Halbuki, iş materiallarında kəsr yaranan malların etirafı ilə bağlı sübut mövcud deyildir. Habelə mağaza sayımı zamanı kəsr yarandığını iddia edən İddiaçı MMC tərəfindən Cavabdeh iştirakı olmadan tərtib edilmiş aktlardan da görünür ki, heç birində cavabdehin imzası yoxdur və həmin kəsrlərin məhz cavabdehin təqsiri nəticəsində yarandığını təsdiq edən hər hansı mötəbər sübut da mövcud deyildir. İddiaçı müəssisə heç bir audit yoxlaması həyata keçirmədən şəxsi mülahizələri üzrə hesablama apararaq həmin məbləğin kəsr olduğunu tələb etsə də onun yaranma səbəbini əsaslandıra bilmir. Əlavə olaraq, iş materiallarında mövcud olan iltizamlarda cavabdehin sadəcə sayımda sona qədər iştirak etdiyi və sayımın düzgün həyata keçirildiyi qeyd olunmuşdur ki, bu hal da etiraf kimi qəbul edilib qiymətləndirilə bilməz. Onu nəzərinizə çatdırım ki, cavabdeh nümunəvi işçi kimi mağazada oğurluq faktı aşkar edərək bölgə rəhbəri Natəvan xanıma polisə müraciət etmək barədə məlumat verməsinə baxmayaraq rəhbərliyin etinasız yanaşması səbəbindən vətəndaş olaraq özü fərdi şəkildə polisə müraciət etmiş və araşdırmalar nəticəsində 15 oğurluq faktının video görüntüləri aşkar edilmişdir. Mal sayımının ## ###### 2024 - cü il tarixində həyata keçirilməsinə baxmayaraq cavabdehin əmək müqaviləsinə ## #### 2025 -ci il tarixində xitam verilmişdir. Əgər sayımda uyğunsuzluq aşkar edilmişdisə iddiaçı cavabdeh barəsində intizam tənbehi tədbirləri həyata keçirməli olduğu halda bunu etməmişdir.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilən iclasına şahid qismində cəlb edilən X5 izahat verərək bildirdi ki, İddiaçı MMC - nin Zabrat filialındakı OBA * saylı mağazada satıcı - kassir vəzifəsində çalışır. Cavabdeh Cavabdeh əvvəl onun müdiri olmuşdur və hal - hazırda həmin mağazada fəaliyyətini davam etdirir. Qeyd edir ki, mağaza magistral yol kənarında yerləşdiyinə görə mallar əsasən gecə vaxtı mağazanın qabağına boşaldılır bəzən isə gündüz saatlarında az miqdarda mal gətirilirdi. Gecə növbəsi gətirilən malları gecə növbəsində çalışan satıcı təhvil alır. Mağaza 24 saat fəaliyyət göstərir və mühafizəçi mövcud deyildir. Mallar gecə mağazanın önünə boşaldılarkən təhvil sənədi təqdim edilir və malı təhvil alarkən gecə növbəsində çalışan əməkdaş sənədi imzalayır və ya sadəcə möhür vurulur. Müdir səhər işə gələnədək yol kənarındakı mallar vitrinə yığılmış vəziyyətdə olur. Müdir səhər işə gələndə malları təhvil almış əməkdaş vitrinə yığılmış mallar barədə şifahi formada müdirə məlumat verir. Növbə dəyişməsi zamanı malın faktura sənədi səhər növbəsini təhvil alan satıcı və ya müdirin özünə təqdim edilir amma bununla bağlı hər hansı sənəd imzalanmır. Gündüz gələn mallar az miqdarda olduğuna görə satıcı və ya müdir özü təhvil alarkən mallar tam yoxlandıqdan sonra qəbul edilir amma gecə 1 nəfər əməkdaş çalışdığı üçün malları yoxlamaq mümkün olmur. Qida məhsulları və digər tez xarab olan mallar gündüz saatlarında mağazaya təhvil verilir. Yuyucu məhsullar, düyü və un məmulatları gecə saatlarında mağazaya gətirilir. Gecə saatlarında dəyişkən hava şəraiti olduqda və ya mağazaya müştəri gəldikdə 1 nəfər əməkdaşın yeni gələn mallara nəzarət etmək imkanı fiziki cəhətdən mümkün olmur. Sayım həyata keçirilən zaman əməkdaşlar sayımda iştirak etmir və kənardan audit mütəxəssisləri dəvət olunmadan sadəcə rəhbərlik nümayəndələrinin təmsil olunduğu sayım qrupu ilə malların inventarizasiyası həyata keçirilir. Dəqiq tarix yadımda deyil amma təxminən 2024 - cü ildə 1 ilə yaxın müddət həmin mağazada çalışmış və hazırda da orada fəaliyyət göstərir. 230 kv/m ölçüsü olan mağazada cəmi 4 - 5 nəfər əməkdaş çalışırdı və işçi sayı az olduğuna görə oğurluq halları tez - tez baş verirdi, hətta bir neçə dəfə özü oğurluq faktını aşkarlamışdır. Ona görə mallarda kəsr yaranmasının səbəbi oğurluq ilə əlaqədardır. Mağaza anbarının ölçüsü kiçik olduğuna görə mallar yol kənarına boşaldılırdı.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X2i

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X2 daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

26. İşin hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri olmuşdur və hazırkı mübahisə də, əmək münasibətlərindən yaranan mübahisədir. Cavabdeh ##.##.2020-ci ildə satıcı-kassir vəzifəsinə qəbul olunmuş, ##.##.2021-ci ildə administrator vəzifəsinə keçirilmiş, onunla X2 haqqında müqavilə imzalanmış, ##.##.2025-ci ildə işdən azad edilmişdir. İddiaçı tələbində bildirir ki, ##.##.2024-cü il və##.##.2025-ci il tarixlərində inventarizasiyalar aparılmış və müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli inventarizasiya üzrə 8314 manat, ##.##.2025-ci il tarixli inventarizasiya üzrə 7294 manat cavabdehin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulmuşdur. Ümumilikdə cavabdehdən 8279 manat pul tələb edilir.

27. ## ###### 2025-ci il tarixli, *** nömrəli inventarizasiya siyahısında cavabdeh Cavabdeh adının olduğu imza qrafası imzalanmamış, inventarizasiyanın nəticələrinə dair ##.##.2024-cü il tarixli aktda da Cavabdeh adı qarşısında imza mövcud deyil. ##.##.2024-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh yoxlama işçi qruğu tərəfindən öhdəsində olan malların yoxlanıldığını imzası ilə təsdiq etmiş, həmin iltizamda “malda səhvlik aşkar olundu” qrafası boş saxlanılmışdır.

28. ## #### 2025-ci il tarixli, *** nömrəli inventarizasiya siyahısında cavabdeh Cavabdeh adının olduğu imza qrafası imzalanmamış, inventarizasiyanın nəticələrinə dair ##.##.2025-ci il tarixli aktda da Cavabdeh adı qarşısında imza mövcud deyil. ##.##.2025-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh yoxlama işçi qruğu tərəfindən öhdəsində olan malların yoxlanıldığını imzası ilə təsdiq etmiş, həmin iltizamda “malda səhvlik aşkar olundu” qrafası boş saxlanılmışdır.

29. İşin hallarından o da müəyyən edilir ki, iddiaçı tərəfindən əlavə audit yoxlamaları aparılmamışdır.

30. İşə baxan birinci instansiya məhkəməsi delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsaslanaraq iddianın təmin edilməli olması qənaətinə gəlmişdir. Belə ki, qeyd edilmişdir ki, cavabdehin hüquqazidd əməlinə görə iddiaçıya maddi ziyan vurulmuşdur.

31. Kollegiya işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı tələb dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında X2 haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı inventarizasiya aktlarına istinad edərək, cavabdehdən maddi zərərin tutulmasını xahiş etmiş, cavabdeh iddianı qəbul etməyərək iddiaçıya zərərin vurulmasına görə hər hansı təqsirinin olmadığını bildirmişdir.

32. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddəyə görə belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; ) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır.

33. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir.

34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir.

35. Hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçı tərəfindən iddia olunan məbləğdə malın cavabdehə təhvil verilib-verilməməsi, həmin malın kimin tərəfindən, hansı qaydada, formada təhvil alınması, marketin malı anbardan hansı qaydada, formada götürməsi və sair hallar aydınlaşdırıldıqdan sonra, cavabdehin bu məsələdə təqsirli olub-olmamasına hüquqi qiymət verilməlidir.

36. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçı MMC-nə məxsus mağazada işlədiyi dövrdə mağazadan oğurluq hadisələrinin olması barədə üç dəfə - ##.##.2024-cü ildə, ##.##.2024-cü ildə və ##.##.2025-ci ildə polisə müraciət etmiş, onun müraciəti əsasında araşdırmalar aparılmışdır. O da müəyyən edilir ki, oğurluqların baş verdiyi tarixlər inventarizasiya keçirilən tarixləri əhatə edir. Bu oğurluq hadisələri ilə bağlı iddiaçı MMC tərəfindən vurulmuş ziyanın müəyyən edilməsi istiqamətində aktlaşdırmanın aparılması və ya hər hansı digər hərəkətlərin edilməsi müəyyən edilmir.

37. Bundan başqa, iş üzrə dindrilən şahidin (o hazırda da iddiaçı MMC-yə məxsus mağazada işləyir) izahatından müəyyən edilir ki, mağazaya malların əsas hissəsi gecə vaxtlarında, qeyri-iş saatlarında gətirilir və bəzən də böyük həcmdə olduğuna görə mağazanın qarşısına yığılır. O da müəyyən edilir ki, gecə vaxtı gətirilən mallarla bağlı təhvil-təslim aparılmır, yalnız günüz vaxtlarında iş saatları ərzində mağazaya gətirilən nisbətən kiçik həcmli mallarla bağlı sənədləşmələr aparılır. İddiaçı tərəf də məhz günüz saatlarında gətirilən həmin mallarla bağlı qaiməfakturaları

38. məhkəmə kollegiyasına iddianın əsaslılığını sübut edən dəlil kimi təqdim etmişdir. Eyni zamanda, flyaş kartda təqdim edilən videogörüntülərdən də, malların gecə vaxtı mağazanın bayır tərəfinə yığıldığını görmək olar.

39. Kollegiya qeyd edir ki, iş üzrə şahidin ifadəsinə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Belə ki, şahid ifadəsini şübhə altına ala biləcək əks-sübutlar təqdim edilməmiş, şahidin də ifadə verərkən tərəflərdən hər hansı birinə qərəz və ya təəsübkeşliyi müəyyən edilmir. O da nəzərə alınır ki, şahid hazırda da iddiaçı MMC də çalışır.

40. Belə olan halda, cavabdehin iş saatları ərzində gətirilməyən, ona təqdim edilməyən və onun tərəfindən təhvil alınmayan malların əskik gəlməsinə görə məsuliyyəti Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtləri ilə təsdiq edilmir.

41. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin iddiaçı MMC-yə işlədiyi dövr ərzində maddi ziyan vurması halı təsdiq edilmir. Eyni zamanda cavabdehin öz imzası ilə göstərilən ziyan məbləğini qəbul etməsi də müəyyən edilmir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tаrixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıdan tutularaq cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar