Məhkəmə qərarları › İş №2(3-7)-42/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-42/2026

06.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-42/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Şirinova Şahnavat Islam qızına qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavadeh Şirinova Şahnavat Islam qızı və onun etibarnamə üzrə nümayəndəsi (qızı) X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Şirinova Şahnavat Islam qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Şirinova Şahnavat Islam qızına borc qismində 5760 manat dəyərində 144 qram qızılın toy xərclərini qarşılaması üçün verdiyini bildirib.

a)Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Şirinova Şahnavat Islam qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 144 qram qızılın və ya 5760 manat dəyərinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Cavabdeh bacısı oğlunun toyunun səhərisi qızılların dəyərini ödəmək şərti ilə 5760 manat dəyərində 144 qram qızıl vermiş, lakin sonuncu üzərinə götürdüyü öhdəliyi pozmuş və qaytarmaqdan imtina etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Şəmkir Rayon Məhkəməsinin ## #### 2016-cı il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə (hakim M.Mustafayev) iddia təmin edilərək, cavabdeh Cavabdeh 144 qram qızıl və ya 5760 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

5. Cavabdeh Şirinova Şahnavat Islam qızı ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və tərəflərin iştirakı ilə işə baxılmasını xahiş, Şəmkir Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə həmin məhkəmənin ## #### 2016-cı il tarixli, *(***)-****/**** nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 427.3, 442, 567, 599.1, 599.3, 600.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə zidd çıxarılmışdır. Işin digər halları ilə yanaşı şahid ifadələri sübut kimi qiymətləndirilməmiş və məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

11. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əvvəllər Gəncə Univermaqda qızıl satışı ilə (satıcı kimi) məşğul olmuş və həmin vaxtlar cavabdehə nisyə qızıll vermiş, sonuncuda öz növbəsində sonradan aldığı qızılların pulunu qaytarmışdır. 2015-ci ildə işdən çıxdıqdan sonrada cavabdehə yenidən ümumi çəkisi 148 qram olan müxtəlif adda qızılları (üzük, sırğa, kommplektlər və sair) nisyə vermiş, lakin Şahnabat götürdüyü öhdəliyi yerinə yetirməmiş, qızılların pulunu qaytarmaqdan imtina etmişdir. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavadeh Şirinova Şahnavat Islam qızı apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, 2009-cü ildə iddiaçıdan dəyəri 3000 manat olan bir dəst badam formalı komplekt almış, 1500 manat həmin vaxt, qalan 1500 manatı isə sonradan hissə-hissə ödəmişdir. Iddiaçı ilə aralarında 5760 manat dəyərində 144 qram qızıla dair nisyə alğı-satqı olmamışdır. Cavadeh Şirinova Şahnavat Islam qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavadeh Şirinova Şahnavat Islam qızının etibarnamə üzrə nümayəndəsi (qızı) X1 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Şirinova Şahnavat Islam qızına 2009-cu ildə 5760 manat dəyərində ümumi çəkisi 144 qram olan qızılları sonuncunun bacısı oğlunun toyunun səhərisi günü qaytarmaq şərtilə nisyə verdiyini, Cavabdeh isə götürdüyü qızılları və ya onların dəyərini qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

35. Kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.

36. Iddiaçı İddiaçı iddia ərizəsində 2009-cu ildə cavabdehə 5760 manat dəyərində 144 qram çəkidə qızılları nisyə verdiyini qeyd etsədə, lakin apellyasiyta icraatı zamanı izahatında bildirmişdir ki, 2015-ci ildə satıcı işlədiyi qızıl mağazasından işdən çıxdıqdan sonra cavabdehə 5760 manat dəyərində 148 qram çəkidə qızıl (üzük, sırğa, komplekt və sair qızıllar) nisyə vermişdir.

37. Cavabdeh tərəf isə apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, yalnız 2009cu ildə 3000 manat dəyərində bir dəst badam formalı komplekti iddiaçıdan almış, 1500 manat alış günü, 1500 manat isə sonradan hissə-hissə ödəmişdir.

38. Iddiaçı İddiaçı da cavabdeh Şahnavat Şirinovaya 3000 manat dəyərində badam formalı komplekt satdığını etiraf edərək bildirmişdir ki, əslində həmin komplekti 2008-ci ildə satmışdır və onun bu mübahisəyə aidiyyəti yoxdur.

39. Göründüyü kimi hazırkı mübahisə iddia ərizəsində qeyd olunan 5760 manat dəyərində, ümumi çəkisi 144 qram olan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə nisyə satılması ilə bağlıdır. Buna münasibətdə isə kollegiya qeyd edir ki, ümumiyyətlə iddiaçı İddiaçı cavabdeh Şahnavat Şirinovaya qarşı belə bir tələb irəli sürsədə, lakin istinad etdiyi halları sübut edə bilmir. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında yalnız 3000 manat dəyərində badam formalı komplektin alğı-satqısı sübut olunur ki, (baxmayaraq ki, həmin məmləğin bir hissəsi nağdı, qalan hissəsi isə sonradan ödənilmişdir) bu da hazırkı mübahisənin predmetini təşkil etmir.

40. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi və üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar