Məhkəmə qərarları › İş №2(3-7)-431/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-431/2026

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-431/2026 13.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 25 noyabr 2025-ci il tаrixli, 2(125)-767/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin 25 noyabr 2025-ci il tаrixli, 2(125)-767/2025 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin( bundan sonra - MPM) tələblərinə görə, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1 və 363.1.2). İş materiallarından görünür ki, apellyasiya şikayəti verilərkən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddianın qiyməti 13.350 manatdır. Dövlət rüsumunun hesablanması kalkulyatorunda aparılan hesablamaya əsasən müəyyən edilir ki, iddia tələbinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 130,5 manat olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələblərinə görə isə apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 65,25 manat (130,5:2) məbləğində olmalıdır. Beləliklə müəyyən olunur ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin 25 noyabr 2025-ci il tаrixli, 2(125)-767/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar