Məhkəmə qərarları › İş №2(3-7)-443/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-443/2026

30.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-443/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İsmayılov Həbib İsmayıl oğlunun nümayəndəsi (oğlu) İsmayılzadə İsmayıl Həbib oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İsmayılov Həbib İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılov Həbib İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ## ###### 2016-cı il tarixli TT******* nömrəli qəbzin surətindən görünür ki, İsmayılov Həbib İsmayıl oğlu Cavabdeh hesabına 1008 (min səkkiz) manat məbləğində pul köçürmüşdür.

2. Bakı şəhəri Xəzər Rayon Prokurorluğu tərəfindən Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisinə ünvanlanmış ## #### 2025-ci il tarixli məktubdan görünür ki, İsmayılov Həbib İsmayıl oğlunun Cavabdeh aldığı torpaq sahəsinin digər şəxsə satılması barədə Bakı Şəhər Prokurorluğuna daxil olmuş müraciəti Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir.

3. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin ## ###### 2005-ci il tarixli *** nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin ərazisində 1200 kvadratmetr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün vətəndaş Cavabdeh istifadəsinə verilmişdir.

4. ## ###### 2025-ci il tarixli 7E-**** reyestr nömrəli etibarnamədən görünür ki, etibarnamə üzrə Cavabdeh İsmayılov Həbib İsmayıl oğluna faktiki istifadəsində olan Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kvadratmetr torpaq sahəsinin 200 kvadrat metrsahəsindən təyinatı üzrə istifadə etməyi, təyinatını dəyişdirməyi və s. hərəkətlər etməyi etibar etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İsmayılov Həbib İsmayıl oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 9 (doqquz) il müddətində ona dəyən 20000 (iyirmi min) manat maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılamsını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ikinci dərəcəli Qarabağ müharibəsi əlilidir. 2016-cı ildə Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidən 3250 (üç min iki yüz əlli) manata iki sot torpaq sahəsi almış, yalnız sonradan məlum olmuşdur ki, torpaq sahəsi ayrı bir şəxsə məxsus imiş və o, səhhəti ilə bağlı Tərtər rayonundan Bakı şəhərinə tez-tez gəlib-gede bilmədiyinə görə həmin şəxs onun torpaq sahəsini dələduzluq edib verməmiş və etibarnamə üzrə nümayəndəsi təyin etdiyi oğlu işi ilə əlaqədar Bakı şəhərində Albalılıq ərazisində yaşamağa getdikdən sonra həmin şəxsdən torpaq sahəsini təleb etmiş ve hemin şəxs Cavabdeh Bakı şəhəri Xəzər rayonu Albalılıq ərazisindən 2025-ci ildə iki sot torpaq sahəsi vermiş, yalnız vəd etdiyi kimi hasara alınmış şəkildə deyil, hasarsız şəkildə vermişdir. Sonra məlum olmuşdur ki, torpaq sahəsinin bir qismini yenə də öz tanışı Ramid adlı şəxsə satıb və bu şəxslər tanış olduqları üçün torpaq sahəsini ümumi ələ keçirmək istəyirlər. Yalnız torpaq sahəsinin bir qismi də neft fondunun ərazisidir və üstəlik torpağa aid verdiyi sənəd də saxta sənəddir. Oğlu Baş Prokurorluğa ərizə ilə müraciət etmiş, prokurorluq isə ərizəni Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə işə baxılması və araşdırılması üçün yönləndirmişdir. Lakin həmin qurumda işə baxılmır, nə də ki araşdırılmır. Bu səbəbdən ikinci dərəcəli Qarabağ əlili kimi məhkəməyə müraciət edir.

7. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq iddiaçı İsmayılov Həbib İsmayıl oğlunun xeyrinə 3250 (üç min iki yüz əlli) manat, həmçinin iddiaçıya məxsus pul vəsaitini doqquz il ərzində qanunsuz əldə saxlamağa görə 1462,50 manat, cəmi 4712,50 (dörd min yeddi yüz on iki manat-50 qəpik) manat məbləğdə pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 4712,50 manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, yəni həmin hissədə 2016-cı ildə iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pulun alınması və həmin pulun keçən müddət ərzində cavabdehdə olması ilə bağlı hissədə iddia etiraf olunduğundan, həmin hissədə təmin edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin ona 20.000 manat məbləğində maddi ziyan vurduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim etməmişdir. Bununla belə, cavabdeh Cavabdeh iddiaçıya qeyri-rəsmi satdığı torpaq sahəsinin müqabilində iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pul aldığını etiraf etmişdir.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

10. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılov Həbib İsmayıl oğlu apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın 20.000 manat həcmində təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onu 2016-cı ildən bəri aldatmışdır. Saxta sənədlərlə başqasına məxsus torpağı ona satmış, 9 il ərzində pulunu qanunsuz özündə saxlamasını etiraf etmişdir. Ötən 9 il ərzində pulun dəyərdən düşməsi nəticəsində ona dəyən zərər cəmi 3250 manatdan ibarət deyildir. O, 2-ci Qarabağ müharibəsi əlilidir. Cavabdeh onun səhhəti ilə bağlı vəziyyətindən istifadə edərək, bu illər ərzində ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ddiaçı İsmayılov Həbib İsmayıl oğlunun nümayəndəsi (oğlu) İsmayılzadə İsmayıl Həbib oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini atasına Cavabdeh vermişdir. 2016-cı ildə 3000 manata satın almış, 250 manata çəpər çəkdirmişdir. Sonra məlum olmuşdur ki, torpaq sahəsi əslində başqa şəxsə məxsusdur. Cavabdeh onlara deyirdi ki, narahat olmayın, tezliklə onların torpağını verəcəklər. Sənədli torpaq deyildi, etibarnamə əsasında almışdıq. Torpağın yarısını istifadə edə bilmirik. Neft fondunun torpağına düşür.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 0.06 ha torpaq sahəsi olmuşdur. 3000 manat almışam. 250 manat sonra verdi. Torpaq sahəsi hazırda heç kəsə satılmamışdır. Torpaqlar bölünən zaman az qaldı. 18 kv.m çatışmadı. İddiaçı da razı olmadı. Aldığı 3250 manat pulu qaytarmağa razıdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ildə Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidən 3250 (üç min iki yüz əlli) manata iki sot torpaq sahəsi etibarnamə əsasında almış, lakin sonradan tərəflər arasında olan razılaşma pozulmuşdur. Cavabdeh Cavabdeh iddiaçıdan 3250 (üç min iki yüz əlli) manat pul almasını qəbul edir və qaytarmağa razı olduğunu bildirir. Amma iddiaçı Həbib İsmayılov ziyanın çox olduğunu cavabdehin hərəkətləri nəticəsində ona 20.000 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir.

31. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

32. Kollegiya qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə cavabdeh Cavabdeh tərəfindən iddiaçı Həbib İsmayılova 3250 (üç min iki yüz əlli) manat dəyərində maddi zərər vurulması və bunun nəticəsində cavabdehin həmin məbləğdə əsassız varlanması təsdiqini tapır. Hazırda da cavabdeh həmin məbləğdə ziyanı ödəməyə razı olduğunu bildirir.

33. Apellyasiya şikayətinin dəlillərində iddiaçı ziyanın 20.000 manat həcmində olduğunu qeyd etsə də, bununla bağlı heç bir sübutunu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPMin 77.1, 88, 217.4-cü maddələri).

34. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsmayılov Həbib İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar