Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-463/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İmranzadə İlhamə Həzi qızına qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh İmranzadə İlhamə Həzi qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Nisyə dəftərindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən həmin dəftərdə “İlhamənin aldığı malın cəmi dəyəri 929 manatdır” sözləri yazılmışdır.
2. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025–ci il tarixli, 2(076)– 3441,**** saylı qətnaməsindən görünür ki, cavabdeh Aslanova Rəna İdris qızından 4.462 manat pulun və 67 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh İmranzadə İlhamə Həzi qızına qarşı 929 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhərində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. 2024-cü ilin sonlarına kimi geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh İmranzadə İlhamə Həzi qızını anası Rəna Aslanovanın vasitəsilə bir neçə ildir ki, tanıyır. Belə ki, Rəna Aslanova ilə aralarında ailəvi gediş–gəliş olmuşdur. Rəna Aslanova daim ondan nisyə geyim əşyaları almış, hissə–hissə pulunu qaytarmışdır. Həmçinin, onun qızı İlhamə də ondan nisyə geyim əşyaları almış, hissə–hissə pulunu qaytarmışdır. Lakin sonradan nə Rəna, nə də qızı İlhamə nisyə aldıqları malın dəyərini tam şəkildə ödəməmişlər. Hazırda cavabdehin 2024–cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyərinə görə 929 manat borcu vardır. Dəfələrlə telefon vasitəsilə pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdeh İmranzadə İlhamə Həzi qızından 929 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Z.M.Allahyarov) iddia təmin edilməmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh İlhamə İmranzadənin 2024–cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyəri olan 929 manat məbləğində pulu qaytarmamasını iddia etmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ona qarşı irəli sürülmüş iddianı qəbul etməmişdir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırmışdır.
6. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab etmişdir ki, tərəflər arasında 929 manat məbləğində geyim əşyalarının nisyə satılmasına dair müqavilə bağlanması müəyyən edilməmişdir. Belə ki, iddiaçı 929 manat məbləğində geyim əşyalarını cavabdehə nisyə satdığını iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, heç bir sübuta dayanmayan formal mülahizə əsasında iddianı əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə irəli sürülmüş iddianı qəbul etməmişdir.
7. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı məhkəməyə nisyə dəftərindən çıxarış və səs yazıları olan CD disk təqdim etsə də, həmin nisyə dəftərindən çıxarışda cavabdehin nisyə alğı–satqı ilə bağlı hər hansı öhdəlik götürməsinə dair qeyd yazılmamış və ya imzalanmamışdır. CD diskdəki səslərin isə məhz cavabdehə məxsus olması müəyyən edilməmişdir. Nəzərə alınsa ki, CD diskdəki səslər məhkəmə tərəfindən dinlənilmiş, lakin oradakı səsin cavabdehə məxsus olması, habelə cavabdehin iddiaçıdan 929 manat məbləğində geyim əşyalarını nisyə alması ilə bağlı etirafedici səsləri müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da iddiaçının 929 manat məbləğində geyim əşyalarını cavabdehə nisyə satması iş materialları ilə təkzib edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 425.1, 442, 448.2, 600.1, 600.4 -cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007–ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997–ci il tarixli qərarının 50– ci bəndinə, “Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəmkir şəhərində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. O, 2024-cü ilin sonlarına kimi geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh İmranzadə İlhamə Həzi qızını anası Rəna Aslanovanın vasitəsilə bir neçə ildir tanıyır. Belə ki, Rəna Aslanova ilə arasında ailəvi gedişgəlişi və münasibəti olmuşdur. Rəna Aslanova daim ondan nisyə olaraq geyim əşyaları almış və hissə-hissə pulunu qaytarmışdır. Həmçinin, onun qızı İlhamə də ondan nisyə olaraq geyim əşyaları almış və hissə-hissə pulunu ödəmişdir. Lakin, sonradan nə Rəna Aslanova, nə də qızı İlhamə nisyə aldıqları malın dəyərini tam şəkildə ödəmədilər. Hazırda İmranzadə İlhamə Həzi qızının 2024- cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyərinə görə 929 manat borcu vardır. O, dəfələrlə telefon vasitəsilə ondan pulunu tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək, onun pulunu verməkdən imtina edir və öldürməklə hədələyir. Ona görə də İlhamə İmranzadəyə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəməyə İlhamə İmranzadə ilə səs yazılarını və nisyə dəftərini təqdim etsə də, iddia tələbi əsassız olaraq rədd edildi. Məhkəmə qətnaməsində səs yazılarının cavabdehə məxsus olmasının müəyyən edilmədiyi nəticəsinə gəlmişdir. Halbuki cavabdehlə aralarında olan səs yazılarından açıq-aydın bilinir ki, həmin səs yazıları İlhamə İmranzadəyə məxsusdur. Lakin məhkəmə mən təqdim etdiyi sübutları düzgün və hərtərəfli tədqiq etmədən iddia tələbini rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. İşə baxılması ilə bağlı cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129.İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Maddə 129.II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşdən görünən odur ki, iddiaçı cavabdehdən 929 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edərək bildirmişdir ki, cavabdeh müxtəlif vaxtlarda ondan nisyə qaydasında geyim malları almış, lakin həmin malların dəyərini ödəməmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və sübutları Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun qiymətləndirmişdir.
21. Belə ki, MPM-in sübutetmə yükünü müəyyən edən normalarına əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də cavabdehin iddiaçı qarşısında 929 manat məbləğində borc öhdəliyinin yaranması və həmin öhdəliyin icra edilməməsi faktını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
22. İddiaçı tələbinin əsası kimi nisyə dəftərində aparılmış qeydlərə istinad etmişdir. Lakin həmin dəftərdəki qeydlər yalnız iddiaçı tərəfindən aparılmış, cavabdehin imzası və ya onun həmin qeydlərlə razılaşdığını təsdiq edən hər hansı qeyd mövcud olmamışdır. Həmçinin qeydlərin cavabdehin iştirakı ilə aparıldığı və ya onun tərəfindən qəbul edildiyi müəyyən edilməmişdir. Buna görə də həmin dəftər birtərəfli qaydada tərtib edilmiş sənəd kimi qiymətləndirilməli və təkbaşına borc öhdəliyinin mövcudluğunu təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz.
23. Kollegiya nəzərə alır ki, nisyə dəftərində geyim məhsullarının adları və məbləğlər göstərilsə də, həmin məhsulların faktiki olaraq cavabdehə verilməsini təsdiq edən hər hansı qəbz və ya digər yazılı sübut iş materiallarında mövcud deyildir.
24. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş səs yazıları məhkəmə iclasında araşdırılmışdır. Həmin yazıların məzmunundan cavabdehin iddia olunan 929 manat məbləğində borcunun olmasını etiraf etdiyi müəyyən edilməmişdir. Səs yazılarında cavabdehin konkret məbləğdə borcunun qalmasını qəbul etməsi və ya həmin borcu ödəmək öhdəliyini təsdiqləməsi öz əksini tapmamışdır. Buna görə də həmin səs yazıları iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
25. Beləliklə, iş üzrə toplanmış sübutlar cavabdehin iddiaçıdan 929 manat dəyərində geyim almasını və həmin məbləğdə borcunun yaranmasını kifayət qədər təsdiq etmir. Məhkəmə qənaətə gəlir ki, iddiaçı istinad etdiyi halları qanunla nəzərdə tutulmuş sübutetmə standartına uyğun şəkildə sübuta yetirə bilməmişdir.
26. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri ilə uzlaşır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya bunu da qeyd etməyi zəruri hesab edir ki, burada əsas vurğu onadır ki, nisyə dəftəri birtərəfli sübutdur, cavabdehin imzası yoxdur, geyimlərin verilməsi başqa sübutlarla təsdiqlənmir və səs yazılarında borcun etirafı yoxdur. Bu arqumentlər belə işlərdə iddianın rədd edilməsi üçün kifayət hesab olunur.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Həmçinin qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmasına görə qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.