Məhkəmə qərarları › İş №2(3-7)-464/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-464/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-464/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehlər Rəsulov İdris Tərlan oğlu və cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Rəsulov İdris Tərlan oğluna və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2025-ci il tarixli “xxxx” MMC-nin tərəfindən verilmiş rəydən görünür ki, belə texniki göstəricilərə malik istifadə olunmuş borunun bugünkü bazar qiyməti təxminən 18-22 manat arasında qiymətlər dəyişir, orta bazar qiyməti 20 manat dəyişir. 5 metr uzunluğunda, 250 mm diametrində, istifadə olunmuş "Osinkov" (nikel) borunun bazar dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunan qiymət müvafiq bazar araşdırmaları və beynəlxalq qiymətləndirmə standartları nəzərə alınmaqla müəyyən edilmişdir.

2. ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, şikayət əsasında ifadə vermiş Rəsulov İdris Tərlan oğlu öz ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Abbaslı kəndinin ərazisində Bacısı cavabdeh1, Xaliq adlı kənd sakini və İddiaçı torpaq sahələri qonşu olmuşdurlar. Təxminən 25 il əvvəl isə Namiq atası Firuddin Ələkbərov sağ olan zaman Xaliqin torpaq sahəsindən keçən dəmir su boruları çəkdirmişdir. Həmin boruların hər biri 5 metr uzunluğunda, 200 mm-lik diamterlik ölçülərdə olmuşdurlar. Lakin saylarını tam olaraq bilmir. Həmin zamanlarda Namiqlə qardaşı olan bacısının əri Asiman arasında boruların sonradan kimin torpaq sahəsinə keçirilməsi ilə bağlı mübahisələr yaranmışdır. Firuddun Ələkbərov rəhmət getdikdən sonra belə bu mübahisələr dayanmamış və borular da Xaliqin ərazisində qalmışdır. 2018-ci ildə Xaliqlə onlar arasında olan söhbət zamanı boruların çıxarılması barədə öz aralarında razılaşmış, bacısı da kömək olaraq onu çağırmış və boruları çıxardıb Gülnazın ərazisinə keçirtmişdirlər. O da fəhlə kimi pulunu almışdır. Lakin bacısı və Namiqlə aralarında pul mübahisələri hələ də bitmir. Borular çıxan zaman isə Namiq Rusiya Federasiyası ərazisində idi və 2020-ci ildə öz torpaq sahəsini X4 adlı şəxsə satmışdır. Bu vaxta qədər isə heç bir zaman borularla bağlı mübahisəsi olmamışdır. Amma ##.##.2025-ci il tarixdə İddiaçı guya onun 65 ədəd borunu çıxardıb satması barədə şikayət etməsini öyrənmişdir. İlk olaraq çıxardılan boruların sayı 65 ədəd deyil, 10-12 ədəd olmuşdur. İkincisi bu hadisə 2023-cü ildə deyil, 2018-ci ildə olmuşdur. Üçüncüsü isə boruları satmamış, çıxardıb bacısı Gülnazın ərazisinə keçirtmiş və onların sonrakı taleyindən xəbəri olmamışdır. cavabdeh1 öz izahatında bildirdi ki, baş verən hadisənin 2018-ci ildə baş vermişdi, qardaşı İdris Rəsulovun onun xahişi ilə pul qarşılığında fəhlə kimi boruları çıxarılmasını, boruların sayının 65 deyil, 12-13 ədəd olmasını, həmin boruların əvvəllər onun həyətinda olmasını, boruları 800 manat müqaviləlində adını xatırlamadığı adama satmasını, boruların rəhmətlik qayınatası Firuddin tərəfindən quraşdırılmasını və məhrum əri kimi onun da borulara mülkiyyət hüququn çatmamasını bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər Rəsulov İdris Tərlan oğluna və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diametrləri 2500 mm olan, uzunluğu 5 metr təşkil edən, osinkovi-nikel materialından hazırlanmış və istifadə olunmuş 65 ədəd borunun özlərinin qaytarılması, bu mümkün olmadığı təqdirdə isə həmin borulara görə dəyəri olan 6500 (altı min beş yüz) manat pul vəsaitinin, həmçinin ödənilmiş 86 manat dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş 450 (dörd yüz əlli) manatın, cəmi 7036 (yeddi min otuz altı) manat məbləğin müştərək qaydada cavabdehlərdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən 1-ci həmkəndli olmaqla mərhum qardaşı Asiman Ələkbərovun qayınıdır, 2-ci isə mərhum qardaşının arvadıdır. Cavabdehlərlə əvvəllər aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 2000-ci ildə mülkiyyətində olan 1,5 ha pay torpaq sahənin suvarılması üçün mərhum atası Firudin Ələkbərovun təşkilatçılığı, onu isə maddi vəsaiti ilə həmin torpaq sahəsinin suvarılması üçün 330 (üç yüz otuz) metrlik məsafəni əhatə edən, hər birinin uzunluğu 5 metr, osinkovinikel materialdan olan, diametri 250 mm-lik 65 ədəd turba ilə su xətti çəkilmiş, həmin su xətti 2022ci ilədək fəaliyyət göstərmiş, ancaq 2022-ci ildə cavabdehlər onun Rusiyada olmağından suiistifadə edərək, həmkəndli Xaliq Məmmədova məxsus həyətyanı torpaq sahəsindən keçən hissəsi də daxil olmaqla çıxarıb ayrı-ayrı insanlara sataraq pulunu mənimsəmişlər. O, Rusiyadan qayıtdıqdan sonra dəfələrlə cavabdehlərlə söhbət apararaq satıb pulunu mənimsədikləri 65 ədəd su turbanın özlərini və ya dəyərini könüllü olaraq ona qaytarmalarını tələb etsə də müxtəlif bəhanə ilə yaxın vaxtlarda turbaların özlərini və ya dəyərləri olaraq 6500 (altı min beş yüz) manat pulunu ona qaytaracaqlarına söz versələr də vaxt qazanmalarından başqa nəticəsi olmamışdır. Cavabdehlərin ona qarşı törətmiş olduqları qanunsuz əməlləri barəsində X5 etdiyi şikayət üzrə aparılmış araşdırmanın nəticəsində təhqiqatçı X1 ##.##.2025ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul etdi. Həmin araşdırma materialında cavabdehlər əməllərini qismən etiraf edərək 65 ədəd deyil, 12–13 ədəd turbamın onların tərəfindən çıxarılmasını, dəyərlərinin də 800 manat etməsini etiraf etmişlər. Ancaq, təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı da çıxarılan turbaların 330 metrlik məsafəni əhatə etməsi öz təsdiqini tapmışdır. Cavabdehlərin ona məxsus olan, nikel materialdan və hər birinin diametrinin 250 mm, uzunluğunun 5 metr olduğu 65 ədəd su turbalarının çıxarmalarını və satıb pulunu mənimsəmələrini şahidləri X6, X11, X8, X2 təsdiq edə bilərlər. Həmçinin, Əmlak Qiymətləndirmə MMC-nin ##.##.2025- ci il tarixli rəyinə əsasən bir ədəd diametri 250 mm-lik, uzunluğu beş metr və osinkovi-nikel materialdan olan istifadə olunmuş turbaların bazar qiymətinin 20 (iyirmi) manat olması müəyyən edilmişdir. Beləliklə, cavabdehlər ona məxsus olan, diametri 250 mm-lik, uzunluğu 5 metr və osinkovi-nikel materialdan olan, istifadə olunmuş, cəmi dəyərləri 6500 (altı min beş yüz) manat olan 65 ədəd turbalarını basdırdığı torpaq sahəsindən özbaşlarına çıxarıb satmaları nəticəsində ona dəyəri 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan vurmuşlar, eyni zamanda könüllü olaraq həmin turbaların özlərini və ya dəyərlərini onu qaytarmayaraq onlara qarşı məlum iddianı qaldırması üçün 86 manat dövlət rüsumunu, vəkil xidmətinə görə 450 manat pulu ödəmişdir. Ona görə qarşı ona vurduqları maddi ziyan, mülki iddia qadımağın üçün çəkilən xərclərin ödənilməsi tələbinə dair məlum iddianı qaldırmalı olmuşdur.

5. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı iddia edir onun vəsaiti hesabına alınmış məxsus boru cavabdeh1 və onun qardaşı Rəsulov İdris Tərlan oğlu tərəfindən torpaqdan onun razılığı olmadan torpaqdan çıxarılaraq satılmışdır. Lakin məhkəmə baxışı zamanı həmin boruların onun vəsaiti hesabına alınmasını, cavabdehlərin isə həmin boruları satmasını təsdiq edən inandırıcı və yetərli sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh İdris Rəsulov məhkəməyə ünvanladığı etiraz ərizəsində, eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qeyd edilmiş ifadəsində boruların sökülməsində iştirak etdiyini bildirsə də, həmin boruların sökülməsində fəhlə kimi iştirak etdiyini və buna görə haqq aldığını qeyd etmiş, digər cavabdeh Gülnaz isə boruların 12-13 ədəd olmasını, həmin boruların qaynatasının vəsaiti hesabına alınmasını qeyd etmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən göstərilən şahidlərin izahatları ümumi xarakter daşıdığından, boruların məhz iddiaçının vəsaiti hesabına alınması müəyyən edilmədiyindən, iddiaçının qonşuları və ailə üzvləri olduğundan işin faktiki hallarını kifayət qədər aydınlaşdırmır və iddianın sübuta yetirilməsi üçün zəruri hüquqi qüvvəyə malik hesab edilmir. Bu səbəbdən, iddianın əsaslı hesab edilməsi üçün tələb olunan sübutetmə yükü yerinə yetirilməmişdir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-1097-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 76, 77.1 və 217-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına istinad etsə də, iddia tələbini təmin etməməkdə haqsızlıq etmişdir. Ona görə ki, iddiasında iddia etdiyi tələblərinin haqlı olmasını məhkəmədə verdiyi ifadələrlə, dindirilmiş şahidlərin ifadələri ilə tələb olunan turbaların real bazar qiymətlərinə dair əmlak qiymətləndirməyə dair rəylə sübut etmiş olsa da, məhkəmə iclasında iştirak etməyən cavabdehin etiraz ərizəsinə əsaslanmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Təbii ki, cavabdehlər, cavabdeh1 və İdris Rəsulov Polis Şöbəsinə etdiyi şikayət üzrə verdikləri izahatlarına öz mənafelərinə halları qeyd etmişlər, məhkəmə isə onların həqiqətdən uzaq olan izahatlarına inanmış, onun reallığı əks etdirən sübutlarını iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirməyərək iddianı əsassız hesab etmişdir. Əslində işin faktiki halları məhkəmənin cavabdehlərin nağıllarına inanmaqla gəldiyi qənaətdən fərqli olmuşdur ki həmin halları məhkəməyə təqdim etdiyi mötəbər sübutlarla təsdiq etmişdir. Belə ki, tələb etdiyi turbaları həqiqətən onun vəsaiti, mərhum atası Firudin kişinin təşkilatçılığı ilə ona məxsus torpaq sahəsinin suvarılması üçün 330 metr məsafəyə quraşdırılmışdır ki, həmin sahənin bir hissəsi də Xaliq adlı şahidə məxsus torpaq sahəsinə düşmüşdür. Onun Rusiyada olmağından sui-istifadə edən cavabdehlər həmin turbaları onun xəbəri olmadan çıxarıb sataraq pulunu mənimsəməklə ona xeyli miqdarda maddi ziyan vurmuşlar.

10. Cavabdeh cavabdeh1 məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz ünvanlamışdır.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onun qaynıdır. İddia etdiyi borular 12-13 ədəd boru olmuşdur. Həmin borular mərhum əri və qaynatası tərəfindən basdırılmışdır. İddiaçının ümumiyyətlə həmin borulara aidiyyəti yoxdur. İddiaçının məqsədi onların əsəblərini pozmaqdır. 2018-ci ildə olan münasibətdən sonra polisə şikayət də etdi ifadələri alındı. İddiaçının iddia etdiyi nüanslar öz əksini tapmadı. Məhkəmə iclasında iddiaçının özünün vəsatəti ilə şahid qismində dindirilmiş öz yaxınları olan şahid ifadələrində də boruların iddiaçıya məxsus olmadığı aşkar görünür, həmçinin hər biri öyrədilmiş şəkildə eyni məzmunlu ifadə vermişlər. O, iddiaçıya heç bir maddi ziyan vurmamışdır. İddia şər və böhtan xarakterli qərəzli iddiadır.

12. Cavabdeh Rəsulov İdris Tərlan oğlu məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz ünvanlamışdır.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı onun bacısının qaynıdır. İddia etdiyi borular 12-13 ədəd boru olmuşdur. Həmin borular bacısının mərhum ərinə və qaynatasına məxsus torpaq sahəsində olmuşdur. İddiaçının ümumiyyətlə həmin borulara aidiyyəti yoxdur. İddiaçının məqsədi onların əsəblərini pozmaqdır. 2018-ci ildə olan münasibətdən sonra polisə şikayət də etdi ifadələri alındı. İddiaçının iddia etdiyi nüanslar öz əksini tapmadı. Məhkəmə iclasında iddiaçının özünün vəsatəti ilə şahid qismində dindirilmiş öz yaxınları olan şahid ifadələrində də boruların iddiaçıya məxsus olmadığı aşkar görünür, həmçinin hər biri öyrədilmiş şəkildə eyni məzmunlu ifadə vermişlər. O, iddiaçıya heç bir maddi ziyan vurmamışdır. İddiaçının iddiası şər və böhtan xarakterli qərəzli iddiadır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun su borularını aparmışdırlar. Su borularının yarısını yerə basdırmışdır. Su kanalından su gedirdi və özü su çəkdirmişdi. Öz ərazisinə çəkmişdi. Qonşu olan Xaliqin həyətindən çəkmişdi. Boş yer idi. Bələdiyyə torpağı idi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 65 ədəd su borusu vardı. Birinin uzunluğu 5 metr idi. O, su borusunu çəkən zaman orada heç kim yox idi. Su borularını açıq şəkildə çəkmişdi və həyətinə çəkmişdi. Su borularını təxmini 1994-1995-ci illərdə çəkmişdi. Qonşularla birgə yığışaraq su borularını çəkmişdi. Təkcə o, almışdı. Təxminən 5-6 il olardı. Qarşı tərəf ona dedi ki, su borularını çəkəcək amma çəkmədi. Su borularının pulunu isdəyir. Onlardan çox uzaqda yaşayır. O, Rusiya Federasiyasında idi. Ona dedilər ki, su borularını aparmışdırlar. cavabdeh1 Türkiyədə idi. İdris Rəsulovdan pulunu isdəyir. Bir yerdə su borularını versinlər. O vaxt anası, atası və o, birlikdə su borularını çəkmişdi. Təxmini 1994-1995-ci illərdə su borularını çəkdirmişdi. Anası və atası vəfat etmişdir. Qonşular maddi xərc çəkməmişlər. Cavabdehlər yalan danışır. Üç ədəd yük maşını ilə su borularını aparmışdılar. Polisə müraciət etmişdi. Şəmkir Rayon Polis İdarəsinə müraciət etmişdi. cavabdeh1 Türkiyədə olmuşdur. İdris Rəsulov torpaq sahəsini sahibini aldatmışdır. Rusiya Federasiyasına 10 il bundan qabaq getmişdi. Atası vəfat etdikdən sonra getmişdi. O, atası ilə su borularını çəkdirmişdi. Ata evində yaşayır. Bakı şəhərində sürücü işləyir. Su boruları onun pulu ilə alınmışdır. 35 baş xırdabuynuzlu heyvan satmışdı. Dəllər-Cəyirdə bir mağazadan almışdı. Anası ilə getmişdi. 100 dollaradan bir su borusunu almışdı. Atası ilə birlikdə alıb çəkmişdir. Lakin pulunu o, vermişdir. Heyvanları var idi. Aparıb satmışdı. 1993-1994-cü illərdə boruları atası ilə almışdır. Evli idi. 2010-cu ildə atası rəhmətə getmişdir. Borular 2016-2018-ci illərdə sökülmüşdür. O, demişdir ki, yenidən çəkəcək. Boruları İdris çıxarmışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Rəsulov İdris Tərlan oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, su borularını sökməmişdir. Onun məlumatı olmamışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Polisdə olmuşdu. O, sadəcə bacısı cavabdeh1 yanında olmuşdur. O, heç nə bilmir. İddiaçı ona şər-böhtan atır. Bacısının yanında olmuşdu. O, oğurluq etməmişdi. 10-12 ədəd su borusunu Xaliqin həyətindən söküb və bacısının həyətinə yığmışdı. O, bacısına kömək üçün orda idi. Bacısının qayınatası və əri rəhmətə getmişdir. O, sadəcə bacısı cavabdeh1 yanında olmuşdu. Bacısı orada idi və onun həyətinə su boruları yığmışdı. O, bacısına kömək üçün orada idi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun evinin qabağına kimi su borusu gəlirdi. Sonra Türkiyə getmişdi. Qayıdan zaman gördü ki, su boruları yoxdur. Yenidən su çəkmək üçün 12 ədəd su borusunu çıxardaraq satmışdı. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əri vəfat etdikdən sonra yaranan mübahisələrə görə uşaqlarını özü ilə apararaq, Türkiyəyə getmişdi. Torpaq ərinin adına olmuşdur. Qayınatası təxmini 2012-2013-cü rəhmətə getmişdi. Su borularını 50-70 manata satmışdı. Cəmi 800 manat etmişdir. Əsəbləşmişdi ona görə də, su borularını satmışdı. İddiaçı bilirdi su borularını satdığını, ondan icazə almışdı. Su borularının yarısı yox idi. Su borularını Xaliqin həyətindən çıxarmışdı. Qayınatası onlara və iddiaçıya su borularını çəkmişdir. Amma su təkcə onlara çəkilmişdir. Plastik su boruları ilə yenidən çəkdirmişdi. Firudin Ələkbərov qayınatası idi. İddiaçı onun su borularını çıxardığını bilirdi. Bir il müddətində onlara gəlib-gedirdi. Onlar ilə birlikdə yemək yeyirdi. Amma sonradan düşmən oldu. 12 su borusunu çıxarmışdı. 50 manatdan birini satmışdı. 5 su borusunu iddiaçıya vermişdi. Onun haqqıı idi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

23. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehlərin həmin ziyanın vurulmasında təqsirli olması təsdiq olunmur.

36. Belə ki, iddiaçı 1993-1994-cü illərdə boruları atası ilə almışdır. Pulunu o, vermişdir. 2010-cu ildə atası rəhmətə getmişdir. Borular 2016-2018-ci illərdə sökülmüşdür. Kollegiya hesab edir ki, iddiaçı ilk öncə boruların pulunun onun tərəfindən verilməsini, yəni boruların ona məxsus olmasını sübuta yetirməlidir. İşə baxan məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən şahidlərin izahatları ümumi xarakter daşıdığından, boruların məhz iddiaçının vəsaiti hesabına alınması müəyyən edilmədiyindən, iddiaçının qonşuları və ailə üzvləri olduğundan işin faktiki hallarını kifayət qədər aydınlaşdırmır və iddianın sübuta yetirilməsi üçün zəruri hüquqi qüvvəyə malik hesab edilmir. İddiaçı mübahisə predmeti olan su borularının ona məxsus olması ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 kollegiyanın iclasında yenidən su çəkmək üçün 12 ədəd su borusunu çıxardaraq satmasını bildirmiş, lakin həmin boruların məhz onlara su çəkilməsi üçün mərhum qayınatısı tərəfindən basdırıldığını, həmin satışdan əldə olunan pulla da həmin boruları plastik borularla əvəz etdiyini bildirmişdir. Cavabdeh İdris Rəsulov isə bildirmişdir ki, cavabdeh cavabdeh1 kömək etmək məqsədi ilə həmkəndliləri Xaliqin həyətindən 12 ədəd su borusunu söküb və bacısının həyətinə yığmışdı. Cavabdehlərin verdikləri izahatlar ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan verdikləri izahatlar ilə üst-üstə düşür.

38. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

39. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan boruların 2016-2018-ci il tarix aralığında sökülüb-çıxarılması işin mübahisəsiz halıdır. İddiaçı həmin tarixdən heç bir iddia qaldırmamışdır. Yalnız 2025-ci ildə polis və məhkəməyə müraciət etmişdir. İddiaçının ona məxsus olduğunu iddia etdiyi mübahisə predmeti su borularının sökülüb-çıxarılmasından qeyd olunan müddət ərzində eyni kənddə yaşamasına baxmayaq xəbərinin olmaması inandırıcı deyildir, onun hüquqlarının pozulması ilə bağlı məlumatlı olduğu halda bu qədər gec hüquq mühafizə orqanlarına müraciət etməsi isə dəlillərinin inandırıcılığını şübhə altına alır.

41. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88, 217.4-cü maddələri). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

43. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

44. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar