Məhkəmə qərarları › İş №2(3-7)-657/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-657/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-657/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (bundan sonraiddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kommunal xidmətlərə görə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh (payçı(hazırki iş üzrə cavabdeh)) ilə “xxxx” MMC (podratçı) arasında bağlanmış “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” ##.##.2006-cı il tarixli, ** nömrəli müqavilədə qeyd edilmişdir ki, podratçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 88, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 9-cu blokunda 13-cü mərtəbədə, 2 otaqlı * nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 104,89 kv.m təşkil edir. İbrahimov Etibar Cavad oğlu (idarə edən) ilə Cavabdeh(mülkiyyətçi(hazırki iş üzrə cavabdeh))arasında Bakı şəhəri, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair ##.##.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər qarşlıqlı surətdə razılığa gəlmişlər ki, müqavilənin 1.2.1-1.2.15-ci bəndlərində göstərilmiş xidmətlərə görə mülkiyyətçi hər ay idarə edənə mənzilin otaqlarının sayından asılı olmayaraq hər 1 kv.m üçün 0,30 manat, qış aylarında mənzilin istiliklə təmin edilməsinə görə 1 kv.m üçün 0,20 manat, qarajın təmizliyinə görə aylıq 5 manat, avtomobil dayanacağı xidmətinə görə aylıq 50 manat məbləğində xidmət haqqı ödməyi öhdəsinə götürmüşdür. Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli, Y-**-***/**** nömrəli müqaviləyə əsasən İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi ilə bağlı ## ###### 2024-cü ilədək yaranmış bütün tələb və hüquqlarını, o cümlədədn gələcəkdə yarana biləcək tələb və hüquqlarını İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə(hazırki iş üzrə iddiaçı) güzəşt etmişdir. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilin müıkiyyətçisi kimi iddiaçıya 2015-ci ildən ##.##.2025-ci il tarixədək 3300,60 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3300 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 53 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçı ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri iddiaçı tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh çoxmənizilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, *** saylı mənzilin mülkiyyətçisi olaraq iddiaçıya ümumilikdə 3300 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınmışdır. Bu baxımdan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ##.##.2006-cı il tarixli, ** nömrəli müqavilə əsasında ev almışdır. Müqavilə şərtlərində hər iki tərəfin edəcəyi, üzərinə götürdüyü öhdəliklər, yerinə yetirməyə borclu olduğu işlər, evin qiyməti, faizi, ayların sayı və s. bu kimi şərtlər öz əksini tapmışdır. Ancaq iddiaçı şirkət qanunsuzluq edərək, vergidən yayınmaqla, müqavilədə öz əksini tapmayan kommunal xərclər adı altında evdə yaşamamasına baxmayaraq ondan qanunsuz pul tələb edir. Onun kommunal pul tələbi ilə bağlı binanın digər sakinlərindən aldığı məlumata görə bu pulları ödəyəndə vətəndaşlara heç bir bank qəbzi ödənilmir. Şirkət tərəfindən saxta yollar ilə hazırlanmış adi bir qəbz verilir, başqa sənəd verilmir. O, bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Vergi Xidmətinə şikayət etmək fikrindədir. Bu fakt araşdırılmalı və vətəndaşlardan yığılan bu qanunsuz pulun kimlərin mənimsəməsi öz təsdiqini tapmalıdır. Cəmiyyətlə aralarında bağladığı müqavilənin 5-ci bəndində tərəflərin üzərlərinə götürdüyü öhdəliklər açıq-aşkar qeyd edilmişdir. 5-ci maddənin heç bir bəndində və ev alan şəxs tərəfindən evdə yaşamağa başlamayana qədər kommunal xərclər adı altında pul ödənişləri nəzərdə tutulmamışdır. Onun aldığı ev hazırda da təmirsizdir. Onun şirkətə borcu qalmamışdır. Müqavilədə nəzərdə tutulmuş məbləği tam ödəmişdir. Təmizlik barədə **** nömrəli, ##.##.2008-ci il tarixli arayışı məhkəməyə təqdim etmişdir. Hazırda həmin mənzilin onun adına olması barədə heç bri çıxarış yoxdur. Yalnız aralarında olan müqavilədir. Şirkət qanunsuz iddia predmeti olan kommmunal xərclərin ödənilməməsini əsas götürüb çıxarış verməkdən imtina etmişdir. Tərtər Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 3300 manat məbləğində kommunal xidmətlərə görə borc məbləği və 53 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə kommunal xidmətlərə görə borcunu cavabdehdən tələb etmiş, lakin cavabdeh ödəniş etməmişdir. Bununla da cavabdehin kommunal xidmətlərə görə borcu hazırkı vəziyyətdə 3300 manat təşkil edir. Cavabdeh iddiaçıya olan 3300 manat kommunal xidmətlərə görə borcunu ödəməmiş, eləcə də iddia tələbini təkzib edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 423.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3, 136.3, 137.1, 137.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnamə qəbul edərkən cavabdehin həmin evdə yaşayıb-yaşamadığını, evin təmirli olub-olmadığını aydınlaşdırmamışdır. “xxxx” MTM-nin direktorunun cavabdehin heç bir borcunun olmadığını və öhdəliyinin hamısını yerinə yetirilməsi ilə bağlı ərizəsi olmasına baxmayaraq məhkəmə heç bir sorğular etməmiş, sübutlara istinad edilməyən qətnamə qəbul etmişdir. Cavabdehin borclu olub-olmadığını müəyyən etmək üçün mühasibatlıq ekspertizası təyin edilməli idi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, hazırki mübahisənin predmeti mənzilin alğı-satqısı müqaviləsindən irəli gələn öhdəliklər deyil, çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanılması, idarə olunması və göstərilmiş kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi ilə bağlı hüquq münasibətləridir. Cavabdehin istinad etdiyi ## ######## 2006-cı il tarixli müqavilə isə yalnız mənzilin cavabdehin mülkiyyətində olduğunu təsdiq edən hüquqi sənəd kimi əhəmiyyət daşıyır. Bununla yanaşı cavabdehlə idarə edən arasında ## ###### 2016-cı il tarixdə kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında müəyyən etmişlər ki, mülkiyyətçi göstərilən xidmətlərə görə hər ay mənzilin hər 1 kvadrat metrinə görə 0,30 manat məbləğində xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Beləliklə tərəflər arasında yalnız qanundan irəli gələn deyil, eyni zamanda birbaşa müqaviləyə əsaslanan öhdəlik münasibətləri mövcuddur. Digər tərəfdən, cavabdehin “mənzildə yaşamaması” və “mənzilin təmirsiz olması” ilə bağlı arqumenti də hüquqi baxımdan əsassızdır. Qanunverici kommunal xidmətlərə görə ödəniş vəzifəsini ümumi qaydada bütün istifadəçilərin və mülkiyyətçilərin üzərinə qoyur. Qanunvericliyə uyğun olaraq kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil cavabdehə verildiyi andan yaranıb. Mənzildə yaşayışın olmaması isə ümumi əmlakın saxlanılması, işıqlandırma, təmizlik, mühafizə və digər xidmətlər üzrə yaranan xərclərdə iştirak etmək öhdəliyini aradan qaldırmır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 136.3 Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.1 Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə işin mübahisəsiz halları kimi müəyyən olunur ki, cavabdeh Bakı şəhəri, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli binada yerləşən, ümumi sahəsi 104,89 kv.m olan mənzilin payçısıdır. İbrahimov Etibar Cavad oğlu(idarə edən) ilə “mülkiyyətçi” olaraq cavabdeh arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı ##.##.2016-cı il tarixdə müqavilə bağlanmış, həmin müqavilə ilə “idarə edən”in cavabdehin mənzilinə xidmət göstərməsi barədə tərəflərin razılığı baş tutmuşdur, eyni zamanda mənzilin hər kvadrat metrinə görə kommunal xidmət haqqı 0,30 manat müəyyən edilmişdir. Sonradan “idarə edən” həmin müqavilə üzrə tələb hüququnu hazırki iş üzrə iddiaçıya güzəşt etmişdir. İddiaçı cavabdehin 2017-ci ilin yanvar ayından ## ####### 2025-ci ilədək olan dövr ərzində kommunal xidməti haqqlarını ödəmədiyini bildirərək, yaranmış 3300 manat borcun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdə onun payçısı olduğu mənzilin ümumi sahəsi 104,89 kv.m qeyd edilmişdir. Buna görə də, kommunal xidmətlərə görə ödəniş mənzilin müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalı olduğu üçün Rayon Məhkəməsi haqlı olaraq 2017-ci ilin yanvar ayından ## ####### 2025-ci ilədək olan dövr üçün(cəmi 105 ay) kommunal xidmət haqqının əvəzi olaraq (105 ay x 31,467(104,89 kv.m x 0,30 manat) =3304) 3300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, o, həmin mənzildə yaşamır və mənzil təmirsizdir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Eyni zamanda, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən mənziltikinti kooperativi üzvləri üçün ödəniş vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Göründüyü kimi, qanun bu vəzifəni şəxsin həmin mənzildə faktiki yaşaması ilə əlaqələndirmir. Bu səbəbdən cavabdehin mənzildə yaşamaması və ya mənzilin təmirsiz olması onun kommunal xidmət haqlarını ödəmək öhdəliyini aradan qaldırmır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə kommunal xidmət haqqı üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlıdır. Məhkəmə müzakirə olunan dəlili də əsaslı hesab etmir. Belə ki, hazırki iş üzrə mübahisə xüsusi mühasibatlıq biliklərinin tətbiqini tələb edən hallarla bağlı deyildir. İddia tələbi kommunal xidmət haqqı üzrə yaranmış borcun tutulmasına aid olub, məbləği iş materiallarında olan sənədlər, o cümlədən hesablamalar və ödəniş məlumatları əsasında müəyyən edilir. Borcun hesablanması ödənilməmiş dövr üzrə tətbiq edilən xidmət haqqının sadə riyazi qaydada müəyyənləşdirilməsindən ibarətdir və bunun üçün xüsusi biliklərdən istifadə olunmasına zərurət yoxdur. Cavabdeh ekspertiza vasitəsi ilə müəyyən edilməli olan, xüsusi bilik tələb edən har hansı konkret halı göstərməmiş, təqdim edilmiş hesablamalarda hansı uyğunsuzluğun və ya ziddiyətin olduğunu əsaslandırmamışdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar