Məhkəmə qərarları › İş №2(3-7)-67/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-67/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-67/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xəzər RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2022ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatı alınmadığından onun əməlinə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Ona görə də, toplanmış material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11190 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş 123.57 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən cavabdeh Cavabdeh hissə-hisə olmaqla 11190 manat məbləğində nisyə broyler toyuğu vermişdir. Lakin bu günədək cavabdeh aldığı malın pulunu ödəməmişdir. Dəfələrlə pulun ödənilməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Polisə müraciət etmiş, ## ######## 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə olunan “whatsapp” yazışmları ilə cavabdehin göstərilən məbləğdə borcunun olduğu təsdiq olunmuşdur.

4. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın təmin edilməsi, Cavabdeh 11.190 manat məbləğində pulun və 123.57 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdeh Cavabdeh ilə “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmanı məhkəməyə təqdim etmişdir. Həmin yazışmada Elvin adlı şəxs 11190 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə olaraq broyler toyuğu almışdır və hazırda ona 11190 manat borcu qalmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 567, 739 və 600-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

7. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdehə qarşı Qazax rayon məhkəməsində 11.190 manat məbləğində pulun və 123.57 manat dövlət rüsumunun ondan iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul olunmasına nail olmuşdur. Məhkəmə iclaslarından və qətnamədən xəbəri olmayıb, sadəcə ölkəmizə xaricdən daxil olan zaman gömrükdə hiss etmiş və gəlib ## ###### 2025-ci il tarixdə qətnamənin surətini məhkəmədən yazılı ala bilmişdir. Məhkəmənin bütün məktubları onun ünvanına çatmamışdır. Məhkəmə onu dinləmədən, ona aid olmayan səs və ya yazıları eyniləşdirmədən əsassız qətnamə qəbul etmişdir. O, 2020-ci ildə iddiaçının atası ilə alış-veriş etmiş və hər dəfəsində 1500-2000 manatı keçməmişdir, hansı ki, borc tam ödənilirdi, növbəti alış-veriş olurdu. 11.190 manat necə yarana bilər? Bu qədər toyuğu yayda o, haraya apara bilər? Hər dəfə 1.60 manat qiymətində 60-80 toyuq götürüb pulunu ödəmişdir. Bunu hesablasan 200 manatı keçməzdi 2020-ci ildəki dövrdə. Cəfəng fikirlərlə təəssüflər olsun məhkəmə qətnamə qəbul etmişdir. O, hüquqlarının pozulduğunu yeni anladığı üçün məhkəməyə şikayət etməyi zəruri hesab etmişdir. Qazax rayon məhkəməsi ona məxsus olmayan guya vatsap yazışmalarını və guya səsi ona məxsus hesab edərək, heç bir tədqiqatın aparılması üçün tədbir görmədən, hüquqlarının pozulmasına dəlalət edən qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində əsaslandığı mülki qanunvericiliyin normalarının onunla əlaqəsi belə yoxdur. 15.000 manata və ya 11.190 manata aid ortada nə bir borc müqaviləsi, nə qaimə, nə nisyə alqı-satqı müqaviləsi, nə ona məxsus yazışma və ya səs vardır.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, tərəflər arasında toyuq alqı-satqısı olmuşdur. Cavabdeh iddiaçıdan 2020-ci ildə toyuq almışdır. Tərəflər arasında 2020-ci ildən sonra alver olmamışdır. Cavabdehin iddiaçıya borcu qalmamışdır. Birinci instansiya məhkəməsində iddiaçı başqa şəxslə olan yazışmalarını cavabdeh ilə yazışması kimi təqdim etmişdir. 2024-cü ildən əvvəl cavabdeh Rusiyada olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qarşı tərəf hər yerdə qeyd edir ki, borcu 2020-ci ildə vermişdir. Lakin dörd il sonra iddia qaldırmışdır. Müddət keçmişdir. İddiaçı öz dəftərlərində də 2020-ci il qeyd etmişdir. Tərəflərin borc münasibətləri olmamışdır. İddiaçının göstərdiyi yazıların heç birini Cavabdeh yazmamışdır və imzalamamışdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, icra məmuru ona demişdir ki, aylıq 1000 manat ödəniş edilməsi ilə razı olsun, ancaq o, hissə-hissə ödəniş ilə razı olmamış, pulun tam ödənişini tələb etmişdir. O, xırda təsərrüfatla məşğuldur. Toyuqları Cavabdeh vermişdir. Cavabdeh etimad qazanmışdır. Nisyə alqı-satqıları olmuşdur. Cavabdehə 16.000-17.000 manatlıq toyuq vermiş, cavabdeh isə 3000-4000 manatını qaytarmışdır. Cavabdeh axşam vaxtları üzərində yeşiklər olan “Qazel” markalı avtomobil ilə gəlirdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, İddiaçı iddia edir ki, 16.000 manatlıq mal ona vermişdir. O, İddiaçı atası ilə alış-veriş etmişdir. İddiaçı ilə də alışverişi olmuşdur. İddiaçı 1700 manatlıq toyuq almışdır. İddiaçı ilə onun heç bir əlaqəsi olmamışdır. Toyuq xırda olanda faiz vermirdi. İddiaçı ilə bu məsələlə bağlı olaraq söhbəti olmuşdur. Toyuqları ona verirdi və o, həmin toyuqları ət mağazalarına vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, toyuqları İddiaçı almışdır. Yay vaxtları olardı 1700 manatlıq İddiaçı toyuq almışdır. İddiaçı atasından ən çox 80-100 toyuq almışdır. Aralarında olan alqı-satqı 1 il olmamışdır. Təxmini 80 ədəd toyuq alırdır. Toyuğun kilosunu 1.40, 1.50 və 1.60 manatdan alırdı. Toyuğun təxmini çəkisi 1 kilo 600 qram olurdu. O, iddiaçıdan heç vaxt toyuqları nisyə almamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

25. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya baxışının hədləri

26. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

31. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 2020-ci ildən cavabdeh Cavabdeh hissə-hisə olmaqla 11.190 manat məbləğində nisyə broyler toyuğu verməsi, lakin bu günədək cavabdehin aldığı malın pulunu ödəməməsi tələbi ilə iddia qaldırmışdır. İddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdeh Cavabdeh ilə “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmanı məhkəməyə təqdim etmişdir. Həmin yazışmada Elvin adlı şəxs 11.190 manat borcu olduğunu etiraf etmişdir. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı nisyə olaraq broyler toyuğu almışdır və hazırda ona 11.190 manat borcu qalmışdır. Tərəflər arasında borc müqaviləsi, nisyə alqı-satqı müqaviləsi və ya malların alınıb-verilməsinə dair qaimə mövcud olmamışdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

33. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

34. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 7-13-cü vərəqlərində olan “WhatsApp” sosial şəbəkəsində olan yazışmaların iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında olması mötəbər dəlillər ilə təsdiq edilməmiş, cavabdeh tərəf başqa şəxslə olan yazışmaların onlar kimi təqdim edilməsini bildirmişdir. Cavabdeh Cavabdeh həmin yazışmaları yazmasını inkar etmişlər. Birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməmiş, qeyd olunan sübutun əsaslı şübhədən kənar hesab edilə bilməsi üçün zəruri araşdırmanı aparmamışdır.

36. Məhkəmə kollegiyası cavabdehin onun iştirakı olmadan işə baxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

37. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

38. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclası ilə bağlı cavabdeh Cavabdeh Qazax rayonu İkinci Şıxlı kəndindəki ünvanına məhkəmə bildirişi göndərmiş, lakin məhkəmə zərfləri üzərində “Bakı şəhərində yaşayır”, “Bu ünvanda yaşamır” qeydləri edilməklə geri qaytarılmışdır. Cavabdeh Cavabdeh SMS xəbərdarlıq vasitəsi ilə məlumat göndərilsə də, həmin SMSlər çatdırılmamış “Gözləyir” statusunda qalmışdır. Bundan sonra, işə baxan məhkəmə cavabdehin adına qeydə alınmış “Elektron Məhkəmə” İnformasiya Sistemində olan mobil telefon nömrələrinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmiş, yalnız *** ***-**-** mobil nömrəsinə sms çatdırılmışdır. Məhkəmə isə işə baxılması üçün bununla kifayətlənmişdir.

39. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsaslı sayır.

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı sübut kimi istinad etdiyi səs yazıları dinlənilmiş, həmçinin, səs yazılarında adı çəkilən icra məmuru Ramiz adlı şəxslə telefon əlaqəsi saxlanılmış, o bildirmişdir ki, cavabdeh Cavabdeh ona demişdir ki, iddiaçıya borcu qalmamışdır. Sadəcə iş məhkəmədə qaldırılmasın deyə o, 500 manat verməyə razıdır. Göründüyü kimi, iddiaçı iddia tələbini mötəbər sübutlar ilə təsdiq edə bilməmişdir.

41. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

42. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

44. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı cavabdehin nümayəndəsinin (vəkil) dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Cavabdeh tərəfdən iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edilməmiş, şifahi vəsatət məhkəmə iclasında müzakirə edilərək rədd edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə, qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar