Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-677/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı İsmayıl oğlunun(bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə(bundan sonra- cavabdeh) qarşı pul tələbinə dаir mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3082 manat pulun və ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəhər Məhkəməsi ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarmışdır. Bundan sonra cavabdeh yenidən Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli elektron apellyasiya müraciətindən görünür ki, apellyasiya şikayəti sistemə göndərilmiş, “Hökumət ödəniş portalı”nda və ya “AsanPay” vasitəsilə ödənilmiş qəbzin nömrəsi kimi 1907184876 nömrəsi göstərilmiş, lakin dövlət rüsumunun məbləği sistemdə “0.00 AZN” kimi əks olunmuşdur. Bu səbəbdən ilkin apellyasiya şikayətinin geri qaytarılması sonradan dövlət rüsumunun faktiki ödənilib-ödənilməməsi ilə deyil, həmin ödənişin elektron sistemdə necə əks olunduğu ilə bağlı mübahisə yaratmışdır. Sistemdə rüsum məbləği “0.00 AZN” kimi görünmüşdür, lakin bunun faktiki ödənişin olmaması kimi qiymətləndirilməsini qəbul edilməzdir. Bundan sonra cavabdeh tərəfindən hüquqlarının təmin olunması məqsədilə ##.##.2026-cı il tarixdə yenidən apellyasiya şikayəti verilmiş, həmin müraciətdə dövlət rüsumunun 25,50 manat məbləğində ödənildiyi, qəbz nömrəsinin 1935034856 olduğu sistemdə əks olunmuşdur. Bu hal onu göstərir ki, cavabdeh tərəfindən apellyasiya hüququndan imtina edilməmiş, əksinə mübahisəli hesab olunan texniki və prosessual maneə aradan qaldırılsın deyə əlavə tədbir görülmüşdür. Birinci instansiya məhkəməsinin aşağıdakı nəticəsini qəbul etməmişdir ki, guya prosessual müddətin buraxılması heç bir üzrlü səbəb olmadan baş vermişdir. Çünki məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, yaranmış vəziyyət apellyasiya hüququndan istifadə etməməkdən deyil, Elektron məhkəmə portalında dövlət rüsumunun düzgün əks olunmaması, bildiriş mexanizmi ilə bağlı qeyri-müəyyənlik və təqdimat tarixinin aydın olmaması ilə bağlı olmuşdur. Şəhər Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, Şəhər Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi qətnamənin surətini məhkəmə qəbzinə imza etməklə ##.##.2025-ci il tarixdə əldə etmiş, həmin qətnamədə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron qaydada apellyasiya şikayətinin verilməsi hüququ izah olunmuşdur. Apellyasiya şikayəti isə müddət ötürülmədən verilmiş, yalnız qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi həmin nöqsanı aradan qaldırmaqla 10 gün müddətində yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, 1 ay sonra apellyasiya şikayəti vermiş, rüsumun isə əvvəlki apellyasiya şikayətində texniki səbəblərdən “0 AZN” kimi əks olunmasını göstərsə də, həmin texniki problemlərə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Şəhər Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş prosessual müddət daxilində verilmişdir(##.##.2025-ci il). Apellyasiya şikayətinin ilkin olaraq geri qaytarılmasına səbəb dövlət rüsumunun ödənilməməsi olmuşdur. Halbuki sözügedən apellyasiya şikayətinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində məbləğin “0.00 manat” kimi görünməsinə baxmayaraq, ödənilmiş qəbzin nömrəsi göstərilmişdir(1907184876). Belə olan halda, birinci instansiya məhkəməsi yalnız elektron sistemdə məbləğin “0.00 manat” kimi əks olunması ilə kifayətlənməməli, təqdim edilmiş qəbz nömrəsi əsasında dövlət rüsumunun faktiki ödənilib-ödənilmədiyini yoxlamalı idi. Elektron məhkəmə informasiya sistemində “rüsumlar” bölməsi üzrə aparılmış yoxlama zamanı isə həmin qəbz əsasında dövlət rüsumunun faktiki olaraq ödənildiyi təsdiq edilmişdir. Bu hal cavabdeh tərəfindən dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənildiyini göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin apellyasiya şikayətini dövlət rüsumunun ödənilməməsini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə geri qaytarması formal xarakter daşımış, cavabdehin apellyasiya instansiyasına müraciət hüququnun həyata keçirilməsinə mane olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sonradan yenidən dövlət rüsumu ödənilərək apellyasiya şikayətinin təqdim edilməsi ilkin şikayətin müddət daxilində verilməsi faktını aradan qaldırmır. Çünki prosessual müddətin ötürülməsi cavabdehin təqsirli davranışı ilə bağlı olmamışdır. Bu baxımdan, prosessual müddətin bərpasından imtina edilməsi məhkəməyə çatımlılıq hüququnun formal yanışma nəticəsində məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərinə aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində icraat zamanı baş vermiş və nəticədə ərizəçinin məhkəməyə müraciət etməsinə mane olmuş prosessual səhvləri müəyyən etməklə ərizəçinin bu cür səhvlərlə bağlı həddən artıq yükə məruz qalıb-qalmadığı ilə bağlı qərarlar verərkən mütənasiblik məsələsini müəyyən etmişdir. Sözügedən prosessual səhvlər yalnız bir tərəfdən, yəni ərizəçi, yaxud müvafiq orqan, xüsusən də məhkəmə tərəfindən yol verildikdə, Avropa Məhkəməsi normal olaraq yükü bu səhvə yol verənin üzərində saxlamışdır. ( Laskowska v. Poland, № *****/**, §§ 60-61, ## #### 2007-ci il; yuxarıda qeyd edilən Jovanović, § 46 in fine; Šimecki v. Croatia, № *****/**, §§ 46-47, ## ##### 2014-cü il; yuxarıda qeyd edilən Egić, § 57; və Sefer Yılmaz and Meryem Yılmaz v. Turkey, № ***/**, §§ 72-73, ## ###### 2015-ci il). Qeyd olunanları əsas götürərək Məhkəmə cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməli olduğu qənaətinə gəlir və hesab edir ki, şikayət təmin edilməli, Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdehin apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-677/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-677/2026
18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver