Məhkəmə qərarları › İş №2(3-7)-684/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-684/2026

08.06.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-684/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ölçmə işlərinə maneənin aradan qaldırılması) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ölçmə işlərinə edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy RİH-i Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan İnəkboğan Kənd Xalq Deputatları Sovetinin 1963-1965- ci illərə dair * nömrəli təsərrüfatbaşına kitabın 240-cı şəxsi hesabında onun İddiaçı mərhum atası X10 adına 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1960-cı ildə inşa edilmiş ev qeyd olunmuşdur.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli ** nömrəli qərarı ilə X2 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində 4496.48 kv.m həyətyanı torpaq sahəsi ilə əlaqədar tərtib olunmuşdur.

3. Arayışdan görünür ki, X3 ## ####### 2025-ci il tarixdə ölmüşdür. İşdə olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh Ələm qızı ## ### 1978-ci il tarixdə evənmişlər. Evləndikdən sonra arvad Mehtiyeva soyadını qəbul etmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş sənəddən görünür ki, X10 vərəsəsinin nümayəndəsi ## ####### 2025-ci il tarixdə ölçmə işlərinin aparılması üçün müraciət etmişdir. Təqdim edilmiş sənədə əsasən mütəxxəsisslər tərəfindən torpaq sahəsinə baxış keçirilərək koordinatları müəyyənləşdirilməsi üçün torpaq sahəsində olmuşlar, göstərilən torpaq sahəsində ölçü işlərinin aparılmasına digər vətəndaş tərəfindən etiraz edilmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsinin yerquruluşu sənədlərinin verilməsinə dair ərizənin icrası mümkün olmamışdır.

5. Qəbzdən görünür ki, X10 ƏMDX DƏDRX-nin hesabına 300 manat ödəniş etmişdir.

6. Qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edən zaman 100 manat dövlət rüsumu ödəmişdir.

7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ****** nömrəli, 01.XII.2010-cu il tarixli torpaq sahəsinni plan və ölçü sənədinin kserosurətinə əsasən Gədəbəy rayonu, inəkboğan kəndində X2 Gədəbəy rayon Aqrar islahat komissiyasının ## ######## 1998-ci il tarixli, ** nömrəli qərarı ilə 4496.48 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mərhum atası X10 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 1960-cı ildən Gədəbəy rayonu, İnəkboğan kəndində 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. O, həmin torpaq sahəsini sənədləşdirmək məqsədilə DƏDRX-nin 11 Saylı Şəmkir Ərazisinə müraciət etmişdir. Lakin cavabdeh Cavabdeh həmin torpaq sahəsində zəruri ölçmə işlərinin aparılmasına mane olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı atası X8 məxsus Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına mane olması qadağan edilməsi qət edilmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh ölçmə işlərinin aparılmasına maneələr yaratdığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Ölçmə işlərinin aparılması cavabdehin hüquqlarının polzulmasına səbəb olmur. Ona görə də iddia tələbi təmin edilməlidir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

1. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etmişdir.

2. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, bildirir ki, Gədəbəy rayonun İnəkboğan kəndində X10 adına torpaq sahəsi yoxdur. Birinci instansiya məhkəməsində işə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən olunur ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli ** nömrəli qərarı ilə Gədəbəy rayonu, İnəkboğan kəndində 4496.48 kv.m həyətyanı torpaq sahəsi X2 məxsusdur. X4 ilə Cavabdeh ## ### 1978-ci il tarixdə evənmiş və əri X3 ## ####### 2025-ci il tarixdə ölmüşdür. İşdə olan evlənmək haqqında şəhadətnamə dediklərinin həqiqət olmasını bir daha təsdiq edir. Həmçinin Cavabdehqeyd edir ki, qətnamə ilə tanış olarkən qətnamədə xeyli texniki səhvlərin, yanlışlıqlar vardır. Beləki, qətnamədə səhv olaraq Cavabdehatasının adı “Ələm” qızı, evləndikdən sonra arvada “Mehtiyeva” soyadını qəbul etməsi kimi texniki səhvlər və guya məhkəmə iclasında cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, həmin ərazidə mübahisəli torpaq sahəsi var kimi göstərilmişdir. Cavabdeh bir daha bildirir ki, Gədəbəy rayonun İnəkboğan kəndində X10 adına torpaq sahəsi olmadığından onun adına hüquq müəyyənedici sənəd yoxdur. Həmin torpaq sahəsinə dair onlara verilmiş Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli ** nömrəli qərarı ilə Gədəbəy rayonu, İnəkboğan kəndində torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi vardır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

1. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq, işin icraatının dayandırılmalı olmasını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin torpağın ölçmə işlərinə mane olduğunu qeyd etdi.

Tətbiq edilən hüquq

1. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

Maddə 4. Torpaq sahəsi 4-cü maddənin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

2. Hazırkı işdə mübahisələndirilən qətnamə ilə iddia tam təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir.

22. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçının mərhum atasına Gədəbəy rayonu, inəkboğan kəndində 0.25 ha torpaq sahəsi və tikili qrafasında 1960-cıildə inşa edilmiş ev qeyd olunmuşdur. Cavabdeh öz etirazında bildirir ki, onun mərhum ərinə Gədəbəy rayonu, inəkboğan kəndində 4496.48 kv.m torpaq sahəsi ayrılmışdır. İşin hallarından o da müəyyən edilir ki, müvafiq qurumun əməkdaşları iddiaçı tərəfin xahişi ilə torpaq sahəsində ölçmə işləri aparmaq istərkən cavabdeh buna mane olmuşdur. O, bu hərəkətini onunla əsaslandırır ki, həmin torpaq sahəsi onun mərhum ərinə məxsus olmuşdur.

23. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, işdə olan sənədlərdən və işin hallarından müəyyən edilir ki, iddiaçı aqrar islahat komissiyasının onun atasına verdiyi torpaq sahəsini sənədləşdirmək istəyir. İddiaçı müvafiq quruma ölçmə işlərinin aparılması üçün müraciət etməklə mülkiyyətçi kimi malik olduğu hüquqlarından istifadə etmişdir və cavabdeh tərəfindən bu hüquqların realizə edilməsinə törədilən hər hansı maneə qanuni hesab edilə bilməz. Cavabdehin torpaq sahəsinin onun mərhum ərinə məxsus olması barədə dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi məqsədi ilə səlahiyyətli orqan tərəfindən ölçmə işlərinin aparılaması qanundan irəli gəlir və elə bu fəaliyətin məqsədlərindən biri də gələcəkdə zəbt hallarının qarşısını almaqdır. Hazırkı tələb maneənin aradan qaldırılması ilə bağlıdır və tələb iddiaçının daşınmaz əmlaka olan hüquqlarına əsaslanır. Gələcəkdə maraqlı şəxsin ölçmə işlərinin nəticəsinə hər hansı bir etirazı olarsa, o bununla bağlı məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır.

24. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə düzgün olaraq cavabdeh tərəfindən ölçmə işlərinə edilən maneənin qanunsuz olması nəticəsinə gəlmişdir.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar