Məhkəmə qərarları › İş №2(3-7)-75/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-75/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-75/2026 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Babayeva Günay Vüqar qızının katibliyi, İddiaçı “AccessBank” QSC-nin nümayəndəsi Məmmədov Ruslan Tofiq oğlunun iştirakı ilə, İddiaçı “AccessBank” QSC-nin cavabdehlər Nifdalıyeva Əfsanə Nizami qızı və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsindən iddiaçı “AccessBank” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28.11.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı tərəfindən T.F.Nifdalıyevə 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat kredit verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2025-ci il tarixli məktubunun surətindən görünür ki, T.F.Nifdalıyevin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 11.03.2025-ci il tarixli 1443/551 saylı məktubunun surətindən görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış araşdırma nəticəsində T.F.Nifdalıyevin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 03.04.2025-ci il tarixli 73 saylı məktubunun surətindən görünür ki, 20.08.2024-cü il tarixdə vəfat etmiş T.F.Nifdalıyev barəsində Ağdam rayon Dövlət notariat ofisində vərəsəlik işi açılmamışdır.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 19.03.2025-ci il tarixli çıxarışından görünür ki, «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil 24.05.2022-ci il tarixdə BD226105 saylı şəhadətnamə ilə T.F.Nifdalıyevin adına qeydə alınmışdır.

6. 29.08.2024-cü il tarixli AZ-II № 430767 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, T.F.Nifdalıyev 20.08.2024-cü ildə vəfat etmişdir.

7. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, T.F.Nifdalıyev vəfat edikdən sonra onun ailəsində arvadı Nifdalıyeva Əfsanə Nizami qızı, uşaqları Nifdalızadə Zaur Tural oğlu və qızı Nifdalıyeva Könül Tural qızı vardır.

8. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə cavabdeh Ə.N.Nifdalıyevaya xəbərdarlıq edilmişdir.

9. «AccessBank» QSC-nin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, T.F.Nifdalıyevin iddiaçıya olan borcu 7708,65 manat əsas, 1266,14 manat faiz, 194,26 manat cərimə təşkil edir.

10. Ağdam Rayon Polis Şöbəsinin 03.12.2025-ci il tarixli, 61/1-27514/205 saylı arayışından görünür ki, «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil 24.05.2022-ci il tarixdən bu günə kimi T.F.Nifdaliyevin mülkiyyətindədir. Həmin avtomobil baş etibarnamə ilə 19.05.2024-cü ildə Quliyev Kənan Əzim oğlunun, 11.06.2024cü ildə 11.06.2024-cü ilədək Qurbanzadə Sadiq Xanlar oğlu, 11.06.2024-cü ildən 18.05.2024cü ilədək Əhmədov Xaliq Musa oğlunun istifadəsində olmuş, müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı «AccessBank» QSC rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, «AccessBank» QSC ilə Nifdalıyev Tural Fazil oğlu arasında bağlanmış 28.11.2022-ci il tarixli ərizəyə əsasən sonuncu bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri» tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən T.F.Nifdalıyeva 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat məbləğində kredit verilmişdir. Nifdalıyev Tural Fazil oğlunun vəfat etdiyi «AccessBank» QSCyə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Nifdalıyev Tural Fazil oğlunun ailə tərkibi haqqında məlumat verilmiş, arvadı Nifdalıyeva Əfsanə Nizami qızı, uşaqları Niftalızadə Zaur Tural oğlu və Nifdalıyeva Könül Tural qızı müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin çıxarışına əsasən 99UC575 nömrəli, 24.05.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 minik markalı nəqliyyat vasitəsi mərhum Nifdalıyev Tural Fazil oğlunun adına qeydiyyatdadır. Mərhum Nifdalıyev Tural Fazil oğlunun banka borcunun qaldığını qeyd etməklə cavabdehlər Ə.N.Nifdalıyeva, Z.T.Nifdalızadə (qanuni nümayəndə qismində Ə.N.Nifdalıyeva) və K.T.Nifdalıyevadan (qanuni nümayəndə qismində Ə.N.Nifdalıyeva) müştərək qaydada «AccessBank» QSC-nin xeyrinə 7708,65 manat əsas, 1266,14 manat faiz, 194,26 manat cərimə - cəmi 9169 (doqquz min yüz altmış doqquz) manat 05 (beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 111,7 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsi ilə iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bankdan kredit götürdükdən sonra vəfat etmiş şəxsin vərəsələri olan hazırki iş üzrə cavabdehlər mirası nə qanun üzrə, nə də vəsiyyət üzrə qəbul etməmiş, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, vəfat etmiş şəxsdən hər hansı bir miras əmlak qalması barədə onların məlumatı olmamışdır. Tural Nifdalıyev vərəsələri onun kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu deyillər.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739, 1243, 1306-1308-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

15. Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsindən iddiaçı “AccessBank” QSC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəfat etmiş şəxsin varisinin və ölümündən sonra mülkiyyətində qalan əmlakı məhkəmə tərəfindən nəzərə alınmamış, iş materiallarınaəlavə edilmiş sənədlər düzgün təhlil edilməmiş, nəticədə vəfat etmiş şəxsin vəfatından sonra vərəsə kimi ona aid əmlakı mənimsəyən şəxsdən kredit borcunun tutulmasının əsaslarına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Ona görə ki, iddiaçı Bank tərəfindən verilən sorğulara rəsmi qaydada cavab verilmiş və Nifdalıyev Tural Fazil oğlunun qanun üzrə vərəsələri onun ailə üzvləri olduğu sübuta yetirilmişdir. Yəni iş materialların əlavə edilmiş Ağdam Rayon Qeydiyyat şöbəsi tərəfindən alınmış, ölüm haqqında şəhadətnamədən borclu Nifdalıyev Tural Fazil oğlunun vəfat etdiyi “AccessBank” QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Nifdalıyev Tural Fazil oğlunun ailə tərkibi haqqında məlumat verilmiş, həyat yoldaşı- Nifdalıyeva Əfsanə Nizami qızı, oğlu-Niftalızadə Zaur Tural oğlu, qızı- Nifdalıyeva Könül Tural qızı müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin çıxarışına əsasən 99UC575 nömrəli, 24.05.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 MİNİK Markalı nəqliyyat vasitəsi mərhum Nifdalıyev Tural Fazil oğlunun adına qeydiyyatdadır. Məlum olduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh vərəsəyə münasibətdə iddia tələbi təmin edilməyərək faktiki vərəsəyə keçən borcun tutulmaması barədə qətnamə çıxarılmışdır. Göründüyü kimi, istinad olunan maddi hüquq normasının tələbi üzrə araşdırılma aparılmamışdır. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarına əlavə olunmuş AR Ağdam rayon İcra hakimiyyəti tərəfindən verilən 30.05.2025-ci il tarixli №300 saylı arayışdan da görünür ki, mərhumun ailə üzvləri Nifdalıyeva Əfsanə Nizami qızı, Nifdalızadə Zaur Tural və Nifdalıyeva Könül Tural qızıdır.

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “AccessBank” QSC-nin nümayəndəsi Məmmədov Ruslan Tofiq oğlu apellyasiya apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, mərhum Nifdalıyev Tural Fazil oğluna 28.11.2022ci il tarixli 025A2233285028 saylı kredit müqaviləsi ilə aylıq faiz dərəcəsi 1.75%, 48 ay müddətinə olmaqla 11300 manat kredit verilmişdir. 20.08.2024-cü ildə Nifdalıyev Tural Fazil oğlu vəfat etmişdir. Ağdam Rayon Məhkəməsində mülki iş vərəsəlik qəbul edilmədiyinə görə rədd olmuşdur. Baş Dövlət Yol Polis İdarəsinə sorğu vermişdik və müəyyən edilmişdir ki, mərhum Nifdalıyev Tural Fazil oğlunun mülkində 99UC575 nömrəli, 24.05.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 minik markalı nəqliyyat vasitəsi olmuşdur. Cavabdeh Nifdalıyeva Əfsanə Nizami qızı mirasdan imtina ilə bağlı ərizə verməmişdir. Biz hesab edirik ki, mirasdan imtina edilməmişdirsə cavabdehlər vərəsə hesab edilir. Cavabdeh Nifdalıyeva Əfsanə Nizami qızı bildirmişdir ki, onun avtomobildən xəbəri yoxdur. Mərhum Nifdalıyev Tural Fazil oğlunun yanlız əmlakında 99UC575 nömrəli, 24.05.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 minik markalı nəqliyyat vasitəsi olmuşdur. Hal-hazırda 99UC575 nömrəli, 24.05.2022-ci il tarixli şəhadətnaməli VAZ 21099 minik markalı nəqliyyat vasitəsi heç kimin adına keçməmiş mərhum Nifdalıyev Tural Fazil oğlunun adına qeydiyyatlıdır və etibarnamə ilə istifadə edilir amma etibarnamənin müddəti bitmişdir. Notariusa sorğu vermişlər və iddia ərizəsində qeyd etmişlər. 7708 manat kredit borcu, 1266.14 faiz borcu və 194 manat cərimə olmaqla, ümumilikdə 9169 manat məbləğində borc vardır. Uşaqların biri 2017-ci ildə digəri isə 2020-ci ildə anadan olmuş Nifdalıyeva Əfsanə Nizami qızını uşaqların qanuni nümayəndəsi kimi iddia ərizəsində qeyd etmişdik. Daşınmaz əmlaka sorğu vermişdik və müəyyən olunmuşdur ki, mərhum Nifdalıyev Tural Fazil oğlunun adına daşınmaz əmlak yoxdur.

19. İş üzrə cavabdehlərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdeh Əfsanə Niftalıyeva məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirkı olmadan baxılmasını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Nifdalıyeva Əfsanə Nizami qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, Tural Nifdalıyev ilə 2015-ci ildə ailə həyatı qurmuşdur və Tural 2024-cü ildə vəfat etmişdir. Kreditdən xəbəri olmamışdır. Ağdam rayonu Qərvənd qəsəbəsində yaşayırlar. Turalın əmlakı olmamışdır. Avtomaşınlardan xəbəri olmamışdır. Mirasdan imtina etməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

24. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, “AccessBank” QSC T.F.Nifdalıyevə 48 ay müddətinə, illik 21 faizlə, 11300 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 7708,65 manat əsas, 1266,14 manat faizdən, borclu qalmaqla öhdəliyi icra etməmişdir. T.F.Nifdalıyev 20.08.2024-cü ildə vəfat etmişdir. T.F.Nifdalıyevin vərəsələri olan hazırki iş üzrə cavabdehlər - arvadı və azyaşlı uşaqları ondan hər hansı bir əmlakı qanun və vəsiyyət üzrə qəbul etməmiş, heç bir vərəsəlik işi açılmamış, notariat orqanına ərizə verməmiş və faktiki olaraq qəbul etməmişlər. İddiaçı tərəfin ərizəsində qeyd etdiyi «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil 24.05.2022-ci il tarixdən bu günə kimi T.F.Nifdaliyevin mülkiyyətində olmuş, həmin avtomobil baş etibarnamə ilə 19.05.2024-cü ildə Quliyev Kənan Əzim oğlunun, 11.06.2024cü ildə 11.06.2024-cü ilədək Qurbanzadə Sadiq Xanlar oğlu, 11.06.2024-cü ildən 18.05.2024cü ilədək Əhmədov Xaliq Musa oğlunun istifadəsində olmuş, müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

41. Plenumunun Qərarında həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

42. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.04.2025-ci il tarixli məktubdan görünür ki, mərhum Nifdalıyev Tural Fazil oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Lakin «VAZ 21099» minik markalı 99UC575 dövlət qeydiyyat nişanlı avtomobil 24.05.2022-ci il tarixdən bu günə kimi T.F.Nifdaliyevin mülkiyyətində olmuş, həmin avtomobil baş etibarnamə ilə 19.05.2024-cü ildə Quliyev Kənan Əzim oğlunun, 11.06.2024-cü ildə 11.06.2024-cü ilədək Qurbanzadə Sadiq Xanlar oğlu, 11.06.2024-cü ildən 18.05.2024-cü ilədək Əhmədov Xaliq Musa oğlunun istifadəsində olmuş, müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Ə.N.Nifdalıyeva məhkəmədə izahat verərkən ərindən ona ev, qızıl, pul və başqa miras əmlakın qalmadığını, iddiaçı tərəfin qeyd etdiyi avtomobili heç vaxt görmədiyini, həmin avtomobil barədə məlumatının olmadığını bildirmişdir. Halbuki, sözügedən avtomobil mərhumun adında qeydiyyatdadır. Faktiki olaraq qeyrisinin istifadəsində olsa belə, qanuni mülkiyyətçi mərhum Tural Nifdalıyevdir və həmin əmlak miras kütləsinə daxil ola bilən əmlaklara aiddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər mirası nə qanun üzrə, nə də vəsiyyət üzrə qəbul etməmiş, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, vəfat etmiş şəxsdən hər hansı bir miras əmlak qalması barədə onların məlumatı olmamışdır. Lakin iş materialları və təqdim edilmiş sənədlər ilə vərəsələrin, hazırki iş üzrə isə mərhum Tural Nifdalıyevin arvadı və uşaqlarının ondan qalan mirasdan rəsmi qaydada notariat orqanlarında imtina etməkləri barədə məlumat müəyyən edilməmişdir.

44. Göründüyü kimi, cavabdeh Ə.N.Nifdalıyeva ərizəsi ilə mərhum ərindən, digər cavabdehlər isə mərhum atalarından qalmış miras ilə bağlı rəsmi qaydada notariat orqanına müraciət etməli, notariat orqanına ərizə verməklə həmin mirasdan onlar tərəfindən imtina edilməsi rəsmi olaraq təsdiqləməli idi.

45. Məhkəmə qeyd edir ki, miras əmlakdan rəsmi olaraq imtina etmədikdə və ya vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən olunur ki, iddia tələbi əsaslıdır və Rayon Məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmamışdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İş materialları və təqdim edilmiş sənədlər ilə təsdiq olunur ki, borclu, mərhum Tural Nifdalıyevdən miras daşınar əmlak qalmış, lakin cavabdehlər mirasdan rəsmi qaydada imtina etməmişlər. Mirasın onlar tərəfindən qəbul edilməməsi kimi anlaşıla bilməz.

47. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.

48. Həmçinin, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.

49. Bundan başqa, kollegiya qeyd edir ki, borclu, mərhum Tural Nifdalıyevdən miras daşınar əmlak qalması müəyyən edilsə də, ondan qalmış miras əmlakın siyahısı tərtib olunmadığından mirasın həcminin də müəyyən edilməsi mümkün olmamışdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsindən iddiaçı “AccessBank” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 03.12.2025-ci il tarixli, e-2(013)-2756/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Nifdalıyeva Əfsanə Nizami qızı, Nifdalızadə Zaur Tural oğlu və Nifdalıyeva Könül Tural qızından birgə qaydada 7708,65 manat əsas, 1266,14 manat faiz, 50 manat cərimə - cəmi 9024,79 (doqquz min iyirmi dörd manat, yetmiş doqquz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzində 111,7 manat tutularaq, «AccessBank» QSC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar