Məhkəmə qərarları › İş №2(3-7)-822/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-822/2026

12.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-822/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: əmlaka vurulmuş maddi zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Işin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 57,9 kv.m olan mənzildən ibarət 201011000110- 05101-****** reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olmaqla, reyestrdə 1520013233 nömrəsi ilə ##.##.2020ci il tarixdə qeydiyyata alınmışdır.

2. Gəncə Şəhər Icra Hakimiyyəti Mənzil Kommunal X3 işçilərinin tərtib etdiyi ## ### 2025-ci il tarixli aktda qeyd edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 10, *A saylı mənzilin sahibinin şikayəti əsasında həmin mənzilə baxış keçirilmiş və baxış zamanı həmin mənzilin arxa hissəsində bitişik obyekt yerləşdiyi və həmin obyektin üstünün beton örtüyünün yararsız vəziyyətə düşdüyü aşkar edilmiş, buna görə də yağış yağarkən yağış suları beton örtüyündən binanın divarını isladaraq həmin mənzilə ziyan vurulduğu müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçıya məxsus * saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus qeyriyaşayış sahəsinin isə * saylı mənzilə bitişik yerləşdiyini, * saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni- Gəncə qəsəbəsində yerləşən ** nömrəli evin, * saylı mənzilinə həmin mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin dam örtüyünün qüsurlu olması səbəbindən su axıdıldığı və nəticədə * saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən ** nömrəli evin, * saylı mənzilinə su sızmasının hazırda davam etmədiyi müəyyən edilmişdir.

4. Legal Prime MMC-nin ##.##.2026-ci il tarixli, rəyindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 10, 1 A saylı mənzilə dəymiş zərərin məbləği 2500 manat müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mənzilindən su axması nəticəsində onun mənzilinə və mətbəx mebelinə dəymiş zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. O, ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. 2024-cü ilin sonları 2025-ci ilin əvvəllərindən qeyd etdiyi ünvanın qonaq otağından və mətbəxindən su axmağa başlamışdır. Su sızması nəticəsində onun qonaq otağına, mətbəxinə və mətbəx mebelinə ciddi ziyan dəymiş və yararsız vəziyyətə düşmüşdür. O, bu barədə qonşulardan maraqlanaraq suyun hansı mənzildən sızmasını müəyyən etməyə çalışmışdır. Suyun hansı qonşudan axıdılmasını, hansı mənzildən sızmasını qonşular arasında aydınlaşdıra bilmədiklərindən, o, məcbur olub suyun hansı qonşudan sızmasını aydınlaşdırmaq məqsədilə MKIB-ə bu barədə ərizə ilə müraciət etmişdir. MKIB-dən mütəxəssis gələrək üst qonşularının mənzillərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, evini yararsız vəziyyətə salan suyun mənbəyi onun mənzilinə bitişik olan cavabdehə məxsus qeyri-yaşayış sahəsidir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi yararsız vəziyyətdədir, bu səbəbdən də bütün yağış suları əmlakın dam örtüyündən sızaraq onun mənzilini yararsız vəziyyətə salmışdır. Suyun sızması dayanmadığı üçün o, MKIB-ə yenidən ərizə ilə müraciət etmişdir. MKIB-dən nümayəndələr gələrək cavabdehin qeyriyaşayış sahəsinə baxış keçirmiş, suyun onun obyektindən sızması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. O, cavabdehə suyun sızmasının qarşısının alınmasını və onun mənzilinə vurmuş olduğu ziyanı ödəməsini bildirsə də cavabdeh, müraciətinə əhəmiyyət vermir və hara istəyirsə, müraciət etməsini bildirir. Belə olan təqdirdə o, suyun sızması nəticəsində onun mənzilinin sıradan çıxmış hissəsini təmir etdirmək məqsədilə mənzilinə usta gətirmiş, usta onun mənzilinə dəymiş zərəri hesablayaraq əl haqqı və mal materialla birgə mənzilinin yarasız vəziyyətə düşmüş hissəsinin və yarasız hala düşmüş mətbəx mebelinin ümumilikdə 5000 manat məbləğində xərcinin olmasını bildirmişdir. Cavabdeh ona vurmuş olduğu ziyanı aradan qaldırmadığı üçün o, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ** saylı evin 1 A saylı mənzilə vurulan ziyanın əvəzi kimi 2500 (iki min beş yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsinin əvəzi kimi 35 (otuz beş) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq, iddiaçı Ismayılova Türkan Suliddin qızına verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manatın ödənilmiş tələblərə mütənasib olan 25 manat hissəsinin cavabdeh Cavabdeh, qalan 25 manat hissəsinin isə iddiaçı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərcinin 150 (bir yüz əlli) manat hissəsinin cavabdeh Cavabdeh, qalan 150 (bir yüz əlli) manat hissəsinin isə iddiaçı İddiaçı alınaraq, “xxxx” MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sözügedən daşınmaz əmlak onlara məxsusdur. Qeyd olunan daşınmaz əmlak üzərində iddiaçıya məxsus su çəni yerləşir. Iddiaçıya məxsus su çəni dəfələrlə daşmışdır. Su çəninin illər ərzində daşması səbəbindən əmlakının tavanında qüsurlar əmələ gəlmişdir. Çünki, daşınmaz əmlakda hər hansı su qurğusu, su xətləri və s. yoxdur. Hadisənin baş verməsi ilə bağlı Gəncə Şəhər Icra Hakimiyyəti Mənzil Kommunal X3 işçilərinin tərtib etdiyi ## ### 2025-ci il tarixli akt və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, mənzilin tavanında qüsurlar mövcuddur. Qeyd etmək istəyir ki, sözügedən aktın və ekspert rəyinin tərtib olunmasında tərəflərindən heç kim iştirak etməmiş, daşınmaz əmlaka baxış keçirilməmişdir. Onlara məxsus olan daşınmaz əmlakın tavanının qüsurlu vəziyyətdə olmasının əsas səbəbi məhz iddiaçıya məxsus su çəninin iddiaçının ehtiyatsızlığı ucbatından mütəmadi olaraq daşmasıdır. Onlar həmin daşınmaz əmlakdan 20 ildən artıqdır ki, istifadə etmirlər. Tavan yaxşı vəziyyətdə olmuş, lakin iddiaçının su çənindən davamlı axan su kütlələri daşınmaz əmlakın tavanını yararsız vəziyyətə salmış, beləliklə onun da daşınmaz əmlakına zərər dəymişdir. Qonşuların ifadələrinə əsasən, iddiaçının su çənindən yalnız ona yox, qonşulara da ciddi maddi ziyan dəymişdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakından istifadə edərkən başqasının hüquqlarını pozmamalıdır. Su çəninin daşması onun mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsinə (əmlakın toxunulmazlığına) zərbə vurur. Mülki Məcələnin 1108.1-ci maddəsinə əsasən, əgər ziyan yüksək təhlükə mənbəyi və ya digər əmlakın istismarı zamanı (məsələn, mütəmadi daşan su çəni) dəymişdirsə, mülkiyyətçi bu ziyanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməli idi. Beləliklə, iddiaçının su çəninin daşaraq onun əmlakına zərər yetirməsi ilə öz əmlakına zərər dəyməsi faktı mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyi tərtib olunarkən tavanın qüsurunun nədən əmələ gəlməsi araşdırılmamış, sadəcə zərərin yetirilməsi barədə absurd rəy tərtib edilmişdir. Iddiaçının öz əmlakına zərər dəyməsinə səbəb onun daşınmaz əmlakının üzərində iddiaçıya məxsus su çəninin mövcud olmasıdır. Bu gün də iddiaçı su çənini onun əmlakının üzərindən götürməməsi nəticəsində əmlakıma zərər dəyməkdə davam edir. O, tavanı təmir etmək istəyir, lakin iddiaçı su çənini götürməkdə mənasız israrını davam etdirir. Məhkəmə bu halları araşdırmamış, işə ötəri yanaşaraq iddianı haqsız olaraq təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi ev 10, 1 A saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Iş üzrə cavabdeh Cavabdeh * saylı mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin sahibidir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və LP-***/**** saylı ## ###### 2025-ci il tarixli rəy əlaqəli şəkildə məcmu halında qiymətləndirildikdə, iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 10, 1 A saylı mənzilinə həmin mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin dam örtüyünün qüsurlu olması səbəbindən suyun axmasının nəticəsində ziyan dəyməsi işin faktiki halları kimi öz təsdiqini tapır. Həmin zərərin məbləğinin isə 2500 manat olduğu işdə mötəbər sübut olan ekspert rəyi ilə təsdiq olunur.

39. Iş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

43. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus * saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin isə * saylı mənzilə bitişik yerləşdiyini, * saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən ** nömrəli evin, * saylı mənzilinə həmin mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin dam örtüyünün qüsurlu olması səbəbindən su axıdıldığı və nəticədə * saylı mənzilin tikililərinə ziyan vurulduğu və Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən ** nömrəli evin, * saylı mənzilinə su sızmasının hazırda davam etmədiyi müəyyən edilmişdir.

47. Həmçinin, Legal Prime MMC-nin ##.##.2026-ci il tarixli, rəyinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 10, 1 A saylı mənzilə dəymiş zərərin məbləği 2500 manat müəyyən edilmişdir

48. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

49. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

50. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda mübahisəli əmlaklara əyani olaraq baxış keçirilmişdir.

51. Lakin, cavabdeh israrla iddiaçının mənzilinə dəymiş zərərin onun təqsiri ucbatından baş vermədiyini bildirir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

53. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

57. Məhkəmə kollegiyasının araşdırılması və işin yuxarıda sadalanan hallarından göründüyü kimi, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi ev 10, 1 A saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Iş üzrə cavabdeh Cavabdeh * saylı mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin sahibidir. Iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar və LP-***/**** saylı ## ###### 2025-ci il tarixli rəy əlaqəli şəkildə məcmu halında qiymətləndirildikdə, iddiaçı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ev 10, 1 A saylı mənzilinə həmin mənzilə bitişik yerləşən qeyri-yaşayış sahəsinin dam örtüyünün qüsurlu olması səbəbindən suyun axmasının nəticəsində ziyan dəyməsi işin faktiki halları kimi öz təsdiqini tapmış, həmin zərərin məbləğinin isə 2500 manat olduğu işdə mötəbər sübut olan ekspert rəyi ilə təsdiq olunmuşdur. Ona görə də işə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən, ekspert rəyinə uyğun şəkildə təmin etmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermiş və iddiaçının mənzilinə dəymiş zərərin onun təqsirindən deyil, iddiaçının özünün günahı ucbatından baş verdiyini bildirmişdir. Lakin, cavabdeh tərəf bununla bağlı məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və inandırıcı deyil.

58. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyildir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

60. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPMin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar