Məhkəmə qərarları › İş №2(3-7)-91/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-91/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-91/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2025-ci il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixdə, saat 23:50-də Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında “Kia Sorento minik” markalı, **FK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə IXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

2. BA****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 77-BY427 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

3. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ilkin qiymətləndirmə rəyindən görünür ki, “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 9640 manat ehtiyat hissələrinin qiyməti, 3.737 manat işçi haqqı olmaqla, ümumilikdə 13.377 manat təşkil edir.

4. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **-***/** saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Skoda Oktavia” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 14.580 manat, aparılacaq təmin üçün əmək haqqı isə 2650 manat təşkil etdiyi müəyyən edilmişdir.

5. Hesabdan çıxarışdan görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı hesabına 4412.81 manat ödəniş edilmişdir.

6. ##.##.2025-ci il tarixli avtomobil icarə müqaviləsindən görünür ki, İddiaçı tərəfindən “Kia Forte” markalı, **-AX-*** nömrəli avtomobil günü 50 manata icarəyə götürülmüş, 20 gün üçün 1000 manat ödəniş edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində avtomobilə dəymiş 12817,19 manat maddi ziyanın və ödənilmiş 129 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə, saat 23:50 radələrində ona məxsus olan idarə etdiyi “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H. Əliyev prospektində hərəkətdə olan zaman qarşıdan gələn “Kia Sorento” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq “Nissan” markalı avtomobili vurduqdan sonra onun avtomobili ilə toqquşmuş və avtomobilə ağır ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Lakin avtomobil artıq sürülə bilinməyəcək vəziyyətə düşmüşdür. Tərəfindən dəfələrlə cavabdeh ilə əlaqə saxlanılmasına baxmayaraq bu barədə ona hər hansı müsbət cavab verilməmiş, hər hansı təmir edilmə və ya təmir xərclərinin ödənilməsi kimi təkliflər verilməmişdir. Qarşı tərəfə dəymiş zərər barədə məlumat verilməsinə baxmayaraq, ona hər hansı ödəniş edilməmiş, ödənişin edilməsindən boyun qaçırılmışdır. Həmin hadisə nəticəsində minik avtomobilinə zərər dəymiş və hazırda istifadə edilməz vəziyyətdədir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, **-***/** saylı ekspert rəyinə əsasən dəymiş ziyan 17230 AZN müəyyən olunmuşdur. Sığorta ödənişi olaraq sığorta şirkəti tərəfindən ona 4412.81 AZN vəsait ödənilmişdir. Geriyə qalan 12817,19 AZN vəsait isə cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilən ziyan ilə bağlı cavabdehə müraciət edən zaman cavabdeh öz öhdəliyini yerinə yetiməkdən boyun qaçırmışdır. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət ertmişdir.

9. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xeyrinə 12817,19 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun tutulması və həmin borcun ödənilməsi üçün borcun cavabdehin əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, icarəyə nəqliyyat vasitəsi götürdüyünü buna görə əlavə olaraq 1000 manat ödəniş etdiyini bildirmiş, ona görə də cavabdehdən 1000 manat icarəyə götürdüyü nəqliyyat vasitəsinə ödədiyi pul da nəzərə alınmaqla 13817,19 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Pərvanə Isaqlı) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş ziyana görə 12817,19 (on iki min səkkiz yüz on yeddi manat on doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 128,45 (bir yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarında iki fərqli qiymətləndirmə mövcuddur və bu qiymətləndirmələr arasında ciddi məbləğ fərqləri vardır. Bu halda, məhkəmənin vəzifəsi bitərəf dövlət və ya məhkəmə tərəfindən təyin olunmuş ekspertiza vasitəsilə həqiqi zərər məbləğini müəyyən etmək idi. Qətnamədə iki qiymətləndirmə arasında yaranmış fərqlərin səbəbləri izah edilməmiş, məhkəmənin hansı metodologiyaya əsasən iddiaçı tərəfindən təqdim edilmiş rəyi daha mötəbər hesab etməsi göstərilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinin tələblərinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qətnamənin ziyanın müəyyən edilməsi ilə bağlı hissəsindən narazıdırlar. Belə ki, avtomaşına təqribən 4000-5000 civarında ziyan dəymişdir. Lakin, məhkəmə tərəfindən ziyan artıq hesablanmışdır. Hazırki ekspert rəyində müəyyən edilmiş məbləğlə razıdırlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında verilmiş apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, avtomaşına daymiş ziyanın məbləğini müəyyən edən ekspert Azərbaycan Qiymətləndirmələr Palatasının üzvi deyildir. Ona görə də onun verdiyi rəy mötəbər hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alıb, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

39. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə “Kia Sorento” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xırdalan şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş və iddiaçı İddiaçı məxsus “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və təqsirli olduğu üçün ##.##.2025-ci il tarixli, IXP******* nömrəli inzibati xəta haqqında protokolla inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəymiş və ziyanın məbləği ekspert rəyinə əsasən 17230 manat müəyyən olunmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya 4412.81 manat pul ödənilmişdir. Qalan ziyanı isə cavabdeh ödəməkdən boyun qayırmışdır.

40. Iş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

43. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçıya zərərin dəyməsi məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Bu işin mübahisəsiz halıdır.

46. Işin mübahisəli halı avtomobilə dəymiş zərərin məbləği ilə bağlı olduğundan işə apellyasiya instansiyasında baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq(qiymətləndirmə) ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli G-**/**-*** nömrəli qiymətləndirmə rəyinə əsasən İddiaçı məxsus “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmir-bərpa dəyərinin 10588 manat olduğu müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən yuxarıda qeyd olunan rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd olunduğu kimi həmin rəyi tərtib etmiş qiymətləndiricinin X3 tərəfindən verilmiş 000180 №li ixtisas şəhadətnaməsi olmaqla səlahiyyətlidir.

48. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, həmin rəy məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

52. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

53. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 23:50 radələrində ona məxsus olan idarə etdiyi “Skoda Octavia” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H. Əliyev prospektində hərəkətdə olan zaman qarşıdan gələn “Kia Sorento” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq “Nissan” markalı avtomobili vurduqdan sonra onun avtomobili ilə toqquşmuş və avtomobilə ağır ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Lakin avtomobil artıq sürülə bilinməyəcək vəziyyətə düşmüşdür. Cavabdeh ilə əlaqə saxlanılmasına baxmayaraq hər hansı təmir edilmə və ya təmir xərclərinin ödənilməsi kimi təkliflər verilməmişdir. Qarşı tərəfə dəymiş zərər barədə məlumat verilməsinə baxmayaraq, ona hər hansı ödəniş edilməmişdir. Iddia ərizəsinə əlavə etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, **-***/** saylı ekspert rəyinə əsasən dəymiş ziyan 17230 AZN müəyyən olunmuşdur. Sığorta ödənişi olaraq sığorta şirkəti tərəfindən ona 4412.81 AZN vəsait ödənilmişdir. O, 12817,19 AZN vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş ziyana görə 12817,19 (on iki min səkkiz yüz on yeddi manat on doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 128,45 (bir yüz iyirmi səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilində cavabdeh ziyanın məbləği ilə razılaşmamışdır. Bu əsasla yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası (qiymətləndirmə) təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim olunmuş ##.##.2026-cı il tarixli sonuncu qiymətləndirmə rəyi ilə həmin ziyanın məbləğinin cəmi 10588 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul edir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında qeyd etmişdir ki, dəymiş ziyanın 4412.81 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Bu halı cavabdeh mübahisələndirməmişdr. Həmin sığorta ödənişi işə birinci instansiya məhkəməsində baxılarkən ümumi məbləğdən çıxıldığına görə hazırki mərhələdə ekspert rəy verərkən qeyd edilən halı da nəzərə almışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, əldə edilmiş qiymətləndirmə rəyinə uyğun olaraq avtomibilə dəymiş ziyan 10588 manat müəyyən edildiyindən, həmin pul məbləği cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı verilməlidir.

54. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Ona görə də kollegiya hesab edir ki, iş üzrə qiymətləndiricinin xidmət haqqı 500 manat cavabdehdən tutulmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - cavabdeh Cavabdeh 12817.19 (on min səkkiz yüz on yeddi manat on doqquz qəpik) manat məbləğdə pulun alınaraq iddiaçı İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 10588 (on min beş yüz səksən səkkiz manat) manat dəymiş zərərin əvəzi tutularaq, iddiaçı İddiaçı verilsin. Iş üzrə keçirilmiş qiymətləndirmənin haqqı 500 (beş yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin VÖEN **********, “xxxx” ASC Abşeron filialı, VÖEN **********, M/h: AZ03NABZ01350100000000002944, Kodu: 805539, S.W.İ.F.T. BIC: IBAZAZNX, H/h: AZ 521BAZ40090019446978334201 hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən (cavabdeh tərəf) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən iddiaçı tərəf kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar