Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-934/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: pul tələbi, subyektiv hüquq Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı iddiaçı2 və cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları
1. AC****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən,, “Daimler Chryler minik, 32–BG-021 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı2 oğluna məxsusdur.
2. ## ###### 2025-ci il tarixli, fiziki şəxs X3 tərəfindən verilmiş, avtomobilə texniki nasazlıq və baxış” ilkin qiymətləndirmə aktından görünür ki, “Daimler Chryler minik, 32–BG-021 dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyat hissələrinə dəymiş ziyan 1225 manat, təmir işlərinin dəmirçi işi hissəslərin dəyişməsi, ön qanadlar, bokavinlərin təmiri, avtomobilin stendə quraşdırılması 500 manat, rəngsaz işi materialı ilə 600 manat, çilingər işi mühərrikin düşürülüb çıxarılması 150 manat olmaqla cəmi 1250 manat dəymiş zərərin ümumi dəyəri 2475 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun idarə etdiyi Daimler Chryler minik **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxaraq nə etməsi bilmədiyi ucbatından ona vurulan mütəxəssis rəyi ilə qiymətləndirilən zərərin cəmi 2475 manatın və 50 manat mütəxəssisə ödədiyi dövlət rüsumu da cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçılar tələbini onunla əsaslandırmışdır ki, “Daimler Chryler minik, 32–BG-021 dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçı2 məxsus olsa da etibarnamə ilə sürücülük vəsiqəsi olan övladı Elnur idarə etmişdir. Bu səbəbdən də hər ikisi iddiaçı qismində iddia ərizəsi verərək onlara məxsus maşına vurulan zərərin əvəzi olaraq cavabdehdən alınaraq onlara verilməsi barədə məhkəmə qətnaməsi çıxarılması zərurəti yaranmışdır. Beləki cavabdehin işlədiyi Bərdə rayonundakı avtomaşınların təmir sexinə aparmışdır. Həmişə maşınlarına cavabdeh baxmışdır. Lakin ##.##.2025-ci il tarixdə maşını yenədə cavabdehin yanına aparmış, cavabdeh baxıb yoxlamış şifahi olaraq demişdir ki, “narahat olma sür get”. X1 adına məktəbin yanı ilə hərəkətdə olarkən maşın öz özünə yüksək sürət götürmüş, o tormuz versə də maşını dirəyə vurmuşdur. Bütün bunların təqsiri və səbəbi cavabdehdir. Belə ki, cavabdehə maşında olan nazaslığı demiş cavabdeh isə güya maşına baxmış ona avtomobili sürməyi demişdir. Bundan sonra hadisə baş vermişdir. Cavabdehin təqsiri ucbatından onların avtomobilinə ziyan dəymişdir. Avtomobilə dəyən ziyan mütəxəssis tərəfindən qiymətləndirilmiş və avtomobilə dəyən ziyan kapot ön 1 ədəd 130 manat, bamper ön dəst 1 ədəd 300 manat, bamper gücləndirici 1 ədəd 50 manat, radiator barmaqlığı 1 ədəd 50 manat, padkapotnik dəst 1 ədəd 40 manat, elektropərin çərçivəsi 1 ədəd 30 manat, soyuducu radiator 1 ədəd 120 manat, kondisaner radiatoru freon qazı 1 ədəd 100 manat, travers 1 ədəd 120 manat, asqı qolu iki ədəd 100 manat, sükan təhlükəsizlik yastığı 1 ədəd 30 manat, alın şüşəsi germetka 1 ədəd 130 manat, dövlət nömrə nişanı 25 manat olmaqla cəmi 1225 manat, dəmirçi işi hissəslərin dəyişməsi, ön qanadlar, bokavinlərin təmiri, avtomobilin stendə quraşdırılması 500 manat, rəngsaz işi materialı ilə 600 manat, çilingər işi mühərrikin düşürülüb çıxarılması 150 manat olmaqla cəmi 1250 manat dəymiş zərərin ümumi dəyəri 2475 manat təşkil edir.
5. Məhkəmə iclasında iddiaçı iddiaçı2 izahatında iddia tələbini müdafiə edərək göstərmişdir ki, avtomobil ona məxsusdur, etibarnamə ilə idarə etmək üçün oğluna vermişdir. Oğlu avtomobildə nasazlıq olduğundan təmir etməsi cavabdehin yanına aparmış, cavabdeh əyilərək maşının alt hissəsini yoxlamış, onlara avtomobilin nasaz olmadığını bildirərək sürüb getməsini demişdir. Oğlu avtomobil ilə hərəkətdə olarkən avtomobil yüksək sürət yığmış, oğlu avtomobildə idarə etməni itirmiş və dirəyə dəymişdır. Cavabdeh avtomobilin qaz əyləc sisteminə müdaxilə etmiş, qaz əyləci sıxılımış vəziyyətdə qalmış bu səbəbdən də qəza baş vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçı iddiaçı1 iddiaçı iddiaçı2 oğlu ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, maşın elektrikidir. Əvvəllər iddiaçılara məxsus avtomobilin injektorunu yuyub təmir etmişdir. Sonuncu dəfə iddiaçı iddiaçı1 avtomobili onun sexinə gətirərək tormuzun arxa işıqlarının yanmadığını bildirmişdir. Avtomobilin alt hissəsinə baxış keçirmiş və əyləc sisteminin “laquşkası”nın işləmədiyini müəyyən etmiş, onun dərhal dəyişdirilməsinin vacib olduğunu bildirmişdir. Iddiaçıya həmin hissənin dəyişdirilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı öz avtomobili ilə həmin ehtiyat hissəsini almaq üçün getmişdir. Avtomobilin əyləc və qaz sisteminə toxunmamış heç bir müdaxilə etməmişdir. Iddiaçının qeyd etdiyi qaz əyləc sisteminin sıxılması qəza nəticəsində də baş verə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinic instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Bayram Məhərrəmov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 idarə etdiyi avtomobili arxa fara işığının işləməməsi ilə əlaqədar cavabdehə müayinəyə təqdim etmişdir. Cavabdeh isə ehtiyyat hissəsinin alınaraq ona verilməsini, bundan sonra müvafiq təmir işlərinin görülə biləcəyini bildirmişdir. Iddia tələbinin bu hissəsi işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən avtomobilin digər hissəsinə müdaxilənin edilməsi məsələsinə gəldikdə məhkəmə hesab edir ki, baş vermiş hadisənin məhz cavabdeh tərəfindən edilmiş müdaxilə nəticəsində olduğunu, hadisə ilə səbəb arasında birbaşa əlaqənin (təqsirin) olduğunu müəyyən etmək üçün sübutetmə yükü məhz iddia tərəfinin üzərindədir. Iddia tərəfindən məhkəməyə müvafiq təsdiqedici sübutlar isə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
11. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh Bərdə şəhərində avtonəqliyyat ustası kimi fəaliyyət göstərən Cavabdeh usta kimi tanımışıq. Mənə məxsus avtomobili təmir etmək üçün, ustanın yanına apardım usta bir müddət keçdikdən sonra mənə məxsus avtomobildə olan nasazdıqları aradan qaldırdım, sür get dedi. Onuda nəzərinizə çatdırmaq istəyirəm ki, Şahin usta mənə məxsus avtomobilin qaz əyləcini təmir etmək üçün müdaxilə etmişdir. Bundan əlavə qeyd etmək istəyirəm ki, ustanın ixtisası üzrə əlində rəsmi sənədi və qanunsuz fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, Şahin ustanin uzun illərdir ki, vergidən yayındığını rəsmi qaydada öyrəndim. Cavabdeh səhlənkarlığı ucbatından mənə dəymiş zərərin ümumi dəyəri olan 2475 manat maddi ziyanı ödəməlidir. Apellyasiya Məhkəməsinə təqdim edəcək sübutlarım var. Məhkəmənin qərəzli mövqe tutması ondan bəllidir ki, məhkəmə qətnaməni onun xeyrinə qət etmişdir. Iddiaçının tələbləri formal tələblərdir, mənim əlimdə sübutlarım vardır. Mən iddiamı müdafiə edirəm. Mən cavabdehin tələbi ilə qətiyyən razılaşmıram. Hesab edirəm ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim edəcəm, məhkəmə bunları nəzərə almalıdır, mənim hüquqlarım qorunmalıdır və qanunla qorunan mənafeyim pozulmamalıdır. Bu baxımdan hesab edirəm ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə mənim fikirlərimi nəzərə almamışdır. Açıq aşkar hüquqlarım pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Iddiaçı iddiaçı2 apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, izahatında göstərdi ki, onun oğlu avtomobili cavabdehin yanına aparmışdır. Cavabdehin yanına apardıqdan sonra avtomobildə nasazıqlar yaranmışdır. Avtomobilin mülkiyyətçisi özüdür. Oğlu avtomobil ilə hərəkətdə olarkən avtomobil yüksək sürət yığmış, oğlu avtomobildə idarə etməni itirmiş və dirəyə dəymişdır. Cavabdeh avtomobilin qaz əyləc sisteminə müdaxilə etmiş, qaz əyləci sıxılımış vəziyyətdə qalmış bu səbəbdən də qəza baş vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərdi ki, elektrik ustası olaraq işləyir. Iddiaçı iddiaçı2 avtomobili onun yanına gətirərək avtomobilin stop işığının yanmadığını bildirmişdir. Iddiaçıya işıq lampasını almasını bildirmişdir. Iddiaçıya həmin hissənin dəyişdirilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı öz avtomobili ilə həmin ehtiyat hissəsini almaq üçün getmişdir. Avtomobilin əyləc və qaz sisteminə toxunmamış heç bir müdaxilə etməmişdir. Iddiaçının qeyd etdiyi qaz əyləc sisteminin sıxılması qəza nəticəsində də baş verə bilər. Halbuki, maşına heçnə etməmişdir. Buna görə onun heç bir təqsiri yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Iddiaçı iddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
21. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
22. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
23. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
24. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Icranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
25. Maddə 774. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.
26. Maddə 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli Qərarı
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı
31. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
32. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
33. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı
34. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
35. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
36. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. Bənd 6.2. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir.
38. Bənd 6.3. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
55. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı iddiaçı2 qətnamənin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
57. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
58. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq məqsədilə işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün zəruri şərait yaratmalı, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməli, onların təqdim etdikləri sübutları qanunun tələblərinə uyğun qaydada araşdırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və həmin sübutlara hüquqi qiymət verməlidir.
59. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmalı, 218.1-ci maddəsinə əsasən isə qətnamə qəbul edilərkən məhkəmə sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan halların hansılarının müəyyən edildiyini və hansılarının müəyyən edilmədiyini göstərməli, tərəflər arasındakı hüquq münasibətlərini müəyyən etməli, tətbiq edilməli hüquq normasını göstərməli və gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmalıdır.
60. Lakin iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə tətbiq edilməli maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaların konkret mübahisənin hallarına necə tətbiq edildiyini, iş materiallarında olan sübutların hansı səbəbdən qəbul və ya rədd edildiyini, tərəflərin irəli sürdükləri dəlillərin hansı hüquqi əsaslarla qiymətləndirildiyini, eləcə də gəldiyi nəticənin hansı sübutların məcmusuna əsaslandığını qətnamədə göstərməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində iş üzrə müəyyən edilmiş faktiki hallar ilə məhkəmənin hüquqi nəticələri arasında məntiqi və hüquqi bağlılıq yaradılmamış, yalnız ümumi xarakterli hüquq normalarına istinad edilməklə iddianın təmin edilməməsi nəticəsinə gəlinmişdir.
61. Halbuki, məhkəmə tərəfindən yalnız hüquq normalarının sadalanması həmin normaların tətbiq edilməsinin əsaslandırılması kimi qiymətləndirilə bilməz. Qətnamədə hər bir hüquq normasının konkret işin faktiki hallarına tətbiq edilməsinin səbəbləri, sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi nəticəyə gəlməsinin məntiqi ardıcıllığı aydın şəkildə göstərilməli idi. Bu tələblərə riayət edilməməsi isə qəbul edilmiş məhkəmə aktının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyini göstərir.
62. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
63. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
64. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
65. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
66. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
67. Iş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olan “Daimler Chrysler” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin yeganə mülkiyyətçisi iddiaçı2dur. Iş üzrə hər hansı mötəbər sübutla həmin avtomobil üzərində iddiaçı1 mülkiyyət, birgə mülkiyyət, digər əşya hüququnun və ya mübahisə predmeti üzrə müstəqil tələb hüququnun mövcudluğu müəyyən edilməmişdir.
68. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
69. Işin halları araşdırıldıqda isə müəyyən edilir ki, iddiaçı iddiaçı1 cavabdehlə qarşı hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur.
70. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Iddiaçının mübahisəli nəqliyyat vasitəsinə dair mülkiyyət hüququ yoxdur.
71. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
72. Məhkəmə iclaslarında (birinci instansiya və apellyasiya instansiyası) iddiaçılar izahatlarında iddiaçı1 avtomobili yalnız atasının verdiyi etibarnamə əsasında idarə etdiyini bildirmişlər. Lakin, etibarnamə şəxsin əmlak üzərində mülkiyyət hüququ əldə etməsinə səbəb olmur, yalnız təmsilçilik münasibətlərindən irəli gələn müəyyən hüquqi hərəkətləri həyata keçirmək səlahiyyəti verir. Başqa sözlə, etibarnamə ilə avtomobili idarə etmək hüququ həmin şəxs üçün avtomobilə dəymiş zərərin əvəzinin öz xeyrinə tələb edilməsi ilə bağlı müstəqil maddi hüquq yaratmır.
73. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə iddia olunan zərər birbaşa avtomobilin mülkiyyət hüququna münasibətdə irəli sürülmüş tələb olduğundan həmin tələbi irəli sürmək hüququ da avtomobil üzərində mülkiyyət hüququna malik olan şəxsə məxsusdur. Iş materiallarında iddiaçı1 avtomobilə vurulduğu iddia edilən zərər nəticəsində onun özünə məxsus hər hansı əmlak hüququnun pozulduğunu və ya onun müstəqil maddi hüquqi marağının yarandığını təsdiq edən hər hansı sübut mövcud deyildir.
74. Məhkəmə iddiaçı iddiaçı2 iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verərək hesab edir ki, həmin iddia da iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmadığından təmin edilə bilməz.
75. Iş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
77. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
78. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
79. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
80. Iş materiallarından görünür ki, iddiaçı cavabdehin avtomobilin qaz və əyləc sisteminə müdaxilə etməsi nəticəsində avtomobilin idarəetmədən çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olduğunu iddia etmişdir. Lakin həmin halı təsdiq edən hər hansı obyektiv və mötəbər sübut iş materiallarında mövcud deyildir.
81. Belə ki, iş materiallarında cavabdehin avtomobilin qaz və ya əyləc sistemində hər hansı təmir və ya texniki müdaxilə həyata keçirdiyini təsdiq edən sifariş blankı, təhvil-təslim aktı, texniki baxış sənədi, foto və ya video material, şahid ifadəsi, yaxud digər yazılı sübut təqdim edilməmişdir. Əksinə, cavabdeh ardıcıl olaraq bildirmişdir ki, avtomobil ona yalnız arxa stop işıqlarının nasazlığı ilə əlaqədar gətirilmiş, o isə əyləc sisteminin “laquşka”sının dəyişdirilməsinin zəruri olduğunu bildirmiş, ehtiyat hissəsi alınmadan avtomobil üzərində heç bir təmir və ya texniki müdaxilə aparmamışdır.
82. Iddiaçı tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli ilkin qiymətləndirmə aktı ilə yalnız avtomobilə dəymiş zərərin həcmi müəyyən edilmişdir. Həmin sənəd cavabdehin təqsirini, onun avtomobilə müdaxilə etməsini və ya məhz həmin müdaxilə nəticəsində yolnəqliyyat hadisəsinin baş verməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin akt yalnız zərərin məbləğinin müəyyən edilməsinə xidmət edir və zərərin yaranma səbəbi barədə hər hansı texniki və ya hüquqi nəticə ehtiva etmir.
83. Bundan başqa, iddiaçı həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində cavabdehin avtomobilin qaz sisteminə müdaxilə etdiyini bildirsə də, bu halın müəyyən edilməsi xüsusi bilik tələb edən texniki məsələ olduğundan həmin iddianı təsdiq edən müvafiq ekspert rəyi və ya digər mötəbər sübut təqdim etməmişdir. Iddiaçının yalnız şəxsi mülahizələrinə və ehtimallarına əsaslanan izahatları isə mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddia tələbinin sübuta yetirilməsi üçün kifayət hesab oluna bilməz.
84. Apellyasiya şikayətində cavabdehin qanunsuz fəaliyyət göstərməsi, ixtisas sənədinin olmaması və ya vergi öhdəliklərini yerinə yetirməməsi barədə irəli sürülən dəlillər də hazırkı mübahisənin predmetinə aid olmayıb, cavabdehin avtomobilə müdaxilə etməsini və həmin müdaxilə ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq etmir. Buna görə də həmin hallar iddia tələbinin təmin olunması üçün hüquqi əhəmiyyət kəsb edən sübut kimi qiymətləndirilə bilməz.
85. Lakin, iddiaçı iddiaçı2 israrla cavabdeh tərəfindən qüsurlu olaraq xidmətin göstərildiyini və buna görə ona maddi ziyan dəydiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
86. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
87. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
88. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
91. Beləliklə məhkəmə hesab edir ki, mülkiyyətçi olan iddiaçı ilə cavabdeh arasında podrartdan irəli gələn münasibətlərin mövcudluğu və bu münasibətlər nəticəsində mülkiyyətçiyə maddi zərərin dəydiyi sübut olunmadığından onun iddiası təmin edilə bilməz.
92. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.
93. Eyni zamanda məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “2475 manat zərərin və 50 manat mütəxəssisə ödədiyi dövlət rüsumunun” tutulması tələbinə iddiaları rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.