Məhkəmə qərarları › İş №2(3-8)-178/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-178/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-178/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X1-Bakı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, apellyasiya şikayətinin geri qaytarılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "X1-Bakı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e- 2(012)-4429/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “X1-Bakı” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28482 manat məbləğində əsas borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 175.45 manat dövlət rüsumunun, ümumilikdə 28657.45 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 28482 manat pul vəsaitinin tutularaq iddiaçı “X1-Bakı” QSC-nin xeyrinə ödənilməsi, ödənilmiş 175.60 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4429/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(012)- 4429/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin e-2(012)-4429/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır.

5. Cavabdeh xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qərardadından şikayət verərək, şikayətin təmin edilməsi, göstərilənləri nəzərə alaraq Mülki Prosessual Məcəllənin 267-269-cu maddələrinin tələblərinə müvafiq olaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, e-2(012)- 4429/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayətin təmin edilməməsi, Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 4429/2025 saylı qərardadından xx.xx.2026-cı il tarixdə verilmiş şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 nömrəli qərardad ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Əsas olaraq, guya Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qətnaməsinin aldığı bildirilmişdir, bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxıldığı göstərilmişdir. Lakin qətnamə həmin zaman Cavabdeh təqdim edilməmişdir. O, qətnamənin mövcudluğundan yalnız Abşeron rayon İcra və Probasiya şöbəsinə dəvət olunan zaman bilmiş, bundan sonra Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, qətnamə cavabdehə xx.xx.2025-ci il tarixdə qəbzə imza edərək təqdim edilmişdir. Bundan sonra tərəflərindən qanunla nəzərdə tutulmuş 1 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə isə qanunsuz olaraq qeyd edilən qətnaməni cavabdehə rəsmi surətdə təqdim etməyərək, guya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qətnaməsini "xxxx" MMCnin rəsmi internet səhifəsindən əldə olunan göndəriş izləmə məlumatlarına əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qətnaməsi SS964205602AZ göndəriş nömrəsi ilə xx.xx.2025-ci il tarixdə AZ0100 məntəqəsi tərəfindən qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə Sumqayıt (AZ5099) regional çeşidləmə mərkəzinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə poçt şöbəsinə (AZ0125) daxil olmuş, xx.xx.2025-ci il tarixdə çatdırılma cəhdi uğursuz olmuş və xx.xx.2025-ci il tarixdə alıcıya (cavabdehə) çatdırılmışdır. Lakin qətnamənin kimin tərəfindən qəbul edilməyi ona məlum deyildir. Cavabdehin yaşadığı ünvanda yalnız o və bir az yaşlı övladı yaşayır. Belə olan halda məhkəmə onların iştirakı ilə bu məsələni araşdırmalı, lazım gələrsə, qəbzdəki imzanın Cavabdeh məxsus olub-olmaması barədə ekspertiza təyin etməli idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan belə bir ədalətsiz, əsassız, qanunsuz qərardad çıxarmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-4429/2025 saylı qətnaməsi onun tərəfindən yalnız xx.xx.2025-ci il tarixdə rəsmi surətdə qəbzə imza edilərək təqdim edilmişdir. Tərəflərindən qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Məhkəmə isə heç bir əsası olmadan apellyasiya şikayətini geri qaytarmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-4429/2025 saylı qərardadını ədalətsiz, qanunsuz sayaraq hesab edirik ki, qərərdad ləğv edilməlidir. Şikayətdə qətnamənin xx.xx.2025-ci il tarixdə əldə edildiyini göstərdikləri halda, məhkəmə qətnamənin xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə qəbul edilməsi barədə qəbzdəki imzanın cavabdehə məxsus olub-olmamasını aydınlaşdırmamış, bu barədə məhkəmə xəttşünaslıq ekspertizası təyin etməmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

11. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(012)-4429/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(012)-4429/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(012)-4429/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Abbasov X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4429/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş və prosessual müddətin bərpasına dair ərizə verməmişdir.

14. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».

16. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin e-2(012)-4429/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin cavabdehə geri qaytarılması qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4429/2025 saylı qətnaməsi Cavabdeh rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim olunmuş, apellyasiya şikayəti vermək üçün müddətin əvvəli xx.xx.2025-ci il tarixdən başlamış, həmin müddət xx.xx.2025-ci il tarixdə bitmiş, qeyd olunan qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilməklə 1 aylıq şikayət müddəti ötürülmüş və müddətin ötürülməsi ilə bağlı ərizə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayət geri qaytarılmalıdır.

18. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMCnin Sumqayıt Regional Poçt Filialına sorğu ünvanlanmışdır. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” X7 "xxxx" MMC-nin Sumqayıt Regional Poçt Filialının xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Məhəmmədi PŞ-nin müdiri Xuraman Rəhimovanın verdiyi məlumata əsasən, SS964205602AZ ştrix kodlu məktub xx.xx.2025-ci il tarixdə Məhəmmədi PŞ-nə (AZ0125) daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat, 09.25-də çatdırma vərəqinə imza edilməklə Cavabdeh çatdırılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

21. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

22. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli, e-2(012)-4429/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar