Məhkəmə qərarları › İş №2(3-8)-198/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-198/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-198/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3950/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsindən görünür ki, Cəmiyyət tərəfindən cavabdehə illik 32 % faizlə, 36 ay müddətinə 31000 manat kredit verilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)2768/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən “Kəpəz Bokt" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən Cəmiyyətə borcu aşağıdakı kimidir: Əsas borc: 5500 manat, faiz borcu: 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu: 810,75 manat, dəbbə pulu (cərimə): 3317 manat, cəmi borc: 11187,30 manat.

5. "xxxx" MMC-nin cavabdehin ünvanına göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.

6. xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/4291/2025 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00773 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 2456,51 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 1913,83 manat; faiz borcu üzrə 542,68 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə 5500 manat, 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) 810,75 manat və dəbbə pulu 3317 manat olmaqla, cəmi 11187,30 manat kredit borcunun və 123,56 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 may 2020-ci il tarixdə “X4 Kredit Təşkilatı” MMC və Cavabdeh arasında 2020/00773 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehə illik 32% olmaqla, 36 ay müddətinə 31000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə ödənişlər aylıq qrafik üzrə, hər ay vaxtında həyata keçirilməli idi. Kreditin qaytarılmasının təmin edilməsi məqsədilə cavabdeh öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2020/00773-İP saylı ipoteka müqaviləsi ilə təminat kimi təqdim etmiş və bu əmlak ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş, vaxtında ödənişlər etməmiş və nəticə etibarilə 12 fevral 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi verilmişdir. İcra tədbirləri nəticəsində cavabdeh icra qeydi üzrə borc olan 47145,69 manat məbləğini ödəmişdir. Cavabdeh “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(004)-2768/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ipoteka müqaviləsinə xitam verilmiş və mənzilin ipoteka yüklülüyü ləğv edilmişdir. Bu qətnamədən "xxxx" BOKT MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə xitam verilməsi, yalnız icra qeydi üzrə borcun ödənilməsi ilə əlaqədar olmuşdur. Halbuki kredit müqaviləsinin qüvvədə olduğu müddət (yəni xx.xx.2023-cü il tarixinə qədər) ərzində yaranmış qalıq borc ödənilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, cavabdehin bu günə olan borcu aşağıdakı kimidir: Əsas borc: 5500 manat, faiz borcu: 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu: 810,75 manat, dəbbə pulu (cərimə): 3317 manat, cəmi borc: 11187,30 manat. Cavabdeh 05 may 2025-ci il tarixdə şəxsən iddiaçının ofisinə yaxınlaşaraq bu borc barədə yazılı bildirişi qəbul etmiş, lakin bu günədək borcu ödəməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3950/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1913,83 manat əsas, 542,68 manat faiz borcu, 810,75 manat Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu, 100 manat dəbbə pulu borcu, dövlət rüsumunun 100 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə rədd edilmiş, dövlət rüsumu iddiaçıya aid edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur, lakin cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir. Borcun məbləğinin daha dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli, 3-16xx/xx/4291/2025 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00773 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, yəni müqavilənin son müddətinə banka olan borcu ümumilikdə 2456,51 manat məbləğində müəyyən edilir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1. 467, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 may 2020-ci il tarixdə “X4 Kredit Təşkilatı” MMC ilə bağladığı 2020/00773 saylı kredit müqaviləsinə əsasən 32% olmaqla, 36 ay müddətinə 31000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə ödənişlər aylıq qrafik üzrə, hər ay vaxtında həyata keçirilməli idi. Kreditin qaytarılmasının təmin edilməsi məqsədilə onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2020/00773-İP saylı ipoteka müqaviləsi ilə təminat kimi təqdim etmiş və bu əmlak ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. Pandemiya səbəbindən kredit müqaviləsi üzrə öhdəlikləri pozmuş, vaxtında ödənişlər etməmiş və nəticə etibarilə 12 fevral 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi verilmişdir. İcra tədbirləri nəticəsində icra qeydi üzrə borc olan 47145,69 manat məbləğ tərəfindən ödənilmişdir. Bundan sonra “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(004)- 2768/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ipoteka müqaviləsinə xitam verilmiş və mənzilin ipoteka yüklülüyü ləğv edilmişdir. Bu qətnamədən "xxxx" BOKT MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 499/2025 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə xitam verilməsi, yalnız icra qeydi üzrə borcun ödənilməsi ilə əlaqədar olmuşdur. Bundan sonra "xxxx" MMC tərəfindən kredit müqaviləsinin qüvvədə olduğu müddət (yəni xx.xx.2023-cü il tarixinə qədər) ərzində yaranmış qalıq borc ödənilməmişdir. Halbuki, müqavilə üzrə öhdəlik tərəfindən tam icra olunduğundan, onun "xxxx" MMC qarşısında öhdəliyi tam xitam verilməli idi. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...) 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. (...) 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

22. İddiaçı bank olmayan kredit təşkilatı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Kəpəz BOKT" MMC-nin xeyrinə 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə 5500 manat, 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) 810,75 manat və dəbbə pulu 3317 manat olmaqla, cəmi 11187,30 manat kredit borcunun və 123,56 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Birinci instansiya məhkəsinin iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməmiş, kredit müqaviləsi üzrə borcunu tam ödədiyini və həmin kerdit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlakın da yüklülükdən azad edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnməsini məhkəməyə təqdim etmiş, lakin birinci instansiya məhkəməsi kredit borcunun mövcudluğunu müəyyən edilməsi halını xüsusi bilik tələb edən hal kimi qiymətləndirmiş və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-xx/xx/4291/2025 saylı ekspert rəyi ilə müəyyən edilmiş riyazi hesablamalar dərəcəsində təmin etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələbini rəhbər tutaraq qeyd edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsi ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2768/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773- İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

26. Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı Cavabdeh və cavabdeh "xxxx" MMC arasında bağlanılmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinə əsasən Cəmiyyət tərəfindən borcalana illik 32 % faizlə, 36 ay müddətinə 31000 manat kredit verilmişdir. Həmin kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən notariusun xx.xx.2021-ci il tarixli icra qeydi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən, 18 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 142.7 kv.m. ümumi, 67.2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilə (yeni qaydalarla AZ1008, Bakl şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M11, m1) 2020/00773 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47145 manat 69 qəpik (qırx yeddi min bir yüz qırx beş manat altmış doqquz qəpik) tutma yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın keçirilməsi Əmlak Hərrac Mərkəzi MMC-yə sifariş edilmişdir. Təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmeti ipoteka saxlayan "xxxx" xx.xx.2021-ci il tarixli məktubla MMC-yə təklif edilmişdir. MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsinə razılıq verilmiş, lakin müddət başa çatana kimi heç bir hüququ hərəkət edilməmiş, cavabdeh tərəfindən buna dair məhkəməyə hər-hansısa sübutlar təqdim edilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" MMC icra şöbəsinə məktub ünvanlayaraq icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərarla icra sənədi 38 saylı notariat kontoruna geri qaytarılmışdır. Daha sonra Cavabdeh tərəfindən icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edildikdən sonra icra qeydi üzrə borc 47145 manat 69 qəpik təşkil etdiyi halda, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 34000 manat olmaqla "xxxx" MMC-nin hesabına ümumilikdə 49000 manat ödənişlər edilmişdir. İcra qeydində göstərilən məbləğdən də artıq miqdarda pul ödənildiyi və hazırda Cavabdeh BOKT-na heç bir borcu olmadığı müəyyən edilmiş və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir.

27. Birinci instansiya məhkəməsi qeyd edilən halı araşdırmadan qanuni qüvvəsini almış məhkəmə qətnaməsində özünün müəyyən etdiyi halları, hazırki iddia tələbi üzrə tələb edilən əsas, faiz və cərimə məbləğinin də məhz tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsindən irəli tələb olaraq dəyərləndirmədən həmin müqavilə üzrə öhdəliklərə xitam verildiyi halda hələ də cavabdehin öhdəliyinin mövcudluğunu qəbul etmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir.

29. Mülki işin materiallarında olan icra qeyrinin məzmunundan müəyyən edilir ki, iddiaçı cavabdehdən müqavilə üzrə ümumi borcun deyil, həmin tarixə olan əsas və faiz borcunun ödənilməsini tələb etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının ona icra qeydinin ünvanlandığı tarixə qədər əsas və faiz borcu müəyyən edildiyindən iddia tələbi yenidən məbləğin düzgün hesablanmadığı və müqavilə müddətinin bitmədiyi əsası ilə təmin edilə bilməz. İddiaçı düzgün hesablanmayan məbləğ üzrə icra qeydinin özünü və ipotekaya xitam verilməsi barədə məhkəmə aktında müəyyən edilmiş məbləğin mübahisələndirilməsini edə bilərdiki bunuda etməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

31. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə borcu olmadığından, həmin müqavilə üzrə borc məbləği əvvəllər tam ödənildiyindən və sonradan müqavilə müddətinin sonuna kimi əlavə ödəniş tələb etməsi əsassız olduğundan hazırkı iddia tələbi də təmin edilə bilməz.

33. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat vəsait “X4 Kredit Təşkilatı” MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

34. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti on min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3950/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə 5500 manat, 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) 810,75 manat və dəbbə pulu 3317 manat olmaqla, cəmi 11187,30 manat kredit borcunun və 123,56 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı “X4 Kredit Təşkilatı” MMC-dən tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar