Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-243/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X5 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan “X2” MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, Toyota Rav-4 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 40981,06 manat ziyan dəymişdir.
2. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2024cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 469-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqədilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
3. İş materiallarında olan Nəsimi rayon DYPŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli TP******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir.
4. İş materiallarına əlavə edilmiş Cavabdeh izahatında qeyd edilmişdir ki, o, ##.##.2024cü il tarixdə saat təxminən 11:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes C-180 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə üzü 4-cü mikrorayon dairəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt yolun sola döngəli hissəsindən hərəkətini davam etdikdə yerdə yağış suyu olduğundan bir anlıq avtomaşının axra hissəsi sürüşmüş və həmin anda əyləcdən istifadə edərkən avtomaşının idarəetməsini itirdikdə nəticədə avtomaşın sol istiqamətdə sürüşərək yolda hərəkətin əks istiqamətinə keçməklə qarşıdan gələn sonradan marka və nömrə nişanlarını gördüyü Toyota Rav-4 markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə və Toyota Corolla markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə toqquşaraq yol qəzası baş vermişdir. Hadisə zamanı o avtomaşında tək olmuş və hadisə nəticəsində özü ayaq nahiyyəsindən yüngül xəsarət almışdır. Hadisədən sonra həkimə müraciət etmiş. Həmin vaxt avtomaşını 50-60 km saat sürəti ilə idarə etmişdir. Hadisə onun ehtiyatsızlığından baş vermişdir. Həmin vaxt yolun döngəli hissəsində avtomaşın bir anda idarəetməni itirdiyi zaman avtomaşın özündən asılı olmayan vəziyyətdə əks istiqamətli yola çıxmaqla qəzaya səbəb olmuşdur. Dəymiş maddi ziyanı sığort şirkəti ödəyəcəkdir. Sürücülərin ona qarşı şikayətləri yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh onun xeyrinə 40981,06 manat dəymiş maddi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 213 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə saat 11:30 radələrində cavabdeh idarə etdiyi Mercedes C-180 markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində iddiaçının idarə etdiyi Toyota Rav-4 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüksək sürətlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırılma aparılmış və İdarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, R Babək Mirzəyevin ##.##.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hadisədən sonra avtomobilinə dəymiş zərəri müəyyən etmək üçün avtomobil “X2” MMC-yə məxsus servisə aparılmış və avtomobilə texniki baxış keçirildikdən sonra ona verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində avtomobilə 40.981,06 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğ nə cavabdeh, nə də sığorta şirkəti tərəfindən ödənilməmişdir. Cavabdehlə aparılan danışıqlar heç bir nəticə vermədiyindən və ona vurulmuş zərəri ödəmək niyyətində olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) iş üzrə qiymətləndirmə təyin olunmuşdur.
8. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin qiymətləndirmə rəyində qeyd edilmişdir ki, keçirilmiş baxış əsasında qüsur aktında qeyd olunan detallar Toyota Rav-4 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməmişdir. Keçirilmiş baxış əsasında qüsur aktında qeyd olunan işlər Toyota Rav-4 markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülməmişdir. Göstərilən detallar dəyişdirilmədiyindən və işlər görülmədiyindən, dəyişdirilən detalların və görülən işlərin qiymətini (təmir-bərpa xərcini) müəyyən etmək mümkün deyil, faktiki avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği “X2” MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən müəyyən edilmişdir. Detalların qiyməti 31991 (otuz bir min doqquz yüz doxsan bir) manat, görülən işlərin qiyməti isə 5000 (beş min) manat, yekun cəmi 36991,60 manat təşkil edir.
9. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 36991.6 manat məbləğində pul və 200,97 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1108-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o hadisə zamanı iddiaçının idarə etdiyi Toyota Rav-4 markalı, **-DD-*** qeydiyyat nişanlı avtomobilə guya qətnamədə qeyd edilən məbləğdə ziyan vurmuşdur. Hansı ki, avtomobilin hazırda vuruq olmadan real bazar qiyməti dəymiş zərərdən qat-qat aşağıdır. Bu da onu göstərir ki, qiymətləndirmə rəyi qərəzli, iddiaçının maraqlarına xidmət edən sifariş əsasında verilmiş rəydir. Həmçinin qəzadan dərhal sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq avtomobilinə on beş min manat ziyan dəydiyini bildirərək, həmin məbləği ondan tələb etmişdir. Cavabdeh isə həmin məbləğin real olmadığını, yalnız real məbləğlə razılaşıb ödəyə biləcəyini bildirmişdir. Daha sonra bundan qəzəblənən iddiaçı ağlasığmaz qiymətləndirmə rəyi əsasında mübahisələdirilən qətnamə ilə cavabdehi cəzalandırmaq qərarına gəlmişdir. Yəni hazırki qətnamə ilə reallıqdan çox uzaq bir məbləğ müəyyən edilmişdir. Hesab edir ki, yenidən mütəxəsis rəyi alınmalı, ümumiyyətlə yenidən məhkəmə araşdırması aparılmalıdır. Cavabdeh məhkəmə iclasları gedən vaxtı Rusiya Federasiyasında olduğu üçün iclaslarda iştirak edə bilməmiş, öz sübutlarını məhkəməyə təqdim etmək imkanı olmamışdır. Cavabdeh qətnamənin mövcudluğundan icra məmurlarının qohumlarına etdiyi zəngdən sonra məlumatı olmuşdur. Cavabdehin ölkə hüdudlarında kənarda olmasını təsdiq edən sübutu şikayətə əlavə etmişdir. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məhkəmə araşdırması zamanı işin bütün faktiki halları, dəymiş zərərin real bazar qiymətinə uyğun olub-olmaması aydınlaşdırılmamışdır. Hazırda internet resurslarında həmin avtomobilin saz vəziyyətdə qiyməti 30000-40000 manat arasıdır. Necə ola bilərki, həmin qiymətə olan maşına dəymiş zərər onun real bazar qiymətinə olsun?! Göründüyü kimi şişirdilmiş qiymətlərlə həqiqətə uyğun olmayan məbləğ müəyyən edilmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, geniş araşdırma aparmamış, əldə edilmiş sübutlara sonda düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, cavabdehdən 24000 (iyirmi dörd min) manat məbləğində pul tutulmasına razıdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, cavabdehdən 24000 (iyirmi dörd min) manat məbləğində pul tutulmasına etiraz etmir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)
19. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
24. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilməlidir.
30. İşdə olan Nəsimi rayon DYPŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, TP******* nömrəli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Mercedes Benz C180 minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ##.##.2024-cü il tarixdə, saat 11:30 radələrində qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbarı sığorta müqaviləsinin bağlanmamasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əməliyyatı etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 50 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. Belə olan halda dəymiş zərər üçün cavabdeh məsuliyyət daşıyır və vurulmuş zərər onun tərəfindən ödənilməlidir.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
33. İşdən görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən məsələ vurulmuş zərərin məbləği ilə bağlıdır.
34. İş materiallarında olan “xxxx” MMC Qiymətləndirmə Şirkətinin qiymətləndirmə rəyində qeyd edilmişdir ki, faktiki avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği “X2” MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən müəyyən edilmişdir. Detalların qiyməti 31991 (otuz bir min doqquz yüz doxsan bir) manat, görülən işlərin qiyməti isə 5000 (beş min) manat, yekun cəmi 36991,60 manat təşkil edir.
35. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı vurulmuş zərərə görə ona cavabdeh tərəfindən vurulmuş faktiki olaraq 24000 (iyirmi dörd min) manat məbləğində zərərin ödənilməsinə razı olduğunu bildirmişdir.
36. Məhkəmə iclasında verdiyi izahatında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən məbləğin şişirdilmiş məbləğ olduğunu və vurulmuş zərərə görə 24000 (iyirmi dörd min) manat məbləğində pul ödəməyə etiraz etmədiklərini bildirmişdir.
37. Kollegiya qeyd edir ki, vurulmuş zərərin miqdarını iddiaçı 24000 manat qiymətləndirdiyindən və cavabdeh tərəf buna etiraz etmədiyindən, dəymiş zərər üçün tələb edilən pul vəsaiti həmin həddə müəyyən edilməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilməli, vurulmuş zərərə görə cavabdeh Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.