Məhkəmə qərarları › İş №2(3-8)-307/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-307/2026

03.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-307/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İmanquliyev Rəsul Səfər oğluna qarşı mülki iş üzrə (Açar sözlər: sığortaçının subroqasiya hüququnun yaranması, sübutların tədqiqi və qiymətləndirilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İmanquliyev Rəsul Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları:

1. MC********** nömrəli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də sığortalanmışdır.

2. ##.##.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İmanquliyev Rəsul Səfər oğlunun barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikasının İXMnin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.

3. **-*****/**/CM-***/** nömrəli sığorta aktından müəyyən olunur ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə əlaqədar sığorta ödənişinin məbləği 25477,27 manat təşkil edir.

4. ##.##.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən 25477.27 manat məbləğində pul “HERMES FİNANCE” QSC-nin hesabına ödənilmişdir.

5. ##.##.2024-cü il tarixli məktubundan görünür ki, geriyə tələb (subroqasiya) hüququna əsasən cavabdehdən sığorta ödənişi məbləğində pul vəsaiti tələb edilmişdir.

6. AVRASİYA HOSPİTALININ ##.##.2021-ci il tarixli, *** nömrəli arayışından görünür ki, İmanquliyev Rəsul Səfər oğlu həqiqətən Avrasiya Hospitalda ##.##.2021- ##.##.2021-ci ildə Reanimasiya və stasionar şöbələrində olmuşdur və xəstəyə Müştərək travma. Qapalı KBT. Baş beynin yüngül dərəcəli əzilməsi. Travmatik subaraxnoidal qanama. Fəqərə sütünunun travması. Thorax IX, X, XI fəqərələrinin sağ köndələn çıxıntılarının sınığı. Sağ bazu sümüyün orta 1/3-nin yerdəyişmiş sınığı. Hər iki scapulanın sınığı. Sağ İ, II, III, IV, V, VI, VII, VIII, IX qabırğaların sınığı. Sağ ağciyərin pnevmohemotoraksı. Hər iki ağciyərin kontuziyası diaqnozu qoyulmuşdur. Xəstəyə ##.##.2021-ci ildə osteosintez əməliyyatı icra edilmişdir. Xəstəyə mütəmadi həkim tramatoloqun qəbulunda olmaq və 8 ay fiziki işdən azad olmağı məsləhət görülmüşdür.

7. ##.##.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, X2 və İmanquliyev Rəsul Səfər oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində toplanmış HK-*-***/** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair müstəntiq Cəsarət Bayramovun ## ### 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Material üzrə araşdırmanın davam etdirilməsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə qaytarılması qərara alınmışdır.

8. Məhkəmə sorğusuna əsasən alınmış Xaçmaz rayon polis şöbəsinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2021-ci il tarixdə Xaçmaz rayon ərazisində “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı və "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı nəticəsində vermiş YNHsi ilə bağlı Xaçmaz RPŞ-nə məlumat daxil olmamışdır.

9. Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2021-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda BMW markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda BMW markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X2 hadisənin qarşısını almağa texniki İmkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İmanquliyev Rəsul Sələr oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

10. ##.##.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İmanquliyev Rəsul Səfər oğlunun barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikasının İXMnin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.

11. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İmanquliyev Rəsul Səfər oğlunun barəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2022-ci il tarixli qərarı ləğv edilməmiş, hazırda qüvvədədir. Apellyasiya icraatı zamanı əldə edilmiş;

12. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd olunub ki, “BMW M 5” **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə uyğun olaraq ikinci əl (istifadə olunmuş) ehtiyat hissələrinin faktiki satı qiyməti ilə dəymiş zərərin məbləği 17170 (on yeddi min yüz yetmiş) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı İddiaçı ASC məhkəmədə iddia qaldıraraq 21888,87 (iyirmi bir min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik) manat sığorta ödənişi məbləğinin və 155,66 (yüz əlli beş manat altmış altı qəpik) manat dövlət rüsumunun, cəmi 22044,53 (iyirmi iki min qırx dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İmanquliyev Rəsul Səfər oğlu ##.##.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı ASC tərəfindən 25477,27 (iyirmi beş min dörd yüz yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Bİ və Tİ-dən Cəmiyyətə ##.##.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surəti daxil olmuş və həmin qərara əsasən İmanquliyev Rəsul Səfər oğlu hadisənin baş verdiyi tarixdə qüvvədə olan AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. AR DİN Bİ və Tİ-nin İddiaçı ASCyə təqdim etdiyi arayışa əsasən “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan cavabdeh İmanquliyev Rəsul Səfər oğlu yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000,00 (beş min) manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən ##.##.2021-ci il tarixində “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış “xxxx” ASC tərəfindən 3588,40 (üç min beş yüz səksən səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 21 888,87 (iyirmi bir min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

15. Cavabdeh İmanquliyev Rəsul Səfər oğlu etiraz ərizəsi təqdim edərək göstərib ki, "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki – məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən ##.##.2021-ci il tarixində "VAZ 21154" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "xxxx" ASC tərəfindən 3588,40 manat məbələğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. Göstərilən iddia ərizəsi ilə əlaqədar maraqlarına toxunan 3-cü şəxs X8 da cəlb edilməsi ilə, cavabdehlər-İddiaçı ASC-nə və Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı ASC-nin və ikinci cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin hesabından müştərək qaydada 20 min manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarət nəticəsində uzun müddət müalicə olduğundan, bu məsələnin araşdırılması, yaxın tanışı olan X8 tərəfindən həyata keçirilmiş və onun tərəfindən Azərbaycan Respuvblikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova ##.##.2022-ci il tarixli aşağıdakı məzmunlu müraciət ünvanlanmışdır. "Bildirir ki, ##.##.2021-ci il tarixdə, saat 12:00 raddələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisindən keçən 27-ci kilometrliyində, X2 idarə etdiyi "BMV" markalı, 10JJ 061 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndob istiqamətində hərəkətdə olan zaman yolun sol hissəsindən hərəkət yoluna daxil olub dönmə aparan İmanquliyev Rəsul Səfər oğlunun idarə etdiyi "VAZ 21154" markalı, ** BN *** dövlət qeydiyyatı nişanlı avtomobillə toqquşmuş və nəticədə Rəsul İmanquliyev ağır bədən xəsarətləri aldığından huşsuz vəziyyətdə təcili yardım tibb xidmətinin avtomobili ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunmuş və bir müddət də huşsuz vəziyyətdə xəstəxananın "reanimasiya" bölməsində qalmışdır. Özünə gəldikdə isə, yaxınları tərəfindən ona bildirilmişdir ki, qarşı tərəflə əldə edilmiş razılaşmaya görə, avtomobillərin xərcləri hər tərəfin öz üzərinə düşür, müalicə xərclərinin isə yarısına qarşı tərəfdən köməklik göstəriləcəkdir. Hadisə ilə əlaqədar, polis formasında olan bir nəfər xəstəxanaya gələrək ona hansısa sənədlərə imza da etdirmişdir. X2 idarə etdiyi "BMV" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil, Emin Novruzovun həm qardaşı, həm də ki, Xaçmaz YPX-nin əməkdaşı Cavadın adınadır. Təmsil etdiyi Rəsul İmanquliyevin yaxınları da, hadisə ilə əlaqədar barışığı, məhz, Cavadla apardıqlarından, 2021-ci ilin sonlarında, bir neçə dəfə şəxsən onunla telefonla danışmış, məsələnin həllini xahiş etmişdir. Bu danışıqlardan sonra isə, mütləq Bakıya gəlib onunla görüşəcəyinə söz versə də, görüş baş tutmamışdır. Nəhayət, 2021-ci ilin fevral ayında, İddiaçı ASC-dən zəng edilmiş və bildirimişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar, "BMV" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə qarşı tərəfə 25477,27 manat ödənilən sığortanın məbləğini onlar ödəməlidirlər, əks halda isə məhkəməyə müraciət olunacaqdır. Bununla əlaqədar İddiaçı ASC-nin nümayəndəsi ilə görüşmüş və onlara təqdim edilən sənədlərdən müəyyən olunur ki, sığortanın predmeti kimi, "BMV" markalı ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil göstərilmiş, sığortalı-MİDAS CO" olmaqla, 25477,27 manat məbləğində sığorta ödənişi də "HERMES FİNANCE" Qapalı Səhmdar Cəmiyyəti almışdır. Baxmayaraq ki, bütün Xaçmaz rayon əhalisinə də məlum idi ki, "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil Xaçmaz RPX-nin əməkdaşı Cavada məxsusdur, onun qardaşı-X2 isə avtomobili Cavada görə sənədsiz idarə edirdi. Onların bu təşkilatlarla nə əlaqələrinin olduğu barədə suala isə, eyni zamanda, DİN-nin Dİ və YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, R Cəsarət Bayramovun tərtib etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2021-ci il tarixli Qərarı təqdim edilmiş və bildirilmişdir ki, hər bir halda, sığortanın predmeti "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil olduğundan və həmin avtomobilə görə ödənilmiş pul məbləği tərəfindən sığorta təşkilatına ödənilməlidir. Beləliklə, Xaçmaz YPX-nin əməkdaşı X4, Rəsul İmanqulliyevin yaxınlarının inamından, həmçinin, YPX-nin əməkdaşı kimi qulluq mövqeyindən suiistifadə edərək, yol-nəqliyyat hadisəsi ilə bağlı qardaşı-X2 xeyrinə olan qərarın qəbul edilməsinə nail olmuş, faktiki olaraq onları aldatmışdır. Məhz, Cavadın xahişi əsasında, "cinayət işinin başlanmasının rədd edilməsi haqqında tərtib edilmiş ## ### 2021-ci il tarixli qərarın "müəyyən etdim" hissəsinin 1-ci səhifəsinin 3-cü abzasında qeyd edilənlər yetərlidir ki, həmin qərarın hansı şəraitdə və kimin diqtəsi ilə yazıldığını təsdiq edə biləsən. Qərarın həmin hissəsində aşağıdakı kimi qeyd aparılmışdır: "Araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixdə, saat 12:50 raddələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazsindən keçən 27ci klomerlliyində X2 idarə etdiyi "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil ilə Gəndob istiqamətində "60 km/saat surətlə hərəkətdə olan zaman" yolun sol hissəsində dayanmış İmanquliyev Rəsul Səfər oğlunun idarə etdiyi "VAZ 21154" dövlət qeydiyyatı nişanlı avtomobilə Yalama istiqamətində hərəkət edən iki nəqliyyat vasitəsini buraxaraq hərəkət zolağına daxil olub soluna doğru hərəkət etmiş, bu zaman yolun hərəkət hisssində, yəni yolun Gəndob istiqamətində sağ kənarından 1,46 metr məsafədə "BMV" markalı avtomobilin qabaq hisssəsilə "VAZ 21154" markalı avtomobilin qabaq sağ hissəsi arasında toqquşma baş vermişdir." Hadisə baş vermiş ərazidəki ticarət obyektinin müşahidə kamerasının görüntüsünün disk yazısından müəyyən olunur ki, Cavadın qardaşı-Emin Novruzovun idarə etdiyi avtomobil "60 km/saat sürətlə deyil, "160-180" km/saat surətlə hərəkətdə olmuş və "BMV" markalı avtomobilin qabaq hiissəsi ilə AZ 21154" markalı avtomobilin qabaq yan hissəsi arasında toqquşma baş verməmiş, "BMV" markalı avtomobilin qabaq hissəsi ilə, "VAZ 21154" markalı avtomobilin qabaq hissəsini, tam şəkildə, "qopararaq- süpürüb özü ilə aparmışdır." Həmçinin, şahidlərin dedikərindən o da məlum olmuşdur ki, Cavadın qardaşı- Emin Novruzov içkili vəziyyətdə olmuşdur. Hadisə baş vermiş ərazi ilə işıqfor arasında məsafə 20-25 metrdir və Rəsul İmanquliyev tərəfindən qanuni olaraq dönmə hərəkətləri edilərkən, işıqforun qırmızı işığı yanırdı." Beləliklə, ##.##.2021-ci il tarxdə, saat 12:50 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən 27-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, Cavadın qardaşı-Emin Novruzovun idarə etdiyi avtomobilin "60 km/saat surətlə deyil, "160-180 km/saat surətlə hərəkətdə olmasını və "BMV" markalı avtomobilin qabaq hissəsi ilə "VAZ 211654" markalı avtomoblin qabaq yan hissəsi arasında toqquşmanın baş verməməsini, "BMV" markalı avtomobilin qabaq hissəsi ilə "VAZ 21154" markalı avtomobilin qabaq hissəsinin, tam şəkildə qopararaq süpürüb özü ilə aparması ilə bağlı, hadisə baş vermiş ərazidəki ticarət obyektinin müşahidə kamerasının görüntüsünün disk yazısını da edilən şikayətlərə əlavə edilməklə aidiyyatı üzrə göndərilərək edilən çoxsaylı şikayətlərin nəticəsi olaraq, iddiaçınında istinad etdiyi "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Cəsarət Bayramovun qərarı ləğv edilmiş və onlara bildirilmişdir ki, bütün məsələlər Cavad tərəfindən sülh yolu ilə həll ediləcəkdir. Məhz, bu səbəbdən, həmçinin, yol-nəqliyyat hadisəsi zamanı sağ qaldığının nəzərə alınması ilə bağlı atasının və yaxınlarının xahişləri də nəzərə alınmaqla, şikayətlərini tamamilə dayandırmışlar. Göstərilənlərdən əlavə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi və izahatı kimi təqdim edilən əl yazmasının ona heç bir aidiyyatı olmamış və həmin izahatın alt hissəsindəki imza da ona məxsus deyildir. Bütün olanlardan sonra, hadisə ilə bağlı sığorta ödənişinin aparılmasından 4 ildən artıq müddət keçdikdən sonra, İddiaçı ASC-nin ona qarşı iddia tələbi ilə məhkəməyə müracət etməsini heç cür başa düşülən hal hesab etmir və bununla əlaqədar 3 illik iddia müddətinin tətbiq etməklə ilk iddianın rədd ediIməsi ilə yanaşı, qarşılıqlı iddianın təmin edilməsi və baş vermiş yolnəqliyyat hadisəsi zamanı faktiki olaraq ona dəymiş zərərin, həm hazırki iş üzrə iddiaçıdan, həmçinin də, tabeçiliyindəki Polis əməkdaşının cinayətininin ifşa edilməsinin qarşısının alınması məqsədi ilə, hadisənin araşdırılmasında əvvəlcədən qanunsuzluqlara yol vermiş Baş Dövlət Yol Polisindən müştərək qaydada ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını məqsədə müvafiq hesab edir.

17. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Abiyeva) qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır.

18. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Əliyeva) iddia təmin edilmişdir.

19. Məhkəmə hesab edib ki, hazırkı mülki iş üzrə İmanquliyev Rəsul Səfər oğlunun iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdeh İmanquliyev Rəsul Səfər oğlu ##.##.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətməsi və nəticədə İddiaçı ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və iddiaçının 25477.27 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının İmanquliyev Rəsul Səfər oğluna qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı da yönəlməlidir. Cavabdeh qeyd olunan sığorta hadisəsilə bağlı təqsirinin müəyyən edilmədiyini və barəsində hər hansı tədbir görülmədiyini bildirsə də, məhkəmə ekspertiza mərkəzinin ## ### 2021-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, VAZ-21154 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İmanquliyev Rəsul Sələr oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa qüvvədə olan ##.##.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq aşkar edilməmişdir. Həmin yol nəqliyyat hadisəsi sürücü İmamquliyev Rəsul Səfər oğlunun təqsiri nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına zərər dəymədiyindən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkibi yoxdur. Qeyd olunan qərarda baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, İmanquliyev Rəsul Səfər oğlunun barəsində cinayət təqibinin rədd edilməsi və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1, 63.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Polad2008” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ## #### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan cavabdeh Rəsul İmanquliyev apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir

22. Cavabdehin apellyasiya şikayətinin məzmunu iddia tələbinə etirazla analoji məzmunda tərtib olunmuşdur. Şikayətdə göstərilir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının kobud pozulması, eləcə də işin faktiki hallarının birtərəfli və qeyri-obyektiv qiymətləndirilməsi nəticəsində qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. İddiaçı ASC-nin iddia tələbində qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bununla bağlı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmənin iddiadan imtina edilməsi barədə qərar çıxarması üçün, birinci instansiya məhkəməsinə ##.##.2025-ci il tarixdə ərizə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş ərizələrində də göstərildiyi kimi, İddiaçı ASC bilməmiş deyildir ki, 3 il müddətində mütləq qaydada məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmişdirsə, pul tələbi üzrə iddia müddəti birmənalı şəkildə ötürülmüş hesab edilir. Belə ki, İddiaçı ASC-nin özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsindən və iddia ərizəsinə əlavəsindən bir mənalı şəkildə müəyyən edilir ki, “Kapital Bank”-ın bank çıxarışı əsasında İddiaçı ASC-i tərəfindən “HERMES FİNANCEQ” QSC-nə ##.##.2022ci il tarixdə 25477,27 manat məbləğində pul vəsaiti ödənilmiş, iddia ərizəsi isə, məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir, yəni nəzərdə tutulan iddia müəddətindən, 5 aydan da artıq müəddətdən sonra. Hərçənd ki, özlərinin də qeyd etdikləri və onun təqsirli bilinməyi ilə əlaqədar olaraq, yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİNBİ və Tİ-dən ##.##.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qəbul edilməsindən dörd ildən artıq müddət keçmişdir. Bundan başqa, İddiaçı ASC-nin İdarə heyətinin sədrinin təsdiq etdiyi ##.##.2021-ci il tarixli Sığorta Aktı ilə də müəyyən edilmişdir ki, “HERMES FİNANCE” QSC-nə ödənilməli olan sığorta məbləğinin miqdarı 25477, 27 manat təşkil edir və belə olan halda da, ##.##.2021-ci il tarixdən məhkəməyə müraciət edilən ##.##.2025-ci il tarixədək, 3 il 7 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmənin iddiadan imtina edilməsi barədə qərar çıxarması üçün, tərəfindən Xaçmaz Rayon Məhkəməsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsi, həmçinin də, işin araşdırılması dövründə təqdim etdiyi ərizəni nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci və 375.2.-ci maddələri əsasında iddiaçı “xxxx” ASC-nin ona qarşı olan iddia tələbindən imtina edilməsi barədə qətnamə çıxarılmalı idi. Bundan başqa iş araşdırılarkən cavabdehin iddianı qəbul etməməsi, iddia tələbinin əsaslandırıldığı polis qərarının uydurulmuş və saxta sübutlar əsasında qəbul edilmiş qərar olması faktına, həmin qərarda təsvir olunan hadisənin baş verməsinə dair situativ təsviri üzrə aşkar uyğunsuzluqlar hallarına münasibət bildirilməmiş, tərəfindən bildirilən həmin uyğunsuzluqların müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza keçirilməsinin vacib olmasına baxmayaraq, bu uyğunsuzluqların müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Halbuki, qanunvericiliyin tələbi ilə, aidiyyəti zərurət nəzərə alınmaqla iş üzrə müvafiq ekspertizanın keçirilməsi və iddia tələbinin əsaslandırıldığı polis qərarında təsvir olunan halların həqiqiliyi və əsaslılığı ekspert rəyi ilə sübut edilməli idi. İş araşdırılarkən birinci instansiya məhkəməsi, iddia tərəfinin təqdim etdiyi və işin halları ilə ziddiyət təşkil edən saxta sübutları rəhbər tutaraq yekun qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi sadəcə iddia tərəfinin məhkəməyə təqdim etdiyi polis qərarını əsas götürərək və bu qərarda təsvir edilən situasiya izahının işin faktiki halları ilə ziddiyət təşkil etməsini nəzərə almadan, tərəflərə mübasibətdə işə qeyri bərabər obyektivlikdə baxmışdır. Beləliklə iş üzrə sübutların qiymətləndirilməsində qanun pozuntusuna yol verilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə4 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

27. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

28. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Madddə 36.3. Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Maddə 37.Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəymiş zərərin əvəzi kimi ödənilməli pul məbləğinə münasibətdə dəyişdirilməlidir.

33. İddia tələbi baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə sığorta şirkəti tərəfindən ödənilmiş pulun subroqasiya qaydasında cavabdehdən tutulması barədədir.

34. Məhkəmə kollegiyası razılaşır ki, hazırki işdə cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmaqla, sonuncunun barəsində təqsirli olmasını təsdiq edən müvafiq səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı mövcuddur. Bu işin mübahisəsiz halıdır.

35. Bundan əlavə hazırkı işdə cavabdehin inzibati məsuliyyəti deyil, deliktə görə mülki məsuliyyət daşıması araşdırılmalı, onun mülki məsuliyyət daşıyıb-daşımamasına hüquqi qiymət verilməlidir.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri mülki qanunvericiliyin deliktlə əlaqədar normalarına uyğun müəyyən edilməlidir.

37. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edildi ki, cavadeh İmanquliyev Rəsul Səfər oğlu ##.##.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Hadisə ilə əlaqədar qəbul edilmiş ##.##.2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İmanquliyev Rəsul Səfər oğlunun barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, əvvəla apellyasiya şikayətinin dəlilləri (yol-nəqliyyat hadisəsində onun təqsiri olmamasına dair hissədə) şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, habelə bu hallara müvafiq səlahiyyətli orqanın qüvvədə olan qərarı ilə qiymət verildiyindən həmin hallar məhkəmə araşdırmasının predmeti ola bilməz.

39. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyünü bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir ki, kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

40. Belə ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir.

41. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan suiistifadə kimi qiymətləndirilə bilər.

42. Bununla belə, məhkəmə kollegiyası apellyasiya icraatı zamanı şikayətin baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan məbləği ilə bağlı dəlillərini nəzərə alaraq iş üzrə yenidən qiymətləndirmə təyin etmiş və qiymətləndirici qarşısında “BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hesablama aktında göstərilən əvəz edilməli ehtiyyat hissələrin təmir bərpa xərclərinin (2021-ci il üzrə) müəyyən edilməsi barədə konkret olaraq sual qoymuşdur.

43. Əldə edilmiş qiymətləndirici rəyində “BMW M 5” **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı dövrə uyğun olaraq ikinci əl (istifadə olunmuş) ehtiyat hissələrinin faktiki satış qiyməti ilə dəymiş zərərin məbləği 17170 manat müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunan rəyi hazırkı mübahisənin həlli üçün daha mötəbər və əsaslı rəy hesab edərək, bu barədə mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

45. Sözügedən rəydə avtomobilin 2021-ci il üzrə ehtiyat hissələrinin real dəyərinə yaxın qiymətlərin etibarlı mənbələr əsasında müəyyən edilməsinin qeyri-mümkünlüyü bildirilmiş, ona görə də ehtiyat hissələrinin hazırkı tarixə istifadə olunmuş (avtomobilin köhnə faizi nəzərə alınmaqla) qiymətləri əsasında hesabatı təmin edilmişdir.

46. İddiaçının qeyd olunan hadisə ilə bağlı sığorta ödənişinin icrasına əsas kimi İddiaçı ASC-nin ##.##.2021-ci il tarixli hesablama aktına istinad etməsi və bu halın cavabdeh tərəfin vəziyyətini faktiki halda ağırlaşdırması, eləcə də real zərər məbləğindən yüksək həddə olması nəzərə alındıqda yuxarıda istinad edilən metodla əldə edilmiş 17170 manat zərər məbləği daha ədalətli və ağlabatan hesab edilməlidir.

47. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

48. Yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul mələğinə münasibətdə dəyişdirilməlidir.

49. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, “xxxxnin” ## #### 2026-cı il tarixli hesabatında nəzərdə tutulan 350 manat hesab xərci cavabdehdən alınaraq xxxxnə ödənilməlidir.

50. Kollegiya sonda onu da qeyd edir ki, iddiaçının iddia tələbi ilə hazırkı qətnamə ilə müəyyən edilmiş məbləğ arasında mübahisələndirilən hissə 5000 manatdan az olduğundan hazırkı qətnamədən iddiaçı İddiaçı ASC-nin kassasiya şikayəti hüququ istisna edilir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh İmanquliyev Rəsul Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı zərər məbəğinə münasibətdə dəyişdirilsin. Cavabdeh İmanquliyev Rəsul Səfər oğlundan 17170 (on yeddi min yüz yetmiş) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Müstəqil qiymətləndirmənin icrası ilə əlaqədar 350 manat hesab xərci cavabdeh İmanquliyev Rəsul Səfər oğlundan alınaraq “xxxx” MMC-nin VÖEN **********, AZ06AIIB400600C9446562905103, Kapital Bank ASC, Yasamal filialı 200037 VÖEN ********** S.W.İ.F.T, AIIBAZ2X, AZ37NABZ01350100000000001944 hesabına ödənilsin. Qətnamədən cavabdeh tərəf rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar