Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-310/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2021-ci il tarixli ərizə-anket və imza nümunəsindən və “X2” ASC tərəfindən tərtib edilmiş elektron bildirişlərin tarixçəsindən çıxarışdan görünür ki, cavabdeh Cavabdeh “X2” ASCnin rəsmi internet səhifəsində yerləşdirilmiş ##.##.2021-ci il tarixli ümumi ofertası ilə, barəsində məlumatların Asan-Finans portalından və kredit bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və kredit limiti 2800 manata qədər artırılmışdır.
2. ##.##.2025-ci il tarixli elektron çıxarışdan görünür ki, ##.##.2021-ci il tarixli ərizə və ##.##.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh AGID*********** nömrəli kredit xətti, ##.##.2026-cı il tarixədək illik 27,6% ödəmək şərti ilə 2800 manat məbləğində kredit xətti açılmışdır.
3. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ##.##.2021-ci il tarixli ərizəanket imzalamaqla təsdiq (aksept) etdiyi “Ümumi Oferta” (Leobank kredit məhsulu üzrə) müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27.6% olmaqla 2800 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun “xxxx” ASC-yə ##.##.2025 tarixinə 2800 AZN əsas, 344.24 AZN faiz, cəmi 3144.24 AZN borcu yaranmışdır. Nəzərinə çatdırılmışdır ki, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Borcun 5 iş günü müddətində tam ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
4. İddiaçı “X2” ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh AGID*********** saylı kredit müqaviləsi üzrə 2800 manat əsas borc, 344,24 manat faiz borcu olmaqla, cəmi 3144,24 manat borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2800 manat əsas, 344,24 manat faiz, cəmi 3144,24 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 51,45 manat məbləğində vəsaitin iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2021-ci il tarixində müvafiq ərizə-anket və imza nümunəsi formasını imzalamaqla “xxxx” KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş ##.##.2021-ci il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair ümumi oferta” ilə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada analoq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün ##.##.2023-ci il tarixində ##.##.2026-ci il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 2800 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № AGID***********). Ümumi Ofertanın 5.7.14-ci bəndinə əsasən Bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsi ilə bu limiti azalda bilər. Ümumi Ofertanın 5.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Həmin ofertanın 5.7.5-ci bəndinə əsasən Borcalanın minimal aylıq ödəniş məbləği bank tərəfindən müəyyən olunur və bu məbləğ müqavilə üzrə öhdəliyin ümumi həcmindən artıq ola bilməz. Minimal ödəniş məbləğinin həcmi barədə məlumat “sayt”da və mobil əlavədə tariflərin yerləşdirildiyi siyahıda göstərilir. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində xətdən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək borcalan tərəfindən ödənilməlidir. Bu müddət ərzində borcalan tam ödəniş də edə bilər. Tam ödəniş dedikdə, kredit xəttinin istifadə olunmuş hissəsinin ümumi məbləği başa düşülür. Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 180%-lə cərimə tətbiq edilir. 5.7.13-cü bəndə əsasən Borcalan minimal ödəniş məbləğinin ödənilməsini gecikdirdikdə, Bank aşağıdakı qaydada cərimə faizlərindən əlavə olaraq birinci təqvim ayı 5 manati ikinci təqvim ayından başlayaraq dördüncü təqvim ayınadaək hər ay üçün 10 manat birdəfəlik cərimə (dəbbə pulu) tətbiq edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
7. Şabran Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2800 (iki min səkkiz yüz) manat əsas, 344,24 (üç yüz qırx dörd manat iyirmi dörd qəpik) manat faiz, cəmi 3144,24 (üç min yüz qırx dörd manat iyirmi dörd qəpik) manat borc, 0,40 (qırx) qəpik xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 51,45 (əlli bir manat qırx beş qəpik) manat məbləğində vəsait iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 739.1, 739.2, 741-ci maddələri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.3, 218.3, 284-1, 284-5.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şabran Rayon Məhkəməsi işə baxarkən bu normanı tətbiq etməmiş, iddiaçı tərəfindən 2800 manat əsas borcu 344,24 manat hesablanmış faizləri araşdırmadan olduğu kimi təmin etmişdir. Halbuki, o, borcunu hissə-hissə ödəyir və bu qədər faizin yığılması ağlabatan deyildir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Şabran Rayon Məhkəməsi qətnamə qəbul edərkən MPM-in bu normasını pozmuşdur. Belə ki, iddia ərizəsinə baxarkən heç bir araşdırma etməmiş, iddiaçı tərəfindən hesablanmış şişirdilmiş və təhrif olunmuş faizlərin doğruluğuna hüquqi qiymət vermədən, faizlərin düzgün hesablanması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. İddiaçının tələbini araşdırma etmədən, heç bir mötəbər sübutlara istinad etmədən olduğu kimi təmin etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
16. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
17. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
18. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə tələb edilən faiz borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində mübahisələndirilir.
29. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ##.##.2021-ci il tarixli ərizə və ##.##.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh AGID*********** nömrəli kredit xətti açılmış, ona ##.##.2026-cı il tarixədək illik 27,6% ödəmək şərti ilə 2800 manat məbləğində kredit xətti açılmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdeh Cavabdeh versə də, o, müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
31. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
32. Beləliklə, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.
33. İş materiallarından görünür ki, iddiaçı cavabdeh Cavabdeh ##.##.2025-cü il tarixdə bildiriş göndərərək kredit müqaviləsi üzrə 2800 AZN əsas, 344,12 AZN faiz, cəmi 3144,24 AZN borcun qaytarılmasını tələb etmişdir.
34. Birinci instansiya məhkəməsinin 12.01.206-ci il tarixli qətnaməsi ilə cavabdehdən 2800 manat əsas, 344,24 manat faiz olmaqla, cəmi 3144,24 (üç min yüz qırx dörd manat iyirmi dörd qəpik) manat borcun tutulması qət edilmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdehə verilmiş 2800 manat kredit öhdəliyi üzrə onun hazırda əsas borcu 2800 manat həcmindədir. Həmin kredit öhdəliyi üzrə tələb edilən 344,24 manat faiz borcunun düzgün hesablanmamasına dair heç bir sübut növünü cavabdeh məhkəməyə təqdim etməmişdir.
36. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
37. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.
40. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.