Məhkəmə qərarları › İş №2(3-8)-360/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-360/2026

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-360/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh İnqilab qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdehin nümayəndəsi nümayəndə3 İnqilab qızının iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh İnqilab qızına qarşı borcun tutulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi nümayəndə3 İnqilab qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə cavabdeh Cavabdeh İnqilab qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı Birkart black debet (kredit) müqaviləsindən və kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh İnqilab qızına 60 ay müddətinə 2975 manat məbləğində kredit verməyi, sonuncu isə həmin kreditdən istifadə etməyi və yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür.

2. ##.##.2021-ci il tarixli, *** nömrəli balansdankənar məxaric orderindən görünür ki, 1 ədəd plastik kart cavabdeh Cavabdeh İnqilab qızına təhvil verilmişdir.

3. İddiaçı ASC ilə cavabdeh Cavabdeh İnqilab qızı arasında ##.##.2024-cü il tarixdə bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı Birkart black debet (kredit) kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 2495 manat müəyyən olunmuşdur.

4. İddiaçı ASC tərəfindən Cavabdeh İnqilab qızına ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh İnqilab qızından 3543,49 manat məbləğində tam borc məbləğinin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq cavabdeh Cavabdeh İnqilab qızınun barəsində müvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İnqilab qızının 2967,20 manat əsas borc, 576,29 manat faiz borcu olmaqla, cəmi 3543,49 manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh İnqilab qızına qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh İnqilab qızından iddiaçı İddiaçı ASC-nin xeyrinə 2967,20 manat əsas, 576,29 manat faiz borcu olmaqla, cəmi 3543,49 manat pul vəsaitinin və 55,43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh İnqilab qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı debet kart müqaviləsinə əsasən ona debet kart verilmişdir. İddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh İnqilab qızı arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli Əlavə Razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 2975 manat müəyyən olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin ##.##.2024-cü il tarixə İddiaçı ASC-yə 2967,20 manat əsas, 576,29 manat faiz, cəmi 3543,49 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) cavabdeh Cavabdeh İnqilab qızından ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı müqavilə üzrə 2967,20 manat əsas borc, 576,29 manat faiz borcu olmaqla, cəmi 3543,49 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55,43 manat pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 739, 743.1, 743.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Cavabdeh İnqilab qızının nümayəndəsi nümayəndə3 İnqilab qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbindən kənara çıxmışdır. Belə ki, bank qanuni nümayəndəsi olduğu Cavabdeh İnqilab qızı ilə arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmir. Müqavilənin 2-ci maddəsinə əsasən bank müştəriyə “Birkart Black” ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin kartdan və ya kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və ya kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu bənddən müəyyən edilir ki, müştərinin müraciəti əsasında kredit xətti ayrılır. Lakin Cavabdeh kredit xəttinin ayrılması üçün müraciət etməmiş, bankın bildiyi mobil nömrəyə SMS vasitəsi ilə bildiriş məxfi kod ilə təsdiq edilməmişdir. Yəni bacısı kredit xəttinin ayrılması barədə müqavilədə nəzərdə tutulmuş imzasının digər analoqu ilə də təsdiq etməmişdir. Belə olan halda bank öz vəzifələrini icrasını layiqincə yerinə yetirməmiş, təhlükəsizliyi təmin etməmiş, müştərinin həqiqi olduğuna dair məxfi kod ilə eyniləşdirmə aparmamışdır. İkincisi sözügedən müqavilənin 4.1-ci maddəsinə əsasən müştəri bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, müştəri bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMSdə göndərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən müvafiq qaydada istifadə etməklə kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat haddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müqavilənin şərtində istinad edilən 11.2-ci bəndində göstərilən imza analoqları heç biri onun halında mövcud olmamışdır. Üçüncüsü isə müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda, bloklaşdıra və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin bu müqavilə üzrə bank qarşısında öhdəliyini icra etməyə mane olacaq dərəcədə sağlamlağının itirilməsi, vəfat etməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan digər hallar. Qeyd etmişdir ki, bacısı Cavabdeh orqanizmin 90% pozulmasına görə birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Debet kartdan ona aid olan 170 manat oğurluqdan savayı, adına kredit xəttinin açılması və banka borclu qalması onu daha da çox sarsıtdı. Belə ki, bu yaranmış ədalətsizlik bacısının vəziyyətini ağırlaşdıraraq yenidən həkim müayinələrdən keçməsinə səbəb oldu, həkim isə ağır dərmanların ikiqat möhür ilə təsdiqlənmiş müalicə üçün resept yazmışdır. Hal-hazırda isə həmin reseptə əsasən müalicəsi davam edir. Təbii ki, də müqavilənin birbaşa şərtində göstərilən hallardan biri də bacısının vəziyyətinin ağırlaşmasıdır. Müqavilənin 9.1.3-cü maddəsinə əsasən bu müqavilənin 4.2-ci bəndi ilə müəyyən edilmiş hallar müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşdikdə bank müqaviləyə xitam verə bilər. Cinayət işinin başlanması haqqında qərar bir daha sübut edir ki, oğurlanan əmlak şəxsi istifadəsinə xərclənməyib və cinayət hadisəsi nəticəsində yaranmışdır. Odur ki, bank müqavilə şərtlərinə əməl etmədiyinə görə etibarsız hesab edilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, qətnamədə göstərilən iş materiallarında olan məhkəmənin sorğusu əsasında Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən təqdim edilmiş Cavabdeh İnqilab qızının həmin bölməyə verdiyi izahat təqdim edilmişdir. Halbuki məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, həmin izahat bacısı tərəfindən imzalanmamış və o, Polis bölməsində ümumiyyətlə olmamışdır. Həmin ərizənin surətindən görünür ki, “##.##.2024-cü il” qaralanmışdır və imza saxtalaşdırılmışdır. Əgər ki, məhkəmə ancaq o hala istinad edərək izahatı “preyudisiallıq” kimi qiymətləndirirsə, onda bacısının imza nümunələri götürülüb iş üzrə xətşünaslıq ekspertizası təyin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə3 İnqilab qızı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (...)

16. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (...)

17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

20. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

21. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

22. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh İnqilab qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı Birkart black debet (kredit) müqaviləsinə əsasən Cavabdeh İnqilab qızına 60 ay müddətinə 2975 manat məbləğində kredit verməyi, sonuncu isə həmin kreditdən istifadə etməyi və yaranmış borclarını müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra ##.##.2024-cü il tarixdə bağlanmış ##.##.2021-ci il tarixli, BBLK*******A*** saylı Birkart black debet (kredit) kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 2495 manat müəyyən olunmuşdur.

35. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

36. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İnqilab qızının 2967,20 manat əsas borc, 576,29 manat faiz borcu olmaqla, cəmi 3543,49 manat borcu vardır.

37. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

38. İşdən görünür ki, iddiaçı Cavabdeh İnqilab qızı cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli BBLK*******A*** nömrəli “Birkart Black debet (kredit)” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

39. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Cavabdeh İnqilab qızının cavcabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesasb edilməsi tələbinə artıq Sumqayıt Şəhəri Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyindən həmin əqdin etibarsız hesab edilməsi tələbinə baxılması yolverilməzdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının adı çəkilən qərardadı dəyişdirilmədən saxlanılmışdır.

41. Göstərilən iş üzrə iddiaçı tərəf iddia ərizəsində həmçinin göstərmişdir ki, ## #### 2024cü il tarixdə o, DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək bacısı Nuranənin əlavə gəlir əldə etmək məqsədilə sayta elan yerləşdirilmiş şəxslə əlaqə saxlaması, sonuncunun ona 170 manat pul göndərməsi, bank kart məlumatlarının aldıqdan sonra 160 manat və adına 3090 manat kredit pul götürülməsi barədə məlumat vermişdir. Müraciəti ##.##.2024-cü il tarixdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin cinayətlər haqqında ərizələr və məlumatların * nömrəli uçotu kitabında *** saylı qeydiyyata alınaraq yoxlanılması üçün təhqiqatçı R Taleh Abdullyevin icraatına verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, ## #### 2024-cü il tarixdə yaşadığı evdə olan zaman “Google” axtarış portalı vasitəsi ilə reklam edilən “Socara investisiya yatırımı” başlıqlı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra +40-791-531-184 nömrəsindən istifadəsində olan 055-665-37-28 mobil nömrəsinə zəng edən şəxs vatsap vasitasilə ona göndərilmiş linkə daxil olandan sonra saat 13:42 dəqiqədə “xxxx" ASC-yə aid 4169-7377-0626 **** nömrəli “Visa” kartındadn 170,00 manat pulu naməlum hesaba köçürülmüş, sonra isə müəyyən edilmişdir ki, adına İddiaçı ASC-də aid ****-****-****-**** nömrəli “Visa” kartından kredit limiti açılıb və kartından ümumilikdə 3260 manat pulu naməlum hesaba köçürülmüşdür. Hadisəni törədən naməlum şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə Cavabdeh İnqilab qızına 3260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Toplanmış materiallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkib əlaməti vardır və ona görə də ## ### 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstənitiqi, R Rəisə Rüstəmli tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilməklə istintaq aparılır.

42. Qətnamənin surətindən görünür ki, həmin iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki,

1. tədqiqat obyekti sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X1 9S” markalı “M2003J6A1G” modelli “863500045499402, 863500046599408” İMEİ kodlu mobil smartfondur. 2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən “X1 9S” markalı “M2003J6A1G” modelli mobil smartfonun yaddaşında hər-hansı bir “Malware” ziyanverici proqramlaın mövcud olmasına dair rəqəmsal izlər müəyyən edilməmişdir. 3. Ekspertiza qarşısında qoyulmuş suallar tədqiqata Mərkəzi Bankdan cəlb edilmiş mütəxəssislər informasiya və kibertəhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur Hüseynov və Mərkəzi Bankın İnformasiya Kommunikasiya departamentinin Təhlükəsizlik əməliyyat Mərkəzi şöbəsinin Təhlkəzislik analitiki Fariz Pirmətov tərəfindən #.##.2025-ci il tarixli ekspert rəyində cavablandırılmışdır.

43. Qətnamənin surətindən görünür ki, həmin iş üzrə Mərkəzi Bank tərəfindən təqdim edilmiş ekspert rəyində həmçinin göstərilmişdir ki, köçürülən pul vəsaitinin məbləği 3090 manatdır. Təhlükəzislik kodunun göndərilməsinə əsas Cavabdeh İnqilab qızına məxsus mobil tətbiq hesabından köçürmə ilə bağlı müraciətin olmasıdır. xxxxın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında təhlükəsizlik kodunun daxil edildiyi cihazlar göstərilməsə də, köçürmə əməliyyatı zamanı 6949c55224b0cccl identifikatorlu HMD Global Nokia C21 Plus markalı mobil cihazdan mobil tətbiqə giriş edildiyini nəzərə alaraq, təhlükəsizlik kodunun da həmin cihazdan daxil edildiyini güman etmək olar. Onu da qeyd etmək olar ki, köçürmə əməliyyatı baş verən günə kimi Cavabdeh məxsus mobil tətbiq hesabına giriş yalnız X1 9s markalı mobil telefondan olub.

44. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilmir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında ##.##.2021-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

45. İşdə olan sübutlar isə tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətlərinin yarandığını, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə verməsini, cavabdehin müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməməsi, nəticədə iddiaçı qarşısında borcu yarandığını təsdiq edir.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar